Məhkəmə qərarları › İş №2-1(107)-365/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-365/2020

01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-365/2020 01.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X4 hüquq məsləhətçisi Ömərov Rəfael Ömər oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı “JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin (ayrıca planşet nömrəli) ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə (torpaq sahəsinin planı və ölçüsü) sənədlərinin verilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(84)- 1440/2019 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN- 1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə (torpaq sahəsinin planı və ölçüsü) sənədlərinin verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə müraciət etmiş, lakin, xx xxxxx 2018-ci il tarixli, **********76 nömrəli məktubla həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatından imtina olunmuşdur. Hüquqların dövlət qeydiyyatından imtina olunması üçün əsas isə fərdi yaşayış evinin Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda, Balakən rayon X1 qərarına əsasən mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyantlı torpaq sahəsinin (pay torpağının) üzərində yerləşməsi olmuşdur. Qeyd olunan fərdi yaşayış evi 1988-ci ildə inşa olunmuşdur. Lakin islahat zamanı texniki səhv nəticəsində həyətyanı torpaq sahəsinin ölçülərində müəyyən qədər dəyişikliklər edilmiş, nəticədə mülkiyyətində olan həyətyanı və pay torpaq sahələrinin cizgiləri düzgün işlənilməmişdir. Hesab edir ki, həmin uyğunsuzluq texniki səhv nəticəsində yarandığından və burada heç bir üçüncü şəxsin hüquqları pozulmadığından həmin texniki səhvin aradan qaldırılması mümkündür. Cavabdeh iddiaya qarşı etiraz göndərməmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Birinci instansiya məhkəməsi iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, onun təmin olunmasını xahiş etmişdir. Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1440/2019 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı “JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin (ayrıca planşet nömrəli) ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə (torpaq sahəsinin planı və ölçüsü) sənədlərinin verilməsi”tələbinə dair iddiası mümkün sayılmamışdır Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1440/2019 saylı qərardadından İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-60/2020 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyəti təmin edilməmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-1(84)-1440/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-60/2020 saylı qərardadından İddiaçı və vəkili şərifov Samir Cuma oğlu kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(102)- 1035/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(107)-60/2020 saylı qərardadı ləğv edilmiş və iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Apelyasiya şikayətinin dəlilləri İddiaçı tərəf apelyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı X3rşı "cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanmda Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı X4 üzərinə "JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-1440 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin (ayrıca planşet nömrəli) ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə "torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin verilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)- 1440/2019 iş nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli, 2- 1(84)-1440/2019 iş nömrəli qərardadını onunla əsaslandırmışdır ki, o Balakən Rayon X1 xx xxxxx 1998-ci il tarixli, 05 nömrəli qərarından şikayət müddətini ötürdüyüm üçün iddiam mümkün sayılmamalıdır. Halbu ki, onun iddiası Balakən Rayon X1 xx xxxxx 1998-ci il tarixli, 05 nömrəli qərarından yox, JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN1440 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin (ayrıca planşet nömrəli) ölçülərinin və yerləşmə vəziyyətinin düzgün olmaması səbəbindən ləğv edilməsini və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə "torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin verilməsini istəməyimdən ibarət olmuşdur. Belə ki, iddia ərizəsindən də göründüyü kimi, Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi üzərində hüquqlarımın daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmişdim, lakin, xx xxxxx 2018-ci il tarixli, **********76 nömrəli məktubla həmin əmlak üzərində hüquqlarımın dövlət qeydiyyatından imtina olunmuşdur. Hüquqlarımın dövlət qeydiyyatından imtina olunması üçün əsas isə fərdi yaşayış evimin Balakən rayonu Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənarda, Balakən rayon Aqrar islahatKomissiyasının qərarma əsasən mülkiyyətimə verilmiş kənd təsərrüfatı təyantlı torpaq sahəsinin (pay torpağının) üzərində yerləşməsi olmuşdur. Diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd olunan fərdi yaşayış evi 1988-ci ildə inşa olunmuşdur. Lakin, islahat zamanı texniki səhv nəticəsində həyətyanı torpaq sahəmin ölçülərində müəyyən qədər təhriflərə yol verilmiş, nəticədə mülkiyyətimdə olan həyətyanı və pay torpaq sahələrinin cizgiləri düzgün işlənilməmişdir. Hesab edirəm ki, həmin uyğunsuzluq texniki səhvə nəticəsində yarandığından və burada heç bir üçüncü şəxsin hüquqları pozulmadığmdan həmin texniki səhvin aradan qaldırılması mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, JN seriyalı 128F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin cizgilərində olan texniki səhvi aradan qaldıraraq, fərdi yaşayış evi üzərində hüquqlarımm daşmmaz əmlakm dövlət reyestrində qeydiyyata alınması tələbi ilə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakm Dövlət Reyestri Xidmətinin 18 saylı X5 müraciət etdim, lakin, iş üzrə cavabdeh inzibati orqan xx xxx 2018-ci il tarixli, **********93 nömrəli məktubla torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə həyətyanı torpaq sahəsinin cizgilərində olan texniki səhvi aradan qaldıraraq, fərdi yaşayış evi üzərində hüquqlarımın daşınmaz əmlakm dövlət reyestrində qeydiyyata alınmasından növbəti dəfə imtina etdi. Apelyasiya instansiyasının diqqətinə çatdırmaq istəyirəm ki, əvvəllərdə analoji işlərlə bağlı Şəki İnzibati-İqtisadi Məhkəməsinin icraatında işlər olmuş və həmin iddialar mümkün sayılaraq mahiyyət üzrə baxıb qərar qəbul olunmuşdur.(Misal: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(84)-60/2017 nömrəli qərarı; Şəki Apelyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasmm xx xxx 2018-ci il tarixli, 2-1(107)-18/2018 nömrəli qərarı; Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli, 2-1(102)-1708/2019 nömrəli qərarı). Odur ki, Azərbaycan Respublikası Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(84)-1440/2019 qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün işin Şəki İnzibati- iqtisadi Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X4 hüquq məsləhətçisi Ömərov Rəfael Ömər oğlu Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli,2-1(84)-1440/2019 qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün işin Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş,gəlməməsinin üzrlü səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası İddiaçı iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 62-ci maddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası xx xxxx 2020-ci il tarixli 2-1(102)-1035/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(107)-60/2020 nömrəli qərardadınıləğv edib işi yeni apellyasiya baxışına qaytararkən, işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən etmişdir. Məhkəmə kollegiyası hesab edir ki,iş üzrə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə iş materiallarına uyğun deyildir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia növü üzrə iddia müddəti nəzərdə tutulmamışdır. Odur ki, iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamaqla məhkəmə haqlı olmamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı ona 0,16 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə Balakən rayon X1 xx xxxxx 1998-ci il tarixli 05 nömrəli qərarını mübahisələndirmir. İddia ərizəsində və apelyasiya şikayətində izah olunur ki, iddiaçıya verilmiş bu torpaq sahələri müvafiq dövlət aktının və şəhadətnamənin plan-ölçü (planşet) bölməsində faktik vəziyyətinə uyğun yox, fərqli yerlərdə əks olunmuşdur və bu səbəbdən 1988-ci ildən inşa etdiyi evin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi göstərilmişdir. İşin bu faktik hallarına əsaslanmaqla iddiaçı, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 128F nömrəli şəhadətnamənin və torpağa mülkiyyət hüququna dair JN-1440 nömrəli dövlət aktının həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin ləğv edilməsini tələb etmişdir. Nəzərə alınmalıdır ki, torpağın mülkiyyətə verilməsinə dair dövlət aktları və şahadətnamələrin hazırlanması aqrar-islahat komissiyaları tərəfindən deyil, yerquruluşu orqanları tərəfindən həyata keçirilirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sovxoz, kolxoz vədigər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının keyfiyyəti nəzərə alınmaqla torpaq paylarının müəyyən edilməsi haqqında Əsasnamə»nin 7-ci bəndində deyilirdi ki, hər bir vətəndaşa (ailəyə) düşən torpaq payının sərhədini dövlət yerquruluşu xidməti yer üzərində göstərir, mərzlə ayırır, qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə verilən torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayır və onlara təqdim edir (bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2016-cı il tarixli 786 nömrəli Fərmanı (“Respublika” qəzeti, xx xxxxxx 2016-cı il, № 38) ilə ləğv edilmişdir). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdirilən torpaqlarının mülkiyyətçilərinə torpağa mülkiyyət hüququna dair dövlət aktı (1 nömrəli əlavə) verilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilir. Torpağa mülkiyyət və istifadə hüququna dair dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında (5 nömrəli əlavə) əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. Dövlət aktlarının və şəhadətnamələrin hazırlanmasına, verilməsinə, dövlət qeydiyyat kitablarının doldurulmasına, habelə saxlanılmasına ümumi rəhbərlik və nəzarəti Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi həyata keçirir (adı çəkilən Əsasnamənin 11 və 13-cü bəndləri). Ona görə də məhkəmələrin yalnız aqrar-islahat komissiyasının qərarından şikayət vermə müddətinin ötməsinə istinad etməklə iddianı qeyri-mümkün sayması işin hallarının tam araşdırılması prinsipinə uyğun deyildir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkün sayılmaması, şəxsin məhkəmə müdafiəsi hüququ ilə bilavasitə bağlı olduğuna görə hər bir halda məhkəmələr bu araşdırmanı tam, hərtərfəli və dəqiq aparmalıdır və bu zaman iddiaçıya hüquqi yardım göstərməyə borcludurlar. İddiaçının öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail olması mümkündürsə, məhkəmə yardım etmək vəzifəsinə əməl etməlidir. Nəzərə alınmalıdır ki, 2016-cı ilin fevral ayına qədər qüvvədə olmuş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”nin 8-ci bəndinə görə verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağan idi. Həmin bənddə eyni zamanda qeyd olunurdu ki, dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır. Yəni qanunvericilik şəhadətnamə və dövlət aktı işlənərkən yol verilən səhvlərin, həmin şəhadətnamə və ya aktın «ləğv olunması» yolu ilə deyil, «düzəliş edilmə» yolu ilə aradan qalırılmasının mümkünlüyünü müəyyən etmişdi. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı ilk dəfə cavabdehə müraciət edərək, Qullur kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki yaşayış evinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsini xahiş etmişdir. İnzibati orqan bundan imtina etmiş və iddiaçıya xx xxxxx 2018-ci il tarixdə məktub göndərərək bildirmişdir ki, ərizənin icrası ilə əlaqədar aparılmış kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış zamanı məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulmuş fərdi yaşayış evi JN seriyalı 128F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə ona məxsus olan 0,10 ha həyətyanı torpaq sahəsinin hüdudlarından kənara, mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə düşür. Bundan sonra iddiaçı DƏDRX-nin 18 saylı X5 müraciət edərək, JN seriyalı 128F saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan torpaq sahəsinin cizgilərində texniki səhvin aradan qaldırılaraq həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının həmin müraciətinə xx xxx 2018-ci il tarixli məktubla cavab verərək bildirmişdir ki, ilkin təqdim etdiyi sənədlərin təkrar araşdırılması zamanı, qeydə alınmasını tələb etdiyi evin ona məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. Odur ki, mülkiyyətində olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin ona məxsus olmasını təsdiq edən hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edildiyi təqdirdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8 və 10-cu maddələrinin tələblərinə uyğun olaraq vahid daşınmaz əmlak kimi torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. Göründüyü kimi iddiaçının inzibati orqana məhkəməyədək müraciətləri hazırki iddiada göstərilən məzmunda (JN seriyalı 128 F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-1440 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının həyatyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi) deyil, yaşayış evi ilə birlikdə qeydiyyata alınması barədə olmuşdur. Yəni hazırda nail olmaq istədiyi hüquqi nəticə üçün onun inzibati orqana müraciəti və inzibati orqanın bundan imtinası yoxdur. Əksinə inzibati orqanın ikinci cavabından görünür ki, inzibati orqan təkrar araşdırmadan sonra iddiaçıya evə dair ilkin hüquqmüəyyənedici sənədləri təqdim etməyi təklif etmişdir. Məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxarkən işin bu halına da qiymət verməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apelyyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iddia müddətinin ötürülməsi barədə gəldiyi nəticəni qəbul edib qərardadı dəyişdirilmədən qüvvədə saxlayarkən işin hallara tam araşdırılmamışdır. Ali Məhkəmənin sözügedən qərarında işə təkrar baxılarkən nəzərə alınmalı prosessual normalar göstərilmişdir. İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin göstərişləri ilə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini mümkünsüz hesab etməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın mənasından göründüyü kimi, iddia o zaman məhkəmə tərəfindən mümkün sayılır ki, ərizədə inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmış olsun. Həmin normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, qanunverici mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddiaların mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmasını mütləq şərt kimi göstərmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır….subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxx 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” qərarına əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Kollegiya qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hazırkı halda iddiaya baxılmasından ötrü birinci instansiya məhkəməsinin qeyd etdiyi mümkünlük üçün nəzərdə tutulan şərtlər mövcud olduğu halda birinci instansiya məhkəməsi həmin əsasla iddianı mümkün saymamaqla səhvə yol vermişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2-ci maddə). Sədrlik edən hakim şifahi məhkəmə baxışı başlayana qədər, hüquqi mübahisənin bir şifahi məhkəmə iclası çərçivəsində həll olunması (mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul olunması) üçün bütün zəruri tədbirləri görməlidir. Bu məqsədlə sədrlik edən hakim aşağıdakı hərəkətləri edə bilər: zəruri sənədləri (arayışları, məlumatları) toplamaq (49.1.3-cü maddə). İPM-in 87.7-ci maddəsinə görə, inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə, apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Beləliklə, yuxarıda şərh edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla səhvə yol vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmalıdır. Apellyasiya şikayəti təmin edilməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2-1(84)- 1440/2019nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar