Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-356/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayon Sumağallı kəndi ərazisində mülkiyyətində olan 0,35 ha və 0,19 ha torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi və həmin sahələrin sərhədlərinin yerində ona göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsinin 21.08.2006-cı il tarixli 08 nömrəli qərarına əsasən, İddiaçı bələdiyyənin ümumi torpaq sahəsindən 0,35 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 28.08.2006-cı il tarixli 236 nömrəli rəy verərək İddiaçı Sumağallı Bələdiyyəsinin 0,35 ha torpaq sahəsinin tikinti məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həmin 0,35 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi ilə İddiaçı arasında həmin 0,35 ha torpaq sahəsinin satılması barədə 28.08.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. Bundan başqa, İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsinin 04.09.2006-cı il tarixli 09 nömrəli qərarına əsasən, İddiaçı bələdiyyənin kəndaltı torpaq sahəsindən 0,19 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 05.09.2006-cı il tarixli 302/4 nömrəli rəy verərək İddiaçı Sumağallı Bələdiyyəsinin 0,19 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həmin 0,19 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi ilə İddiaçı arasında həmin 0,19 ha torpaq sahəsinin satılması barədə 07.09.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. Qeyd olunan 0,35 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 04.10.2006-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. Qeyd olunan 0,19 ha torpaq sahəsinə isə İddiaçı mülkiyyət hüququ 24.01.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 21.09.2011-ci il tarixli 162 nömrəli sərəncamına əsasən, İddiaçı Sumağallı kəndi ərazisində həmin 0,35 ha və 0,19 ha torpaq sahələrində ümumi sahəsi 1480 kv.m olan istirahət mərkəzinin tikilməsinə icazə verilmiş, aparılacaq tikintiyə sərəncam imzalandığı tarixdən 1 ildən gec olmayaraq başlanması və üzrlü səbəb olmadan 3 ildən gec olmayaraq başa çatdırılması nəzərdə tutulmuşdur. İddiaçı sözügedən 0,35 ha və 0,19 ha torpaq sahələrinə texniki pasportun verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin sonuncu 12.02.2020-ci il tarixli məktublar bundan imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahələri yaşayış məntəqəsindən kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşür. Həmçinin, torpaq sahəsinin bir hissəsi avtomobil yolunun, bir hissəsi isə yüksək gərginlikli (10000 kV) elektrik xəttinin qorunma zolağına düşür. Elektron baza məlumatlarına əsasən, faktiki torpaq sahəsinin yerləşdiyi ərazi JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında başqa vətəndaşa məxsus torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə də müraciət etmiş, lakin həmin Xidmət 14.04.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahələri İsmayıllı Rayon Sumağallı Bələdiyyəsi tərəfindən 05.05.2004-cü ildə X4 adlı şəxsə satılmış və JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür, həmçinin, iddiaçının faktiki istifadəsində olan torpaq sahələrinin bir hissəsi 10 kV-luq yüksək gərginlikli hava elektrik ötürücü xəttinin və respublika əhəmiyyətli Qəbələ-İsmayıllı-Bakı avtomobil yolunun mühafizə zonasında yerləşir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayon Sumağallı kəndi ərazisində mülkiyyətində olan 0,19 ha və 0,35 ha torpaq sahələrinə dair texniki pasportun verilməsi və torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır və onun mülkiyyət hüququnu pozur. Cavabdeh iddiaya qarşı 13.07.2020-ci il tarixli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Bundan sonra Şəki İnzibati Məhkəməsinin 01.09.2020-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində iş üzrə inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs X4 iddiaya yazılı münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər təqdim olunmuşdur: İşdə olan, İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsinin 21.08.2006-cı il tarixli 08 nömrəli qərarından görünür ki, İddiaçı bələdiyyənin ümumi torpaq sahəsindən 0,35 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 28.08.2006-cı il tarixli 236 nömrəli rəyindən görünür ki, həmin şöbə İddiaçı Sumağallı Bələdiyyəsinin 0,35 ha torpaq sahəsinin tikinti məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən tərtib edilmiş və satılan 0,35 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin sənəd Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İşdə olan, 28.08.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd 0,35 ha torpaq sahəsinin İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi tərəfindən İddiaçı satılması ilə bağlı tərtib edilmişdir. İşdə olan, İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsinin 04.09.2006-cı il tarixli 09 nömrəli qərarından görünür ki, İddiaçı bələdiyyənin kəndaltı torpaq sahəsindən 0,19 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 05.09.2006-cı il tarixli 302/4 nömrəli rəyindən görünür ki, həmin şöbə İddiaçı Sumağallı Bələdiyyəsinin 0,19 ha kəndaltı torpaq sahəsinin həyətyanı məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən tərtib edilmiş və satılan 0,19 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin sənəd Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İşdə olan, 07.09.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd 0,19 ha torpaq sahəsinin İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi tərəfindən İddiaçı satılması ilə bağlı tərtib edilmişdir. İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,35 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 04.10.2006-cı ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0,19 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 24.01.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 21.09.2011-ci il tarixli 162 nömrəli sərəncamından görünür ki, İddiaçı Sumağallı kəndi ərazisində həmin 0,35 ha və 0,19 ha torpaq sahələrində ümumi sahəsi 1480 kv.m olan istirahət mərkəzinin tikilməsinə icazə verilmiş, aparılacaq tikintiyə sərəncam imzalandığı tarixdən 1 ildən gec olmayaraq başlanması və üzrlü səbəb olmadan 3 ildən gec olmayaraq başa çatdırılması nəzərdə tutulmuşdur. İşdə olan, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 12.02.2020-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsi yaşayış məntəqəsindən kənarda yerləşməklə kənd təsərrüfatı təyinatlı örüş ərazisinə düşür. Həmçinin, torpaq sahələrinin bir hissəsi avtomobil yolunun, bir hissəsi isə yüksək gərginlikli (10000 kv) elektrik xəttinin qorunma zolağına düşür. Elektron baza məlumatlarına əsasən, faktiki torpaq sahəsinin yerləşdiyi ərazi JN331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" əsasında başqa vətəndaşa (X3) məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş "İsmayıllı rayonu Sumağallı kəndində yerləşən **********42 və **********33 nömrəli dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan 0,35 ha və 0,19 ha torpaq sahələrinin JN-331 nömrəli dövlət aktında göstərilən 0,35 ha torpaq sahəsi ilə müqayisəli planı"ndan görünür ki, İddiaçı Sumağallı Bələdiyyəsi tərəfindən satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri örüş ərazisinə düşür, həmçinin, torpaq sahələrinin bir hissəsi avtomobil yolunun, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağına, eləcə də JN- 331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə üst-üstə düşür. "İsmayıllı rayon Sumağallı kəndində yerləşən, İddiaçı mülkiyyətində olan torpaq sahələrinin müqayisəli ortofoto görüntüsü" də işə əlavə edilmişdir. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)-134/2021 saylı qərarı ilə (hаkim Vidadi Qasımov) İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayon Sumağallı kəndi ərazisində mülkiyyətində olan 0,35 ha və 0,19 ha torpaq sahələrinə dair "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi və həmin sahələrin sərhədlərinin yerində ona göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməmişdir. İddiaçı oğlu Şəki İnzibаti Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)-134/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız və qanunsuzdur. Qərarda onun mülkiyyətində olan torpaq sahələrinin örüş ərazisinə aid olduğundan iddia ərizəsi təmin edilməmişdir. İsmayıllı rayonu Sumağallı kəndi ərazisində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət X2 Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* saylı Çıxarışla 0,35 ha və Seriya MH № ******* saylı Çıxarışla 0,19 ha torpaq sahələrinə tam mülkiyyət hüququ vardır. Həmin Çıxarışlarda torpaq sahələrindən istifadə təyinatı yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir. Şəki İnzibati Məhkəməsində iddia tələbi üzrə araşdırma zamanı sübut olundu ki, onun mülkiyyətində olan torpaq sahələrinin kənar şəxslərin istifadəsində və mülkiyyətində olan torpaq sahələrinin sərhədlərinə aidiyyatı yoxdur. X5 Komitəsinin İsmayıllı rayon Şöbəsinin yer qurluşu lahiyyəsindən Çıxarışda mülkiyyətində olan torpaq sahələrinin sərhədləri göstərilmişdir. Əlavə olaraq onun cavabdehə qarşı iddia tələbi mülkiyyətində olan torpaq sahələrinin plan ölçülərinin verilməsi vəzifəsinin həvalə edilməsindən ibarətdir. Lakin, məhkəmə iddia tələbindən kənara çıxaraq mülkiyyətində olan torpaq sahələrinin örüş sahəsi olduğunu qeyd etmiş, iddia tələbini təmin etməmişdir. Şəki İnzibati Məhkəməsində onun hazırki iddia tələbi mülkiyyətində olan torpaq sahələrinin istifadə təyinatı ilə bağlı olmamışdır. Mülkiyyətçisi olduğu torpaq sahələrinin plan ölçülərinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Mülkiyyətçisi olduğu torpaq sahələrinin istifadə təyinatının dəyişdirilməsi ilə bağlı olmamışdır. Lakin, cavabdeh imtinasında mülkiyyətimdə olan torpaq sahələrinin Çıxarışlarında yaşayış məntəqələrinin torpaqları göstərilməsinə baxmayaraq, qərəzli olaraq qanunsuz örüş sahələri kimi imtina vermişdir. Şəki İnzibati Məhkəməsində araşdırma zamanı məhkəmə ekspertiza təyin etmiş və rəydə göstərilmişdir ki, onun mülkiyyətində olan torpaq sahələrinin başqa şəxsin torpaq sahələrinə aidiyyatı yoxdur. Şəki İnzibati Məhkəməsi təqdim edilən sübutlara düzgün hüquqi qiymət verməyərək və iddia tələbini rədd etmişdir. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(116)- 134/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı oğlu özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsi və Şəki İnzibаti Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)-134/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq proses iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddiaçının apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. İddia ərizəsində iddiaçının tələbi aşağıdakı kimi göstərilmişdir.
1. Torpaq sahələrinə dair texniki pasportun verilməsi,
2. Torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi. Tələbin 1-ci hissəsi kifayət qədər aydın ifadə edilsə də, 2-ci hissəsi tam aydın deyil və torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi dedikdə, iddiaçının nəyi nəzərdə tutması məlum olmur. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya iddia tələbinin "Torpaq sərhədlərinin yerində plan ölçüləri göstərilməsi" hissəsini dəqiqləşdirməsi təklif edilmişdir. İddiaçı həmin təklifə cavab olaraq birinci instansiya məhkəməsinə yazdığı 07.08.2020-ci il tarixli ərizədə bildirmişdir ki, onun tələbi torpaq sahələrinin yerində plan ölçülərinin göstərilməsindən və sənəd üzərində ona təqdim edilməsindən ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Ona görə də birinci instansiya məhkəməsibu qənaətə gəlmişdir ki, iddiaçının iddia tələbi 0,35 ha və 0,19 ha torpaq sahələrinə "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi, eləcə də həmin sahələrin sərhədlərinin yerində ona göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İddia mümkün iddia olsa da əsassızdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanan normalardan göründüyü kimi, hüquqların dövlət qeydiyyatının aparılması üçün digər sənədlərlə yanaşı torpaq sahəsinin planı və ölçüsü də qeydiyyat orqanına təqdim edilməlidir. Hazırkı işdə 0,35 ha və 0,19 ha torpaq sahələri ilə bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat, "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmədən aparılmışdır. Lakin bununla belə, məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli üçün məhz həmin normaya istinad edilməlidir. Birincin instansiya məhkəməsi ilk növbədə iddiaçıya satılmış 0,35 ha və 0,19 ha torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməli olması qənaətinə gəlmişdir. İşdən göründüyü kimi, torpaq sahələri iddiaçıya satılan zaman Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həm 0,35 ha, həm də 0,19 ha torpaq sahələrinin əks olunduğu yerquruluşu layihəsindən ayrı-ayrı iki çıxarış tərtib edilmiş və bu sənədlər Sumağallı Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Birinci instansiaya məhkəməsinin qərardadına əsasən, aşağıdakı suallarla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən mütəxəssis rəyi alınması qərara alınmışdır: 1) İşin 67-ci vərəqində olan "İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış"da göstərilmiş 0,35 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsin. 2) İşin 62-ci vərəqində olan "İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış"da göstərilmiş 0,19 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilsin. 3) Elektron xəritə bazasında həmin 0,35 ha və 0,19 ha torpaq sahələrinin mülkiyyətçisi kimdir, təyinatı (kateqoriyası) və məqsədli istifadə növü necə göstərilmişdir? 4)"İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış"da göstərilmiş 0,35 ha torpaq sahəsi dövlət meşə fondu, örüş, avtomobil yolunun və elektrik xəttinin mühafizə zolaqları, JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi, yaxud da digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə, düşən hissənin sahəsi və koordinatları göstərilsin. 5)"İsmayıllı rayon Sumağallı kəndi Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış"da göstərilmiş 0,19 ha torpaq sahəsi dövlət meşə fondu, örüş, avtomobil yolunun və elektrik xəttinin mühafizə zolaqları, JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi, yaxud da digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə, düşən hissənin sahəsi və koordinatları göstərilsin. Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 30.12.2020-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, "İsmayıllı rayonu Sumağallı təsərrüfatının yerquruluşu layihəsindən çıxarış"larda göstərilmiş 0,35 ha və 0,19 ha torpaq sahələrinə dair plan-ölçü sənədi tərtib olunmadığı üçün döngə nöqtələrinin koordinatlarını təyin etmək, eləcə də onların dövlət meşə fondu, örüş, avtomobil yolunun və elektrik xəttinin mühafizə zolaqları, JN-331 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən torpaq sahəsi, yaxud da digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyil. Bundan başqa, 0,35 ha və 0,19 ha torpaq sahələri Mərkəzin elektron məlumat bazasında öz əksini tapan İsmayıllı rayonu Sumağallı kəndinin kompleks yerquruluşu layihəsinə əsasən, Sumağallı kənd ərazi dairəsinin sərhədləri daxilində Sumağallı Bələdiyyəsinin mülkiyyətinə aiddir, təyinatı (kateqoriyası) kənd təsərrüfatı torpaqları olmaqla məqsədli istifadə növü örüşdür. Mütəxəssis rəyində olan anlaşılmazlıqların aydınlaşdırılması üçün birinci instansiya məhkəməsinin 28.01.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təkrarən sorğu verilmiş və alınan 07.05.2021-ci il tarixli təkrar mütəxəssis rəyindən müəyyən edilmişdir ki, iddiaçıya satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri yerquruluşu planlarına görə Sumağallı Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsindən ayrılmışdır. İddiaçı faktiki naturada iddia etdiyi torpaq sahəsinin üzərinə 0,25 ha torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair JN-331 nömrəli dövlət aktı tərtib edilmişdir. Sumağallı Bələdiyyəsi tərəfindən 0,25 ha torpaq sahəsi X3 İddiaçı iddia etdiyi ərazidən 320 metr şərq istiqamətində ayrılmışdır. İddiaçı mülkiyyətinə verilmiş 0,35 ha və 0,19 ha torpaq sahələrində uyğunsuzluq və mübahisə olduğu üçün plan-ölçü sənədləri tərtib edilməmişdir. Beləliklə, sadalanan mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, İddiaçı Sumağallı Bələdiyyəsi tərəfindən satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri tərtib edilən yerquruluşu planlarına görə kənd təsərrüfatı təyinatlı örüş sahəsinə düşür. Onun faktiki istifadə etdiyi torpaq sahəsi isə həmin yerdən kənarda yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin "Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi" adlanan 12-ci maddəsinin 1-3-cü hissələrində deyilir: Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. (1ci hissə) Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. (2-ci hissə) Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir. (3-cü hissə) Həmin normalardan görünür ki, qanunvericilik kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) aid olan torpaqların dəqiq siyahısını müəyyən etmişdir. Bunlar əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlardır. Həm əkin torpaqları, həm də örüşlər kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsində deyilir ki, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 3-cü hissəsinin əvvəlki redaksiyasında (25.05.2007-ci il, torpaq sahəsi iddiaçıya satıldığı zaman) deyilirdi ki, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin malqarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsində deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. Sadalanan normalardan göründüyü kimi, qanunvericilik bələdiyyənin mülkiyyətində olan örüşlərin satılmasını qadağan etmişdir. İddiaçı İsmayıllı Rayonu Sumağallı Bələdiyyəsi tərəfindən 21.08.2006-cı il tarixli 8 nömrəli qərarla, 04.09.2006-cı il tarixli 9 nömrəli qərarla satılmış 0,35 ha və 0,19 ha torpaq sahələri də örüş olduğuna görə satıla bilməzdi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibаti Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)-134/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.