Məhkəmə qərarları › İş №2-1(107)-363/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-363/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-363/2024 11.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X2 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı əsasında Ağdaş şəhərində ona ayrılan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən Dövlət Torpaq və Kadastr kitabında xx.xx.2011-ci ildə 3/384 nömrə ilə uçota alınıb A№327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” işlənən 999.2 kv.m torpaq sahəsinin koordinatlarına və elektron baza məlumatlarına düzəliş edilməklə mövcud vəziyyətə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2-1(116)-38/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı əsasında Ağdaş şəhərində ona ayrılan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən Dövlət Torpaq və Kadastr kitabında xx.xx.2011-ci ildə 3/384 nömrə ilə uçota alınıb A№327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” işlənən 999.2 kv.m torpaq sahəsinin koordinatlarına və elektron baza məlumatlarına düzəliş edilməklə mövcud vəziyyətə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-38/2024 nömrəli qərardadı ilə Ağdaş rayon Aşağı Zeynəddin bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə iddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Ağdaş Rayonu İHB-nin 05 yanvar 2006-cı il tarixli 01 nömrəli Sərəncamı ilə mülkiyyətinə verilən 999.2 kv.m torpaq sahəsinə çıxarış verilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir.

4. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Aparılan araşdırma nəticəsində, sözügedən torpaq sahəsinin elektron xəritə bazasında kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması müəyyən edilmişdir. Eyni zamanda əlavə olaraq bildiririk ki, torpaq sahəsinin cənub hissəsindən 18.0 metr məsafəsindən 220 kvt-luq yüksək gərginlikli hava elektrik xəttləri keçdiyi aşkarlanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən torpaq sahəsi ilə elektrik xətti arasında olan mühafizə zolağı müvafiq olaraq 25 metr təşkil edir. Qeyd olunanlara əsasən iddiaçının ərizəsinin icrası tərəfimizdən mümkün olmamışdır.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 23 aprel 2024-cü il tarixli 2- 1(116)-38/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2-1(116)-38/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2-1(116)-38/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2-1(116)-38/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. A seriyalı 327647 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı həyətyanı məqsədi ilə 999.2 kv.m torpaq sahəsi ayrılmış, X4 kitabında xx.xx.2011ci il tarixli 3/384 nömrə ilə uçota alınmışdır.

3. Ağdaş rayon İH başçısının xx.xx.2006-cı il tarixli 01 saylı sərəncamının surəti.

4. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini X1 fililalının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, yerində baxış zamanı və "xxxx" ASC-nin “Mingəçevir REŞ" MMC-nin 13-9/118/01- 09-99 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən məlum olmuşdur ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi "xxxx" MMC-nin balansında olan, 1949-cu ildə istismara verilmiş və hal-hazırda gərginlik olmayan köhnə 220 kV-luq “ 1-ci Mingəçevir” HEVX-nin mühafizə zonasında yerləşir. Belə ki, həmin HEVX-dən torpaq sahəsinin cənub hüduduna qədər olan məsafə təqribən 18 metrdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarf’nın 5-ci bəndinə əsasən, 220 kV-luq HEVX-nin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən 25 metr məsafədə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklindədir.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-35/2-5169/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

6. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı əsasında ayrılmış mübahisə predmeti olan 999.2 kv.m torpaq sahəsinə tərtib edilmiş A 327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilində yerləşən sözügedən torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Aşağı Zeynəddin bələdiyyəsinin xəritə (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarına əsasən torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararlı) torpaq sahəsi, uqodiyası - təmiz örüş, mülkiyyətçisi - Ağdaş rayonu Aşağı Zeynəddin bələdiyyəsidir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar qeyd olunmuşdur.

17. “X4, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən X4nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

18. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı istifadəsində olan 999.2 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, çıxarışın və planölçü sənədinin verilməsinə nail olmaqdır.

26. İddia ərizəsinin əsaslarına görə, hüquqmüəyyənedici sənəd kimi Ağdaş Rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında tərtib edilmiş A 327647 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi onun torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün hüquq əsas kimi qəbul edilməli idi. A 327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində belə akt Ağdaş Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 01 saylı sərəncamına istinad edilmişdir.

27. Birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırma zamanı Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamının arxiv nüsxəsi əldə edilmiş, həmin sərəncam əsasında torpaq sahəsinin ayrılması və ya şəxslərin mülkiyyətinə verilməsinin nəzərdə tutulmadığı müəyyən edilmişdir. Digər tərəfdən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3- 35/2-5169/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin, həmçinin İddiaçı adına tərtib edilmiş A seriyalı 327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 999.2 kv. m torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararlı) torpaq sahəsi, uqodiyası təmiz örüş, mülkiyyətçisi Ağdaş rayonu Aşağı Zeynəddin bələdiyyəsidir.

28. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq, qanuni və obyektiv qərar qəbul edilməsi baxımından mübahisə predmeti olan 999.2 kv.m torpaq sahəsi Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 5 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı əsasında İddiaçı ayrılan zaman DWG baza məlumatlarına əsasən həmin torpaq sahəsinin hansı kateqoriyaya aid olması, hüquqi statusu haqqında məlumatın təqdim edilməsi üçün cavabdeh inzibati orqana sorğu edilmiş və təqdim edilmiş xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, İddiaçı Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı əsasında ayrılmış mübahisə predmeti olan 999.2 kv.m torpaq sahəsinə tərtib edilmiş A 327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar daxilində yerləşən sözügedən torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu Aşağı Zeynəddin bələdiyyəsinin xəritə (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarına əsasən torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararlı) torpaq sahəsi, uqodiyası - təmiz örüş, mülkiyyətçisi - Ağdaş rayonu Aşağı Zeynəddin bələdiyyəsidir.

29. Göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, iddia olunan torpaq sahəsi isə bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş uqodiyalı torpaq sahəsidir. Yəni istinad edilmiş sənədin əsas mahiyyəti – torpaq sahəsinin ölçüsünün və yerləşməsinin müəyyən edilməsi ilə bağlıdır. Həmin sənəd özü-özlüyündə torpaq sahəsi üzərində hüququn yaranamasını təsdiq edən sənəd hesab olunmadığından, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)- 187/2020 nömrəli qərarında əks olunmuş hüquqi mövqe).

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsinə dair iddiaçı tərəfindən yuxarıda qeyd olunan normativ hüquqi aktlarda qeyd olunan hər hansı bir hüquqmüəyyənedici sənəd təqdim olunmamış, məhkəmə araşdırması zamanı da belə bir sənəd aşkar olunmamışdır.

31. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.

32. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

33. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

34. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının 05 yanvar 2006-cı il tarixli 01 saylı Sərəncamı əsasında Ağdaş şəhərində ona ayrılan və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən Dövlət Torpaq və Kadastr kitabında xx.xx.2011-ci ildə 3/384 nömrə ilə uçota alınıb A№327647 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” işlənən 999.2 kv.m torpaq sahəsinin koordinatlarına və elektron baza məlumatlarına düzəliş edilməklə mövcud vəziyyətə uyğun olaraq mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınaraq reyestrdən çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 aprel 2024-cü il tarixli 2-1(116)-38/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar