Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-357/2024 04.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X6 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala bələdiyyəsinin 15 dekabr 2005ci il tarixi 17 saylı qərarı ilə ona satılmış Zaqatala şəhəri ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli 2-1(116)-750/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsinin, Zaqatala bələdiyyəsi və onunla imzaladığı 17 yanvar 2006-cı il tarixli Torpaqların Alqı-Satqı Aktı əsasında və Zaqatala bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixi 17 saylı qərarı ilə ona satılmış Zaqatala şəhər ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyəti kimi adına DƏDR-də qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-3149/2023 nömrəli qərardadı ilə Zaqatala bələdiyyəsi adi qaydada üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmşdır: - Zaqatala şəhər bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixli 17 saylı qərarı ilə ona şəhər ərazisindən, fərdi evin tikintisi üçün 0,06 ha həyətyanı torpaq sahəsi satılmışdır.
4. 17 yanvar 2006-cı il tarixdə torpağın dəyərini (216 manat) tam ödəməklə, alqısatqı aktı tərtib etməklə torpaq sahəsini almışdır. Torpağın alqı-satqı Aktı onun, X4 Komitəsinin Zaqatala rayon Şöbəsinin müdiri və Zaqatala şəhər bələdiyyəsinin sədri tərəfindən imzalanaraq təsdiqlənmişdir və həmin akt Zaqtala rayon torpaq şöbəsində 23 yanvar 2006-cı il tarixdə 14 nömrə ilə qeydiyyatdan keçmişdir.
5. Bundan sonra torpaq sahəsi DT və XT Komitəsinin Zaqatala rayon şöbəsinin və bələdiyyənin birgə tərtib etdikləri sxematik plan əsasında ona təhvil verilmişdir. Həmin torpaq sahəsinin kənarını hasarlamışdır. 2006-cı ildən bu günədək onun istifadəsindədir. Bu günədək həmin torpağa dair heç bir etiraz bildirən fiziki və ya hüquqi şəxs olmamışdır.
6. Yuxarıda qeyd olunan torpaqlara dair tərtib edilmiş sənədlər cavabdeh təşkilata təqdim olunaraq torpaq sahəsinin DƏDR-də qeydiyyata alınmasını və reyestrdən çıxarış verilməsini xahiş etməsinə baxmayaraq, cavabdeh təşkilat torpaq sahəsini qeydiyyata almaqdan imtina edərək qeyd etmişdir ki, Zaqatala Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin rəyi və Torpaq sahəsinin planı və ölçüsü olmadığına görə imtina edilir.
7. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - iddiaçı Qarayev X3 şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir.
8. Ərizənin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı ərizəsinə qanunla müəyyən edilmiş sənədlər əlavə etməmişdir. Buna görə də ərizənin icrası mümkün olmamış və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2- 3726/2023 (**********26) nömrəli məktub ünvanlanmışdır.
9. İddiaçı birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
10. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 4 aprel 2024-cü il tarixli 2- 1(116)-750/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
13. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli 2-1(116)-750/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli 2-1(116)-750/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli 2-1(116)-750/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X8 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
17. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsinin naturada ölçüləri 0,07 ha olmaqla idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən Zaqatala şəhəri hüdudları daxilində Zaqatala bələdiyyəsinin mülkiyyətinə aid kateqoriyası yaşayış məntəqələri torpaqlarına, uqodiyası tikinti altında olan torpaqlara və alt uqodiyası isə həyətyanı sahə kimi işlənilmişdir. Mübahisəli torpaq sahəsinin naturada istifadəçisi İddiaçıdur və iddiaçının naturada istifadəsində olan 0,07 ha torpaq sahəsinin 63 kv.metr hissəsi X1 adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********59 olan çıxarış sənədində göstərilən 0,04 ha torpaq sahəsinin hüdudları daxilinə düşür. İddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. - Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı iclas protokolundan görünür ki, iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı məsələ bələdiyyənin iclasını gündəliyində olmamış və iddia olunan torpaq sahəsinin satılması ilə bağlı bələdiyyə tərəfindən qərar qəbul edilməmişdir. - Zaqatala bələdiyyəsinin məhkəmə kollegiyasına təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktubuna əsasən, ünvan 1 ünvanda yaşayan İddiaçı 2006-cı ildə Zaqatala bələdiyyəsi tərəfindən vətəndaşa təqdim olunmuş sənədlərə əsasən Qazangül ərazisindən fərdimənzil tikintisi məqsədilə 0,06 ha torpaq sahəsi verilmişdir. 2006-cı ilin yanvar ayında 216 manat torpağın dəyərini Zaqatala bələdiyyəsinin hesabına ödəmişdir. Hal-hazırda həmin torpaq sahəsi onun istifadəsindədir. Həmin dövrlərə aid bələdiyyənin iclas protokolları və digər sənədlər X5 təhvil verilmişdir. İddiaçı arxiv arayışının götürülməsi ilə əlaqədar X5 müraciət edərkən Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 17 saylı iclas protokolu üzrə qəbul olunmuş qərarlarında onun adının olmadığı bildirilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 65.1.3-cü maddəsinə əsasən qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt etibarsız sayılır. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
27. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Zaqatala şəhəri ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsinə nail olmaqdır.
28. Qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
29. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də, qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır.
30. Lakin, hazırkı iş üzrə iddia olunan torpaq sahəsinin iddiaçıya ayrılması (satılması) barədə hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən olunmur.
31. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır.
32. İddiaçı tərəfindən təqdim edilən Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı bələdiyyə şurasının qərarı isə sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas hesab edilə bilməz.
33. Belə ki, həmin sənədə Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı iclas protokolundan çıxarış kimi hüquqi qiymət verildiyi halda nəzərə alınmalıdır ki, “iclas protokolundan çıxarış” istinad olunan iclas protokolunda müraciət edən subyektə müvafiq torpaq sahəsinin ayrılması ilə bağlı məlumatların mövcudluğunu təsdiq edən sənəddir. İlkin iclas protokolunda torpaq sahəsinin ayrılması ilə bağlı qeyd yoxdursa “iclas protokolundan çıxarış” ayrılıqda hər hansı hüquqi qüvvəyə malik deyildir.
34. Kollegiya Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı iclas protokoluna münasibətdə qeyd edir ki, sözügedən iclasda iddiaçıya torpaq sahəsinin ayrılması qərara alınmamışdır (iclasın gündəliyində də, belə bir məsələ olmamışdır).
35. Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı bələdiyyə şurasının qərarı torpaq sahəsinin ayrılması ilə bağlı müstəqil inzibati akt kimi qiymətləndirildiyi halda isə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 145-ci maddəsinə (bələdiyyələrin qərarları) əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir (İ). Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir (İİ). Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir (İİİ).
36. Həmçinin, “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsində (yerli özünüidarə anlayışı) bələdiyyələr ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilmiş üzvlərindən ibarət nümayəndəli kollegial orqan olaraq təsbit edilmişdir
37. 16-cı maddəsinin 4-cü və 6-cı bəndlərinə əsasən (Bələdiyyənin iclası) Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.
38. Eyni zamanda Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələbinə görə (23-cü bənd) torpağın mülkiyyətə ayrılması haqqında qərar bələdiyyənin növbəti iclasında müzakirə edilərək qəbul edilməlidir.
39. Sadalanan normaların təhlilindən göründüyü kimi torpaq sahəsinin ayrılması məsələsinə bələdiyyə iclasında baxılmalı və həmin məsələyə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilməlidir. Müvafiq iclas protokolunda torpaq sahəsinin ayrılması məsələsi öz əksini tapmadığı halda bələdiyyə sədrinin ayrıca qərar verməklə torpaq sahəsini iddiaçıya satmaq səlahiyyəti yoxdur. Odur ki, Zaqatala bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 17 saylı bələdiyyə şurasının qərarı “İnzibati icraat haqqında” Qanunun 65.1.3-cü maddəsinin tələbi baxımından etibarsız inzibati akt olmaqla, heç bir hüquqi nəticə yaratmır.
40. İş materiallarında olan torpaq sahəsinin dəyərinin ödənilməsi barədə qəbz, tərtib edilmiş sxematik plan, alqı-satqı aktı, torpaq sahəsinin satılması ilə bağlı verilmiş rəyə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, sadalanan sənədlər iddia olunan torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı bələdiyyə tərəfindən icraatın başlanmasını təsdiq etsə də, hər bir halda sözügedən icraat torpaq sahəsinin iddiaçıya satılması ilə bağlı yekun inzibati aktın qəbul edilməsi ilə nəticələnməmişdir.
41. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
42. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Sözügedən Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olduğu təsbit edilmişdir.
43. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyəti hüququnun dövlət qeydiyyatına alınması üçün üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
45. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zaqatala bələdiyyəsinin 15 dekabr 2005-ci il tarixi 17 saylı qərarı ilə iddiaçıya satılmış Zaqatala şəhəri ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışla rəsmiləşdirilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli 2-1(116)-750/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.