Məhkəmə qərarları › İş №2-1(107)-357/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-357/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-357/2025 13.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı “Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı və həmin qərar əsasında verilmiş xx.xx.2008-ci il tarixli, A 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(116)-1999/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X6 cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı və həmin qərar əsasında verilmiş xx.xx.2008-ci il tarixli, A 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X10 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən 1950-ci ildə tikilən 3 otaqdan ibarət yaşayış evi Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən iddiaçının atasına verilmiş və 78 saylı qeydiyyat vəsiqəsi əsasında iddiaçının atasının adına rəsmiləşdirilmişdir. Həmin yaşayış evi ilə bağlı 1983-cü il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport da hazırlanmış və həmin pasportda iddiaçının atası Nəcbəddin Məmmədovun adına 866.4 kv.m həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Hazırda iddiaçının atası 2004cü ildə vəfat etdiyi üçün həmin əmlak vərəsələrin arasında bölünməlidir. Lakin yaxın günlərdə iddiaçının qardaşı X2 ilə mərhum qardaşı X4 arvadı arasında qeyd edilən mülklə bağlı məhkəmə mübahisəsi olduğunu eşitmişdir. Mübahisə predmeti olaraq iddiaçının da miras payı olan atasının mülkiyyətinin bir hissəsinə mərhum qardaşı X7 və onun ailə üzvləri tərəfindən sənəd aldığını eşitmişdir. Belə ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarına əsasən X7 və onun ailə üzvlərinə 0,09 ha həyətyanı torpaq sahəsi ayrılmış və bununla bağlı X4 adına xx.xx.2008ci il tarixli, A 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı bu barədə məlumatı aldıqdan dərhal sonra Şəki İnzibati Məhkəməsində baxılan işə üçüncü şəxs qismində qoşulması və yekun qərar qəbul edilibsə bu barədə qərarın surətini almaq üçün müraciət etmişdir. X17 Məhkəməsi müraciət ərizəsini qəbul etsə də müraciəti üzrə iş yekunlaşdığından qərarın surətini verə bilməyəcəyini və onun üçüncü şəxs qismində işə əlavə edilə bilməyəcəyini bildirmişdir. - Qeyd edilən mülkün necə mərhum qardaşının və onların adına sənədləşməsi barədə onun məlumatı olmamışdır. Çünki o, həmin ərazidən kənarda Zaqatala şəhərində yaşayır. Hazırda isə qardaşının adına verilmiş xx.xx.2008-ci il tarixli, A 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və bu əqdin əsası sayılan Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı etibarsız hesab edilməlidir. Həmin qeyd edilən ərazi üzrə iddiaçının atası 2004-cü ildə vəfat etdikdən sonra vərəsə sayılır. Belə bir qərarın və sənədlərin gizli və əsassız olaraq qəbul edilməsi hazırda onun miras payı ilə bağlı hüquqlarını kobud surətdə pozur. Eyni zamanda Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı tam qanunsuz qərardır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli fərmanına əsasən “X16 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmışdır. X9 Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə ləğv edildiyi halda mövcud olmayan X18 Komissiyasının qərarı ilə mərhum qardaşı və onun ailəsinin adına torpaq sahəsinin ayrılması absurd bir qərardır. X18 Komissiyası mövcud olsaydı belə yenə də o və digər vərəsələrin 2004-cü ildə vəfat etmiş atalarının mülkiyyətinə miras paylarının olduğu halda necə həmin torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilə bilər. Hesab edir ki, bu qərar Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik Konstitusiyanın mülkiyyət hüququnun toxunulmazlığı barədə maddəsinin tələblərini pozur.

3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 08 aprel 2025-ci il tarixli 2- 1(116)-1999/2025 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh Qax Rayon İcra Hakimiyyətinə qarşı “Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı və həmin qərar əsasında verilmiş xx.xx.2008-ci il tarixli, A 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi iddia tələbi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının və həmin qərar əsasında DTXKnın Qax rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A seriyalı, 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab olunmasından ibarətdir. - Hazırda iddiaçının etibarsız sayılmasını xahiş edilən Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının qəbulundan 18 ilə yaxın müddət keçmişdir. Odur ki, həmin qərarın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı kifayət qədər marağınının olması müəyyən edilməmişdir. Odur ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının etibarsızlığı ilə bağlı iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bu isə iddia tələbinin qeyri-mümkün sayılması üçün əsasdır. - İddia tələbinin “DTXK-nın Qax rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A seriyalı, 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən sənədin etibarsız hesab edilməsi tələbini Qax rayon İcra Hakimiyyətinə qarşı deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı irəli sürə bilər. Hazırkı iddia üzrə cavabdeh qismində göstərilən Qax Rayon İcra Hakimiyyəti həmin iddiaya cavab verməli inzibati orqan deyildir. Lakin, hər bir halda iddiaçı torpaq sahəsinin plan-ölçü sənədinin etibarsız hesab edilməsinə yönəlmiş məqsədinə, yalnız həmin sənədin verilməsinin əsasında duran Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə nail ola bilərdi. Hazırkı halda sözügedən qərarın mübahisələndirilməsinə dair iddianın mümkün sayılmaması, həmin qərar əsasında verilmiş torpaq sahəsinin planölçü sənədinin etibarsız hesab edilməsi ilə bağlı tələbin də mümkünsüzlüyünə səbəb olur.

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(116)-1999/2025 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılaraq baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bu barədə məlumatı aldıqdan dərhal sonra vəkil ilə müqavilə bağlamış və Şəki İnzibati Məhkəməsində baxılan işə üçüncü şəxs qismində qoşulması və yekun qərar qəbul edilibsə bu barədə qərarın surətini almaq üçün müraciət etmişdir. X17 Məhkəməsi müraciət ərizələrini qəbul etsə də, müraciətləri üzrə iş yekunlaşdığından qərarın surətini verə bilməyəcəyini və onları üçüncü şəxs qismində işə əlavə edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən vaxt itirmədən dərhal məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qeyd edilən mülkün necə iddiaçının mərhum qardaşı və onların adına sənədləşməsi barədə onun məlumatı olmamışdır. Çünki o, həmin ərazidən kənarda Zaqatala şəhərində yaşayır. Hazırda isə qardaşının adına verilmiş xx.xx.2008-ci il tarixli, A 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi və bu əqdin əsası sayılan Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı etibarsız hesab edilməlidir. Həmin qeyd edilən ərazi üzrə iddiaçının atası 2004-cü ildə vəfat etdikdən sonra o, vərəsə sayılır. Belə bir qərarın və sənədlərin gizli və əsassız olaraq qəbul edilməsi hazırda iddiaçının miras payı ilə bağlı hüquqlarını kobud surətdə pozur. - Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının etibarsız hesab edilməsi barədə həmin qurumun hüquq varisi Qax rayon İcra Hakimiyyəti olduğu üçün iddia ərizəsi üzrə cavabdeh qismində Qax rayon İcra Hakimiyyəti qoyulmuşdur. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının qəbul edilməsinə əsas olaraq Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli 02 nömrəli qərarının etibarsızlığı ilə bağlı iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsi qeyd olunmuşdur. Halbuki həmin dövrdə qüvvədə olmuş, MPM-nin 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu qeyd olunmuşdur. İddia ərizəsində qeyd etdikləri kimi iddiaçının Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarından xx.xx.2025-ci il tarixdə olmuş, məlumat aldıqdan dərhal sonra həmin qərarın etibarsızlığı barədə onunla müqavilə bağlamışdır. Onun indiyədək iddia qaldırmamağına səbəb həmin mülkdən kənar şəhərdə Zaqatala şəhərində yaşadığı üçün Qax rayonunda gedən bu proseslərdən məlumatı olmamasıdır. Lakin onun hüquqlarını kobud surətdə pozan bu qərardan məlumatı olduqdan sonra həmin qərarın etibarsızlığına kifayət qədər marağı olduğu üçün və inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasına nail olmaq üçün dərhal məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsini tam oxumadan, işin faktiki hallarını dəqiqləşdirmədən iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsinə gətirib çıxarmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının vəkili Vəkil məhkəməyə məktub göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin məhkəmə iclasının təxirə salınmasına dair hər hansı mötəbər sənəd-sübut təqdim etməməsini nəzərə alaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq

9. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5. İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir.

10. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3. Torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə 22. Fiziki və hüquqi şəxslər rayon X9nın və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (20 aprel 2012ci il tarixli Qanunla edilmiş dəyişikliklərə qədər qüvvədə olmuş redaksiyada) “Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

12. İnzibati Prosessual Məcəllə: Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

14. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

16. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

17. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

18. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

19. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

21. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

22. Hazırkı mübahisədə iddiaçının tələbinin birinci hissəsi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının etibarsız hesab edilməsinə yönəlmişdir. Yəni iddiaçı inzibati aktın etibarsızlığının tanınmasına nail olmaq istəyir və bu mənada həmin tələbi ifadə edən iddia tanınma haqqında iddia kimi qəbul olunmalıdır.

23. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

24. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

25. Nəzərə alınmalıdır ki, inzibati aktın etibarsızlığı ilə bağlı iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi, yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın.

26. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1) mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2) iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3) iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4) iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5) iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.5, 35.1). İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir.

27. Göründüyü kimi, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın iki xüsusi mümkünlük şərtini, 1) iddiaçının kifayət qədər marağının olmasını; 2) inzibati aktın etibarsızlığının qısa müddətdə tanınmasını müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyri-maddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün iddia deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur.

28. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı qəbulundan 18 ilə yaxın müddət keçdikdən sonra Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının etibarsız sayılması barədə iddia qaldırmışdır. Odur ki, həmin qərarın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı iddiaçının kifayət qədər marağınının olması müəyyən edilmir.

29. Eyni zamanda, xx.xx.2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinin tələbləri nəzərə alınmalıdır.

30. Belə ki, 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

31. Hazırkı iş üzrə mübahisə predmeti qismində Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının çıxış etdiyini diqqətə çatdıraraq məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı tanımır.

32. Beləliklə, hər bir halda iddiaçının sözügedən qərarın mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixinədək itirdiyi nəzərə alınmalıdır.

33. Bundan başqa, iddia tələbinin “DTXK-nın Qax rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A seriyalı, 067436 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə isə məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, iddiaçı sözügedən sənədin etibarsız hesab edilməsi tələbini Qax rayon İcra Hakimiyyətinə qarşı deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı irəli sürə bilər. Hazırkı iddia üzrə cavabdeh qismində göstərilən Qax Rayon İcra Hakimiyyəti həmin iddiaya cavab verməli inzibati orqan deyildir. Lakin, hər bir halda iddiaçı torpaq sahəsinin plan-ölçü sənədinin etibarsız hesab edilməsinə yönəlmiş məqsədinə, yalnız həmin sənədin verilməsinin əsasında duran Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarının mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə nail ola bilərdi. Hazırkı halda sözügedən qərarın mübahisələndirilməsinə dair iddianın mümkün sayılmaması, həmin qərar əsasında verilmiş torpaq sahəsinin planölçü sənədinin etibarsız hesab edilməsi ilə bağlı tələbin də mümkünsüzlüyünə səbəb olur.

34. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(116)-1999/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 08 aprel 2025-ci il tarixli 2-1(116)-1999/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar