Məhkəmə qərarları › İş №2-1(107)-362/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-362/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-362/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh PHŞ-yə qarşı “xx.xx.2023-cü il tarixdə təyin edilmiş ikinci qrup əlilliyin səbəb əlaqəsinin ümumi xəstəlikdən - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 2-1(116)-332/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “xx.xx.2023-cü il tarixdə təyin edilmiş ikinci qrup əlilliyin səbəb əlaqəsinin ümumi xəstəlikdən - “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsinə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddianın əsaslarına görə, o, birinci vətən müharibəsinin veteranı və qazisidir. İkinci qrup əlildir. Belə ki, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 365 nömrəli məhkəmə-tibbi müayinəsi aktı ilə təstiq edilmişdir ki, döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin yanvar ayında yaralanmaqla “odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, döş qəfəsinin sağ tərəfində orta məmə xətti proyeksiyasında bir ədəd, sol baldırın 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozu almışdır. O, yuxarıda qeyd edilən diaqnozla daşıdığı xəstəliklərin birinci vətən müharibəsində döyüş zonasında hərbi xidmət keçərkən aldığı yaraların fəsadları olduğundan, o cümlədən səbəbli əlaqə təsdiq olunduğundan 20 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci qrup əlil hesab edilmişdir.

3. Yuxarıda qeyd etdiyi kimi, 20 noyabr 2020-ci il tarixdə əlilliyi olan şəxs hesab edilməmişdir. Canlı baxışdan keçmiş, lakin əlillik qrupunun təyin edilməsindən imtina edilmişdir. Daha sonra respublikada pandemiya elan edilmiş və o, müharibə dövründə qazandığı əlilliyinin bərpası ilə bağlı məhdud müraciətlər etmişdir. xx.xx.2023-cü il tarixdə ona ikinci qrup əlilik təyin edilmişdir (qeyri-iş günü, həftənin bazar günü). Hansı ki, xx.xx.2023-cü il tarixdə o, canlı baxış olaraq hərbi həkim komissiyasından keçmişdir. Əlilliyi ilə bağlı diaqnozu belə qiymətləndirilmişdir: Üzvü mənşəli şəxsiyyət pozuntusu, üzvü mənşəli ifadəli şəxsiyyət pozuntusu, psixopatobənzər davranış. Yuxarıda qeyd edilən ikinci qrup əlillik səbəbi ümumi xəstəlik göstərilmişdir (əmək zəmanəti əmək qabiliyyətsiz göstərilmişdir). Halbuki, o əlilliyini ümumi xəstəlik nəticəsində qazanmamış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar qazanmışdır. O, 2022-ci ilin dekabr ayı da, daxil edilməklə birinci vətən müharibəsinin qazisi olaraq Prezident təqaüdü almışdır. 2023-cü ilin yanvar ayından isə Prezident təqaüdü dayandırılmışdır.

4. Hazırda onun ikinci qrup əlilliyinin ümümi xəstəlik hesab edilməsini qanunsuz və əsassız hesab edir. Onun əlilliyi birinci vətən müharibəsi dövründə döyüş zonasında hərbi xidmət keçərkən aldığı xəsarətlərin fəsadlarıdır, yəni birbaşa səbəbli əlaqə vardır. Odur ki, Məhkəməyə müraciət etməmişdən öncə, cavabdeh inzibati orqana - müraciət edərək xx.xx.2023-cü il tarixdə ona təyin edilmiş ikinci qrup əlilliyin səbəbini "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik" hesab edilməsinə dair Tibbi - Sosial Ekspert Komissiyasının rəyində dəyişiklik edilməsini xahiş etmiş, lakin xahişi təmin edilməmiş və e-sosial.az portalı vasitəsi ilə əldə etdiyi cavabla ona bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində Agentlikdə təqdim edilən tibbi sənədlər və ətraflı əyani müayinənin nəticəsi olaraq təqdim etdiyi xx.xx.2017-ci il tarixli, 1179 nömrəli Qərarda göstərilən səbəb və diaqnoz öz təsdiqini tapmamış, lakin ümumi xəstəlikdən olan yanaşı xəstəliyi əlillik təyinatının aparılmasına əsas verdiyindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022- ci il tarixli 187 nömrəli Qərarı ilə təstiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq ona xx.xx.2023-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyasının 70% pozulması ilə iki il müddətinə (xx.xx.2025 ci il tarixinədək) əlillik müyyən edilməsinə dair qərar qəbul edilmişdir. Onun əlilliyinin ümumi xəstəlikdən olan yanaşı xəstəlik kimi qiymətləndirilməsi düzgün deyildir. Belə ki, əvvəlki müayinələrindən göründüyü kimi, əlilliyinin yaranma səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmışdır.

5. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra-Komissiya) xx.xx.2022-ci il tarixdə 19 nəfər və 9 nəfər müxtəlif tarixlərdə aşağıda adı göstərilən 28 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 8) Yevlax rayon sakini xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Bakı Dəmiryol Xəstəxanası 4083003AACB3 nömrəli göndərişi əsasında xx.xx.2018 ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2020-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş və ona hərbi səbəbdən Tam reablitasiya olunması barədə qərar verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1179 nömrəli Qərar verilmişdir. Həmin qərarda xx.xx.2017-ci ildə MN Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyəsində bir ədəd, saq qaşın tüklü hissəsində bir ədəd, döş qəfəsinin sağ tərəfində orta məmə xətti proyeksiyasında bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi qərarda qeyd olunmuş nahiyələrdə səthi çapıq toxumaları izlənilmiş, əlillik təyinatına əsas verən hərbi travmanın qalıq əlaməti, hərəki məhdudluq aşkar edilməmişdir. Belə ki, ətraflarda əzələ gücü, tonusu normal, hərəkətlər sərbəst izlənilmiş, nevroloji ocaqlı patologiya aşkarlanmamışdır.

6. Yanaşı olaraq psixi və davranış pozuntularından, yaddaşsızlıq, tək yaşamasından (ailəsinin dağıldığını qeyd etmiş), insanlarla ünsiyyət qura bilməməsindən, güclü başağrlarından şikayətlənmişdir. Zahirən emosional labil, baxımsız, ünsiyyətdə monoton olmuş, yuxarı ətraflarında yüngül generalize olunmuş tremor, təşviş pozuntusu əlamətləri izlənilmişdir. Ekspertiza üçün əhəmiyyətli Baş beyin müayinə sənədləri təqdim etməmişdir. Təqdim olunmuş hərbi qərarda baş travması barədə məlumatın olmaması, psixi statusuna dair stasionar müalicələrin 2017-ci ildən sonrakı dövrə müvafiq olması, anamnestik məlumata əsasən əlillik təyinatına əsas verən xəstəliyin hərbi səbəb əlaqəsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatriya Xəstəxanası xx.xx.2021-xx.xx.2021-ci il tarixli Çıxarışda diaqnoz “Əsasən sayrışan fikirlər və ya düşüncələr” kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixiatriya Xəstəxanası xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozuntusu. Davranış pozuntuları, Sayrışan hallar nevrozu” kimi qeyd edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Hərbi səbəbdən diaqnoz əlillik əlaməti təyin etmir, ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 70 faiz pozulması barədə qərar qəbul edilmişdir.

7. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020- ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi QaydasTnin 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi- sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yanmbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.

8. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə J göndərişlərin reyestri"nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi QaydasTnın 3.1-ci bəndinə görə əlillik müəyyən edildikdən sonra sözügedən qaydaların 1.5-ci bəndi ilə nəzərdə tutulmuş digər səbəb müəyyən edildikdə əlillik səbəbi Agentlik tərəfindən dəyişdirilir. Bununla əlaqədar bildirmək istəyirik ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik hərbi xidmət dövründə keçirilən xəstəlik ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 2 aprel 2024-cü il tarixli, 2- 1(116)-332/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayətini iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 2-1(116)-332/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 2-1(116)- 332/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

16. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

17. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1179 nömrəli qərarından görünür ki, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2014-cü il tarixli 15/3053 nömrəli məktubuna əsasən barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin yanvar ayında aldığı və xx.xx.2017-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələridiaqnoz: “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, döş qəfəsinin sağ tərəfində orta məmə xətti proyeksiyasında bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar" (Azərbaycan Respublikası SHXÇDX-nin Yevlax rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 23 nömrəli göndərişi, xx.xx.2017-ci il tarixli 435 nömrəli arayışı, Gəncə Hərbi Prokurorluğunun xx.xx.2014-cü il tarixli 15/3053 nömrəli məktubu, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2017- ci il tarixli 365 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2018-ci il tarixdə müayinə olunmuş, “Kəllədaxili qansızmanın nəticələri, Kəllədaxili qansızmanın nəticələri, hemorragik insultun davamlı qalıq əlamətləri, qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Dəqiqləşdirilməmiş ensefalopatiya, dissirkulyator ensefalopatiya, hipertenzion tip, tez-tez təkrarlanan epileptik qtcolma tutmaları (ayda 8-10 dəfə), vazo-vegetativ krizlər, koordinator-statik pozğunluqlarla, diensefal sindrom, kəskin asteno-nevrotik sindrom” diaqnozu ilə beş il müddətinə (səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) ikinci dərəcəli əlillik təyin edilmiş (2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9), növbəti qiymətləndirmə tarixi xx.xx.2023-cü il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müayinə olunmuş, ümumi xəstəli səbəbindən “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvü mənşəli ifadəli şəxsiyyət pozuntusu, psixopatobənzər davranış” diaqnozu ilə iki il müddətinə (səbəbi: ümumi xəstəlik) ikinci dərəcəli əlillik təyin edilmiş (meyar: 7.6.2.2. XBT kodu-F07.0 əsas Psixi və davranış pozuntuları => Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular => Üzvi mənşəli şəxsiyyət pozuntusu => Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti), OFP yekun faizi-70%, növbəti qiymətləndirmə tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. - Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-332/2024 nömrəli qərardadı ilə canlı şəxsin məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2024-cü il tarixli 833 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı adına X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli A00087802LRL nömrəli Forma 088 göndərişində qeyd edilmiş “F07.0- Psixi və davranış pozuntuları=> Simptomatik daxil olmaqla, üzvi psixi pozğunluqlar=> Üzvi mənşəli şəxsiyyət pozuntusu=> Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəssəllik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressİv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” xəstəliklərdən o, hazırda da əziyyət çəkir. Qeyd edilən diaqnoz ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 7.6.2.2. bəndinə müvafiq olaraq orqanizmin funksiyalarının 70% pozulmasına görə ikinci dərəcəli əlilliyin təyini düzgün olmuşdur. Keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini məhkəmə tibb ekspertləri və sosial tibbi ekspertlərin deyil, Həərbi Həkim Komissiyasının ekspertlərinin səlahiyyətlərinə aiddir. 2.3. Əlillik dərəcəsi müəyyən edilmiş diaqnozun Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1179 №-li qərarında qeyd edilmiş diaqnoz “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd köhnə çapıq toxumalar” diaqnozunun fəsadı (ağırlaşması) olmasını inkar etmək olmaz. Belə ki, hər iki diaqnozlarda olan xəstəlik və xəsarət beyin və baş ilə əlaqədar olduğundan onların vəhdəti inkar edilmir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

19. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ...

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.

21. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 2-1(116)-332/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə müayinə nəticəsində “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvü mənşəli ifadəli şəxsiyyət pozuntusu, psixopatobənzər davranış” diaqnozu ilə iki il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2025-ci il göstərilmiş, iddiaçının əlillik səbəbi “ümumi xəstəlik” qeyd edilmişdir.

29. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1179 nömrəli qərarı ilə iddiaçıya qoyulmuş diaqnoz “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd, döş qəfəsinin sağ tərəfində orta məmə xətti proyeksiyasında bir ədəd, sol baldırın orta 1/3-nin bayır səthində bir ədəd köhnə çapıq toxumalar" qeyd edildiyidən məhkəmə tərəfindən canlı şəxsin məhkəmə tibbi ekspertizası təyin edilərək rəy alınmışdır. “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2024-cü il tarixli 833 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd edilmişdir ki, X1 tərtib edilmiş xx.xx.2023-cü il tarixli A00087802LRL nömrəli Forma 088 göndərişində qeyd edilmiş “F07.0- Psixi və davranış pozuntuları=> Simptomatik daxil olmaqla, üzvi psixi pozğunluqlar=> Üzvi mənşəli şəxsiyyət pozuntusu=> Məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəssəllik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqressİv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” xəstəliklərdən iddiaçı hazırda da, əziyyət çəkir. Qeyd edilən diaqnoz ilə əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin 7.6.2.2. bəndinə müvafiq olaraq orqanizmin funksiyalarının 70% pozulmasına görə ikinci dərəcəli əlilliyin təyini düzgün olmuşdur. Əlillik dərəcəsi müəyyən edilmiş diaqnozun Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1179 №-li qərarında qeyd edilmiş diaqnoz “Odlu silah qəlpə yaralanmalarından sonra başın sol gicgah nahiyəsində bir ədəd, sağ qaşın tüklü hissəsində bir ədəd köhnə çapıq toxumalar” diaqnozunun fəsadı (ağırlaşması) olmasını inkar etmək olmaz. Belə ki, hər iki diaqnozlarda olan xəstəlik və xəsarət beyin və baş ilə əlaqədar olduğundan onların vəhdəti inkar edilmir.

30. Beləliklə, xx.xx.2023-cü il tarixli A00087802LRL nömrəli Forma 088 göndərişində qeyd edilmiş “F07.0- Psixi və davranış pozuntuları=> Simptomatik daxil olmaqla, üzvi psixi pozğunluqlar diaqnozu ilə Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli 1179 №-li qərarında qeyd edilmiş diaqnoz arasında səbəbli əlaqənin mövcudluğu (hər iki diaqnozda olan xəstəliyin və xəsarətin beyin və baş ilə əlaqədar olması) müəyyən edildiyindən məhkəmə hesab edir ki, iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

31. Nəzərə alınmalıdır ki, cavabdeh orqan özü də, iddiaçıya xx.xx.2018-ci il tarixli müayinənin nəticəsi olaraq beş il müddətinə ikinci dərəcəli əlillik təyin edərkən əlillik səbəbini – “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” qeyd etmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2 aprel 2024-cü il tarixli, 2-1(116)-332/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar