Məhkəmə qərarları › İş №2-1(107)-358/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-358/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-358/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissə komandirinin 2006-cı ildən 2012-ci ilədək hər ilin yanvar ayında Müdafiə Nazirinin (hər il ayrı-ayrılıqda qeyd edilməklə N nömrəli hərbi hissə bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparması nəzərdə tutulsun) Əmrinə əsasən N nömrəli hərbi hissənin müdafiə rayonunun düşməndən müdafiə edilməsi barədə əmrindən çıxarışların təsdiq edilmiş surətinin ünvanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2140/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “N nömrəli hərbi hissə komandirinin 2006-cı ildən 2012ci ilədək hər ilin yanvar ayında Müdafiə Nazirinin (hər il ayrı-ayrılıqda qeyd edilməklə N nömrəli hərbi hissə bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparması nəzərdə tutulsun) Əmrinə əsasən N nömrəli hərbi hissənin müdafiə rayonunun düşməndən müdafiə edilməsi barədə əmrindən çıxarışların təsdiq edilmiş surətinin ünvanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin (hakimi Fəxri Hacızadə) 07 may 2024-cü il tarixli 2- 1(116)-2140/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N nömrəli hərbi hissə komandirinin 2006-cı ildən 2012-ci ilədək hər ilin yanvar ayında Müdafiə Nazirinin (hər il ayrı-ayrılıqda qeyd edilməklə N nömrəli hərbi hissə bilavasitə düşmənə qarşı durması və faktiki döyüş əməliyyatı aparması nəzərdə tutulsun) Əmrinə əsasən N nömrəli hərbi hissənin müdafiə rayonunun düşməndən müdafiə edilməsi barədə əmrindən çıxarışların təsdiq edilmiş surətinin ünvanına göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qismində qeyd olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ərazi yurisdiksiyası birdən çox məhkəmənin yurisdiksiyasına aiddir. Hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olması ilə bağlı məhkəmənin mövqeyinə iddiaçının 3 gün müddətində münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı yardım məktubuna münasibət bildirməmişdir. Hazırkı ərizəyə baxılması üçün iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli 2-1(116)-2140/2024 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbi üzrə icraatın davam etdirilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1979-cu il tarixində Azərbaycan Respublikası, Laçın rayon, Pircahan kəndində anadan olmuşdur. 1996-cı ildən 2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir. Hal hazırda ehtiyyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2-ci qrup müddətsiz Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilldir. 2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşdur. Qeyd etmək istəyir ki, xidmətinin axırıncı 8 ilini düşmənlə təmas xəttində olan cəbhədə Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişdir. Nəzərə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan 44 günlük X4, Tərtər və Murov dağ istiqamətlərində bir çox hərbi hissələrdə şəxsi heyətə maddi və mənəvi dayaq olmaqla ehtiyatda olan zabit kimi əsgərlərinin yanında olmuşdur. Bildirir ki, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinə müraciət etmişdir ki, Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmrinə əsasən N nömrəli hərbi hissənin döyüş şəraitində yerləşməsi və döyüş əməliyyatı aparması barədə müraciətinə yazılı məlumat verilsin, lakin onun müraciətinə cavab verməyərək Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmrinə zidd olan qaydada Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsi xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Hüquq İdarəsinə cavab məktubu yazaraq qeyd etmişdir ki, guya N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Bəs onda Müdafiə Nazirinin 11 dekabr 2007-ci il tarixli 0113 əmri səfvdir, ancaq Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin əmrə istinad etmədən yazdığı məktub düzdür? Belə olan halda önəmli inanılacaq əmrlər Müdafiə Nazirliyinin deyil, Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin məktubları olmalıdır? və əlavə olaraq əmrdən çıxarışına görə iddiası təmin edilməmişdir. Bu barədə Şəki İnzibati Məhkəməsi işə tam araşdırmadan aidiyyat barədə qərardad qəbul etmişdir.

Tərəflərin izahatları

6. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilə hüquq

7. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə 8.1.2-ci maddəsində göstərilmişdir ki, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.

82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

Apellyasiya şikayətinin mümkünlüyü

9. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

11. İşdən görünür ki, Şəki İnzibati Məhkəməsi tərəfindən iddiaçıya 02 may 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə hüquqi yardım məktubu göndərilərək nəzərinə çatdırılmışdır ki, cavabdeh qismində qeyd olunan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ərazi yurisdiksiyası birdən çox məhkəmənin yurisdiksiyasına aiddir. Hazırkı mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olması ilə bağlı məhkəmənin mövqeyinə 3 gün müddətində münasibət bildirməsi təklif olunmuşdur. İddiaçı yardım məktubuna münasibət bildirməmişdir.

12. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırkı ərizəyə baxılması üçün iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə iddia növü “öhdəliyin icrası haqqında” iddiadır.

13. İPM-in 8.1.2-ci maddəsi mübahisələndirmə haqqında iddia növü üzrə inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin (iddiaçının) yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxıldığını təsbit etmişdir.

14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli Qanunun 1.1-ci maddəsi ilə 8.1.2-ci maddəyə edilmiş dəyişikliyə əsasən Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunmuşdur. Dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş, Qanunun 1.1-ci maddəsinin Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilməsi nəzərdə tutulmuşdur.

15. Qanunverici şəxsin olduğu yer dedikdə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binasını (özünün, qohumunun, tanışının və b.) nəzərdə tutur.

16. İş materiallarına əlavə edilmiş Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən iddiaçı, xx.xx.1979-cu il tarixdə Laçın rayonu, Pircahan kəndində doğulmuş, Laçın rayonu, Qayğı qəsəbə Ərazi Dairəsi, Qayğı qəsəbəsində qeydiyyatdadır. O, Laçın rayonunda qeydiyyatda olsa da, qeydiyyatda olduğu yerdə deyil, həmçinin, 103 saylı MKİS-dən Şəki Apellyasiya məhkəməsinə daxil olmuş 27 may 2024cü il tarixli arayışdan görünür ki, o, faktiki olaraq ünvan 1 ünvanında ailə üzvləri arvadı- X2, oğlu-X3 və qızı-X5 ilə birlikdə yaşayır.

17. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası"na əsasən, Bakı şəhəri Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasındadır.

18. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və iddiaçının olduğu yer Bakı şəhəri olduğuna görə birinci instansiya məhkəməsi mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılmalı olması barədə hazırki iş üzrə düzgün nəticəyə gəlmiş, inzibati işin iddiaçının olduğu yer üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etməklə haqlı olmuşdur.

19. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2024-cü il tarixli 2-1(107)-684/2022 nömrəli qərarında hazırki mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3-cü maddələrinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir.

21. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli 2-1(116)-2140/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə və İPM-in 8 və 9-cu maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 07 may 2024-cü il tarixli 2-1(116)-2140/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar