Məhkəmə qərarları › İş №2-1(107)-362/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-362/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-362/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı “iddiaçının mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illəri əhatə edən müddətdə ödənilən məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi hesabında işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)- 432/2023 nömrəli cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF PHŞ-nin Şəki şəhər şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödədiyi 2002-2005-ci illəri əhatə edən müddətin əmək stajına daxil edilməsi və 2006-2009-cu illəri əhatə edən müddətdə ödədiyi məcburi dövlət sosial sığorta haqqının fərdi hesabında işlənilməsi və sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi, tələbini və cavabdeh orqanı dəyişərək cavabdeh DSMF PHŞ-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının üzərinə iddiaçının mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illəri əhatə edən müddətdə ödənilən məcburi dövlət sosial sığorta haqqının iddiaçının fərdi hesabında işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, iddiaçının mülkiyyətindəki kənd təsərrüfatına yararlı torpaq sahəsindən istifadəyə görə 2006-2009-cu illərdə məcburi dövlət sosial sığorta haqqı olaraq ödənişlər etmiş, lakin, ödədiyi məcburi dövlət sosial sığorta haqları fərdi hesabında əks olunmamışdır. İddiaçı, ödədiyi vəsaitin fərdi hesabında qeydə alınması üçün cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin olunmamışdır. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır.

5. Cavabdeh orqan, iddia tələbinə münasibətinə qeyd etmişdir ki, İddiaçı iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili 2006-cı ilin 1 yanvar tarixindən başlayaraq aparılır. İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" (Monitorinq) altsistemində “Sığortaedənlərin reyestri” bölməsinin “Torpaq mülkiyyətçiləri" bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs' kimi uçot məlumatları, təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabaflar (Forma B2) və ona uyğun olaraq “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3), həmçinin ödənilmiş məcb uri dövlət sosial sığorta haqqı aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki. həmin dövrdə qüvvədə olan Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarının 3-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1-ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmin Qanunun 13.2-ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Həmin Qanunun 14.5.1-1,9-cu bəndinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda - 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında; Göründüyü kimi Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarında və ‘'Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi tələbi nəzərdə tutulub. Lakin. S.Qarayevə torpaq mülkiyyətçisi kimi Fondun yerli orqanında uçota durmamışdır.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 mart 2023-ci il tarixli, 2- 1(116)-432/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

9. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsini 28 mart 2023-ci il tarixli, 2-1(116)-432/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-432/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-432/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesabında əks olunması tələbi ilə cavabdeh orqana müraciət etmiş, lakin, müraciəti təmin edilməmişdir. - xx.xx.2009-cu il tarixli 859403 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 2009-cu il üçün 27 manat DSMF-nun Şəki şəhər şöbəsinə ödənilmişdir. - xx.xx.2008-ci il tarixli 436669 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 2006, 2007 və 2008-ci illər üçün torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 40 manat DSMF-nun Şəki şəhər şöbəsinə ödənilmişdir. - xx.xx.2008-ci il tarixli 436413 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 2007-ci il üçün torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 5 manat DSMFnun Şəki şəhər şöbəsinə ödənilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta" (Monitorinq) altsisteminin “Sığortaedənlərin reyestri” bölməsinin 'Torpaq mülkiyyətçiləri” bölümündə İddiaçı dair “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” və yaxud pay torpaq mülkiyyətçisi kimi uçot məlumatı aşkar edilməmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, kommersiya qurumunun adı - "xxxx" MMC, VÖEN-i-**********, hüquqi ünvanı- AZ1073, Bakı şəhəri Yasamal rayonu Akademiya dön 2. Ev 12, qanuni təmsilçisi – X12, dövlət qeydiyyatına alındığı tarix-xx.xx.2002-ci ildir. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, kommersiya qurumunun adı - Bakı şəhəri İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin Mətbəəsi, VÖEN-i-**********, hüquqi ünvanı- AZ1073, Bakı şəhəri Nərimanov rayonu X11 ev 123, qanuni təmsilçisi – X5, dövlət qeydiyyatına alındığı tarix-xx.xx.2003-cü ildir. - X4 25 saylı Regional Xəzinədarlıq İdarəsinin xx.xx.2022-ci il tarixli 04/02-02 nömrəli məktubunda qeyd edilmişdir ki, 25 saylı Regional Xəzinədarlıq İdarəsi 01 iyul 2020-ci il tarixdən fəaliyyətə başlamışdır və həmin tarixdən Şəki rayonunda X2 Sistemi tətbiq edilmişdir. Odur ki, xx.xx.2020-ci il tarixdən əvvəllki dövrlərə aid olan məlumatların X1maması səbəbindən məktubda sözügedən ödənişlərin tərəfimizdən araşdırılması mümkün olmamışdır. - 3023000965 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Şəki rayonu Cumakənd kəndində yerləşən 0.85 ha torpaq sahəsi Nümayəndə1, İddiaçı, X10 və X7 ümumi birgə mülkiyyətindədir. - 3023000964 qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Şəki rayonu Cumakənd kəndində yerləşən 0.5801 ha torpaq sahəsi Nümayəndə1, İddiaçı, X10 və X7 ümumi birgə mülkiyyətindədir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Əmək Pensiyaları haqqında Qanunun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

16. Azərbaycan Respublikası “Sosial sığorta haqqında" Qanunun: 8-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajı — sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilən əmək fəaliyyəti dövrlərinin ümumi müddətidir. 14.1 və 14.2-ci maddələrinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir və məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.5.6-cı maddəsinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (İ və İİ qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əmək haqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir (8 may 2020-ci il tarixli 89-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 14.5.6-cı maddə ləğv edilmişdir).

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 saylı xx.xx.2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.5-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək dövlət qeydiyyatına alınmış hüquqi şəxslərdə çalışanların, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan torpaq mülkiyyətçilərinin və kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən ailə üzvlərinin iş stajı məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi barədə məlumat (11 nömrəli Əlavə) Şöbə və ya İdarə tərəfindən PASa daxil edilir və gücləndirilmiş elektron imza ilə təsdiqlənir. 3.6-cı bəndinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-432/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabında qeydə alınmasına və bununla da yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdır.

25. İşin hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2009-cu il tarixli 859403 nömrəli mədaxil qəbzi ilə torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 2009-cu il üçün 27 manat, xx.xx.2008-ci il tarixli 436669 nömrəli mədaxil qəbzi ilə 2006, 2007 və 2008-ci illər üçün torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 40 manat, xx.xx.2008-ci il tarixli 436413 nömrəli mədaxil qəbzi ilə 2007-ci il üçün torpaqdan sosial sığorta haqqı qeyd edilməklə 5 manat DSMF-nin Şəki şəhər şöbəsinə ödənilmişdir.

26. Cavabdeh orqan, iddiaçının “Torpaq mülkiyyətçiləri” bölməsində “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi uçota alınmadığını bildirsə də, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, müvafiq uçotun aparılması iddiaçıdan ödənişləri qəbul edən DSMF-nun Şəki şəhər şöbəsinin vəzifəsi olmuşdur. Ödənişləri qəbul edən DSMF-nun Şəki şəhər şöbəsi iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməmiş və ödənilən vəsaiti qəbul etməklə müvafiq mədaxil qəbzlərini iddiaçıya təqdim etmişdir. Bununla da, iddiaçı, torpaq mülkiyyətçisi kimi müvafiq ödənişləri ödəməklə, qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifələri icra etmişdir.

27. Təqdim edilən mədaxil qəbzləri "xxxx" MMC və Bakı şəhəri İcra Hakimiyyəti İqtisadiyyat Komitəsinin Mətbəəsi tərəfindən çap edilmiş və həmin sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatları ilə sübuta yetirilir. Təqdim edilən qəbzlərin mötəbərliyini şübhə altına salacaq hər hansı sübut cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilməmiş, eyni zamanda müvafiq hallar məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan, iddiaçının 2008-2009-cu illərdə torpaq mülkiyyətçisi kimi ödədiyi sosial sığorta ödənişlərinin, onun fərdi hesabında qeyd edilməsindən imtina etməkdə haqlı olmamışdır.

28. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

29. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-432/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar