Məhkəmə qərarları › İş №2-1(107)-356/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-356/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-356/2023 03.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi ilə, İddiaçı(bundan sonar- iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə(bundan sonra-cavabdeh) qarşı “ünvan 1 ünvanında yerləşən 68.4 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 2-1(116)-228/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq şifahi məhkəmə baxışı iclasında baxılmışdır. İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışla müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən, sahəsi 49.0 kv.m olan mənzil tam xüsusi mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətindədir. xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, 408-1/3497 inventar nömrəli texniki pasportla müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan mənzilin ümumi sahəsi 49 kv.m-dir. Mənzil 1976-cı ildə tikilmişdir və 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli tikinti obyektinin istismarına icazə sənədinə əsasən, tikilinin təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən istismarına icazə verilmişdir. Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 48 nömrəli sərəncamına əsasən, ünvan 2 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan ümumi sahəsi 49.0 kv.m, genişləndirmə işləri aparıldıqdan sonra 71.0 kv.m olan yaşayış sahəsinin qeyri yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. İddiaçı cavabdeh inzibati orqana müraciət, edərək qeyri-yaşayış sahəsinə keçirilmiş sahə üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********38 nömrəli imtina məktubu ilə bildirmişdir ki, **********50-05101-093025 reyestr nömrəli çıxarışda və texniki pasportda ümumi sahə 49.0 kv.m olsa da, qeyri-yaşayış sahəsinə keçiriləndə ümumi sahə artaraq 71.0 kv.m olmuşdur, bu səbəbdən də Mənzil Məcəlləsinin 20.1, 21.2.2-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1, 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh inzibati orqana qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 68.4 kv.m. qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Belə ki, hazırda qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş üçün, binada yaşayış sahəsi üçün nəzərdə tutulan gediş-gəlişi təmin edən sahədən istifadə edilmir. Qeyri-yaşayış sahəsinə keçirilən sahə mənzilin tərkib hissəsi kimi qalmamışdır, yaşayış yeri kimi istifadə edilmir, habelə keçirilən sahəyə mülkiyyət hüququ digər şəxslərin hüquqları ilə yüklü deyildir. Bununla yanaşı, keçirilən sahə binanın birinci mərtəbəsində yerləşməklə, heç kimin hüquq və mənafeyinə toxunmur. Cavabdeh iddia ərizəsinə dair xx.xx.2021-ci il tarixli imtina məktubuna uyğun etiraz təqdim etmişdir. Şəki İnzibati Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2-1(116)- 228/2022 nömrəli iş üzrə qəbul etdiyi 04 mart 2022-ci il tarixli qərarı ilə (hakim V.Musayev) iddia tələbi təmin edilmiş, cavabdeh inzibati orqanın üzərinə ünvan 3 ünvanında yerləşən 68.4 kv.m. qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdehin vəzifəsi yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilmiş daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olubolmamasına hüquqi qiymət vermək isə Göyçay rayon İcra Hakimiyyətinin vəzifəsi olmuşdur. İş materiallarında olan sənədlərin məzmunundan göründüyü kimi, Göyçay rayon İcra Hakimiyyəti sözügedən obyektin qeyri-yaşayış sahəsinə keçirilməsinin qanunvericiliyin tələblərinə uyğunsuzluğunu müəyyən etməmiş və ötən müddət ərzində müvafiq sərəncam və digər sənədlər mübahisələndirilməmişdir. Odur ki, iddiaçı, ümumi sahəsi 68.4 kv.m. olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, adına dövlət reyestrindən çıxarışın verilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-163/2022 nömrəli iş üzrə qəbul etdiyi 12 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər – R.Rəfiyev (sədrlik edən və məruzəçi), V.Məlikov və E.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarı ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, işdə olan xx.xx.2021-ci il tarixli 4 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, həmin sənəddə “Obyektin yerləşdiyi torpaq sahəsinə hüququnun növü” və “İstismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafası boş buraxılmışdır. Bu da onu deməyə əsas verir ki, “Tikinti obyektinin istismarına icazə” sənədi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin, mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadrat metrdən çox olmayan, istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazə sənədinə uyğun tərtib edilməmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı tərəfindən qeyri-yaşayış binası yenidən qurulub planlaşdırılarkən müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, “Tikinti obyektinin istismarına icazə” sənədi xx.xx.2021-ci il tarixdə, Göyçay rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı xx.xx.2021-ci il tarixdə, bildiriş isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi, Mənzil Məcəlləsinin müddəalarına əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə Göyçay rayon İcra Hakimiyyətinin sərəncamı və bildirişi olmadan “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş, Göyçay rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı və bildiriş isə sonradan verilmişdir. Apellyasiya məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına baxış keçirilmədiyinə görə, təqdim olunan eskiz layihəsi əsasında texniki baxışın nəticəsi haqqında müayinə aktı tərtib edilməmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının araşdırılması üçün zərurət yaranmışdır. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-411/2023 nömrəli iş üzrə qəbul etdiyi 14 mart 2023-cü il tarixli qərarı ilə (hakimlər – K.Bədəlov (sədrlik edən və məruzəçi), İ.Hüseynov və N.Rəsulbəyova) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv olunmuş və iş təkrar apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçının tələbi qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsindən ibarətdir və iddia tələbinin əsası kimi Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 48 nömrəli sərəncamına istinad edilir. Qeyd edilməlidir ki, istinad olunan Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021- ci il tarixli 48 nömrəli sərəncamı ünvan 2 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan ümumi sahəsi 49 kv.m, genişləndirmə işləri aparıldıqdan sonra 71.0 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə olsa da, iş materiallarında olan (iş v. 17) “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli bildirişdə Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 49 №-li sərəncamı qeyd olunmuş, həmçinin bildirişin sonunda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina edilməsi barədə qərar qəbul olunması qeyd edilmişdir. Bundan əlavə, istinad edilən sərəncam xx.xx.2021-ci il tarixli 48 nömrəli olsa da, “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli bildirişdə sərəncamın nömrəsi “49” kimi göstərilmişdir. Göründüyü kimi, iş materiallarında olan hüquqmüəyyənedici sənədlərdəki məlumatlar arasında ziddiyyət mövcuddur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən qeyd etmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına baxış keçirilmədiyinə görə, təqdim olunan eskiz layihəsi əsasında texniki baxışın nəticəsi haqqında müayinə aktı tərtib edilməmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının araşdırılması üçün zərurət yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qeyd edilən hallara istinad etsə də, sərəncamın qəbulu ilə əlaqədar icraat materiallarını tələb etməmiş, bununla bağlı inzibati icraat aparılıb-aparılmamasını yoxlamamışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 96.11 Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və Ali Məhkəmənin hazırki iş üzrə hüquqi mövqeyini nəzərə almaqla qeyd edir ki, hazırki inzibati mübahisəyə mahiyyəti üzrə tam həcmdə baxılmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilin sahəsi 49.0 kv.m olmuşdur. Yenidən qurulma və ya yenidən planlaşdırma aparılması prosedurunu müəyyən edən Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmaqla mənzilin sahəsi artırılmışdır. Bu hal məhkəmə araşdırması zamanı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qərar qəbul edərkən sübut kimi istinad olunan “Tikinti obyektinin istismarına icazə” sənədində “İstismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafasının boş olması, bu sənədin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadığını, bu səbəbdən də həmin sənədin mötəbərliyini şübhə altına alır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsi beş mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən sübut kimi istinad olunan xx.xx.2021-ci il tarixli, 04 saylı Tikinti obyektinin istismarına icazə sənədi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 2 nömrəli əlavə ilə müəyyən edilmiş forma ilə tərtib edilmişdir. Həmin forma Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kv.m-dən çox olmayan, həmçinin, mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kv.m-dən çox olmayan, istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara razılığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazə üçün nəzərdə tutulmuşdur. Bu cür pozuntu ilə tərtib olunmuş sənəd mötəbər hesab oluna bilməz. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 04 saylı Tikinti Obyektinin İstismarına icazə sənədinin Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli, 48 saylı sərəncamından, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən əvvəl tərtib olunması da nəzərə alınmamışdır. Bu hal da məhkəmə qərarının Mənzil Məcəlləsi nəzərə alınmadan qəbul olunmasını sübut edir. Bu pozuntunun mahiyyəti ondan ibarətdir ki, vətəndaş Mənzil Məcəlləsinin 24-cü maddəsinə əməl etmədən yaşayış sahəsində istədiyi kimi yenidən qurulma və ya yenidən planlaşdırma işləri aparmış, sonradan həmin qeyri-yaşayış sahəsinə istismara icazə sənədi əldə olunmuşdur. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti yarananda məcburiyyətdən sərəncamla bildiriş alınmışdır. İddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişin B bəndində sahədə aparılması zəruri olan yenidənqurma və ya yenidən planlaşdırma və digər işlərin siyahısının, belə işlərin aparılmasına dair tələblərin qeyd olunmasına baxmayaraq, qrafa boş qalmasın deyə mənzilin genişləndirilərək 71 kv.m olması qeyd olunmuşdur. Bununla da sadalanan maddələrin tələbi pozulmuşdur. Lakin bu hal məhkəmə tərəfindən diqqətdən kənar qalmışdır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsi beş mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Buna baxmayaraq sözügedən qeyri-yaşayış sahəsinə tikinti obyektinin istismarına icazə sənədi AR Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun verilmişdir. Bu da öz növbəsində pozuntu hesab olunur. Məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsinə dair verilmiş, tikinti obyektinin istismarına icazə sənədi AR Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyekinin istismarına icazə”nin formasına uyğun tərtib edilmədiyi üçün Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi və tikintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən tikintinin istismara hazırlığını təsdiq edən istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi qarafaları qeyd olunmamışdır. Bu da çoxmənzilli yaşayış binasında yenidənqurma və yenidən planlaşdırma işlərinin yalnız Göyçay RİH-nin “təşəbbüsü” ilə tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığını sübut edir. Bu hal qanun pozuntusu olmaqla yanaşı eyni zamanda insanların həyat və sağlamlığı üçün real təhlükə olması ehtimalını yaradır. Məhkəmə tərəfindən bu xüsusatlar da araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 04 saylı Tikinti Obyektinin İstismarına icazə sənədinin Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli, 48 saylı sərəncamından, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən əvvəl tərtib olunması da nəzərə alınmamışdır. Bu hal da məhkəmə qərarının Mənzil Məcəlləsi nəzərə alınmadan qəbul olunmasını sübut edir. Bu pozuntunun mahiyyəti ondan ibarətdir ki, vətəndaş Mənzil Məcəlləsinin 24-cü maddəsinə əməl etmədən yaşayış sahəsində istədiyi kimi yenidən qurulma və ya yenidən planlaşdırılma işləri aparmış, sonradan həmin qeyri-yaşayış sahəsinə istismara icazə sənədi əldə olunmuşdur. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti yarananda məcburiyyətdən sərəncamla bildiriş alınmışdır. Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli 48 saylı sərəncamının, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişin verilməsinə əsas olmuş iddiaçının ərizəsi və ona əlavə olunmuş sənədləri əldə etmək üçün Göyçay RİH-nə sorğu verilməmişdir. Göyçay RİH-dən məlumatın əldə olunması sözügedən sənədlərin Mənzil Məcəlləsinin və AR-nın Şəhərsalma və Tikinti Məcəlləsinin tələbi gözlənilməklə verilibverilməməsinə aydınlıq gətirəcəkdir. Araşdırma zamanı Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli 48 saylı sərəncamında, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdə və xx.xx.2021-ci il tarixli 04 saylı Tikinti Obyektinin İstismarına icazə sənədində qeyri-yaşayış sahəsinin ölçüsünün 71 kv.m olması qeyd olunmasına baxmayaraq, faktiki ölçüsünün 68.4 kv.m olması məlum olmuşdur. Həmçinin, sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb yaratmamasının araşdırılması zərurəti olmasına baxmayaraq məhkəmə hər iki halı nəzərə almamış və iş üzrə ekspertiza təyin etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz Məhkəməyə təqdim olunmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 20. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri 20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. 20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. 20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. Maddə 21. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi qaydası 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. 21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. ... 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Maddə 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 14 mart 2023-cü il tarixli qərarında qeyd edilən göstərişlərə uyğun olaraq, Məhkəmə, iş materiallarında olan hüquqmüəyyənedici sənədlərdəki məlumatlar arasında ziddiyətlərin yaranma səbəbləri barədə məlumat(izah) verilməsini, eyni zamanda Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2021- ci il tarixli, 48 nömrəli sərəncamının qəbul edilməsinə əsas olan sənədləri(inzibati icraat materiallarını) 12 may 2023-cü il tarixdə sorğu edərək tələb etmiş və tədqiq etmişdir. Belə ki, Məhkəmənin sorğusuna Göyçay rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-46-2/2-610/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Rayon icra hakimiyyəti başçısının 03 may 2021-ci il tarixli, 48 nömrəli sərəncamına əsasən şəhərin Heydər Əliyev prospekti bina 67/2 saylı ünvanında yerləşən mənzilin yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir. “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli bildirişin nüsxəsi rayon icra hakimiyyətində aşkar olunmadığından həmin bildirişlə bağlı məlumat verilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən, sahəsi 49.0 kv.m olan mənzil beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşir və iddiaçının mülkiyyətindədir. Mənzilin ilkin sahəsi 49 kv.m olmuş, daha sonra isə qeyriyaşayış sahəsinə keçirilərkən genişləndirmə işləri aparılaraq faktiki ümumi sahəsi 68.4 kv.m təşkil etmişdir. Göyçay rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli, 48 nömrəli sərəncamı ilə ümumi sahəsi 49 kv.m olan yaşayış sahəsinin, genişləndirmə işləri aparıldıqdan sonra 71.0 kv.m olan qeyri yaşayış sahəsinə çevrilməsi qərara alınmışdır. Rayon icra hakimiyyəti özünün sərəncam və digər sənədlərində (bildiriş, tikinti obyektinin istismarına icazə) iddiaçının mənzilinin ümumi sahəsinin 71 kv.m (faktiki 68.4 kv.m) olmasını hüquqi cəhətdən tanımış, iş materiallarında olan bildirişdən göründüyü kimi müvafiq yenidən planlaşdırma işləri olaraq qeyri-yaşayış sahəsinə keçiriləcək mənzildə genişlənmə işlərinin aparılmalı olduğu göstərilmişdir. Cavabdehin mövqeyinə görə iddiaçı mənzilin sahəsini 49 kv.m-dən 71 kv.m-ə artırsa da, artırma barədə yenidən qurma işləri aparılmamışdır. Lakin yuxarıda qeyd edildiyi kimi, Göyçay rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş sənədlərdə iddiaçıya məxsus ümumi sahəsi 49 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi məqsədilə Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq sərəncam verilmiş, sərəncamda genişləndirmə işləri aparıldıqdan sonra 71 kv.m sahə ilə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qeyd edilmişdir. Yəni sərəncamda yalnız 49 kv.m yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qeyd edilməmiş, eyni zamanda həmin yaşayış sahəsinin genişlənmə işlərindən sonra 71 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə keçirilməsi də nəzərdə tutulmuşdur. Tikinti obyektinin istismarına icazədə də layihə üzrə sahənin 71 kv.m olduğu göstərilmiş, qeyriyaşayış sahəsinin təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alınaraq tikinti obyektinin istismarına icazə verilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon icra hakimiyyətinin başçısına həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon icra hakimiyyətinin başçısına həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən şərtlərin mövcudluğu sübut olunur, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin 04 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-228/2022 nömrəli iş üzrə qəbul etdiyi 04 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar