Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-358/2021 22.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “0.08 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-353/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.09.2004-cü il tarixli 17 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan 0.08 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin dəyərini 27 nömrəli, 26.09.2004-cü il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. Bundan sonra iddiaçı dəfələrlə Gərəkli bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, 0.08 ha torpaq sahəsinə dair müvafiq sənədlərin tərtib edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məcbur olub Gərəkli bələdiyyəsinə qarşı “ayrıc aktının hazırlanması” tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində iddiaçı bildirir ki, hazırkı bələdiyyə sədri Mehman Qaybalıyev ona torpaq sahəsinin verilməsinin qarşısını almaq məqsədilə insana və vəzifəsinə yaraşmayan hərəkətlərə yol vermişdir. Belə ki, iddiaçının xəbəri olmadan 30.06.2017-ci il tarixli qərarla 0.08 ha torpaq sahəsinin verilməsinə dair qərarı ləğv etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2019-cu il tarixli, 2-1(107)-2/2019 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2-1(84)-282/2017 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddia tələbi təmin edilərək, cavabdehin üzərinə 0.08 ha torpaq sahəsinə dair ayrıc aktının tərtib edilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra iddiaçı hazırkı iş üzrə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 14.10.2020-ci il tarixli **********32 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəsinə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və ya qeyd olunan torpaq sahəsinin alqı-satqı olunması barədə Balakən rayonu Gərəkli bələdiyyəsi ilə iddiaçı arasında (müvafiq notariat kontorunda) bağlanılmış alqı-satqı müqaviləsi əlavə olunmamışdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli, **********44 nömrəli etiraz məktubunda qeyd edilir ki, İddiaçı Balakən rayonu, Gərəkli bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi 0,08 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan ərizənin icrası zamanı məlum olmuşdur ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və ya qeyd olunan torpaq sahəsinin alqı-satqı olunması barədə Balakən rayonu Gərəkli bələdiyyəsi ilə iddiaçı arasında (müvafiq notariat kontorunda) bağlanılmış alqı-satqı müqaviləsi əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, həmin torpaq sahələrinin qeydiyyata alınması mümkün olmamış və bu barədə 14.10.2020-ci il tarixli, **********32 nömrəli məktubla ərizəçiyə imtina bildirişi ünvanlanmışdır. Məhkəmənin 04.03.2021-ci il tarixli, 2-1(116)-353/2021-ci il tarixli qərardadı ilə Balakən rayonu, Gərəkli bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-353/2021 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Balakən rayonu, Gərəkli bələdiyyəsi) “0.08 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmiş, mütəxəssis rəylərinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilmiş, mütəxəssis rəylərinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X8 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, cavabdeh orqan 18 saylı DƏDRX məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli məktubunda qeyd edir ki, iddiaçının ərizəsinin icrası zamanı məlum olmuşdur ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı- satqı aktı, müvafiq icra hakimiyyəti orqanının rəyi və ya qeyd olunan torpaq sahəsinin alqı- satqı olunması barədə Balakən rayon Gərəkli bələdiyyəsi ilə iddiaçı arasında (notarial) bağlanmış alqısatqı müqaviləsinin əlavə olunmadığını göstərmişdir. Tam yalnışdır. Çünki iddia Ərizəsinə həmin sənədləri əlavə etmişdir. Bundan başqa DƏK və ÜRX 23.04 2021 ci il tarixli məktubunun 2-ci cümləsi ilə sübut etmək istəyir ki, həmin 0.08 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid ictimai tikinti altı torpaq sahəsidir: ÜRX-i tikinti altı torpaq sahəsinin məzmununun başa düşmür. Tikinti altı torpaq sahəsi o sahədir ki, tikili mövcud olsun və ya tikilinin inşası başlamış olsun. Qeyd edilən ərazidə heç bir tikili olmadığı halda o torpaq sahəsi necə tikinti altı torpaq sahəsi sayıla bilər. Məktubun 3-cü cümləsində göstərilir ki, ictimai tikililər üçün nəzərdə tutulan həmin torpaq sahəsi torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni- məişət, inzibatı, ibadət və digər bina, anbar digər qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin ərazidə həyətyanı kimi qeyd edilmiş torpaq sahələri yoxdur. Bildirir ki, həmin ərazidə torpaq islahat zamanı və indi əhalinin kütləvi şəkildə istifadə etdiyi tikili olmayıb, yoxdur. Torpaq islahatı haqqında Qanunda bələdiyyə mülkiyyətinə verilən ümumi istifadə, fiziki və hüquqi şəxslərin istifadəsinə və ehtiyat fondu torpaqlarında ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahələri deyilən hər hansı bir qayda yoxdur. Bundan başqa Şəki İnzibati Məhkəməsi tərəfindən mütəxəsis qarşısında qoyulan sorğunu cavablandıran Şəki LTİ-nin məhkəməyə təqdim etdiyi mütəxəsis rəyində Məhkəmənin “İctimai tikililər üçün nəzərdə tutulmuş torpaq dedikdə nə nəzərdə tutulur? Sualına mütəxəssis tərəfindən verilən cavab: İctimai tikililər üçün nəzərdə tutlan torpaq sahəsi torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati ibadət və digər bina,anbar tikili və qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Bu yalnış cavabdır. Niyə, ona görə ki, ictimai tikililərin necə obyektlər olduğu az çox hamı tərəindən bilinəndir. Bu sualı ilə məhkəmə mütəxəsisdən ictimai tikililər üçün nəzərdə tutulan torpağın nə demək olduğunu öyrənmək istəyir. Mütəxəssis isə nəzərdə tutulan torpağın nə demək olduğuna aydınlıq gətirmək əvəzinə həmin torpaqda tikilə biləcək ictimai tikililərin adlarını sadalayır. Bununla da məhkəməni çaşdırır. Yalnış qərar çıxarmağa istiqamətləndirir. Bununla da Şəki İnzibati Məhkəməsi qərarının əsaslandırıcı hissəsinin 7/8-ci səhifənin 3-cü abzasında qeyd edir: Hazırki halda isə iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarına aşağıdakılar daxildir: İctimai və yaşayış tikinti massivində yerləşən yaşayış, mədəni- məişət. inzibati.ibadət və digər bina . tikili və qurğular altındakı, habelə bunlar üçün nəzər də tutulan torpaq sahələri; Mübahisə edilən torpağın yerləşdiyi ərazinin qarşısından keçən şosse yolunun hər iki tərəfi boyunca kilometrlərlə məsafədə fərdi yaşayış evləri yerləşir, həmin ərazidə və yol boyunca kilometrlərlə ərazidə heç bir ictimai tikili mövcud deyil, ictimai tikili mövcud olmadığı hal da. ictimai tikili altı torpaqlar da mövcud olmur. Aydınlaşdırır ki ictimai tikili nədir: Əhalinin ehtiyacları üçün tikilməsi planlaşdırılan ictimai təyinatlı obyektlər məsələn: mədəniyyət evi, kitabxana, ibadət evi, şadlıq sarayı, bələdiyyə üçün inzibati bina və sair; Qurğular nədir:- müəyyən funksional təyinata malik olan və bina sayılmayan sair tikinti obyektləri (yollar.körpülər, piyada keçidləri, tunellər, hidro- texniki qurğular, bəndlər, istinad konstruksiyaları, mühəndiskommunikasiya təminatı sistemləri və s). Bundan başqa 2012-ci ildə Şəhərsalma və Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra Bu Qanunun tələblərinə əsasən Gərəkli Bələdiyyəsi tərəfindən Müfəssəl plan hazırlanıbmı? X2 planı yoxdursa onda Gərəkli Bələdiyyəsi tərəfindən ictimai təyinatlı obyektləri tikintisi üçün torpaq sahələri ayrılmamış və nəzərdə də tutulmamışdır. Ümumiyyətlə Bələdiyyələr fəaliyyətə başladığı 2000-ci ildən - 2012-ci ilədək olan dövrdə ictimai tikililərin həyata keçirilməsi üçün Gərəkli bələdiyyəsinin qərarı ilə torpaq sahələrinin ayrılması və nzərdə tutulması haqda heç bir sənəd mütəxəsis rəyinə əlavə edilməyib və bu haqda məhkəməyə də heç bir sənəd təqdim edilməyib. Bundan başqa Tərəfindən qeydiyyat orqanına Qanunun 8-ci maddəsində göstərilən əsaslardan ikisini: Gərəkli bələdiyyəsinin 24.09.2004-cü il tarixli qərar və Şəki Apellyasiya Məhkəməsinin İnziba ii Kollegiyasının qüvvəyə minmiş və icra edilmiş 16 aprel 2016-cı il tarixli qərarını təqdim etmişəm. 18 saylı ərazi idarəsi tərəfindən 8-ci maddədə göstərilən 3cü bir əsasın alqı-satqı müqaviləsinin inəndən tələb edilməsi doğru olmamışdır. Qanunun 10.2-ci maddəsinə görə əsaslardan yalnız biri tələb oluna bilər. Bundan başqa iş materiallarına əlavə edilmiş ən mötəbər sübut olan Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qüvvəyə minmiş və icra edilmiş qərarı ilə sübuta yetirilmişdir ki, İddiaçı ayrılmış torpaq ərazisində mövcud olan 0.4284 ha torpaq sahəsinin 0.1023 ha hissəsi ictimai tikililər üçün nəzərdə tutlub, geridə qalan 0.3261 ha hissəsi bələdiyyənin yaşayış məntəqələri torpaqlarına aid olmaqla 0.08 ha İddiaçı, 0.10 ha Şəki İnzibati Məhkəməsinin qüvvəyə minmiş və icra edilmiş qərarı ilə Əm gədəyeva Şimşəd Ərdəfıl qızının xüsusi mülkiyyətinə verilmiş və 0.1188 ha yaşayış məntəqələrinin torpaqları (həyətyanı) kateqoriyalı (məqsədli təyinatı) torpaq sahəsi DƏDRX tərəfindən hazırlanmış RX Seriyalı ******* nömrəli Çıxarışla və tərtib edilən **********48 nömrəli plan və ölçüsü sənədi ilə Gərəkli bələdiyyəsinin adına qeydiyyata alınmışdır. İnzibati kollegiya yuxarı orqanlara sorğu göndərərək, həmin əraziyə baxış keçirərək mübahisə edilən torpaq sahəsinin yaşayış məntəqəsi torpaqlarına aid olduğunu, hansı kateqoriyaya aid olduğunu və mqsədli təyinatını müəyyən etmişdir. İş üzrə cavabdeh olan Gərəkli bələdiyyəsi İnzibati kollegiyanın qərarından kassasiya şikayəti verməmişdir. İnzibati İcraat haqqında Qanunun 19.1 -ci maddəsinə əsaslanan inzibati məhkəmə belə qərara gəlmiişdir ki, cavabdehin (DƏDRX 18 saylı ərazi idarəsinin) iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Amma inzibati məhkəmə təqdim etdiyim mötəbər sübutların həqiqətə uyğun olmadığını sübuta yetirə bilməyib. X9.həm də DƏK və ÜRX nəzərdə tutulan torpağın nə demək olduğunu belə bilmirlər. Əgər İnzibati məhkəmə bunu bilsə idi işə cəlb etdiyi Gərəkli Bələdiyyəsindən 2012-ci ilədək ictimai tikililər üçün ayırılaraq nəzərdə tutulmuş torpaqla bağlı bələdiyyənin iclasının qərarını, 2012-ci ildən sonra isə Gərəkli bələdiyyəsinin ictimai təyinatlı tikililərlə bağlı planın (Müfəssəl planın məhkəməyə təqdim edilməsini tələb etməli idi. Bu qeyd edilən iki mötəbər sənəd təqdim olunmadığı halda iddiaçı olaraq təqdim etdiyim sənədlər ən mötəbər və şübhə doğurmayan sənədlərdir. X12 məhkəməsi tərəfindən, bu işin yenidən araşdırılması və eyni zamanda tə ləbimlə bağlı Gərəkli bələdiyyəsinin işə cəlb edilməsi və düzgün olmayan qərar çıxarması başa düşülən deyil. Onu da məhkəməyə məlum edirəm ki, mübahisə edilən ərazinin islahat dövründən ictimai ti kililər üçün nəzərdə tutulması kimi lalnış şayə 2012-ci ildən sonra Gərəkli bələdiyyəsinə sədr təyin edilmiş Mehman Qavbalıyev tərəfindən orta atılmaqla şəxsi xarakterli məqsəd daşıyır. Bu şəxs heç bir məhkəmə iclaslarına gəlmir, qüvvəyə minmiş məhkəmə qərarlarının yerinə yetirilməsinə mane olmaq üçün müxtəlif qanuna zidd hərəkətlər edir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2- 1(116)-353/2021 nömrəli qərarının ləğv edilməsinin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-353/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-353/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Üçüncü şəxs Balakən rayon Gərəkli bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.09.2004-cü il tarixli, 17 nömrəli iclasının qərarından görünür ki, həmin qərarla Gərəkli kənd sakini İddiaçı bələdiyyənin perespektiv inşikafı üçün saxlanmış ərazidən 0.08 ha həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. 27 nömrəli, 26.09.2004-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, iddiaçı 0.08 ha torpaq sahəsinin dəyərini Gərəkli bələdiyyəsinə ödəmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2019-cu il tarixli, 2-1(107)-2/2019 nömrəli qərarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının Gərəkli bələdiyyəsinə qarşı “ayrıc aktının hazırlanması”na dair tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2019-cu il tarixli, 2-1(107)-2/2019 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2-1(84)-282/2017 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddia tələbi təmin edilərək, cavabdehin üzərinə 0.08 ha torpaq sahəsinə dair ayrıc aktının tərtib edilməsi öhdəliyi qoyulmuşdur. Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 02.03.2020-ci il tarixli, 10 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin mülkiyyətində olan ərazidən Gərəkli bələdiyyəsinin 04 saylı 17 fevral 2020-ci il tarixli məktubu əsasında, DƏK və URXnin Şəki LTİ-nin yerquruluşu planı (№0089) və Şəki Apellyasiya Məhkəməsinin 16.04.2019-cu il tarixli 2-1(107)-2/2019 saylı qərardadı əsasında Gərəkli bələdiyyəsi ərazisində ayrılmış 0,08 ha torpaq sahəsi şimaldan bələdiyyə torpaq sahəsi ilə, cənubdan dövlət torpağı ilə, şərqdən pay torpaq sahəsi ilə, qərbdən avtomobil yolunun qorunma zolağı ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 02.04.2021-ci il tarixli, **********72 nömrəli məktubunda qeyd edilir ki, Balakən rayonu Gərəkli bələdiyyəsinin ərazisində yerləşən 0,10 hektar və 0,08 hektar torpaq sahələrinə dair tələb olunan sənədlərin təqdim edilməsi barədə müraciətə X1 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətdə qeyd olunan torpaq sahələri ilə bağlı sənədlər araşdırılmış, torpaq sahələrinin faktiki vəziyyətini əks etdirən baxış aktlarına, yerquruluşu planlarına və kadastr göstəricilərinə əsasən yaşayış məntəqələri daxilində ictimai tikililər üçün nəzərdə tutulmuş torpaqlara düşdüyü üçün fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi məqsədəuyğun sayılmamışdır. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 15.04.2021-ci il tarixli, **********94 nömrəli məktuba əlavə edilən iddiaçının torpaq sahəsinin qonşuğunda yerləşən torpaq sahələrinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, JN0042 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətinə əsasən Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 verilmişdir. Sahibə Mehdiyeva 06.08.2008-ci il tarixli “Torpaq alqı-satqı” müqaviləsi ilə 0.19 ha torpaq sahəsini İddiaçı satmışdır. Bununla bağlı iddiaçının adına AA seriyalı 000786 nömrəli, 08.08.2008-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədi və MH seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı tərəfindən iddia olunan 0.08 ha torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir. Həmin 0.08 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid ictimai tikinti altı torpaq sahəsidir. Sözügedən ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi elektron məlumat bazasına əsasən torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati, ibadət və digər bina, anbar, tikili və qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin ərazidə həyətyanı kimi qeyd edilmiş torpaq sahələri mövcud deyildir. Sözügedən torpaq sahəsi Kompleks yerquruluşu layihələrinə əsasən bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı Elektron məlumat bazasında məlumat mövcud deyil. Gərəkli bələdiyyəsinin məhkəməyə ünvanladığı 20.05.2021- ci il tarixli 08 nömrəli məktubunda qeyd edilir ki, 18 sentyabr 2019-cu il tarixdə 39 və 40 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMCyə məktubla müraciət olunmuşdur. 01.02.2020-ci il tarixdə həmin sözügedən 0.08 ha və 0.10 ha bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinə yerquruluşu planı hazırlanaraq bələdiyyəyə təhvil verilmişdir. Həmin yerqurluşu planı əsasında Bələdiyyə tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə məktubla müraciət olunmuş, 29.02.2020-ci il tarixdə həmin torpaq sahələrinə ayrıc aktı və rəy alınmışdır. Həmin sənədlər əsasında Gərəkli Bələdiyyəsinin 23.06.2020-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə 29.06.2020-ci il 16 saylı, 29.06.2020-ci il 18 saylı məktubla müraciət olunmuşdur. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin Gərəkli Bələdiyyəsinə göndərdiyi 31.08.2020-ci il tarixli 248 və 249 saylı məktublarına əsasən satılması nəzərdə tutulan 0.08 ha və 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olduğundan hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməmişdir. Məhkəmə kollegiyasının iclasında tədqiq edilən sənədlərdən müəyyən edilir ki, Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.06.2020-ci il tarixli, 08 saylı iclasında Gərəkli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikilməsi məqsədilə bilavasitə satılması nəzərdə tutulan 0.08 ha torpaq sahəsinə dair rəyin verilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsinin 31.08.2020ci il tarixli, 249 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin Balakən rayon (şəhər) Gərəkli bələdiyyəsinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 800 kv.m (0.80 ha) torpaq sahəsi ilə bağlı daxil olmuş 08.07.2020-ci il tarixli ********** saylı məktubuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi üzrə daimi komissiyada baxılmışdır. Göstərilir ki, sözügedən torpaq sahəsi barədə müvafiq sənədlər və komissiya tərəfindən tərtib edilmiş müayinə (baxış) aktı X5 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. TDİT üzrə Dövlət Agentliyinin 26.08.2020-ci il tarixli, ********** saylı məktubuna əsasən ayrılmış torpaq sahəsi ərazisində olan mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsinə aid olduğundan, hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilmir. Qeyd olunanı nəzərə alaraq, həmin torpaq sahəsi barədə tərəfimizdən müsbət rəy verilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları. 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırki halda isə iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-353/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16.06.2021-ci il tarixli, 2-1(116)-353/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-358/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-358/2021
22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver