Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-363/2025 09.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X5 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu, Calut kəndində yerləşən fərdi yaşayış evininin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair ona çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)- 486/2025 nömrəli qərarından cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz rayonu, Calut kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair ona çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Oğuz rayonu, Calut kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh isə qanunsuz olaraq bundan imtina etmişdir. Cavabdeh orqan hesab edir ki, təqdim etdiyi sənədlərdən əlavə tikintiyə icazə sənədi də, təqdim edilməlidir. Belə ki, cavabdehin qənaətinə görə qeydə alınmalı obyekt çoxmənzilli yaşayış binasıdır. Göründüyü kimi, cavabdehin imtinası qanunsuzdur. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan isə bu əsaslar olmadan əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən qanunsuz olaraq imtina etmişdir.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar araşdırılan zamanı məlum olmuşdur ki, təqdim edilmiş tikinti obyektinin layihəsi iki və daha çox mənzildən ibarət olduğu üçün həmin tikinti obyekti çox mənzilli yaşayış binası hesab edilir. Çox mənzilli yaşayış binalarının layihələndirilməsi "AZDTN 2.7-2 yaşayış binaları laihələndirmə normaları"-na uyğun olaraq hazırlanmışdır. Sözügedən tikinti obyekti çox mənzilli yaşayış binası olduğundan həmin tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektinə aid olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəbə görə müraciətinin icrası mümkün olmamışdır. - '‘Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X12 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında’’ Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Cavabdeh orqan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1- 75.3, 75.2-75.16-cı maddələrinə istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu; - xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış; - B 128534 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi; - Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihəsi; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 3-16-16/2-10/4586 nömrəli ekspert rəyi.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 20 fevral 2025-ci il tarixli 2- 1(116)-486/2025 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonu, Calut kəndində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Oğuz rayonu, Calut kəndində yerləşən tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddiaçı, mübahisəli tikilinin fərdi yaşayış evi, cavabdeh orqan isə çoxmənzilli yaşayış binası olduğunu iddia edir. Tikilinin yerləşdiyi torpaq sahəsi xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının tam xüsusi mülkiyyətindədir. Sözügedən tikiliyə dair cavabdeh orqan tərəfindən əvvəllər xx.xx.2024-cü il tarixli ********** nömrəli dövlət reyestrindən çıxarış verilsə də, sonradan aparılmış icraat çərçivəsində həmin qeydiyyat ləğv edilmiş və hazırda qüvvədə deyil. Fərdi yaşayış evləri və çoxmənzilli binalar üzərində əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı qanunvericilikdə fərqli tənzimləmələr nəzərdə tutulduğundan, mübahisəli tikilinin məlumatlandırma və ya icazə icraatına uyğun olub-olmaması müəyyən edilməlidir. Bu məqsədlə məhkəmə tərəfindən iş üzrə xx.xx.2024-cü il tarixdə 2-1(116)- 2118/2024 saylı qərardadla məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. - Təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4586 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: - Oğuz rayonu, Calut kəndi ərazisində yerləşən, mübahisə predmenti olan tikilinin faktiki texniki göstəriciləri ilə iş materiallarında olan (səh.14-27), həmin tikiliyə dair “X2 and Construction” MMC tərəfindən tərtib edilmiş və Oğuz Rayon İcra Hakimiyyətinin memarlıq-tikinti şöbəsi tərəfindən təsdiq edilmiş ''X6"ndə qeyd olunan texniki göstəricilər müqayisələndirilən zaman həmin tikilinin faktiki texniki göstəricilərinin yuxarıda qeyd olunan “X7”ndə qeyd olunan texniki göstəricilər ilə uyğunluq təşkil etdiyi müəyyən olunmuşdur. - Oğuz rayonu, Calut kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikilinin 3 mərtəbədən ibarət olduğunu, hündürlüyünün 9.90 metr olduğunu (“0" səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək) həmçinin aşırımlar arasındakı məsafənin 6 metrdən çox olmadığını nəzərə alaraq həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olduğu müəyyən olunur. Müəyyən edilmişdir ki, ekspert tərəfindən yalnız tikilinin mərtəbəliliyi, hündürlüyü və aşırımlar arası məsafə nəzərə alınmaqla tədqiqat aparılmışdır. Lakin bu meyarlar tikilinin təyinatı barədə obyektiv nəticəyə gəlmək üçün kifayət deyildir. Belə ki, tikilinin layihələndirilməsi və konstruktiv xüsusiyyətləri onun təyinatına uyğun qiymətləndirilməmişdir. - İş materiallarında olan, iddia olunan tikiliyə aid ''X6"nə baxış keçirilərkən sözügedən tikilinin fərdi yaşayış evinə yox, çoxmənzilli binaya uyğun olması qənaəti yarandığından məhkəmə tərəfindən tikiliyə yerli baxış keçirilməklə “Fərdi yaşayış evləri layihələndirmə normaları” (AzDTN 2.7-3) və “Yaşayış binaları layihələndirmə normaları” (AzDTN 2.7-2) əsasında qiymətləndirmə aparılmışdır. Belə ki, AzDTN 2.7-3 normalarına əsasən fərdi yaşayış evi bir ailə üçün nəzərdə tutulan və yerüstü mərtəbələrinin sayı 3-dən çox, hündürlüyü 12 metrdən artıq olmayan yaşayış sahəsidir. Belə evlərdə ümumi istifadə üçün nəzərdə tutulmuş sahələr (dəhliz, qalereya, ümumi giriş və s.) olmur. AzDTN 2.7-2 normalarına əsasən çoxmənzilli bina iki və ya daha çox mənzildən ibarət olub, mənzillərin ümumi istifadə sahələri (dəhlizlər, pilləkən qəfəsləri və liftlər) və mühəndiskommunikasiya sistemləri ilə təmin olunduğu binalardır. Bu binalar müstəqil mənzilləri əhatə edir.
7. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-486/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, B 128534 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi, Tikintisinə icazə tələb olunmayan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 3-16-16/2-10/4586 nömrəli ekspert rəyi və digər sənədlər qeydiyyata alınmalı tikilinin məlumatlandırma icraatı qaydasında rəsmiləşdirilməli olduğunu və bu qaydada tam düzgün rəsmiləşdirildiyini və buna görə də Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmalı olduğunu sübut edir. Lakin buna baxmayaraq məhkəmə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8,0.10.2-ci və 9.2-ci maddələrini pozaraq iddianın təmin edilməməsi haqqında qərar qəbul etmişdir. - Rayon İcra Hakimiyyəti məlumatlandırma icraatına uyğun olaraq tikilinin layihəsini təsdiq etmişdir və bu sənəd iş materiallarında vardır. Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyində göstərilib ki, tikili məlumatlandırma icraatı qaydasında rəsmiləşdirilməli idi və düzgün olaraq rəsmiləşdirilib. Bu sənəd də iş materiallarında var. İş materiallarında olan digər sənədlər (xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış, B 128534 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi) də hüquqların dövlət qeydiyyatına alınmalı olduğunu təsdiq edir. Lakin nə qədər qəribə olsa da məhkəmə, iş materiallarında olan bütün sübutların ziddinə qərar qəbul etmişdir. Bununla da yuxarıda qeyd edilmiş hüquq normaları pozulmuşdur. - Həmçinin MPM-nin 97.1-ci maddəsinə görə işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Belə ki, məhkəmə dövlət reyestrində qeydə alınmalı olan tikilinin fərdi yaşayış evi, yaxud çoxmənzilli bina olması məsələsini aydınlaşdırmaq üçün ekspertiza təyin etdi. Ekspertiza ona görə təyin edildi ki, həmin məsələnin aydınlaşdırması xüsusi bilik tələb edir və hakimin həmin sahədə bilik və bacarığı bu suala cavab verməyə yetmir. Lakin ekspert rəyi məhkəməyə daxil olduqdan sonra məhkəmə hesab etdi ki, ekspertiza institutuna ümumiyyətlə ehtiyac yoxdur, hakim özü elə ekspert funksiyasını da yerinə yetirə bilər. Buna görə də hakim özü özünə ekspert rəyi verdi, özü də özünün verdiyi rəyə əsaslanaraq qərar qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-486/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-486/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanmasına dair qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
14. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 139-1.1.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 139-1.1.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
16. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 80.1. Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Maddə 80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Maddə 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Maddə 80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci, 80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində, bu Məcəllənin 80.1-1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə isə, həmin ərazi üzrə müfəssəl plan olduqda 10 gün müddətində, belə plan olmadıqda və ya onun müddəti bitdikdə 1 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Maddə 80.4-1. Bu Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş sənədlərin X4 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin X4 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir. Maddə 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Maddə 80.6. Bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsinə əsasən tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair iradın sifarişçiyə təqdim edilməməsi ilə bağlı tikinti işlərinə başlamaq hüququ yarandıqda həmin müddətin bitdiyi andan dərhal bu barədə məlumatın Tikintilərin Dövlət reyestrinə ötürülməsi təmin edilir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Maddə 80.7. Məlumatlandırma icraatı üzrə bu Məcəllənin 80.4-cü, 80.4-1-ci və 80.6-cı maddələri ilə müəyyən edilən hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
17. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 nömrəli Fərmanı 4.1-ci bəndində göstərilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin birinci cümləsində (ikinci halda) və ikinci cümləsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. 4.7-ci bəndində göstərilmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər 4.11. həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən məlumatlandırma icraatı qaydasında yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsinin uyğunluğunun yoxlanılması zamanı yaşayış evlərinin elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında tikintisinin yolverilməzliyi, habelə uyğunluğun yoxlanılması zamanı müvafiq tikinti ərazisində mövcud olan mühəndis-kommunikasiya xətləri və onların mühafizə zolağı barədə sifarişçiyə yazılı məlumat verilməsi yerli icra hakimiyyəti orqanları tərəfindən təmin edilir;
18. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2023-cü il tarixli 3-35/3-2-6/2023 nömrəli Qərarı ilə təsdiq olunmuş AzDTN 2.7-3 “Fərdi yaşayış evləri. Layihələndirmə normaları” 4.1-ci bəndində göstərilmişdir ki, mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 4.4. Fərdi yaşayış evlərinin otaq sayı, tərkibi və ölçüləri, həmçinin onların mühəndiskommunikasiya təminatı sistemi ilə təchizatı bu normalarının tələbləri nəzərə alınmaqla sifarişçi tərəfindən layihə tapşırığında müəyyən edilir.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: .... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; Maddə 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...
21. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir;
2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır;
22. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır:
1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək;
Apellyasiya şikayətinin mümkünlüyü
23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır, İddiaçı apellyasiya şikayətinin və iddia ərizəsinin dəlillərini əsaslı hesab edir və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İş materiallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Oğuz rayonu, Calut kəndində yerləşən tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır.
29. Cavabdeh orqanın imtinasının və etirazının dəlilləri ondan ibarətdir ki, ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar araşdırılan zaman məlum olmuşdur ki, təqdim edilmiş tikinti obyektinin layihəsi iki və daha çox mənzildən ibarət olduğu üçün həmin tikinti obyekti çox mənzilli yaşayış binası hesab edilir. Çox mənzilli yaşayış binalarının layihələndirilməsi "AZDTN 2.7-2 yaşayış binaları layihələndirmə normaları"-na uyğun olaraq hazırlanmalıdır. Sözügedən tikinti obyekti çox mənzilli yaşayış binası olduğundan həmin tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektinə aid olduğu müəyyən edilmişdir. Qeyd olunan səbəbə görə müraciətinin icrası mümkün olmamışdır.
30. Həmçinin birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən qərarı onunla əsaslanmışdır ki, tədqiqat obyektinə yerli baxış keçirilən zaman müəyyən edilmişdir ki, tikilidə giriş-çıxış ümumi olmaqla hər mərtəbədə ümumi sahələr (dəhlizlər, pilləkən qəfəsləri) o cümlədən, 3 təcrid olunmuş - ayrıca mətbəxi, hamamı və sanitar qovşağı olan yaşayış sahələri mövcuddur. Tikilidə fərdi yaşayış evinə xarakterik olan hər hansı əlamət yoxdur. Belə ki, fərdi yaşayış evləri yalnız bir ailənin istifadəsi üçün nəzərdə tutulduğu halda, faktiki olaraq hər mərtəbədə bir yox, bir neçə ailənin yaşaması üçün nəzərdə tutulmuş təcrid mənzillər mövcuddur və həmin mənzillərin hər biri müstəqil olaraq planlaşdırılmışdır. Nəzərə alınmalıdır ki, iki və ya daha çox mənzildən ibarət, ümumi giriş-çıxışlı və mühəndis-kommunikasiya sistemləri birgə istifadəyə uyğun olan tikililər çoxmənzilli bina hesab edilir. Hazırkı tikilinin hər mərtəbəsində müstəqil mənzillərin olması tikilinin çoxmənzilli bina olmasını açıq şəkildə sübut edir. Həmçinin məlumatlandırma icraatı yalnız müəyyən edilmiş normativlər nəzərə alınmaqla fərdi yaşayış evlərinə tətbiq edilir. Hazırkı iş üzrə tikilinin çoxmənzilli binanın xüsusiyyətlərini daşıması bu icraatın tətbiqini istisna edir. Odur ki, tikilinin memarlıq-planlaşdırma xüsusiyyətləri və yerində baxış zamanı aşkar edilən faktlar onun çoxmənzilli bina olduğunu təsdiqlədiyindən, həmçinin təqdim edilmiş ekspert rəyinin yuxarıda qeyd olunan normativlərə və faktiki vəziyyətə aşkar şəkildə zidd olması müəyyən edildiyindən məhkəmə, tikilinin məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olması ilə bağlı ekspert rəyini iş üzrə mötəbər sübut qismində qəbul etmir. Mübahisəli tikili Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri baxımından barəsində icazə tələb olunan tikinti obyekti hesab edildiyindən sözügedən daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində göstərilən şərtlər yerinə yetirilməlidir. Belə ki, istinad olunan normaya görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı iş üzrə sadalanan şərtlər yerinə yetirilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
31. Məhkəmə kollegiyası ilk əvvəl qeyd edir ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.
32. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırki mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi.
33. Belə ki, iş materiallarında olan çıxarışdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən Oğuz rayonu, Calut kəndində yerləşən yaşayış məntəqələri kateqoriyalı 0.12 ha torpaq sahəsi xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınaraq həmin torpaq sahəsinə dair **********62 reyestr nömrəli çıxarış verilmişdir.
34. İşdə olan çıxarışdan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi tərəfindən Oğuz rayonu, Calut kəndində yerləşən yaşayış məntəqələri kateqoriyalı 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1064,3 kv.m. olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınaraq həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair **********62-10301 reyestr nömrəli çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır.
35. İş materiallarında olan B№128534 nömrəli “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı məxsus Oğuz rayonu, Calut kəndində yerləşən yaşayış məntəqələri kateqoriyalı 0.12 ha torpaq sahəsinin planı və ölçüsü 30 may 2023-cü il tarixdə cavabdeh orqan tərəfindən hazırlanaraq təsdiq edilmişdir.
36. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL-674/2022 saylı, xx.xx.2022-ci il tarixli lisenziyadan görünür ki, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların lahiyələndirilməsinin həyata keçirilməsinə “X2 and Construction” MMC-yə icazə verilərək lisenziya verilmişdir.
37. İş materiallarında olan “X2 and Construction” MMC tərəfindən xx.xx.2023-cü il tərtib edilmiş “X6”ndən görünür ki, Oğuz rayonu Calut kəndində yerləşən İddiaçı məxsus 3 mərtəbəli fərdi yaşayış evinə dair ümumi məlumatlar, mövqe planı, yerləşmə planı, fasad, düyünlər, dam örtüyünün planı, kəsiklər, tipik mərtəbə planı, tipik bəzək və hörgü planı və tikintiyə aid olan məlumatlar göstərilməklə Oğuz rayon İcra Hakimiyyətinin Memarlıq Tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir.
38. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/4586 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Oğuz rayonu, Calut kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikilinin faktiki texniki göstəriciləri ilə iş materiallarında olan (səh. 14-27) həmin tikiliyə dair “X2 and Construction” MMC tərəfindən tərtib edilmiş və Oğuz Rayon İcra Hakimiyyətinin memarlıq-tikinti şöbəsi tərəfindən təsdiq edilmiş “X6"ndə qeyd olunan texniki göstəricilər müqayisələndirilən zaman həmin tikilinin faktiki texniki göstəricilərinin yuxarıda qeyd olunan “X6"ndə qeyd olunan texniki göstəricilər ilə uyğunluq təşkil etdiyi müəyyən olunur. Həmçinin Oğuz rayonu, Calut kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikilinin 3 mərtəbədən ibarət olduğunu, hündürlüyünün 9.90 metr olduğunu (“0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün att hissəsinədək) həmçinin aşırımlar arasındakı məsafənin 6 metrdən çox olmadığını nəzərə alaraq həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olduğu müəyyən olunur.
39. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnin 9 saylı Qəbələ Ərazi İdarəsinin 3-21-42/2-4236/2024 nömrəli 02 avqust 2024-cü il tarixli məktubundan görünür ki, iddiaçı tərəfindən Ərazi İdarəsinə təqdim edilən hüquqmüəyyənedici sənədlər əsasında qeyd edilən tikinti üzərində fərdi yaşayış evi kimi hüquqların dövlət qeydiyyatı aparılmışdır. İddiaçı hüquqların dövlət qeydiyyatına dair müvafiq sənədləri əldə etdikdən sonra həmin qeydiyyatla razılaşmadığını bildirmişdir. Həmin tikilinin çox mənzilli yaşayış binası kimi qeydiyyatının aparılmasını və gələcəkdə ayrı-ayrı mənzillər kimi satışını aparmağını istədiyini bildirmişdir. Təqdim edilmiş sənədlər əsasında bu cür qeydiyyatın aparılmasının mümkün olmadığı ona bildirilmişdir. Qeyd edilən səbəblərə görə də, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış könüllü olaraq təqdim etdiyi öz ərizəsi əsasında ləğv edilmişdir. İddiaçı təkrar olaraq həmin tikilinin çoxmənzilli yaşayış binası kimi qeydiyyatının aparılması ilə bağlı ilk dəfə təqdim etdiyi sənədlərə heç bir əlavə və dəyişiklik etmədən müraciət etmişdir.
40. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 05 iyun 2025-ci il tarixli, 3-35/2-3416/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, tikinti obyektinin xarakteristikası Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2021-ci il tarixli 3 nömrəli Qərarı ilə təsdiq olunmuş AzDTN 2.7-2 “Yaşayış binaları. Layihələndirmə normaları” və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2023-cü il tarixli 3-35/3-2-6/2023 nömrəli Qərarı ilə təsdiq olunmuş AzDTN 2.7-3 “Fərdi yaşayış evləri. Layihələndirmə normaları” ilə tənzimlənir. Eyni zamanda bildiririk ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir.
41. Məhkəmə kollegiyası ilk öncə cavabdeh orqanın imtinasının “təqdim edilmiş tikinti obyektinin layihəsi iki və daha çox mənzildən ibarət olduğu üçün həmin tikinti obyekti çox mənzilli yaşayış binası hesab edilir” və “iddiaçı da təkrar olaraq həmin tikilinin çoxmənzilli yaşayış binası kimi qeydiyyatının aparılması ilə bağlı müraciət etmişdir” dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh orqanın iddiaçıya ünvanladığı bildirişdən görünür ki, iddiaçı həmin tikilinin çoxmənzilli yaşayış binası kimi deyil, fərdi yaşayış evi kimi qeydiyyata alınmasını cavabdeh orqandan xahiş etmiş, cavabdeh orqan da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə istinadla imtina cavabı vermişdir.
42. İmtina cavabından belə görünür ki, əgər iddiaçı həmin tikilinin fərdi yaşayış evi kimi qeydiyyatının aparılması ilə bağlı müraciət etmiş olsaydı, onun müraciəti təmin ediləcəkdir. Halbuki iddiaçı həmin tikilinin fərdi yaşayış evi kimi qeydiyyatının aparılması ilə bağlı müraciət etmişdir.
43. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı iddia qaldırmamışdan öncə bir dəfə də cavabdeh orqana fərdi yaşayış evinin qeydiyyata alınması barədə müraciət etmiş, cavabdeh orqan tərəfindən isə iddiaçının müraciəti təmin olunaraq Oğuz rayonu, Calut kəndində yerləşən yaşayış məntəqələri kateqoriyalı 0.12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 1064,3 kv.m. fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına qeydiyyata alınaraq həmin torpaq sahəsi və fərdi yaşayış evinə dair **********62-10301 reyestr nömrəli çıxarış verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır.
44. Daha sonra isə cavabdeh orqan çıxarışı qanunvericiliyin tələblərinə uyğun olmayaraq səlahiyyəti olmadan ləğv etmiş, bundan sonra isə iddiaçı, yenidən fərdi yaşayış evinə dair qeydiyyatın aparılması ilə bağlı ilk dəfə təqdim etdiyi sənədlərə heç bir əlavə və dəyişiklik etmədən cavabdeh orqana müraciət etmişdir.
45. Halbuki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 18.2-ci maddəsində göstərilmişdir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
46. Göründüyü kimi, mülkiyyətçinin ərizəsi əsasında yalnız daşınmaz əmlak məhv olmuşdursa, qeydiyyat cavabdeh orqan tərəfindən ləğv oluna bilər. Bu halda da cavabdeh orqan qanunvericiliyin tələblərini pozaraq mülkiyyətçinin formal (texniki problemlərə görə qeydiyyatın ləğvini istəyir) ərizəsini əsas götürərək iddiaçının adına verilmiş fərdi yaşayış evinə dair qeydiyyatı ləğv etmişdir.
47. Cavabdeh orqan həmçinin məktubunda qeyd edir ki, iddiaçı hüquqların dövlət qeydiyyatına dair müvafiq sənədləri əldə etdikdən sonra həmin qeydiyyatla razılaşmadığını bildirmişdir.
48. Bu hal da məhkəmə kollegiyası tərəfindən inandırıcı qəbul edilmir. Ona görə ki, iddiaçının fərdi yaşayış evinə dair verilmiş çıxarışın ləğvinə dair ərizəsi 28 fevral 2024-cü il tarixdə tərtib edilmiş, daha sonra iddiaçı eyni müraciətlə 19 mart 2024-cü il tarixdə cavabdeh orqana müraciət etmişdir. İddiaçının əvvəlki qeydiyyatla razılaşmadığı halda (cavabdeh bildirir) ləğv olunmuş qeydiyyatın eyni ilə yenidən aparılması barədə müraciət etməsi də cavabdeh orqanın dəlillərini təkzib edir.
49. Nəticədə eyni hüquqmüəyyənedici sənədlərlə iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququ, kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla sonradan ləğv olunmuş olsa belə çıxarışla qeydə alınmış, eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən hazırki vəziyyətdə iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Bununla da, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) və müəyyənlik prinsipi pozulmuşdur.
50. Məhkəmə kollegiyası qeyd edir ki, "İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsində inzibati icraatda bərabərliyin təmin edilməsi üçün çox konkret meyarlar müəyyən edilmişdir. İnzibati orqanın eyni hallar üzrə müxtəlif qərarlar qəbul etməsinə yol verilmir.
51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən eyni statusda olan şəxsə münasibətdə həmin ərazidə yerləşən evin hüquqlarının qeydiyyata alındığı və ona müvafiq çıxarış (hazırda ləğv olunsa belə) verilməsi ilə bağlı fərqli yanaşmaya yol verildiyindən, cavabdehin bu hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin və "İnzibati icraat haqqında” Qanunun 12-ci maddəsinin tələbinə uyğun olmamışdır.
52. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin tələblərinə də əməl olunmuşdur. Belə ki, iddiaçı, torpaq sahəsinə dair 30 may 2023-cü il tarixdə çıxarış aldıqdan sonra tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanı olan Oğuz rayon İcra Hakimiyyətinə məlumat vermiş, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, eləcə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi məlumata əlavə etmişdir. İcra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə layihəyə dair irad iddiaçıya təqdim edilməmiş, o da tikinti işlərinə başlamışdır.
53. İşdə olan ekspert rəyindən də görünür ki, Oğuz rayonu, Calut kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikilinin faktiki texniki göstəriciləri ilə iş materiallarında olan (səh. 14-27), həmin tikiliyə dair “X2 and Construction” MMC tərəfindən tərtib edilmiş və Oğuz Rayon İcra Hakimiyyətinin memarlıq-tikinti şöbəsi tərəfindən təsdiq edilmiş “X6"ndə qeyd olunan texniki göstəricilər müqayisələndirilən zaman həmin tikilinin faktiki texniki göstəriciləri yuxarıda qeyd olunan “X6"ndə qeyd olunan texniki göstəricilər ilə uyğunluq təşkil etmişdir. Həmçinin Oğuz rayonu, Calut kəndi ərazisində yerləşən, mübahisə predmeti olan tikilinin 3 mərtəbədən ibarət olduğunu, hündürlüyünün 9.90 metr olduğunu (“0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün att hissəsinədək) həmçinin aşırımlar arasındakı məsafənin 6 metrdən çox olmadığını nəzərə alaraq həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olduğu müəyyən edilir.
54. Bundan əlavə sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (yerli icra hakimiyyətinə) göndərilən məlumatın olması isə onunla təsdiq edilir ki, iş materiallarına əlavə edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi idarəsinin 29 avqust 2024-cü il tarixli məktubundan görünür ki, mübahisələndirilən daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyata alınmasına yerli icra hakimiyyəti orqanı etiraz etməmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana məktub göndərmişdir.
55. Buna görə də, mübahisələndirilən tikili, barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyekti olduğundan onun tikintisinə icazənin alınması da tələb olunmur.
56. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xüsusi mülkiyyətində olan tikiliyə çoxmənzilli yaşayış binası kimi yanaşılmış olsa, onda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlmə əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.1-ci maddəsində göstərilənlər əsas olacaqdır.
57. Həmin maddə də göstərilmişdir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
58. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsində göstərilmişdir ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.
59. İş materiallarından və cavabdeh orqan tərəfindən aparılmış inzibati icraat materiallarından görünür ki, iddiaçının tikintiyə və istismarına icazə sənədi mövcud deyildir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini artıq tikib başa çatdırmışdır. Bu halda onun tikintiyə icazə sənədini də alması qeyrimümkündür.
60. Həmçinin, iddiaçının qeydiyyata aldırmaq istədiyi ev Mülki Məcəllənin 180.1-ci maddəsinin mənasında tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində tikilmiş özbaşına tikili deyildir. Həmin fərdi yaşayış evi iddiaçının rəsmi qaydada mülkiyyətində olan yaşayış məntəqələri torpaq sahəsində tikilmişdir ki, həmin torpaq sahəsi də iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin ev tikildiyi vaxtdan etibarən hər hansı inzibati orqan tərəfindən sözügedən evin tikintisinə, mövcudluğuna, iddiaçının ona sahiblik etməsinə hazıradək etiraz edilməmişdir. Göründüyü kimi, evin sahibi-iddiaçının həmin əmlaka gözlənilən mülkiyyət hüququ vardır.
61. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarında cavabdeh tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasının qeyd edilən əsaslara görə imtinası da nəzərdə tutulmamışdır.
62. Göründüyü kimi, cavabdeh orqanın qeyd etdiyi dəlillər mötəbər sübutlarla öz təsdiqini tapmır, əksinə işdə olan sübutlarla cavabdehin göstərdiyi dəlillər təkzib olunur. Cavabdeh tərəfindən mübahisəli fərdi yaşayış evinin iddiaçının adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasından imtina etməsi qanunsuz olmuş, onun hüquqlarını pozmuşdur.
63. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, "hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır.
65. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Halbuki iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 8.0.10.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər cavabdeh orqana təqdim edilmişdir.
66. Məhkəmə kollegiyasının qənaətinə görə Oğuz rayonu, Calut kəndində yerləşən yaşayış məntəqələri kateqoriyalı 0.12 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar müəyyən edilmədiyindən, inzibati icraat materialları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.10.2-ci maddəsinə əsasən fərdi yaşayış evinin üzərində iddiaçının hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
67. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
68. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
69. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
70. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Oğuz rayonu, Calut kəndində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınan yaşayış məntəqələri kateqoriyalı 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtinaya dair cavabdehin hərəkətləri qanunauyğun olmamışdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul edir. Ona görə də, İPM-in 87.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, apellyasiya şikayəti və iddia tələbi təmin edilməlidir.
71. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 20 fevral 2025-ci il tarixli 2-1(116)-486/2025 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi idarəsinin üzərinə “Oğuz rayonu, Calut kəndində xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınan yaşayış məntəqələri kateqoriyalı 0.12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq mülkiyyət hüququna dair çıxarışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.