Məhkəmə qərarları › İş №2-1(107)-360/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-360/2024

04.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-360/2024 04.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Ağsu rayon İlxıçı Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2084.54 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış əmlakının (**********398900 reyestr nömrəli, Ağsu rayonu İlxıçı kəndində yerləşən, Ağsu rayonu İlxıçı Bələdiyyəsinə məxsus olan, hər sotunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 3200 manat olan 80 sot torpaq sahəsi) satılması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1173/2024 nömrəli qərardadından iş üzrə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat 1.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2084.54 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış əmlakının (**********398900 reyestr nömrəli, Ağsu rayonu İlxıçı kəndində yerləşən, Ağsu rayonu İlxıçı Bələdiyyəsinə məxsus olan, hər sotunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 3200 manat olan 80 sot torpaq sahəsi) satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Ağsu rayon İlxıçı Bələdiyyəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020-ci il tarixə yaranan 7184.17 manat borcuna görə 3200 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********8 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın vərəqədən ibarət siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 06 mart 2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna 2084,54 manat ödənilməmiş borcu qalmışdır.

3. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə “hüquqi yardımın göstərilməsinə dair” məktub ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, iddia ərizəsinə əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli protokolda siyahıya alınmış əmlakın Ağsu rayon İlxıçı Bələdiyyəsinə məxsus 0.08 ha torpaqdan ibarət olduğu göstərilmişdir. Həmin torpaq sahəsinin cavabdehə məxsusluğunu təsdiq edən sənəd əlavə edilməmişdir. Hazırkı iş üzrə cavabdehə məxsus hansı torpaq sahəsinin siyahıya alındığı müəyyən olunmadığından, siyahıya alındığı göstərilən torpaq sahəsinin iddiaçıya məxsusluğu təsdiq edilmədiyindən, cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair hüquqmüəyənedici sənəd olmadığından siyahıya alınmış əmlakın müvafiq qaydada satışının təşkili mümkün deyildir. Belə olan halda iddiaçının konkret olaraq hansı torpaq sahəsinin siyahıya alınması və satılması ilə bağlı tələbi qeyri-müəyyəndir. Yuxarıda qeyd olunanlarla bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 5 (beş) gün vaxt verilmişdir.

4. Məhkəmənin mövqeyinə görə iddiaçı yardım məktubunu almasına baxmayaraq, həmin məktuba münasibət bildirməmiş, cavabdehin imtina məktubunu və ya inzibati orqana ilkin müraciətinə dair sübut təqdim etməmişdir.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 may 2024-cü il tarixli 2- 1(116)-1173/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsi həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli 2-1(116)-1173/2024 nömrəli qərardadının ləğv edilməsi, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh Ağsu rayon İlxıçı Bələdiyyəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2084.54 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış əmlakının (**********398900 reyestr nömrəli, Ağsu rayonu İlxıçı kəndində yerləşən, Ağsu rayonu İlxıçı Bələdiyyəsinə məxsus olan, hər sotunun qiyməti 40 manat olmaqla, ümumi dəyəri 3200 manat olan 80 sot torpaq sahəsi) satılması" tələbinə dair iddiasının mümkün sayılaraq icraata qəbul edilməsi və inzibati işin birinci instansiya məhkəməsinin baxışına qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadı ilə razı deyil. Məhkəmənin qərardadında qeyd etdiyi dəlillər əsaslı deyil. Belə ki, məhkəmənin də qərardadında qeyd etdiyi kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə uyğun olaraq cavabdeh Ağsu rayon X3 Sosial Müdafiə Fonduna 2084.54 manat borcuna uyğun əmlakı olmadığından, iddiaçı vergi orqanı tərəfindən cavabdehin 3200 manat məbləğində torpaq sahəsi siyahıya alınmış və xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin borcudur. Həmin Məcəllənin 77.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək vergi orqanının hüququdur. Birinci instansiya məhkəməsi iddia ərizəsini mümkün saymayaraq inzibati işə baxmamış, cavabdehin mülkiyyətində Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 2084.54 manat məbləğində borcuna uyğun torpaq sahəsindən başqa əmlakının olmamasını nəzərə almamış, qərarını tam əsaslandırmamış, iddianı mümkün saymamaqla qanunsuz və əsassız qərardad çıxarmışdır. Halbuki məhkəmə inzibati iş üzrə bütün faktiki halları xidməti vəzifəsinə uyğun olaraq araşdırmalı idi. Həmçinin o da qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixli **********8 saylı protokola əlavə olunmuş siyahıda cavabdeh Ağsu Rayon İlxıçı Bələdiyyəsinə məxsus torpaq sahəsinin reyestr nömrəsi, yerləşdiyi yer qeyd olunmuşdur (**********398900 reyestr nömrəli, Ağsu rayonu İlxıçı kəndində yerləşən, Ağsu rayonu İlxıçı Bələdiyyəsinə məxsus torpaq sahəsi). Bunu təsdiq edəcək Əmlak Məsələləri Dövlət Xidmətinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən Dövlət Vergi Xidmətinə göndərilmiş məktub və müvafiq cədvəl də birinci instansiya məhkəməsinə təqdim olunsa da, məhkəmə iddianı əsassız olaraq mümkün saymamışdır. Halbuki, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə görə cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müvafiq sənədi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə sorğu verərək ala bilərdi. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçı 4 saylı Ərazi Vergi İdarəsindən də müvafiq mülkiyyət sənədinin məhkəməyə təqdim olunmasını tələb edə bilərdi. Buna baxmayaraq məhkəmə nə iddiaçı olaraq müvafiq sənədlərin iddia ərizəsinə əlavə olunmasını onlardan tələb etmiş, nə də müvafiq dövlət orqanına sorğu verərək həmin sənədi əldə etmişdir. İddianı mümkün saymayaraq iddiaçı 4 saylı Ərazi Vergi İdarəsini də müvafiq sənədləri məhkəməyə təqdim etmə imkanından məhrum etmişdir.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası da tərəflərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 9-1.4. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş məhkəmə aktlarının və digər sənədlərin başqa qaydada verilməsi tələb oluna bilməz. Maddə 11.2. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 51.1. İddiaçı inzibati icraat zamanı müəyyən faktların nəzərə alınması və ya alınmaması nəticəsində hüquqlarının pozulduğunu bildirdiyi hallarda, sədrlik edən hakim həmin faktların məhkəməyə təqdim olunması və ya bu barədə məlumat verilməsi üçün iddiaçıya müddət təyin edə bilər. Maddə 51.2. Sədrlik edən hakim proses iştirakçısından müəyyən hadisələrə dair faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi tələb edə bilər. Hakim tərəfindən bu məqsədlə müvafiq müddət təyin oluna bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.

11. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər. - 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. - 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. - 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

14. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddia ərizəsinə əlavə olunmuş “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2022-ci il tarixli protokolda siyahıya alınmış əmlakın Ağsu rayon İlxıçı Bələdiyyəsinə məxsus 0.08 ha torpaqdan ibarət olduğu göstərilmişdir. Həmin torpaq sahəsinin cavabdehə məxsusluğunu təsdiq edən sənəd əlavə edilməmişdir. Belə olan halda iddiaçının konkret olaraq hansı torpaq sahəsinin siyahıya alınması və satılması ilə bağlı tələbi qeyrimüəyyəndir.

15. Həmçinin qərarda göstərilmişdir ki, hazırkı iş üzrə cavabdehə məxsus hansı torpaq sahəsinin siyahıya alındığı müəyyən olunmadığından, siyahıya alındığı göstərilən torpaq sahəsinin iddiaçıya məxsusluğu təsdiq edilmədiyindən, cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququna dair hüquqmüəyənedici sənəd olmadığından siyahıya alınmış əmlakın müvafiq qaydada satışının təşkili mümkün deyildir. Yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli hüquqi yardım məktubu göndərilmişdir. İddiaçı yardım məktubunu almasına baxmayaraq yardım məktubuna münasibət bildirməmiş, cavabdehin imtina məktubunu və ya inzibati orqana ilkin müraciətinə dair sübut təqdim etməmişdir.

16. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

18. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

19. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

20. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

21. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

22. Belə ki, İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda, məhkəmə sənədlərinin proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Məhkəmə sənədləri proses iştirakçılarının həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir, onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır və bu halda məhkəmə sənədləri rəsmi qaydada təqdim olunmuş hesab edilir. Nəzərə alınmalıdır ki, hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunmalıdır.

23. Məhkəmə kollegiyası qeyd edir ki, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

24. Hazırkı mübahisəyə dair iş üzrə birinci instansiyası məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(116)-1173/2024 nömrəli hüquqi yardım haqqında məktubunun 08 aprel 2024cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində iddiaçıya məxsus elektron kabinetdə yerləşdirildiyinə, lakin iddiaçı tərəfindən həmin hüquqi yardım haqqında məktuba münasibət bildirməməsinə, o cümlədən, cavabdehin imtina məktubunu və ya inzibati orqana ilkin müraciətinə dair sübutu məhkəməyə təqdim etməməsinə istinadən hazırkı iş üzrə iddiaçının iddiasını mümkün hesab etməmişdir.

25. Lakin birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)- 1173/2024 nömrəli hüquqi yardım haqqında məktubunun xx.xx.2024-cü il tarixdə iddiaçıya məxsus elektron kabinetdə yerləşdirildiyi iş materialları ilə təsdiq olunmur. Belə ki, birinci instansiya məhkəməsinin hüquqi yardım haqqında məktubunun cavabdehə məxsus elektron kabinetdə yerləşdirildiyini təsdiq edən sənəd – “Elektron məhkəmə” informasiya sistemindən çıxarış iş materiallarına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemindən (AVİS-dən) göndərilən məlumata dair çıxarış (bax: iş i.v 6) isə həmin sənədin proses iştirakçısının elektron kabinetində yerləşdirildiyini təsdiq edən sənəd kimi qəbul oluna və bu baxımdan həmin sənədin proses iştirakçısına rəsmi qaydada təqdim olunduğunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

26. Ona görə də, iddiaçı tərəf də haqlı olaraq şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi xidməti vəzifəsinə görə cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müvafiq sənədi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə sorğu verərək ala bilərdi. Bundan başqa birinci instansiya məhkəməsi iddiaçı 4 saylı Ərazi Vergi İdarəsindən də müvafiq mülkiyyət sənədinin məhkəməyə təqdim olunmasını tələb edə bilərdi. Buna baxmayaraq məhkəmə nə iddiaçı olaraq müvafiq sənədlərin iddia ərizəsinə əlavə olunmasını onlardan tələb etmiş, nə də müvafiq dövlət orqanına sorğu verərək həmin sənədi əldə etmişdir. İddianı mümkün saymayaraq iddiaçı 4 saylı Ərazi Vergi İdarəsini də müvafiq sənədləri məhkəməyə təqdim etmə imkanından məhrum etmişdir.

27. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

28. Eyni zamanda o da qeyd olunmalıdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. İddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.

29. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə sənədinin (xx.xx.2024-cü il tarixli, 2-1(116)-1173/2024 nömrəli hüquqi yardım haqqında məktubu) iddiaçıya rəsmi qaydada təqdim olunduğunu təsdiq edən mötəbər sübutun olub-olmadığını müəyyən etməli, həmin məktubu iddiaçıya rəsmi qaydada təqdim etməli, eyni zamanda, iddianın yenidən mümkünlüyü əsaslarını yoxlayaraq müvafiq prosessual hərəkətləri həyata keçirməlidir.

30. Beləliklə, hazırkı mübahisəyə münasibətdə apelyasiya şikayəti qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

31. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

32. Birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməli olduğundan, şikayət qalan hissədə təmin oluna bilməz.

33. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinin tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 02 may 2024-cü il tarixli 2-1(116)-1173/2024 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Apelyasiya şikayəti “iddianın mümkün sayılaraq icraata qəbul edilməsi” hissəsində təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar