Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-366/2021 31.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı onun təmsilçi kimi ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı müraciətinin 25 sentyabr 2020-ci il tarixinə rəsmi olaraq qəbul olunması, bu barədə ona müvafiq bildirişin təqdim edilməsi və ünvanlı sosial yardım üzrə işçi tərəfindən müraciətdə qeyd olunan məlumatların VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərardadı qəbul etdi: Təsviri hissə: İddiaçı 25.09.2020-ci il tarixdə müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada ərizə və digər sənədlərlə ünvanlı dövlət sosial yardımının alınması üçün cavabdehə rəsmi müraciət etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 05.10.2020-ci il tarixli **********1 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin verdiyi ailə tərkibi haqqında arayış əsasında notariat orqanı tərəfindən təsdiq edilmiş ərizə ilə sosial yardımın alınması üçün müraciət edə bilər. Bununla əlaqədar olaraq təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizə-bəyannamə”ni dolduraraq “Ünvanlı yardım” (VEMTAS) alt sisteminə göndərir. Həmin Qaydaların 3.1-ci bəndinə uyğun olaraq sosial yardımın alınması ilə bağlı edilmiş müraciətlər VEMTAS tərəfindən araşdırılır və qəbul edilmiş müvafiq qərarlar barədə məlumat “Ərizə-bəyannamə”də qeyd olunmuş əks-əlaqə vasitəsinə göndərilir. İddiaçı ailəsinə ünvanlı dövlət sosial yardımının təyin edilməsi hüququna baxılması üçün elektron qaydada www.sosial.gov.az və www.e-gov.az internet portalları vasitəsi ilə müraciət edə bilər. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına qarşı iddia ərizəsi ilə Şəkin İnzibati Məhkəməsinə müraciət edərək, “onun təmsilçi kimi ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı müraciətinin 25 sentyabr 2020-ci il tarixinə rəsmi olaraq qəbul olunması, bu barədə ona müvafiq bildirişin təqdim edilməsi və ünvanlı sosial yardım üzrə işçi tərəfindən müraciətdə qeyd olunan məlumatların VEMTASa daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh müvafiq qanunvericilik aktı ilə üzərinə düşən vəzifəni yerinə yetirməmiş, iddiaçının müraciəti barədə ona müvafiq bildirişi təqdim etməmiş, müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda cababdehin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənməmişdir. O, bir neçə gün ərzində elektron müraciət etmək istəsə də, VEMTAS daima bağlı və ya qəsdən bloklanmış vəziyyətdə olmuşdur. buna nail ola bilməmişdir Cavabdeh orqanın məhkəməyə ünvanladığı 08.01.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, İddiaçı ünvanlı sosial yardımın təyin olunması ilə bağlı elektron ərizə ilə müraciət etmişdir. Lakin onun müraciəti qanunvericiliyə uyğun olaraq başa çatdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 2.3-cü maddəsinə əsasən Sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial" internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. İddiaçı ərizəbəyannaməsində olan məlumatlar isə tam olmadığına görə VEMTAS tərəfindən təsdiq edilməmiş və sənəd təsdiq edilmədiyindən vətəndaşa cavab vermək mümkün olmamışdır. Qanunvericiliyin tələblərindən və işin faktiki hallarından göründüyü kimi, iddiaçı ünvanlı sosial yardımla bağlı müraciətini tamamlamamış və məhkəməyə müraciət etmişdir. İddiaçı yalnız göstərilən qaydalara uyğun olaraq müraciəti həyata keçirdiyi halda müraciət VEMTAS tərəfindən qeydiyyata alınır və istifadəçinin ekranına bu barədə məlumat göndərilir. İş materiallarında olan DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının məhkəməyə ünvanladığı 16.05.2021-ci il tarixli, **********2 nömrəli məktubda qeyd edilir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı müraciətinin 25.09.2020-ci il tarixinə rəsmi olaraq qəbul olunması, bu barədə bildirişin ona təqdim edilməsi və ünvanlı sosial yardım üzrə işçi tərəfindən müraciətdə qeyd olunan məlumatların gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin Göyçay rayon şöbəsinə (hazırkı 13 saylı RƏF) ərizə-bəyannamə ilə müraciətinə ona 09.09.2020 tarixli **********9 №li məktubla göndərilmiş olan təmsilçilik ərizəsi və ailə tərkibinə əsasən ailənin gəlirləri, əmlakı, ailənin əmək qabiliyyətli üzvlərinin işləyibişləməməsi öz əksini tapmadığından qeyd olunan məlumatların doldurularaq Nazirliyin “Elektron xidmətlər” portalında yerləşdirilmiş VEMTAS vasitəsilə göndərilməsi tövsiyə olunmuşdur. İnzibati orqanın cavab məktubuna uyğun olaraq ərizəçi (iddiaçı) məktubda qeyd olunan tövsiyyələrə uyğun olaraq 30.09.2020 tarixində, 17:17:09 radələrində elektron müraciətini (**********90101) doldurmağa başlamışdır. Ərizəçinin **********90101 №li müraciətinin təsdiqlənməməsinin səbəbi Şöbənin məktubunda qeyd etdiyi məlumatların təkrarən doldurulmaması olmuşdur. Qeyd olunan hal, ərizəçinin elekton ərizəsinin çıxarışındakı boş qalmış xanalardan açıq-aydın görünür (hazırki məktuba əlavə olunur). Məhkəmə sərəncamının verildiyi tarixə (19.11.2020) artıq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 37 №li Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na dəyişiklik edilməsi haqqında Qərar qəbul edilmiş (07.11.2020) və ərizəçinin ərizəsinin kağız formatda Şöbə və ya Mərkəzlər tərəfindən qəbul edilməsini nəzərdə tutan 2.3, 2.4, 2.5 bəndləri ləğv edilmişdir. Şəki İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(116)-372/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialına (hazırda 13 saylı regional ərazi filialı) qarşı “onun təmsilçi kimi ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı müraciətinin 25 sentyabr 2020-ci il tarixinə rəsmi olaraq qəbul olunması, bu barədə ona müvafiq bildirişin təqdim edilməsi və ünvanlı sosial yardım üzrə işçi tərəfindən müraciətdə qeyd olunan məlumatların VEMTASa daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə Şəki İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(116)-372/2021 saylı qərardadından apellyasiya şikayəti verərək şikayətin təmin edilməsi, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni məzmunda olmuşdur. Proses iştirakçılarının izahatları: İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə əsasən, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İş materiallarını araşdırıb məhkəmə kollegiyası belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(116)- 372/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşə əlavə edilmiş materiallardan aydın olur ki, ərizəçinin inzibati orqana etdiyi müraciətinə cavab olaraq tövsiyə edilmiş hərəkətlər ərizəçi tərəfindən natamam olsa da icra edilmişdir və inzibati orqanın ərizəçiyə ünvanladığı məktubun məzmunu onun tələbinin icra edilməməsi anlamına gəlməməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli Qərarına əsasən iddianın mümkünlüyü məsələsinə baxılarkən iddia tələbi üzrə subyektiv hüququn olub-olmaması və cavabdehin imtinasının olub-olmamasına əsas şərtlərdəndir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi, Nümayəndə qeyri-rəsmi işlədiyini qeyd etmiş, həmçinin axır nəticədə arzusunun 25.09.2020-ci il tarixdən qardaşına yardım təyin edilməsi olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı ona 25.09.2020-ci il tarixdən ünvanlı sosial yardımın təyin edilməsindən ibarətdir. İddiaçı iş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdehə ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı müraciət etmiş və axır nəticədə arzuladığı nəticəyə çatmamışdır. Cavabdehin ona ünvanladığı məktublar onun müraciətinin təmin edilməsindən imtina kimi qəbul olunmasa da, faktiki olaraq onun müraciətinin qanunvericiliklə müəyyən olunmuş müddətdə cavablandırılmamasına səbəb olmuşdur. Vətəndaşa münasibətdə qeydrimüəyyən tələblərin irəli sürülməsi və ifrat formallığa yol verilməsi İnzibati icraat haqqında qanunvericiliyin tələblərinə ziddir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı ünvanlı sosial yardımın təyin olunmasından faktiki imtina olunması səbəbi ilə ona yardımın təyin edilməsi öhdəliyinin düzgün cavabdehə qarşı yönəltməklə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) arzuladığı nəticəyə, yəni ona 25.09.2020-ci il tarixdən ünvanlı sosial yardımın təyin edilməsinə nail ola bilər. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, öhdəliyin icrası haqqında iddialara baxarkən hazırda qüvvədə olan normaların tələblərinə uyğun icraat aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na dəyişiklik edilməsi haqqında 07.11.2020-ci il tarixində Qərar qəbul edilmiş və ərizəçinin ərizəsinin kağız formatda Şöbə və ya Mərkəzlər tərəfindən qəbul edilməsini nəzərdə tutan 2.3, 2.4, 2.5-ci bəndləri ləğv edilmişdir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli 477 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə X1 və X3 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Göründüyü kimi, ünvanlı dövlət sosial yardımı Dövlət Sosial Müdafiə Fondu və ya onun yerli şəhər, rayon şöbələri tərəfindən deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaradılan və onun yanında olan VEMTAS sistemi tərəfindən təyin edilir və ya bundan imtina edilir. Belə olan halda, DSMF-nin Mingəçevir şəhər şöbəsi hazırki iş üzrə cavabdeh deyildir. Hazırki iş üzrə cavabdeh VEMTAS sisteminin yaradıcısı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. İddiaçının müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri ailə üzvünün əmək qabiliyyətini itirməsi, əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması, ailə üzvünün vəfat etməsi, ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, ailə üzvünün azadlıqdan məhrum edilməsi və ailə üzvünün olduğu yerin məlum olmaması səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur. 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsini (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi də daxil olmaqla bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıbalınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. 87.6-cı maddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün yetərli deyildir, Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti edilməmli, Şəki İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(116)-372/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(116)-372/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərаrdаddаn rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsi (AZ-5507, Şəki şəhəri, Salman Mümtaz küçəsi) vаsitəsilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-366/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-366/2021
31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver