Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-361/2022 17.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nə qarşı “aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2- 1(116)-1293/2022 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, hüquq varisi Dövlət Sosial Müdafiə Fondu PHŞ ilə əvəz edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, uzun illər DSMF-nin Ucar rayon şöbəsində qüsursuz işləmişdir. Ona təhkim olunan işləri vaxtında və düzgün icra etmiş, mükafatlar almışdır. xx.xx.2020-ci il tarixdə (61.05 yaşdan) Dövlət Qulluqçusu kimi pensiya hüququ yarandığına görə ona nazirlik tərəfindən göndərilmiş ərizə formasına uyğun ərizə yazdırılmışdır. Bildirdilər ki, bu ərizə nazirlik tərəfindən bütün rayonlara göndərilib. Hamıya məcbur edildi ki, bu nümunəyə uyğun ərizə yazmalıdır. xx.xx.2020-ci il tarixdə nazirlik tərəfindən mənə avtomatlaşdırılmış qaydada yaşa görə ümumu qaydada əmək pensiyası təyin edilmişdir. Onun pensiyaya çıxması barədə Azərbaycan Respublikası ƏƏSMN-nin və onun tabeliyində olan DSMF-nin aidiyyəti işçilərinin məlumatı var idi. Hesab edir ki, 6 misli məbləğində birdəfəlik haqqın verilməsi barədə qeydin ərizədə göstərilməsi vacib idisə, ona məcburi qaydada tərtib olunmuş formaya uyğun ərizə yazdırılmamalı idi. Dəfələrlə Nazirlik və tabeliyində olan DSMF-na bu barədə müraciət etmişdir. Ona cavablarında “Döviət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 21.1.7-ci maddəsi ilə Dövlət Qulluqçularına pensiya təminatı verilməsi və həmin qanunun 33.2-ci maddəsinə uyğun olaraq Dövlət Qulluqçusu kimi müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşı çatmasına görə öz arzusu ilə Dövlət Qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olaraq hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməsi və məbləğdən vergi tutulmaması qeyd olunmuşdur. Etdiyi müraciətlərə əsasən Azərbaycan Respublikası ƏƏSMN- nin və onun tabeliyində olan DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 saylı cavab məktubunda, onun xx.xx.2020-ci il tarixli **********0 nömrəli xitam əmrində birdəfəlik haqqın ödənilməsi barədə haqqın qeyd olunmaması səbəbindən ona hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqqın verilməsinin mümkün olmaması qeyd olunmuşdur. Halbuki onun pensiyaya çıxmasının əsası dövlət qulluğuna xitam verilməsi olmuşdur. Nazirlik onu “Dövlət Qulluğu haqqında” AR Qanunun 33.1.1-ci hissəsinə əsasən azad etmişdir. Əslində isə həmin qanunun 33.2-ci maddəsinə əsasən işdən azad etməli idi. Nazirlik onun pensiyaçı olmasını nəzərə alıb, təklif etməli idi ki, ərizəsində pensiya yaşının çatmasını və birdəfəlik haqqın ödənilməsini qeyd etsin. Nazirlik tərəfindən bütün rayonlara göndərilmiş ərizələr eyni məzmunda olmuş və ərizədə tarix göstərilməmişdir. Hazırda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə Dövlət qulluqçusu kimi 702.32 manat pensiya təyin edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, işdən azad olunanadək artıq xeyli əvvəldən COVİD-19 virusu ilə əlaqədar risk qrupuna daxil olduğu üçün faktiki olaraq işə getmirdi. Cavabdeh orqan iddia tələbinə etirazında iddiaçının müraciəti ilə bağlı işin hallarını və qanunvericilik normalarının mətnlərini sadalamış və qeyd etmişdir ki, iddiaçının dövlət qulluğuna pensiya yaşma çatması ilə əlaqədar deyil, öz ərizəsi əsasında xx.xx.2020-ci il tarixdən etibarən xitam verilmişdir. Həmçinin, əmək kitabçasından da göründüyü kimi iddiaçının işdən çıxması öz arzusu əsasında “Dövlət quiluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə uyğun olmuşdur. Lakin, iddiaçının tələb etdiyi pensiyanın 6 misli məbləğində haqqın ödənilməsi üçün onun Qanunun 33.1.12-ci maddəsinə əsasən dövlət qulluqçusu vəzifəsindən azad edilməsi tələb edilirdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli imtina məktublarndan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - DSMF PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli arayışından və X1 Sistemi pensiya haqqında arayışdan görünür ki, iddiaçıya 702.32 manat məbləğində pensiya təyin olunmuşdur. Hüququn yaranma tarixi xx.xx.2020, təyinat tarixi xx.xx.2020-ci il qeyd edilmişdir. - xx.xx.1977-ci ildə tərtib edilmiş, iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.1-ci maddəsi ilə tutuduğu vəzifədən azad edilmişdir. - iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış ərizədən görünür ki, iddiaçı 1 ay xəbərdarlıq müddəti gözləmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Ərizənin yazılma və qeydiyyata alınma tarixi barədə heç bir qeyd yoxdur. - AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1958-ci ildə doğulmuşdur. Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-1293/2022 nömrəli saylı qərarı ilə (hаkim Vüqar Musayev) iddia təmin edilmiş, İddiaçı aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-1293/2022 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-1293/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nə qarşı “aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilmişdir. Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-1293/2022 nömrəli qərarı aşağıdakı əsaslarla qanuna zidd və əsassız hesab olunmalıdır: İddiaçı 24 iyun 2020-ci il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə ərizə yazaraq onun (1 ay) xəbərdarlıq müddəti gözlənilmədən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ona aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsini xahiş etmişdir. İddiaçı hesab edir ki, ona “Dövlət quiluğu haqqında” Qanunun tələblərinə əsasən öz arzusu ilə pensiya yaşına çatması ilə əlaqədar işdən azad olunduğuna görə ümumi qaydada hesablanmış aylıq pensiyanın 6 misli məbləğində birdəfəlik haqq verilməlidir. İşin faktiki hallarına əsasən iddiaçının dövlət qulluğuna pensiya yaşına çatması ilə əlaqədar deyil, öz ərizəsi əsasında xx.xx.2020-ci il tarixdən etibarən xitam verilmişdir. Həmçinin, əmək kitabçasından da göründüyü kimi iddiaçının işdən çıxması öz arzusu əsasında “Dövlət quiluğu haqqında” Qanunun 33.1.1-ci maddəsinə uyğun olmuşdur. Lakin, iddiaçının tələb etdiyi pensiyanın 6 misli məbləğində haqqın ödənilməsi üçün onun Qanunun 33.1.12-ci maddəsinə əsasən dövlət qulluqçusu vəzifəsindən azad edilməsi tələb edilirdi Odur ki, yuxarıda qeyd olunanlarlı nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-1293/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-1293/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)- 1293/2022 nömrəli iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. “Dövlət qulluğu haqqında” Qanun Maddə 33. Dövlət qulluğuna xitam verilməsi: 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.2-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə əsasən dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. Göründüyü kimi, qanunverici bu halda iki əsas şərti irəli sürür: - dövlət qulluqçusunun pensiya yaşına çatması; - öz arzusu ilə dövlət qulluğundan çıxması. Habelə yuxarıda qeyd olunan qanunun 33.2-ci maddəsinin “digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq” frazasını xüsusi vurğulayaraq cavabdeh orqanın dövlət qulluqçusu yalnız 65 yaşında dövlət qulluğundan çıxdıqda aylıq pensiyasının 6 mislində haqq almalıdır dəlilini əsassız sayır. Bu Qanunun 33.2-ci maddəsi dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxmasına həvəsləndirir, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. Həmin maddəyə görə 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu maddənin “Qeyd” hissəsi nəzərə alınmaqla, kişilər üçün pensiya yaşı 63, qadınlar üçün isə hazırda 59,5 (bu yaş həddi 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır) yaş təşkil edir. “Əmək pensiyaları haqqında” Qanun Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Belə ki, işin mübahisəsiz hallarından məlumdur ki, iddiaçı “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinin, eləcə də “Əmək pensiyaları haqqında” Qanunun 7, 30.1, 30.2 və 31.1-ci maddələrinin tələblərinə uyğun olaraq xx.xx.2020-ci ildə, yəni 61.5 yaşı tamam olandan sonra yaşa görə pensiya hüququndan istifadə edərək təqaüdə çıxmış və işləməyə davam etməmişdir. Belə ki, iddiaçı dövlət qulluğunda olmanın yaş həddinin imkan verdiyi 65 yaş həddinə çatanadək işləməyə davam da edə bilərdi. Belə olan halda, 61.5 yaşı tamam olduqdan sonra öz arzusu ilə dövlət qulluğundan azad olunması iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulan imtiyazdan istifadə etmək imkanını yaratmış olur. Yuxarıda istinad edilən Konstitusiya Məhkəməsi Plenumunun qərarında da “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsinə şərh verilərkən o hüquqi mövqe nümayiş etdirilmişdir ki, dövlət qulluqçusu pensiya yaşına çatmasına görə məhz öz arzusu ilə dövlət qulluğundan çıxması üçün həvəsləndirilir ki, yeni kadr potensialının formalaşması və kadrların rotasiyası üçün əlverişli şərait yaradılsın. Eyni zamanda, göstərilən maddənin məzmunundan da aydın olur ki, burada “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi ilə müəyyən edilən pensiya yaşı nəzərdə tutulur. İddiaçı hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq xx.xx.2020-ci ildən yaşa görə pensiya hüququndan yararlanmaqla təqaüdə çıxaraq, işləmədiyindən onun cavabdeh orqandan “Dövlət qulluğu haqqında” Qanunun 33.2-ci maddəsində nəzərdə tutulan aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqqın verilməsini tələb etmək hüququ olmuşdur. İddiaçı və cavabdeh orqan tərəfindən təqdim edilmiş, iddiaçının işdən çıxma barədə ərizəsindən göründüyü kimi, iddiaçı 1 ay xəbərdarlıq müddəti gözlənilmədən işdən azad edilməsini xahiş etmiş və xx.xx.2020-ci il tarixdə, yəni iddiaçı təqaüdə çıxdıqdan 1 ay sonra işdən azad edilmişdir. Hər bir halda ərizənin yazılma və qeydiyyata alınma tarixi mövcud olmadığından və iddiaçı, ona pensiya təyin edildikdən sonra işləmək istəməməsi ilə bağlı ərizəsini cavabdeh orqana təqdim etdiyindən, cavabdeh orqanın iddiaçını 1 ay sonra işdən azad etməsi, iddiaçının təqaüdə çıxdıqdan sonra da işləməyə davam etməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası araşdırması zamanı məlum olmuşdur ki, iddiaçının pensiya yaşına çatması və öz arzusu ilə dövlət qulluğundan çıxması şərtləri sübuta yetirildiyindən, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2-1(116)-1293/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-361/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-361/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver