Məhkəmə qərarları › İş №2-1(107)-364/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-364/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-364/2023 12.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı2 nümayəndəsi İddiaçı1 iştirakı ilə, İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərarından cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən və mütəxəssislər tərəfindən sərhədləri müəyyən edilərək naturada ona tanıdılmış 0.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixdə “hüquqi yardım” məktubu ünvanlanaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. İddiaçının nümayəndəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə və torpaq sahəsinin planı və ölçüsünə əsasən mülkiyyətində olan Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən və mütəxəssislər tərəfindən sərhədləri müəyyən edilərək naturada ona tanıdılmış 0.43 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1503/2022 nömrəli qərardadı ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərardadı ilə Ağdaş rayonu Kotanarx bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “Şəki İnzibati Məhkəməsinin 2inz(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə verilmiş A441150 nömrəli planölçü sənədində qeyd edilən torpaq sahəsinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdıraraq Ağdaş rayonunun Kotanarx kəndi ərazisində yerləşən 0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında adına qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir.

7. İddia ərizəsinin əsaslarına görə, Şəki İnzibati Məhkəməsinin 10 avqust 2012-ci il tarixli qərarı ilə Ağdaş rayonunun Kotanarx kəndi üzrə islahat zamanı torpaq payı almaq hüququ olan subyektlərə hesablanmış pay torpaq sahəsinə uyğun olaraq İddiaçı2 verilmiş 0.43 hektar pay torpaq sahəsinin Ağdaş rayon Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb verilməsi və həmin 0.43 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılmışdır. Qərar qanuni qüvvəsini aldıqdan sonra Şəki İnzibati Məhkəməsinin göstərişinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ağdaş rayonunun Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondundan iddiaçıya 0.43 hektar torpaq sahəsi ayrılmış, sərhədləri müəyyən edilərək naturada ona tanıdılmış və bu barədə adına Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 677 nömrə ilə qeydiyyata alınmış seriya A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. Həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ əsasında adına qeydə aldırmaq üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

8. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2ınz(84)-1092/2012 saylı 10 avqust 2012-ci il tarixli qərarı ilə iddaçı İddiaçı2 torpaq sahəsinin ayrılması qərara alınmışdır və həmin qərar aidiyyəti qaydada icra olunaraq iddiaçıya ləğv edilmiş X2 Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən AN441150 seriya nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Məlum olduğu kimi məhkəmənin qərarında torpaq sahəsinin ayrılması nəzərdə tutulsa da, həmin torpaq sahəsinin hansı mülkiyyət formasında ayrılması qeyd edilməmişdir. Belə olan halda məhkəmə qərarının icrasından da göründüyü kimi torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilməklə cavabdeh orqan kiyafətlənmişdir. Həmin torpaq sahəsi cavabdeh orqan tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı ölçüsü sənədindən göründüyü kimi Ağdaş rayonu Kotanarx bələdiyyəsinin ehtiyat fonduna aid kənd təsərrüfatlı təyinatlı sahədə yerləşən əraziyə plan-ölçü sənədi tərtib edilmişdir. Lakin yerində müayinə zamanı müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsinin yerləşdiyi ərazilər həm konfiqurasiya cəhətdən, həm də yerləşdiyi koordinatlarda uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsinin planı-ölçüsü sənədində qeyd olunan koordinantları elektron xəritə baza məlumatlarına daxil etdikdə həmin kəndin digər sakinlərinin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi müəyyən olunur. Göründüyü kimi ləğv olunmuş DT və XK-nin Ağdaş rayon şöbəsi tərəfindən tərtib edilmiş plan-ölçü sənədində göstərilən torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna aid kənd təsərrüfatı təyinatlı kateqoriyasına aid edilir.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 fevral 2023-cü il tarixli, 2- 1(116)-177/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1 -birinci instansiya məhkəməsi oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən prosedur qaydalara əməl edilməklə həyata keçirilir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanununu 10-cu maddəsində qeyd olunduğu kimi, plan-ölçü sənədi daşınmaz əmlakın texniki göstəricilərini, yerləşmə məkanını, koordinatlarını, o cümlədən çevrə və konfiqruasiyasını müəyyən edən texniki sənəddir. Birinci instansiya məhkəməsi bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyiantlı torpaq sahəsinə birbaşa mülkiyyət hüququnu tanımaqla maddi hüquq normalarının tələblərini pozmuşdur. Məlum olduğu kimi, Azərbaycan Respubliaksının Torpaq Məcəlləsinin 56.3-cü maddəsində qeyd olunur ki, Bələdiyyənin ehtiyyat fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahələri bir qayda olaraq icarəyə verilir. İşin mahiyyətindən də məlumdur ki, hazırda vətəndaşın üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün iddialı olduğu torpaq sahəsi, bələdiyyənin ehtiyyat fonduna aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aiddir ki, birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Birinci instansiya məhkəməsi həmçinin qərar qəbul edərkən prossesual hüquq normalarınında tələblərini pozmuşdur ki, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən eyni zamanda, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun, “Bələdiyyələ dair Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 23 oktyabr 2007-ci il tarixli 466-İİİQD saylı Qanununun 9-cu maddəsinin müddəalarında qeyd olunduğu kimi, Bələdiyyənin ehtiyyat fonduna aid kənd təsərrüfat tərinatlı torpaq sahələri bir qayda olaraq prosedur qaydalara əməl olunmaqla yalnız icarəyə verilir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən bu halı nəzərə almamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi İddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

16. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 saylı 10 avqust 2012-ci il tarixli qərarından görünür ki, Ağdaş rayonunun Kotanarx kəndi üzrə islahat zamanı torpaq payı almaq hüququ olan subyektlərə hesablanmış pay torpaq sahəsinə uyğun olaraq İddiaçı2 verilməmiş 0,43 hektar pay torpaq sahəsinin Ağdaş rayon Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabma ayrılıb verilməsi və həmin 0,43 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılmışdır. - A441150 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəki İnzibati- İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 saylı 10 avqust 2012-ci il tarixli qərarına əsasən İddiaçı2 4300 kv.m torpaq sahəsi ayrılmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli **********31 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin “X1 X3”ndə mövcud olan xəritəsində JN- 61, JN-66, JN- 68, JN-246C, JN-247C, JN-248C, JN-249C və JN-250C saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları əsasında mülkiyyətə verilmiş torpaq sahələri ilə üst-üstə düşür, Elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin “X1 X3”ndəki xəritəsinə əsasən iddiaçının naturada göstərdiyi 0.5667 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı təyinatlı torpaqlar, (ümumi istifadədə olan ), uqodiyası təmiz örüş, mülkiyyətçisi Ağdaş rayonu Kotanarx bələdiyyəsi. Torpaq sahəsinin istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Ağdaş rayonu, Kotanarx bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsi ilə üst-üstə düşür, İddiaçının naturada göstərdiyi 0.5667 ha torpaq sahəsi A 441150 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi A 441150 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş torpaq sahəsi ilə (əvvəlki DWJ məlumat bazasına uyğun olaraq) üst-üstə düşmür.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur 10.2 və 10.2.1-ci maddələrinə müvafiq olaraq qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

19. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Cavabdeh orqanın apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

27. Belə ki, işin hallarından görünür ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi marağı Şəki İnzibati-İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə ona ayrılmış 0.43 ha pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır.

28. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir.

29. Cavabdeh orqan sözügedən torpaq sahəsinin ayrılması ilə bağlı məhkəmə qərarında həmin torpaq sahəsi üzərində qeydə alınmalı hüquqla bağlı hər hansı qeydin olmadığını bildirir və hesab edir ki, məhz buna görə də torpaq sahəsinə yalnız plan-ölçü sənədinin hazırlanması ilə kifayətlənmişdir. Məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, istinad olunan qərarda Ağdaş rayon Kotanarx kəndində aqrar islahat aparılan zaman adambaşına düşən torpaq payı 0.43 ha müəyyən edilmiş, İddiaçı2 adının texniki səhv nəticəsində pay torpaq almaq hüququ olan subyektlərin siyahısına salınmamasına hüquqi qiymət verilərək 0.43 ha pay torpaq sahəsinin Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondu hesabına ayrılıb iddiaçıya verilməsi qərara alınmışdır. Yəni, torpaq sahəsinin iddiaçıya mülkiyyət hüququ ilə ayrılması sözügedən qərarda vurğulanmışdır. Cavabdeh orqan iddia olunan torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı, uqodiyasının isə örüş olmasını qeyd etsə də, işdə olan A441150 №-li plan ölçü sənədinin qaiməsində də 4300 kv.m torpaq sahəsinin örüş olduğunu qeyd etmişdir. Həmçinin cavabdeh orqan qeyd edir ki, həmin plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin koordinatları digər subyektlərə məxsus torpaq sahələri ilə üst-üstə düşür. Belə olan halda müəyyən edilir ki, Kotanarx kəndi üzrə digər subyektlərə verilmiş torpaq sahələrinin də uqodiyası örüş olmuş, lakin cavabdeh orqan həmin torpaq sahələrinə Dövlət Aktı tərtib etmişdir.

30. Cavabdeh orqanın apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi bələdiyyənin ehtiyat torpaq fondu torpağı olduğu üçün mülkiyyətə verilə bilməz.

31. Məhkəmə kollegiyası cavabdeh orqanın həmin dəlili ilə razılaşmayaraq qeyd edir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin İNZ(84)-1092/2012 saylı xx.xx.2012-ci il tarixli qərarı ilə məhz iddiaçıya Ağdaş rayonunun Kotanarx bələdiyyəsinin ehtiyat torpaq fondunun torpaqlarından 0.43 ha torpaq sahəsinin verilməsi qərara alınmış, həmin qərar qanuni qüvvəsini almışdır. Qanuni qüvvəyə minmiş qərarın icrası isə məcburidir.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.4-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

33. Cavabdeh orqanın mütəxəssis rəyinə əlavə etdiyi yerquruluşu planı ilə müəyyən olunur ki, A441150 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsi 8 mülkiyyətçiyə aid torpaq sahəsinin ərazisindən keçməklə ərazinin istifadə vəziyyətinə və torpaqların bölgüsü qaydasına uyğun deyil. Bu isə həmin plan-ölçü sənədində qeyd edilmiş koordinatların düzgün olmamasını birbaşa sübut edir.

34. Eyni zamanda cavabdeh orqan iddiaçının naturada istifadə etdiyi torpaq sahəsinin sxemini də məhkəməyə təqdim edir. Bununla belə A441150 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin məkan göstəriciləri ilə faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluğun istinad olunan 818№-li Fərmanın tələbləri baxımından aradan qaldırılmasını təmin etmir.

35. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il 818№-li Fərmanının 2.3.3-cü bəndində X1 X3nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki ... şəxslərin ... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması zamanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, X1 X3ndə zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməli olması qeyd edilmişdir.

36. Odur ki, istinad olunan Fərmanın tələbləri baxımından iddiaçının texniki sənədlərindəki (plan-ölçü) məkan göstəriciləri ilə torpaqdan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların yerquruluşu qaydasında aradan qaldırılması cavabdeh orqanın vəzifəsi olduğundan, iddiaçı, A441150 nömrəli planölçü sənədinin əsas döngə nöqtələrinin koordinatlarına uyğun düzəliş edilməklə faktiki istifadə vəziyyətinə uyğun qeydiyyatın aparılmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.

37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuş, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “0.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(116)-177/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar