Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-359/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Balakən rayonu, Gərəkli bələdiyyəsi) “0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Balakən rayonu, Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli 29 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan 0.10 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin dəyərini 132311 nömrəli, 22.08.2005-ci il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. Lakin torpağın alqı-satqısına dair sənədləşmə başa çatmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2-1(84)-627/2016 saylı qərarı ilə Gərəkli bələdiyyəsinin üzərinə bələdiyyənin 18.08.2005-ci il tarixli 29 saylı qərarının icrası öhdəliyi qoyulmuşdur. Məhkəmə qərarının icrası Balakən Rayon İcra və Probasiya şöbəsi vasitəsilə təmin edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.10 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq plan-ölçü sənədi və çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 14.10.2020-ci il tarixli **********37 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Balakən rayonu Gərəkli bələdiyyəsi tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həmin torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi təmin edildikdən sonra, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələrinə əsasən şəxsiyyətini təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və dövlət rüsumunun ödənilməsi barədə sənədlə birgə yenidən müraciət etdiyi təqdirdə qeyd olunan torpaq sahəsi üzərində iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. İddiaçı Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə “0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli, **********45 nömrəli etiraz məktubunda göstərmişdir ki, iddiaçının ərizəsinin icrası zamanı məlum olmuşdur ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli, 2-1(84)- 627/2016 saylı qərarı ilə Balakən rayonu Gərəkli bələdiyyəsinin üzərinə bələdiyyənin 18 avqust 2005-ci il tarixli, 29 saylı qərarının icra edilərək 0,10 ha torpaq sahəsinin verilməsi öhdəliyi qoyulmuşdur. Lakin Daşınmaz əmlak üzərində hüququların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər ərizəyə əlavə edilməmişdir (Balakən rayonu Gərəkli bələdiyyəsi ilə iddiaçı arasında (müvafiq notariat kontorunda təsdiq olunaraq) bağlanılmış alqı-satqı müqaviləsi). Qeyd olunanları nəzərə alaraq, həmin torpaq sahələrinin qeydiyyata alınması mümkün olmamış və bu barədə 14.10.2020-ci il tarixli, **********37 nömrəli məktubla ərizəçiyə imtina bildirişi ünvanlanmışdır. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci madəssinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.2-ci madəssinə əsasən hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.5-ci madəssinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin qərardadı ilə Balakən rayonu, Gərəkli bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)-358/2021 saylı qərarı ilə (hаkim İlqar Cabbarov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Balakən rayonu, Gərəkli bələdiyyəsi) “0.10 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməmişdir. İddiaçı İddiaçı qızı Şəki İnzibаti Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)- 358/2021 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qərar qəbul etmişdir. Cavabdeh orqan 18 saylı DƏDRX məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli məktubunda onun ərizəsinin icrası zamanı bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanının rəyi və ya qeyd olunan torpaq sahəsinin alqı-satqı olunması barədə Balakən rayon Gərəkli bələdiyyəsi ilə iddiaçı arasında (notarial) bağlanmış alqı-satqı müqaviləsinin əlavə olunmadığı müəyyən edildiyini göstərmişdir. Lakin iddia ərizəsində göstərdiyi kimi ərizəyə aşağıdakı sənədləri əlavə etmişdir:
1. Gərəkli Bələdiyyəsinin 0.10 ha torpağın satılmasına dair 18.08.2005-ci il tarixli 29 saylı İclasının qərarı və həmin tarixli 26 saylı sərəncamı.
2. Bələdiyyənin kassasına torpağı almaq üçün keçirdiyim 1.860.000 (köhnə pulla) manat pulun 33 nömrəli kassa mədaxil orderi.
3. Şəki İnzibati-iqtisadi Məhkəməsinin 02 dekabr 2016-cı il tarixli qərarı.
4. LTİ-nin 15 noyabr 2019-cu il tarixli 0.10 ha həyətyanı torpaq sahəsinin yerquruluşu planı.
5. Balakən RİH Memarlıq və Tikinti şöbəsinin rəyi və Ayrıc Aktı (29.02.2020-ci il) Ərizə və sənədləri reyestr xidmətinə təqdim edərkən bildirmişdir ki, yerquruluşu planı və ayrıca aktı Şəki İnzibati-iqtisadi məhkəməsinin 02 dekabr 2016-cı il tarixli qərarı ilə tərtib edilib hazırlanmış və hər iki sənəddə ayrılmış 0.10 ha həyətyanı torpaq sahəsinin xüsusi mülkiyyətdə olan torpaq sahəsinə aid olduğu qeyd edilmişdir. 0.10 ha torpaq sahəsi ona Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2016-cı il qərarı ilə verilib. Verilən torpaq sahəsi kənd təsərrüfatna yararsız torpaq sahəsidir. İş materiallarına əlavə edilmiş diqqəti çəkən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində həmin 0.10 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid ictimai tikinti altı torpaq sahəsi olduğu göstərilmişdir. Sözügedən ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi elektron məlumat bazasına əsasən torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati, ibadət və digər bina,anbar, digər tikili qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin ərazidə həyətyanı kimi qeyd edilmiş torpaq sahələri mövcud deyildir. Lakin qeyd edilən ərazidə heç bir tikili olmadığını, əsassız olaraq oranı tikinti altı torpaq sahəsi kimi göstərmək istədiklərini bildirir. İşə baxan məhkəmə onun təqdim etdiyi mötəbər sübutların həqiqətə uyğun olmadığını sübuta yetirə bilməyib. Məhkəmə işə cəlb etdiyi Gərəkli bələdiyyəsindən 2012-ci ilədək ictimai tikililər üçün ayırılaraq nəzərdə tutulmuş torpaqla bağlı bələdiyyə iclasının qərarını, 2012-ci ildən sonra isə Gərəkli bələdiyyəsinin ictimai təyinatlı tikililər üçün planını (Müfəssəl plan) məhkəməyə təqdim edilməsi üçün tələb etmədiyini bildirir. Cavabdeh islahat vaxtından həmin ərazi ictimai tikililər üçün nəzərdə tutulduğunu bildirsə də, islahatdan 25 il vaxt keçəndən sonra, həmin ərazidə heç bir ictimai tikili tikilimədiyini və həmin ərazidə heç bir ictimai tikilinin tikilməsi planlaşdırılmamasını və həmin ərazi ictimai tikililər üçün nəzərdə tutulmadığını bildirir. Qeyd edilənlərə əsasən, Şəki İnzibаti Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2- 1(116)-358/2021 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq proses iştirakçıları məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən proses iştirakçılarının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən rayonu, Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 29 nömrəli icasının qərarından görünür ki, həmin qərarla Gərəkli kənd sakini İddiaçı (qərarda adı “X3” olaraq yazılmışdır) bələdiyyənin perespektiv inşikafı üçün saxlanmış ərazidən 0.10 ha həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. İş materiallarlnda olan 132311 nömrəli, 22.08.2005-ci il tarixli kassa mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı 0.10 ha torpaq sahəsinin dəyərini Gərəkli bələdiyyəsinə ödəmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 02.12.2016-cı il tarixli, 2- 1(84)-627/2016 nömrəli qərarı ilə həmin iş üzrə iddiaçı X1 cavabdeh Balakən rayonu, Gərəkli bələdiyyəsinə qarşı “Gərəkli bələdiyyəsinin 18.08.2005-ci il tarixli, 29 saylı qərarını icra etməklə 0.10 ha torpaq sahəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”tələbi təmin edilmişdir. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 02.03.2020-ci il tarixli, 11 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin mülkiyyətində olan ərazidən Gərəkli bələdiyyəsinin 03 saylı 17 fevral 2020-ci il tarixli məktubu əsasında, DƏK və URX-nin Şəki LTİ-nin yerquruluşu planı (№0090) və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 22.08.2019-cu il tarixli 2-1(84)- 627/2016 saylı qərardadı əsasında Gərəkli bələdiyyəsi ərazisində ayrılmış 0,10 ha torpaq sahəsi şimaldan bələdiyyə torpaq sahəsi ilə, cənubdan bələdiyyə torpaq ilə, şərqdən pay torpaq sahəsi ilə, qərbdən avtomobil yolunun qorunma zolağı ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.06.2020-ci il tarixli, 08 saylı iclasında Gərəkli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikilməsi məqsədilə bilavasitə satılması nəzərdə tutulan 0.10 ha torpaq sahəsinə dair rəyin verilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsinin 31.08.2020-ci il tarixli, 248 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin Balakən rayon (şəhər) Gərəkli bələdiyyəsinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 1000 kv.m (0.10 ha) torpaq sahəsi ilə bağlı daxil olmuş 08.07.2020-ci il tarixli ********** saylı məktubuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi üzrə daimi komissiyada baxılmışdır. Bildirilir ki, sözügedən torpaq sahəsi barədə müvafiq sənədlər və komissiya tərəfindən tərtib edilmiş müayinə (baxış) aktı X5 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. TDİT üzrə Dövlət Agentliyinin 26.08.2020-ci il tarixli, ********** saylı məktubuna əsasən ayrılmış torpaq sahəsi ərazisində olan mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsinə aid olduğundan, hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilmir. Qeyd olunanı nəzərə alaraq, həmin torpaq sahəsi barədə tərəfimizdən müsbət rəy verilməsi məqsədəmüvafiq deyildir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında X2 Təşkili üzrə Dövlət Agentliyinin 02.04.2021-ci il tarixli, **********72 nömrəli məktubunda qeyd edilir ki, Balakən rayonu Gərəkli bələdiyyəsinin ərazisində yerləşən 0,10 hektar və 0,08 hektar torpaq sahələrinə dair tələb olunan sənədlərin təqdim edilməsi barədə müraciətə X2 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətdə qeyd olunan torpaq sahələri ilə bağlı sənədlər araşdırılmış, torpaq sahələrinin faktiki vəziyyətini əks etdirən baxış aktlarına, yerquruluşu planlarına və kadastr göstəricilərinə əsasən yaşayış məntəqələri daxilində ictimai tikililər üçün nəzərdə tutulmuş torpaqlara düşdüyü üçün fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi məqsədəuyğun sayılmamışdır. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 15.04.2021-ci il tarixli, **********93 nömrəli məktuba əlavə edilən iddiaçının torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Gərəkli kəndi ərazisində yerləşən 071810 nömrəli 15.07.2016-cı il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə və RX seriyalı ******* nömrəli çıxarışa əsasən 0.1188 ha (sənəd üzrə 0.12 ha) torpaq sahəsi Gərəkli bələdiyyəsinin mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinə Balakən Rayon İcra Hakimiyyəti Memarlı və Tikinti şöbəsinin 14.05.2016cı il tarixli,119 nömrəli rəyi alınmışdır. Rəydə qeyd edilir ki, Gərəkli bələdiyyəsinin mülkiyyətində olan ərazidən Gərəkli bələdiyyəsinin 11 saylı 09.03.2016-cı il tarixli məktubu əsasında Gərəkli kənd sakini X6 həyətyanı torpaq sahəsinin ayrılması üçün nəzərdə tutulan 0.12 ha sahə şimaldan həyətyanı torpaq sahəsi, cənubdan boş torpaq sahəsi, şərqdən pay torpaq sahəsi, qərbdən avtomobil yolu ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təmiət abidələri yoxdur. Ərazi Şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin 17 saylı Ərazi şöbəsinin 01.07.2016cı il tarixli, 589 nömrəli rəyində qeyd edilir ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 1200.0 kv.m (0.12 ha) torpaq sahəsi Balakən rayon, Gərəkli bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqəli torpaqları kateqoriyalı, kəndaltı torpaqlarıdır. Uqodiyası əkin, bonitet balı 100, 1ci keyfiyyət qrupuna daxildir və alqı-satqı predmetidir. Müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Torpaq sahəsi başqa hüquqi və fiziki şəxslərin mülkiyətinə və icarəsinə verilməmişdir, üzərində məhdudiyyət (yüklülük) mövcud deyildir. Qeyd edilənlərə əsasən həmin torpaq sahəsinin müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə baxıla bilər. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli, **********80 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, iddiaçı X4 tərəfindən iddia olunan 0.10 ha torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir. Həmin 0.10 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid ictimai tikinti altı torpaq sahəsidir. Sözügedən ictimai tikililər uçun nəzərdə tutulan torpaq sahəsi elektron məlumat bazasına əasən torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati, ibadət və digər bina, anbar, tikili və qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin ərazidə həyətyanı kimi qeyd edilmiş torpaq sahələri mövcud deyildir. Sözügedən torpaq sahəsi Kompleks yerquruluşu layihələrinə əsasən bələdiyyə mülkiyyətinə aid ictimai tikililər uçun nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı Elektron məlumat bazasında məlumat mövcud deyil. İş materiallarında olan Gərəkli bələdiyyəsinin məhkəməyə ünvanladığı 25.05.2021ci il tarixli məktubda qeyd edilir ki, 18 sentyabr 2019-cu il tarixdə 39 və 40 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-yə məktubla müraciət olunmuşdur. 01.02.2020-ci il tarixdə həmin sözügedən 0.08 ha və 0.10 ha bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinə yerquruluşu planı hazırlanaraq bələdiyyəyə təhvil verilmişdir. Həmin yerqurluşu planı əsasında Bələdiyyə tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə məktubla müraciət olunmuş, 29.02.2020-ci il tarixdə həmin torpaq sahələrinə ayrıc aktı və rəy alınmışdır. Həmin sənədlər əsasında Gərəkli Bələdiyyəsinin 23.06.2020-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə 29.06.2020-ci il 16 saylı, 29.06.2020-ci il 18 saylı məktubla müraciət olunmuşdur. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin Gərəkli Bələdiyyəsinə göndərdiyi 31.08.2020-ci il tarixli 248 və 249 saylı məktublarına əsasən satılması nəzərdə tutulan 0.08 ha və 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olduğundan hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməmişdir.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İddia mümkün iddia olsa da əsassızdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, “Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırki halda isə iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; Həmin Məcəllənin 86-cı maddəsinin 2-ci hissəsində deyilir ki, bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqısatqı obyekti ola bilməz. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tаrixli, 2-1(116)-358/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.