Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-356/2024 27.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “1982-ci ildə Balakən rayonu Mahamalar kənd keçmiş Musabəyov adına kolxozun qərarı əsasında Balakən rayonu Mahamalar kəndində iddiaçının mülkiyyətinə verilmiş 0.10 ha həyatyanı torpaq sahəsi üzərində iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-431/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 1982-ci ildə Balakən rayonu Mahamalar kənd keçmiş Musabəyov adına kolxozun qərarı əsasında Balakən rayonu Mahamalar kəndində iddiaçının mülkiyyətinə verilmiş 0.10 ha həyatyanı torpaq sahəsi üzərində iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 08 iyun 1965-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuşdur. Ona 1982-ci ildə Balakən rayonu Mahamalar kənd keçmiş “Musabəyov” adına kolxozun qərarı əsasında 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair sənədlərlə birikdə Balakən rayonu, Mahamalar kənd “Musabəyov” adına kolxozun 1982-ci ilin “Qaytanlanmış torpaq” kitabından çıxarışa əsasən Balakən rayonu, Mahamalar kəndində yerləşən 0,10 ha torpaq sahəsinə İddiaçı adına dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh xx.xx.2023-cü tarixli məktubla ilkin müraciətin təmin olunmasından imtina etmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, ərizənin icrası ilə bağlı təqdim edilmiş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmalı İddiaçı xarici ölkə vətəndaşıdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 2000-ci il tarixli Balakən rayonu Salban kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı adı qeyd edilmişdir. - X20 Rayon Filialının 564 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışı. - X12 Rayon Filialının 265 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışı. - 76 ******* nömrəli pasportun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır. - Arxiv İdarəsi Respublika X12 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Balakən rayon Mahamalar kəndinin 1991-1995, 1996-2000-ci illərin Təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, İddiaçı adı təsərrüfat başçısı kimi qeyd olunmuşdur. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-584/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 03 aprel 2024-cü il tarixli 2- 1(116)-431/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonu Mahamalar kəndində iddiaçının istifadəsində olan 0,10 ha həyətyanı torpaq sahəsi üzərində faktiki istifadə vəziyyətinə uyğun olaraq (iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə) İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, hazırda iddiaçının hüquqi marağı 0.10 ha həyətyanı torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsinə nail olmaqdır. Cavabdeh orqan tərtib etdiyi mütəxəssis rəyindən görünür ki, İddiaçı Balakən rayonu, Mahamalar kənd keçmiş Musabəyov adına kolxozun qərarına əsasən verilmiş 0.10 ha torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır. İddia olunan torpaq sahəsinin bir hissəsi iddiaçı tərəfindən təqdim edilən sxematik plan və koordinatlarda göstərilən torpaq sahəsi ilə eynidir. İddia olunan və faktiki naturada istifadə edilən torpaq sahəsinin naturada ölçüləri 0.1920 ha olmaqla TEKUİS məlumat bazasında və həmin kəndin kompleks yerquruluşu layihəsində kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Həmin torpaq sahəsi kənd təsərrüfatına yararlı sahədir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan 0.1920 ha torpaq sahəsinin 0.0533 ha hissəsi X2 və ailə üzvlərinin adına tərtib edilmiş hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********77 olan çıxarış sənədində göstərilən 0.1694 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. Qeyd olunan qismən uyğunsuzluğa münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818 nömrəli Fərmanının 2.3.3-cü bəndinin tələbləri baxımından torpaq sahəsinin Kadastr planında göstərilən koordinatlarla iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsidir. Odur ki, iddiaçının faktiki istifadəsində 0.10 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması mümkündür. İddiaçı Rusiya Federasiyasının vətəndaşı olması barədə cavabdehin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun qeydiyyatını istisna etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Hazırkı halda, iddiaçı torpaq sahəsini Azərbaycan Respublikasının vətəndaşı olduğu vaxt qanuni əsaslarla əldə etmişdir. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikasının vətəndaşı olmaqla, sözügedən torpaq sahəsini əldə etdikdən sonra mülkiyyət hüququnun qeydiyyata alınmasına onun qanuni gözləntisi yaranmış, lakin o, torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul etmişdir. Belə olan halda, məhkəmə tərəfindən qiymət verilməli olan məsələ, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına qanuni gözləntisinin hazırkı halda ona sözügedən torpaq üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanı verib-verməməsidir. Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlilini tələb edir.
7. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-431/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh inzibati orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinin 3-cü bəndində qeyd olunmuşdur ki, iddia olunan və faktiki naturada istifadə edilən torpaq sahəsinin naturada ölçüləri 0,1920 ha olmaqla TEKUİS məlumat bazasında və həmin kəndin kompleks yerquruluşu layihəsində kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Həmin torpaq sahəsi kənd təsərrüfatına yararlı sahədir. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən keçirilə bilər. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan mövcud Dövlət torpaq kadastrının məlumatlarının dəyişdirilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin sələhiyyətləri daxilində deyildir. İş üzrə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinin 4-cü bəndində qeyd olunmuşdur ki, faktiki istifadə olunan 0,1920 ha torpaq sahəsinin 0,0533 ha hissəsi X2 və ailə üzvlərinin adına tərtib edilmiş hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********77 olan çıxarış sənədində göstərilən 0,1694 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. Məhkəmə bu məsələ ilə bağlı zəruri tədbirlər görməmiş və buna müvafiq araşdırma aparmamışdır (sənəd üzrə hüququ olan şəxlərin işə cəlb edilməsi, üst-üstə düşən sahənin sənəd sahiblərinin faktiki istifadəsində olub-olmaması və sair). Buna görə də hesab edirlər ki, hazırki vaziyyətdə məhkəmə qərarıın icrası mümkünsüzdür. Belə ki, üst-üstə düşən (0,0533 ha) sahənin çox hissəsi məhz iddiaçının təqdim etdiyi sxemin hüdudları daxilindəki sahənin hissəsidir və bu hissədə iddiaçının subyektiv hüququnun hədləri müəyyən edilir. İddiaçının faktiki istifadəsində torpaq sahəsi sxemdə təqdim olunmuş sahədən çox olsa belə, onun subyektiv hüququnun hədləri (marağı) məhz təqdim olunmuş sxemdə göstərilən cizginin yerləşdiyi ərazidən müəyyən olunur. Həmin sxemdə göstərilən (0,10 ha) sahənin yarısından birqədər az hissə isə başqa şəxslərin adına dövlət qeydiyyatına alınmış torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür. Digər tərəfdən, məhkəmə iddiaçının təqdim olunmuş sxemin hüdudlarından başqa sahəyə onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasının iddiaçının razı olubolmaması və həmin sahənin hansı hissənin sənədləşməsi məsələsini də müəyyən etməmişdir. Məhkəmə maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun 5-ci maddəsinin 5-ci hissəsinə əsasən Dövlət torpaq kadastrı hazırkı iş üzrə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən aparılmalı olduğundan və həmin Qanunun 6-cı maddəsinin 9-cu hissəsində Dövlət torpaq kadastrının məlumatlarının məhkəmələrin qərar qəbul etməsi üçün əsas olması birmənalı müəyyən edildiyindən, iddia olunan torpaq sahəsinin xüsusiyyətlərinə dair yalnız həmin qurumun məlumatları sübut qismində qəbul edilməli və mötəbər sayılmalı idi. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, qanunvericilik qaydadsında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Bundan başqa, məhkəmə icra mümkün olmayan qərar qəbul etmişdir. Belə ki, iddiaçının sxemdə göstərilən (0,10 ha) sahənin yarısından birqədər az hissəsi başqa şəxslərin adına dövlət qeydiyyatına alınmış torpaq sahəsinin cizgilri ilə üst-üstə düşür.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-431/2024 nömrəli qərarının ləğv edilməsini, iddianın tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək hazırki məhkəmə iclasında iştirak edə bilməyəcəyini, əvvəlki məhkəmə iclasında verdiyi izahatını təsdiq etdiyini, apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Maddə 49. ….
4. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
18. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
19. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna X21 və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;
20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-c il tarixli 664 №-li Fərmanı Bənd 2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmi “Daşınmaz əmlakın dövlət reyestri Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kən təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərd tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dai sənədlər) olduğu halda həyata keçirilir.
21. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Apellyasiya şikayətinin mümkünlüyü
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
30. Belə ki, apellyasiya şikayətinin ilk dəlili olaraq cavabdeh orqan qeyd etmişdir ki, iş üzrə tərəflərindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinin 4-cü bəndində qeyd olunmuşdur ki, faktiki istifadə olunan 0,1920 ha torpaq sahəsinin 0,0533 ha hissəsi X2 və ailə üzvlərinin adına tərtib edilmiş hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********77 olan çıxarış sənədində göstərilən 0,1694 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. Məhkəmə bu məsələ ilə bağlı zəruri tədbirlər görməmiş və buna müvafiq araşdırma aparmamışdır (sənəd üzrə hüququ olan şəxlərin işə cəlb edilməsi, üst-üstə düşən sahənin sənəd sahiblərinin faktiki istifadəsində olub-olmaması və sair). Buna görə də hesab edirlər ki, hazırki vəziyyətdə məhkəmə qərarın icrası mümkünsüzdür. Belə ki, üst-üstə düşən (0,0533 ha) sahənin çox hissəsi məhz iddiaçının təqdim etdiyi sxemin hüdudları daxilindəki sahənin hissəsidir və bu hissədə iddiaçının subyektiv hüququnun hədləri müəyyən edilir. İddiaçının faktiki istifadəsində torpaq sahəsi sxemdə təqdim olunmuş sahədən çox olsa belə, onun subyektiv hüququnun hədləri (marağı) məhz təqdim olunmuş sxemdə göstərilən cizginin yerləşdiyi ərazidən müəyyən olunur. Həmin sxem də göstərilən (0,10 ha) sahənin yarısından birqədər az hissə isə başqa şəxslərin adına dövlət qeydiyyatına alınmış torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür.
31. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2- 584/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən də görünür ki, iddiaçının istifadəsində olunan 0.1920 ha torpaq sahəsinin 0.0533 ha hissəsi X2 və ailə üzvlərinin adına tərtib edilmiş hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********77 nömrəli çıxarış sənədində göstərilən 0.1694 ha torpaq sahəsinin hüdüdları daxilinə düşür.
32. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin qeyd edilən xüsusatı ilə bağlı və iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-584/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi əsasında İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(107)-356/2024 nömrəli qərardadı ilə X2 və ailə üzvləri-X4, X7, Balaşova (Şoxiyeva) Şəfiqə Əsəbəli qızı və X5 iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb etmişdir.
33. Daha sonra üçüncü şəxs X4 ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, məhkəmənin qərardadında qeyd edilən bu cür uyğunsuzluğu aradan qaldırmaq üçün onlar hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********77 nömrəli çıxarış sənədində göstərilən 0.1694 ha torpaq sahəsinin koordinatlarının faktiki istifadələrində olan torpaq sahəsinin koordinatlarına uyğunlaşdırmaqla yeni çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Bu barədə bildirişi ərizəyə əlavə edirlər. Onlara məxsus olan hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********77 nömrəli çıxarış sənədində göstərilən 0.1694 ha torpaq sahəsinin koordinatlarında düzəliş edilməklə yeni çıxarış və plan-ölçü sənədinin hazırlanması barədə ərizənin qeydiyyat nömrəsi **********-dir. Ərizələrinin icra tarixi xx.xx.2024-cü il göstərilmişdir. İddiaçı istifadəsində olan 0.1920 ha torpaq sahəsinə heç bir iddiaları yoxdur, həmin torpaq sahəsi səhvən onun və ailə üzvlərinin adına tərtib edilmiş hüquqların dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********77 nömrəli çıxarış sənədinə işlənmişdir. Çıxarışda olan uyğunsuzluğun aradan qaldırılması üçün aidiyyəti orqana müraciət etmişlər. Yuxarıda göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş etmişlər.
34. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasına X2 və ailə üzvlərinin adına 26 iyul 2024-cü il tarixdə yeni tərtib edilmiş hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********77 nömrəli çıxarışı göndərmişdir.
35. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 49 nömrəli reyestr kitabının 71 nömrəli vərəqində aparılmış qeydiyyatın rəsmiləşdirilməsinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0,1694 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2, X4, X7, X6 və X3 ümumbirgə mülkiyyəti kimi qeydiyyata alınmışdır.
36. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən məhkəmə kollegiyasına 08 avqust 2024-cü il tarixli, 3- 21-3-47/2-3214/2024 nömrəli müşayiət məktubu ilə birlikdə göndərilmiş mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı “Musabəyov” adına kolxozun qərarı əsasında verilmiş mübahisə predimeti olan 0.10 ha torpaq sahəsinin (naturada sahəsi, təyinatı kənd təsərüfatına yararlıdırsa yararlığı, uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) DWG məlumat bazası göstəricilərinə əsasən xüsusiyyətləri ilə bağlı bildiririk ki, iddia olunan və faktiki naturada istifadə edilən torpaq sahəsinin naturada ölçüləri 0.1920 ha olmaqla idarəmizin xidməti istifadəsində olan TEKUİS məlumat bazasında və həmin kəndin kompleks yerquruluşu layihəsində Balakən rayonu Mahamalar bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kateqoriyası kənd təsərüfatı təyinatlı torpaqlar, uqodiyası (məqsədli istifadə növü) çoxillik əkmələr, keyfiyyət qrupu İİ, bonitet balı 65 olmaqla kənd təsərrüfatına yararlı ərazi kimi qeyd edilmişdir. İddia olunan torpaq sahəsinin faktiki istifadəçisi X11r. Həmin torpaq sahəsinin döngə nöqtələri, ölçüsü və naturada yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
37. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin yerquruluşu planında iddiaçının istifadəsində olan 0.1920 ha torpaq sahəsinin 0.0533 ha hissəsinin X2 və ailə üzvlərinin adına tərtib edilmiş hüquqları dövlət reyestrində 26 iyul 2024-cü il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********77 nömrəli çıxarış sənədində göstərilən 0.1694 ha torpaq sahəsinin hüdüdları daxilinə düşməsi göstərilməmişdir.
38. Qeyd olunanlara əsasən də məhkəmə tərkibi hesab etmişdir ki, üçüncü şəxslər X2 və ailə üzvləri-X4, X7, Balaşova (Şoxiyeva) Şəfiqə Əsəbəli qızı və X3 üçüncü şəxs qismində cəlb edilmələri üçün əvvəllər mövcud olmuş əsaslar aradan qalxmış, ona görə də məhkəmə kollegiyası tərəfindən icraata cəlb edilmiş üçüncü şəxslərin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2024-cü il tarixli, 2-1(107)- 356/2024 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyun 2024-cü il tarixli, 2-1(104)-356/2024 nömrəli qərardadı ləğv edilmiş, X2 və ailə üzvləri-X4, X7, Balaşova (Şoxiyeva) Şəfiqə Əsəbəli qızı və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştiraklarına xitam verilmişdir.
39. Göründüyü kimi apellyasiya şikayətində cavabdeh orqanın qeyd etdiyi xüsusatlar həmin orqan tərəfindən məhkəmə kollegiyasına göndərilmiş 08 avqust 2024cü il tarixli, 3-21-3-47/2-3214/2024 nömrəli müşayiət məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə təkzib edilir.
40. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin qeyd edilən dəlili əsassızdır və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas sayıla bilməz.
41. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, məhkəmə iddiaçının təqdim olunmuş sxemin hüdudlarından başqa sahəyə onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasına iddiaçının razı olub-olmaması və həmin sahənin hansı hissəsinin sənədləşməsi məsələsini də müəyyən etməmişdir.
42. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2-584/2024 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin yerquruluşu planından görünür ki, üst-üstə düşən (0,0533 ha) sahənin çox hissəsi məhz iddiaçının təqdim etdiyi sxemin hüdudları daxilindəki sahənin hissəsidir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxemdə təqdim olunmuş sahədən çoxdur. Həmin sxemdə göstərilən (0,10 ha) sahənin yarısından birqədər az hissə başqa şəxslərin adına dövlət qeydiyyatına alınmış torpaq sahəsinin cizgiləri ilə üst-üstə düşür.
43. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu xüsusat da 08 avqust 2024cü il tarixli, 3-21-3-47/2-3214/2024 nömrəli müşayiət məktubuna əlavə edilmiş mütəxəssis rəyi ilə aradan qaldırılmışdır. Müəyyən olunur ki, iddiaçının istifadəsində olan 0.1920 ha torpaq sahəsinin 0.0533 ha hissəsi X2 və ailə üzvlərinin adına tərtib edilmiş hüquqları dövlət reyestrində 26 iyul 2024-cü il tarixdə qeydiyyata alınmış reyestr nömrəsi **********77 nömrəli çıxarış sənədində göstərilən 0.1694 ha torpaq sahəsinin hüdüdları daxilinə düşmür. X2 və ailə üzvlərinə məxsus torpaq sahəsi iddiaçının təqdim etdiyi sxemin hüdudlarından kənarda yerləşir.
44. Məhkəmə kollegiyasına təqdim edilmiş cavabdeh orqanın 08 avqust 2024-cü il tarixli, 3-21-3-47/2-3214/2024 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinin yerquruluşu planından da görünür ki, əvvəlki mütəxəssis rəyinə əlavə edilmiş planda göstərilən xüsusatlar artıq aradan qaldırılmışdır. Odur ki, apellyasiya şikayətinin qeyd edilən dəlili də əsassızdır.
45. Apellyasiya şikayətinin digər dəlili kimi cavabdeh inzibati orqan qeyd etmişdir ki, iş üzrə tərəflərindən məhkəməyə təqdim olunmuş mütəxəssis rəyinin 3-cü bəndində qeyd olunmuşdur ki, iddia olunan və faktiki naturada istifadə edilən torpaq sahəsinin naturada ölçüləri 0,1920 ha olmaqla TEKUİS məlumat bazasında və həmin kəndin kompleks yerquruluşu layihəsində kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Həmin torpaq sahəsi kənd təsərrüfatına yararlı sahədir. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsinin bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi məhkəmə qərarı əsasında deyil, məhz Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən keçirilə bilər. Nazirlər Kabinetinin müvafiq qərarı olmadan mövcud Dövlət torpaq kadastrının məlumatlarının dəyişdirilməsi 18 saylı Zaqatala Ərazi İdarəsinin sələhiyyətləri daxilində deyildir.
46. Apellyasiya şikayətinin qeyd edilən xüsusatı ilə bağlı məhkəmə kollegiyası tərəfindən cavabdeh orqana müvafiq sorğu verilərək İddiaçı “Musabəyov” adına kolxozun qərarı əsasında verilmiş mübahisə predmeti olan 0.10 ha torpaq sahəsinin həmin dövrdə (naturada sahəsi, təyinatı kənd təsərrüfatına yararlıdırsa yararlığı, uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və s.) DWG məlumat bazası göstəricilərinə əsasən xüsusiyyətlərinin nədən ibarət olması, həmin mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya verilən zaman onun kateqoriyası üzrə xüsusiyyətləri barədə, eyni zamanda mübahisəli torpaq sahəsinin nə vaxt, kim tərəfindən, hansı qərara əsasən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi kimi işlənməsi barədə məlumat əldə edilmişdir.
47. Cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-47/2- 3377/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi tərtib edilərək məhkəməyə göndərilmişdir. (hazırki qərarın 36-cı bəndi)
48. Daha sonra qeyd olunan mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə cavabdeh orqan tərəfindən məhkəməyə arayış göndərilmiş və həmin arayışda göstərilmişdir ki, iddiaçı X9 naturada istifadə etdiyi torpaq sahəsi 0.1920 hektardır. İddiaçının iddia etdiyi 0.10 ha torpaq sahəsi həmin kəndin DWG məlumatlarında kateqoriyası kənd təsərrüfatlı təyinatlı torpaqlar, uqodiyası çoxillik əkmələr, keyfiyyət qrupu İİ, bonitet balı 65 olmaqla kənd təsərrüfatına yararlı ərazi kimi qeyd edilmişdir. Həmin mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya verilən zaman onun kateqoriyası üzrə xüsusiyyətləri barədə bildirirlər ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya verilən zaman onun kateqoriyası üzrə xüsusiyyətləri barədə həmin dövrə aid məlumatlar idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında aşkar olunmadığından məlumatların verilməsi mümkün olmamışdır. Həmin torpaq sahəsinin döngə nöqtələri, ölçüsü və naturada yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
49. Lakin iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş 2000-ci il tarixli Balakən rayonu Salban kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı adı qeyd edilmişdir. Arxiv İdarəsi Respublika X12 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Balakən rayon Mahamalar kəndinin 1991-1995, 1996-2000-ci illərin Təsərrüfatbaşına kitabından çıxarışdan görünür ki, İddiaçı adı təsərrüfat başçısı kimi qeyd olunmuşdur.
50. Göründüyü kimi, İddiaçı “Musabəyov” adına kolxozun qərarı əsasında verilmiş mübahisə predmeti olan 0.10 ha torpaq sahəsinin kateqoriyası üzrə xüsusiyyətləri həyətyanı torpaq sahəsi olmuş, həmçinin cavabdeh orqan cavab məktubunda bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya verilən zaman onun kateqoriyası üzrə xüsusiyyətləri barədə həmin dövrə aid məlumatlar idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında aşkar olunmadığından məlumatların verilməsi mümkün olmamışdır.
51. Hazırki işin halları baxımından aydın olur ki, 1982-ci il tarixli Balakən rayonu Mahamalar kənd keçmiş Musabəyov adına kolxozun qərarı xüsusi məqsədin təmin edilməsinə yönəlmiş inzibati akt olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-ci bəndinə görə isə kolxozun qərarı əsas götürülməklə mübahisəli torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmalıdır. Qanunvericilikdə müəyyən məhdudiyyətlər nəzərdə tutulsa da, hüququn əmələ gəldiyi anda (cavabdeh orqan tərəfindən həmin dövrə aid məlumatlar idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında aşkar olunmamışdır) torpaq sahəsinin hətta kənd təsərrüfatlı (DWG məlumatlarında kateqoriyası) təyinatlı olması həmin məhdudiyyətlərin sırasında nəzərdə tutulmamışdır. Həmin dövrə aid müvafiq məlumatların isə elektron kadastr məlumatlarına yerləşdirilməməsi və yaxud məlumatların idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında aşkar olunmaması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi nəzərə alına bilməz.
52. Göründüyü kimi, cavabdeh orqanın qeyd etdiyi dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmır, eyni zamanda məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin qeyd edilən dəlili də öz təsdiqini tapmamış, əksinə işdə olan sübutlarla cavabdehin göstərdiyi dəlillər təkzib olunur. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.
53. Məhkəmə kollegiyası iddiaçının hal-hazırda xarici ölkə vətəndaşı olduğu üçün torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınmasının mümkünsüzlüyü barədə cavabdehin imtinasının dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.
54. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, "mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. "Əmlak”a "mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı "qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); "Mülkiyyət” anlayışı "mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. "Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda "qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı).
56. Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi qanuni əsaslarla onun mülkiyyətinə verilmiş (cavabdehin imtinasında bu hal mübahisə edilmir) iddiaçının həmin torpaq sahəsini mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaq üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz. Lakin iddiaçının hal-hazırda xarici ölkənin vətəndaşı olması nəzərə alındıqda, Torpaq Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulan 1 (bir) il ərzində torpaq sahəsini özgəninkiləşdirmək öhdəliyi iddiaçıya da şamil olunmalıdır və bu məhdudiyyət legitim məqsəd daşıyır, o cümlədən "ədalətli balans”a xidmət edir.
57. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
58. Yuxarıda istinad edilən qanunvericilik aktlarına əsasən, cavabdeh inzibati orqanın istər imtinanın verildiyi zaman, istərsə də hazırda olan statusu baxımından, torpaq sahəsinin ayrılmasına dair kolxoz tərəfindən qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasına dair hər hansı nəzarətedici səlahiyyətləri nəzərdə tutulmamışdır. Müvafiq ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən qurumdur.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.
60. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.
61. Göründüyü kimi, torpaq sahəsinin iddiaçıya ayrıldığı və onun istifadəsində olduğu müddətdə Balakən rayonu Mahamalar kənd keçmiş Musabəyov adına kolxozun müvafiq qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş üzrə materiallarla təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.
62. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
63. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
64. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, “1982-ci ildə Balakən rayonu Mahamalar kənd keçmiş Musabəyov adına kolxozun qərarı əsasında Balakən rayonu Mahamalar kəndində iddiaçının mülkiyyətinə verilmiş 0.10 ha həyatyanı torpaq sahəsi üzərində iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini haqlı olaraq təmin etmişdir.
65. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
66. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “1982-ci ildə Balakən rayonu Mahamalar kənd keçmiş Musabəyov adına kolxozun qərarı əsasında Balakən rayonu Mahamalar kəndində iddiaçının mülkiyyətinə verilmiş 0.10 ha həyatyanı torpaq sahəsi üzərində iddiaçı tərəfindən bir il müddətində məcburi qaydada özgəninkiləşdirilməsi şərti ilə, iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
67. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
qərara aldı
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 aprel 2024-cü il tarixli 2-1(116)-431/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.