Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-360/2025 13.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), X17 və X5 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbinə dair iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-608/2025 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Ağdaş rayonu Qaradağlı kolxozunun ümumi iclasının 25 oktyabr 1994-cü il tarixli 5 nömrəli qərarı ilə müvafiq sahədən fərdi yaşayış evinin tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsinin naturada ölçülərək təhvil verilməsi ilə bağlı kolxozun aidiyyəti şəxsləri tərəfindən müvafiq akt tərtib olunmuşdur. Həmin vaxtdan sonra iddiaçı sözügedən sahədə fərdi yaşayış evi inşa etdirmiş və oradakı tikilidə yaşamağa başlamışdır.
2. İddiaçı sözügedən torpaq sahəsi və onun üzərində inşa edilmiş evə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir.
3. İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir.
4. İddiaçının mövqeyi belədir ki, cavabdehin imtinası onun hüquqlarını və qanunvericiliyin tələblərini pozur. Belə ki, o, ayrılmış müvafiq torpaq sahəsinə görə vergiləri vaxtında bələdiyyənin hesabına ödəmiş, oradan təyinatı üzrə istifadə edərək sahədə 1 mərtəbəli ev tikdirmiş və yaşamağa başlamışdır. Torpaq sahəsinin yerləşdiyi ərazi Ağdaş şəhərinin inzibati ərazisinə birləşdirilmişdir, naməlum səbəblərdən ona ayrılmış torpaq sahəsinə dair sənəd işlənməmişdir. Sənədləşmədəki çatışmazlıqlar onun torpaq sahəsinə və üzərindəki evə hüququna təsir edə bilməz. Ev 1 yanvar 2013-cü il tarixədək inşa edildiyindən, onun tikintisinə icazə tələb olunmur.
5. Cavabdeh iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, iddiaçı torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlı İdarəyə müraciət etmişdir. Müvafiq araşdırma zamanı məlum olmuşdur ki, Ağdaş rayonu Qaradağlı kolxozunun 25 oktyabr 1994-cü il tarixli 5 saylı qərarının arxivinin mövcudluğu barədə heç bir məlumat yoxdur. İddia əsassız olduğundan onun təmin edilməməsi məhkəmədən xahiş olunur.
6. Birinci instansiya məhkəməsinin DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış 30 may 2024-cü il tarixli məktubu ilə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: - Ağdaş rayonu Qaradağlı kolxozunun 25 oktyabr 1994-cü il tarixli 5 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsinə dair ətraflı (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası (dəqiq göstərilməklə), rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi (üst-üstə düşürsə hansı hissədə və ölçüdə kimin torpaq sahəsi ilə üstüstə düşməsi barədə məlumatı dəqiq göstərməklə və həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə) və sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi sahənin eyni olubolmaması haqqında) məlumatı, işin hallarının araşdırılması üçün zəruri əhəmiyyət kəsb edə biləcək məlumatlar.
7. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə 30 may 2024-cü il il tarixli məktuba cavab olaraq ünvanlanmış 24 oktyabr 2024-cü il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: - İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi elektron məlumat bazasına əsasən təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlardır. Torpaq sahəsinin 0,08 ha hissəsi JN150A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin mülkiyyətində, qalan 0,0386 ha hissəsi isə Ağdaş rayonu Ağdaş bələdiyyəsinin mülkiyyətindədir. Torpaq sahəsinin faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Kompleks yerquruluşu layihəsinə (DVJ) əsasən naturada göstərilən və iddia edilən torpaq sahəsinin 0,08 ha hissəsi JN-150A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə üst-üstə düşür. İddiaçının (İddiaçı) iddia etdiyi və göstərdiyi torpaq sahəsinin naturada sahəsi döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.
8. Birinci instansiya məhkəməsinin DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanlanmış 4 noyabr 2024- cü il tarixli məktubu ilə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı sualların cavablandırılması və sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: 1) Mübahisəli torpaq sahəsinin TEKUİS-ə əsasən kateqoriyası, təyinatı, uqodiyası, mülkiyyətçisi, digər şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmiş torpaq sahəsləri ilə üst-üstə düşüb-düşməməsi barədə müqayisəli yerquruluşu planı; 2) Mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazinin izahlı ortofotosu; 3) JN-150A saylı şəhadətnamədə qeyd olunan torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması barədə məlumat, nəticə müsbət olduqda reyestrdən çıxarış, hüquqi və texniki sənədlər.
9. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi Məhkəmənin 4 noyabr 2024-cü il tarixli məktubunu 5 dekabr 2024-cü il tarixli məktubu ilə aşağıdakı məzmunda cavablandırmışdır: 1) Mübahisəli torpaq sahəsi TEKUİS-ə əsasən təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyətçisi Ağdaş bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin 0,08 ha hissəsi JN-150A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə üst-ütə düşür. 2) Müvafiq torpaq sahəsinin yerləşdiyi ərazinin izahlı ortofotosu təqdim edilmişdir. 3) JN-150A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (sənədlər təqdim edilmişdir).
10. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 3 ünvanında yerləşən 0,0449 ha torpaq sahəsinə X12 (6/25 hissə), X2 (6/25 hissə), X3 (6/25 hissə), X4 (6/25 hissə) və Abdurahmanova Hicran Hümməd qızının (1/25 hissə) ümumi paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 8 fevral 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
11. DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən ünvan 4 ünvanında yerləşən 0,0351 ha torpaq sahəsinə X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 5 aprel 2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
12. Birinci instansiya məhkəməsinin 17 yanvar 2025-ci il tarixli qərardadı ilə X18, X7, X8, X9, Abdurahmanova Hicran Hümməd qızı, X13 və Ağdaş bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxslər qismində cəlb olunmuşlar.
13. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərin iddia ilə bağlı məhkəməyə təqdim etdiyi yazılı münasibətində bildirilir ki, İddiaçı onlarla (üçüncü şəxslərlə) qonşuluqda yaşayır. İddiaçı ailə üzvləri ilə birlikdə yaşadığı evin yerləşdiyi torpaq sahəsi dörd tərəfdən hasara alınmışdır, qonşu sahələrdən təcrid olunmuşdur. Üçüncü şəxslər X18, X7, X8, X9, Abdurahmanova Hicran Hümməd qızı DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş **********73 reyestr nömrəli, **********23 qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onların ümumi mülkiyyətində olan 0,08 ha həyətyanı torpaq sahəsinin 0,0351 ha hissəsini 11 mart 2024-cü il tarixdə Ağdaş rayon Notariat Ofisində reyestrdə 4Ə-213 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Torpaq sahəsi qeydiyyata alınan zaman cavabdeh inzibati orqanın mütəxəssisi tərəfindən ona baxış keçirilmiş, müvafiq cihazla müəyyən ölçmə və müayinə işləri aparılmış və bundan sonra onların (üçüncü şəxslərin) adına reyestrdən çıxarış və plan-ölçü sənədi verilmişdir. Həmin torpaq sahəsi 8 fevral 2024-cü il tarixdə ümumi mülkiyyət hüququ əsasında onların adına qeydiyyata alınan zaman cavabdeh orqan bölgü sxemi hazırlamışdır, eləcə də, alqı-satqı müqaviləsindən sonra 0,0351 ha həyətyanı torpaq sahəsi üzərində X6 mülkiyyət hüququ qeydiyyata alınarkən hər iki torpaq sahəsinin ekspert rəyində göstərilən ölçülərdə iddiaçının uzun müddət istifadəsində olmuş torpaq sahəsi ilə üst-üstə düşməsi aşkar edilməmişdir. Belə olsaydı, cavabdeh orqan tərəfindən bölgü sxemi hazırlanmazdı, alqı-satqı ilə bağlı 11 mart 2024-cü il tarixli arayış verilməzdi. Göründüyü kimi, alqı-satqıdan sonra iddiaçıya aid torpaq sahəsi ilə üçüncü şəxslərin mülkiyyətində olan 0,0449 ha torpaq sahəsi və digər üçüncü şəxs X6 mülkiyyətində olan 0,0351 ha torpaq sahəsi bir-birindən təcrid formada qonşuluqda yerləşirlər. Ona görə də hesab olunur ki, iddia təmin edilməli, iddiaçının 0,10 ha torpaq sahəsinə və onun üzərindəki fərdi yaşayış evinə mülkiyyət hüququ torpaq sahələrinin yerləşdikləri ərazilərin mövcud vəziyyəti nəzərə alınmaqla cavabdeh tərəfindən qeydiyyata alınmalıdır. Odur ki, iddiaya etiraz olunmur.
14. Tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər birinci instansiyta məhkəməsinin iclasına gəlməmişdirlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 19 fevral 2025-ci il tarixli 2- 1(116)-608/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
16. İddiaçı X11 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
17. İddiaçı X11 apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Bundan əlavə olaraq göstərmişdir ki, 0.10 hektar həyətyanı torpaq sahəsi 1994-cü ildə mövcud olmuş kolxozun qərarı ilə ona verildiyindən qanuni istifadəsində olan torpaq sahəsi hesab olunur. O həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirməklə və orada yaşamaqla torpaqdan qanunvericiliyin tələblərinə uyğun olaraq təyinatı üzrə istifadə etdiyi üçün həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə iddiaçının mülkiyyət hüququ tanınmalı, elektron kadastr baza məlumatlarında cizgi hissəsində sərhədlərin faktiki istifadə vəziyyətinə uyğun olaraq düzəlişlər aparılmaqla, torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını elektron xəritə bazasında mövcud vəziyyətə uyğunlaşdırmaqla xüsusi mülkiyyət hüququ əsasında cavabdeh orqan tərəfindən adına qeydə alınmalıdır. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə iş üzrə çox səthi araşdırma aparmış, qərarında yuxarıda qeyd etdiyi işin faktiki hallarını tam və hər tərəfli araşdırmamış, kolxozun qaytanlanmış kitabının dövlət arxivinə təhvil verilməməsinin iddiaçının günahı ucbatından baş verməməsini, onun torpaq sahəsilə üçüncü şəxslərə verilmiş torpaq sahəsinin yerinin dəyişik olmasını, həmin torpaq sahəsi üçüncü şəxslərin adına dövlət reyestrində qeydə alınan zaman onlardan və iddiaçıdan torpaq sahələrinin mövcud vəziyyətdə 3-cü şəxslərin adına qeydə alınmasına dair cavabdeh inzibati orqan ondan ərizə almasını, məhz bundan sonra həmin torpaq sahəsi 3-cü şəxslərin adında qeydə alınmasını, məhz buna görə hazırki vəziyyətdə torpaq sahələrinin üst-üstə düşməsini nəzərə almamışdır. İddiaçı hesab edir ki, işə baxan məhkəmə tərəfindən bütün bu hallar və fatlar tam və hərtərəfli araşdırılsaydı, həmin hallar öz təsdiqini tapardı, lakin göründüyü kimi işə baxan məhkəmə həmin halları tam və hərtərəfli araşdırmamış, səhv nəticəyə gəlmiş bununla da faktiki mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını və aşağıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də qərar göstərilən hüquqlarımı və maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməlidir. İşə materiallarından aydın görünür ki, iddiaçı 0.10 ha həyətyanı torpaq sahəsinin ona qanuni əsaslarla verlməsini təsdiq edən kolxozun ümumi yığıncağının qərarının, torpaq sahəsinin ayrılması və yerində naturada ona tanıdılması barədə aktın əsillərini məhkəməyə təqdim etmişəm. Yalnız həmin sənədlərin surətləri olduğu və təqdim olunduğu halda, bu sənədlər barədə kolxozun qaytanlanmış kitabından çıxarış tələb oluna bilərdi. Mülkiyyət hüququnun qeydə alınması üçün əsas olan ilkin hüquqmüəyyənedici həmin sənədləri məhkəməyə təqdim etsə də, işə baxan məhkəmə həmin faktları və sənədləri qəbul etməmiş və iddia tələbinin təmin edilməməsi barədə qərarını həmin sübutlarla əsaslandırmamışdır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə və üçüncü şəxslər X18, X7, X8, X9, Abdurahmanova Hicran Hümməd qızı, X13 və Ağdaş bələdiyyəsinə qarşı “torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evinin xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınması”na dair 2-1(116)-608/2025 saylı iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il il tarixli qərarının ləğv edilməsinə və iddia tələbi əsaslı olduğundan təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-608/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X19 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025ci il tarixli, 2-1(116)-608/2025 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Ağdaş Bələdiyyəsinin nümayəndəsi X20 iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdirlər.
22. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd.
25. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
26. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndində (2.5) Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur.
27. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
28. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
29. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
30. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
31. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçının “torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” ilə bağlı müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında 0,02 ha torpaq sahəsinə aid hissəyə münasibətdə inzibati mübahisə mövcuddur. Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə təmin edilməyən 0,02 ha torpaq sahəsinə aid hissəyə münasibətdə apellyasiya şikayətinə baxır.
34. Bununala baglı kollegiya qeyd edir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə 439 nömrəli Fərmanının müaddəaları) daşınmaz əmlaklara, o cümlədən fərdi yaşayış evləri və onların yerləşdiyi torpaq sahələrinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması əsaslarının dairəsini konkret müəyyən etmişdir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun qüvvəyə minənədək olan dövrdə səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının qərarları bu əsaslardan biri kimi nəzərdə tutulmuşdur.
35. Hazırkı işin məhkəmə icraatında müəyyən olunur ki, iddia olunan 0,02 ha torpaq sahəsi bələdiyyə mülkiyyətində olan ərazilərə aiddir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının müvafiq torpaq sahəsinə dair hüquq müəyyənedici sənəd qismində təqdim etdiyi Ağdaş rayonu Qaradağlı kolxozunun ümumi iclasının 25 oktyabr 1994-cü il tarixli 5 nömrəli qərarı arxiv qurumunda aşkar edilməmişdir və həmin qərarla iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi də təqdim edilməmişdir. Hansı ki, torpaq sahəsinin cizgisinin qeydiyyat barədə ərizəyə əlavə edilməsi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10cu maddəsində təsbit olunmuşdur. Lakin qeyd olunanlar iddia olunan torpaq sahəsinin onun qanuni istifadəsindən mülkiyyətinə keçən sahə kimi qiymətləndirilməsinə imkan vermir.
36. Odur ki, məhkəmənin kollegiyasının qənaətinə görə İddiaçı iddia etdiyi 0,02 ha torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas mövcud olmadığından, iddia əsaslı sayıla bilməz.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-608/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.