Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-366/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, həmin qərar əsasında hesablanmış borcun iddiaçının şəxsi hesab vərəqindən silinməsinin cavabdehə tapşırılması" barədə iddiasına dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-842/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********148218 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ına əsasən, "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə fevral 2019-may 2021-ci il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.
2. Həmin yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndə qeydə alınmış və reyestrdən xx.xx.2021-ci il tarixli KY211590065 nömrəli çıxarış verilmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli **********149314 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında qərar"ı ilə "xxxx" MMC-dən X1 mütəxəssis kimi dəvət olunması və mütəxəssis qarşısında aşağıdakı sualın qoyulması qərara alınmışdır: xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrdə vergi ödəyicisinə məxsus Qax rayonu Əmbərçay kəndində yerləşən asfalt zavodunda istifadə olunmuş elektrik enerjisinin, xammalmaterialların miqdarına və istehsal avadanlıqlarının gücünə görə istehsal edilən məhsulların həcminin müəyyən edilməsi.
4. "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkəti cavabdehə təqdim etdiyi xx.xx.2021-ci il tarixli MB13-518 nömrəli mütəxəssis rəyində bildirmişdir ki, aparılan araşdırmalar və hesablamaların nəticəsi olaraq xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrdə "xxxx" MMC-yə məxsus Qax rayonu Əmbərçay kəndində yerləşən asfalt zavodunda istifadə olunmuş elektrik enerjisinin, xammal-materialların miqdarına və istehsal avadanlıqlarının gücünə görə istehsal edilən məhsulların həcmi müəyyən edilmişdir.
5. Bundan sonra xx.xx.2021-ci ildə cavabdeh tərəfindən **********148333 nömrəli "Səyyar vergi yoxlaması aktı" tərtib edilmiş, xx.xx.2021-ci ildə isə **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar" qəbul edilmişdir. Həmin qərarla iddiaçı "xxxx" MMC-yə 101268,26 manat əlavə vergi və 62138,35 manat maliyyə sanksiyası hesablanmışdır.
6. İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinə qarşı "xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ın ləğv edilməsi, həmin qərar əsasında hesablanmış borcun iddiaçının şəxsi hesab vərəqindən silinməsinin cavabdehə tapşırılması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçı həmin iddianı belə əsaslandırmışdır ki, Vergi Məcəlləsində vergitutma bazasının vergi ödəyicisinin faktiki enerji sərfiyyatına görə müəyyənləşdirilməsi qaydası nəzərdə tutulmamışdır. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən, məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb digər (xammal və materiallar, qaytarılmış tullantılar, texniki məqsədlər üçün yanacaq, enerji və su, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya, ümumi sex xərcləri, ümumi zavod xərcləri, zay məhsul və itkilər, sair istehsalat xərcləri, əmtəəlik məhsulun tam maya dəyəri) xərc elementlərindən ibarət olduğundan, enerji sərfiyyatına görə istehsal həcminin müəyyən edilməsi və bunun əsasında vergi məbləğinin müəyyən edilməsi qanunsuzdur.
8. Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsi iddianı qəbul etməyərək, iddiaya qarşı xx.xx.2022-ci il tarixli etirazında bildirmişdir ki, mübahisələndirilən qərar qəbul edilərkən heç bir qanun pozuntusuna yol verilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-842/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 13 saylı Ərazi Vergi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********148218 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisində növbədənkənar (VM 38.3.5) səyyar vergi yoxlaması təyin edilmiş və sonradan həmin qərara edilmiş xx.xx.2021-ci il tarixli **********151288 nömrəli dəyişiklik də nəzərə alınmaqla (yoxlayıcının başqa vəzifəyə təyin edilməsi ilə bağlı yoxlayıcılar siyahısına dəyişiklik edilməsi zərurəti ilə əlaqədar), yoxlama müddəti 12 iyul 2021-ci il tarixində başlanmış və 10 noyabr 2021-ci il tarixində başa çatdırılmışdır. 12 noyabr 2021-ci il tarixdə yoxlama aktı tərtib edilmiş və 29 dekabr 2021-ci il tarixdə isə məsuliyyətə cəlb etmə qərarı qəbul edilmişdir (yoxlama ilə əhatə olunan vergi dövrü: Fevral 2019 - May 2021). Səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmış və reyestrdən 12 iyul 2021-ci il tarixli, KY211590065 nömrəli Çıxarış verilmişdir. Yoxlama nəticəsində iddiaçıya aşağıdakı vergi məbləğləri hesablanmış və onların yayındırılmasına görə maliyyə sanksiyaları tətbiq edilmişdir: • 26243,38 manat mənfəət vergisi: • 74961,88 manat əlavə dəyər vergisi (ƏDV); • 63,0 manat ödəmə mənbəyində tutulan vergi (ÖMV); • vergi məbləğlərinin yayındırılmasına görə ümumilikdə tətbiq edilmiş 62138,35 manat maliyyə sanksiyası.
12. Hesablanmış vergilərin hesablanma əsasları ilə bağlı aşağıdakıları bildirmişlər:
13. Vergi ödəyicisinin vergi orqanına təqdim etdiyi ilkin mühasibat sənədləri və digər zəruri sənədlər araşdırılarkən həmin sənədlərin yoxlama dövrü üzrə müəssisənin fəaliyyətini tam əhatə etmədiyi və müəssisənin xərclərinin uçot-hesabat sənədlərində tam əks etdirilmədiyi müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş müvafiq mənfəət vergisi bəyannaməsində xərclərin tam əhatə olunmadığı və xərclərin artıq göstərildiyi müəyyən olunmuşdur. Bundan əlavə səyyar vergi yoxlamasının gedişatı ilə bağlı sənədlər vergi ödəyicisi tərəfindən tam deyil, natamam qaydada vergi orqanına rəqdim olunmuşdur. Bildirilmişdir ki, müəssisənin anbar hesabatı, malların təsərrüfatdaxili yerdəyişmə qaiməsi və istehsal olunmuş məhsulların vahidinə çəkilən xərclərin bölgüsü barədə məlumatlar (kalkulyasiya) yoxlamaya təqdim edilmədiyindən, istifadə olunmuş məhsula sərf olunmuş xammal və materialın, eləcə də vergi ödəyicisinin iddia ərizəsində qeyd etdiyi digər ümumi və sair istehsalat xərclərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, vergi ödəyicisinin yoxlama dövrünə aid mühasibatlıq sənədlərində vergidən yayınma hallarının müəyyən edildiyi və vergi qanunvericiliyinin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə Vergi Məcəlləsinin 23 və 43-cü maddələrinə əsasən vergi orqanı tərəfindən “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 15 oktyabr 2021-ci il tarixli, **********150679 nömrəli Qərar qəbul edilmişdir. Həmin qərar əsasında vergi ödəyicisi tərəfindən yoxlama dövründə yerinə yetirilmiş (görülmüş) işlərə dair “Forma-2” sənədlərin (54 vərəqdə), mal-material alışına dair müqavilələr (5 vərəqdə) və malların təqdim edilməsinə dair müqavilələrin (6 vərəqdə) surətləri yoxlayıcıya təqdim olunmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi anbar hesabatı, malların təsərrüfatdaxili yerdəyişmə qaiməsi və istehsal olunmuş məhsulların vahidinə çəkilən xərclərin bölgüsü barədə məlumatlar (kalkulyasiya) sənədləri, eləcə də xx.xx.2021-ci il tarixli qərarda qeyd edilmiş digər sənədlər yoxlamaya təqdim olunmamışdır. Yəni, göründüyü kimi sənədlər natamam qaydada yoxlamaya təqdim edilmiş və nəticədə xərc sənədlərini tam müəyyən etmək mümkün olmamışdır. Məhz buna görə də “Sənədlərin və nümunə kimi əşyaların verilməsindən imtina barədə” 25 oktyabr 2021-ci il tarixli, **********150904 nömrəli Akt (İmtina aktı) tərtib edilmişdir. Bir daha qeyd olunur ki, vergi ödəyicisi tərəfindən xərc maddələrini təsdiq edən sənədlər natamam qaydada yoxlamaya təqdim edildiyindən və eləcə də yoxlama dövründə təqdim edilmiş müvafiq mütəxəssis rəyinə əsasən əlavə istehsal həcmi müəyyən olunduğundan, vergilər şərti rentabellik səviyyəsi götürülməklə hesablanmışdır. Belə ki, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadıqda, həmin mənfəətin hesablanması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması" Qaydalarına müvafiq olaraq aparılır. İşin yuxarıda müəyyən olunmuş faktiki hallarını nəzərə alaraq hesab etmişlər ki, məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarını iş üzrə tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Məhkəmə kollegiyası xidməti vəzifəsinə görə işdə olan sübutlarla kifayətlənməməli olduğu halda, əlavə araşdırma aparıb sübutlar tələb edib obyektiv həqiqəti müəyyən etməli olduğu halda, heç bir hərəkət nümayiş etdirmədən, real həqiqətin müəyyən edilməsi üçün ağlabatan səylər göstərmədən sadəcə işdə olan sübutlarla kifayətlənmişdir. Hesab etmişlər ki, inzibati məhkəmə icraatı sahəvi prinsiplərindən irəli gələrək obyektiv həqiqətin müəyyən edilməsi üzrə vəzifəli və yüklü olduğu üçün əsaslı şübhədən kənar sübutetmə standartını tətbiq etməli olduğu halda, yəni obyektiv, mütləq və real həqiqəti müəyyən etməli olduğu halda, mülki məhkəmə icraatı üçün kafi sayılan sübutların üstünlüyü sübutetmə standartından istifadə etmişdir ki, bu obyektiv həqiqət deyil, formal həqiqətin müəyyən edilməsi üçün tətbiq edilməli olan sübutetmə standartıdır. Mülki məhkəmə icraatının prinsip və vəzifələrindən irəli gələn formal həqiqət prinsipi qəbul edilmiş məhkəmə aktının tərəflərin təqdim etdikləri sübutlardan ibarət olduğunu qəbul edir. Lakin inzibati məhkəmə icraatının sahəvi prinsipi olan işin hallarının araşdırılması prinsipindən irəli gələrək obyektiv həqiqətin müəyyən edilməsi üçün mütləq əlavə və zəruri tədbirlər (ekspertin çağırılaraq dindirilməsi, sorğuların göndərilməsi, əlavə sübutların tələb edilməsi və s.) görməli olduğu halda görməmişdir. Belə ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş 2 avqust 2022-ci il tarixli 9/37xxxx/3405 nömrəli ekspert rəyində mövcud olan ziddiyyətli məqamları aydınlaşdırmaq üçün cavabdeh vergi orqanı tərəfindən məhkəməyə “Ekspertin məhkəmə iclasına çağırılıb dindirilməsi barədə" 19 sentyabr 2022-ci il tarixli vəsatət verilmiş, lakin vəsatət təmin edilməmişdir. Beləliklə hesab etmişlər ki, məhkəmə kollegiyası iş üzrə tətbiq edilməli olan maddi hüquq normalarına istinad etmiş, lakin işin faktiki hallarına uyğun olaraq həmin maddi hüquq normalarını tətbiq etməmişdir. Bundan əlavə “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərar və eləcə də yoxlamanın dayandırılması və uzadılması barədə bütün qərarlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” Çıxarışda qeydiyyatdan keçmişdir. Həmçinin qeyd etmişlər ki, keçirilmiş yoxlama ilə bağlı bütün qərarlar və digər sənədlər iddiaçıya rəsmi şəkildə göndərilmişdir. Barəsində şikayət olunan məhkəmə qərarının mahiyyətinə və ruhuna diqqətlə nəzərə yetirmiş olsa görünər ki, məhkəmə kollegiyası iş üzrə həddən artıq formalizmi tətbiq etmiş, hesablamaların mahiyyətinə heç bir münasibət bildirə bilməmiş və hesablamaların əsasını təkzib edə bilməmişdir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, xərclərin tərkibi barədə bütün sənədlər vergi orqanına təqdim edilmişdir. Lakin həmin sənədlər yoxlayıcı tərəfindən xərc sənədləri olaraq nəzərə alınmamış, Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilmədən (yəni, analoji müəssisənin olub-olmaması müəyyən edilmədən və s.) mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və AR NK-nin xx.xx.2001-ci il tarixli, 55 №-li qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə hesablanmışdır. Halbuki, mənfəət vergisi VM-nin 67-ci maddəsinin tələblərini tətbiq etmək mümkün olmadıqda AR VM-nin 83.9-cu maddəsinə və AR NK-nin müvafiq qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə hesablanmalı idi. Məhkəmənin dəlilləri ilə bağlı bildirmişlər ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin hissələrinin sıra ardıcıllığı ilə tətbiq edilməsi imperativ göstəriş olaraq qanunda müəyyən olunmamış və həmin maddənin hissələri maddənin məzmunundan da göründüyü kimi qarşılıqlı əlaqə şəklində tətbiq olunmalıdır. Birinci instansiya məhkəməsi maddi hüquq normasını yanlış təfsir və tətbiq edərək (Mənfəət vergisi VM-nin 67-ci maddəsinin tələblərini tətbiq etmək mümkün olmadıqda AR VM-nin 83.9-cu maddəsinə və AR NK-nin müvafiq qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülməklə hesablanmalı idi) cavabdeh tərəfindən müəyyən olunmuş vergilərin hesablanma əsaslarını şübhə altına almağa çalışmışdır. Belə ki, yoxlama ilə bağlı şərti rentabellik norması tətbiq edilərkən məhz əlaqəli məlumatlar (Vergi ödəyicisi tərəfindən təqdim edilmiş gəlirlər barədə məlumatlar) əsas götürülərək hesablama həyata keçirilmişdir. Bu baxımdan əlaqəli məlumatlar müəyyən edilmədən və onlara istinad edilmədən şərti rentabellik nomrasının tətbiq edilməsi imkan xaricindədir. Yuxarıda qeyd edildiyi kimi qeyd olunan normaların tətbiqi qarşılıqlı əlaqə şəklində həyata keçirilməlidir ki, hüquq norması həqiqi mahiyyəti üzrə təyinatına uyğun tətbiq edilmiş olsun. Göründüyü kimi məhkəmənin mənfəət vergisinin hesablanması üzrə gəldiyi nəticə və bu nəticənin əsaslandırılması üzrə gətirdiyi dəlillər təhrif olunmuş arqumentlər olmaqla tam əsassız və qanunsuzdur. Nəticə etibarlı məhkəmə qərarında mənfəət vergisi üzrə vergi orqanı tərəfindən aparılmış hesablamaların düzgünlüyünü istisna edən hər hansı bir dəlil irəli sürməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi xərclərlə bağlı bütün zəruri sənədlərin iddiaçı tərəfindən yoxlamaya təqdim edilməsini dəlil olaraq ifadə etməsinə baxmayaraq, cavabdehin konkret olaraq iddiaçı tərəfindən hansı xərc sənədlərini təqdim etməməsi ilə bağlı dəlilinə münasibət bildirməmiş, ümumi ifadələrlə vergi orqanı tərəfindən aparılan hesablamaların qanunsuzluğunu sübut etməyə çalışmışdır. Halbuki, cavabdeh təqdim etdiyi iddia ərizəsinə olan etirazında təqdim edilməmiş sənədləri konkret ifadə etmiş və həmin sənədlərin təqdim edilməməsini verqi qanunvericiliyinin tələblərinin pozuntusu kimi dəyərləndirmişdir. Məhkəmə isə dəlillərini konkret şəkildə əsaslandırmamış, cavabdehin dəlillərini ümumi şəkildə rədd etmiş və həmin dəlillərə əsaslandırılmış münasibət bildirməmişdir. Həmçinin məhkəmə gəldiyi qənaəti əsaslandırmaq üçün Vergi Məcəlləsinin 37.4-cü maddəsinə istinad etmiş və həmin normanı tətbiq etmişdir ki, bu da işin faktiki halları baxımından yolverilməzdir. Belə ki, mübahisə predmeti səyyar vergi yoxlamasının nəticəsi olaraq qəbul edilmiş qərarla bağlı olduğu halda məhkəmə yanlış olaraq kameral vergi yoxlaması ilə əlaqədar münasibətləri tənzimləyən normalara istinad etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarına istinad etməsinə baxmayaraq, həmin normaların işin hansı faktiki halları baxımından qiymətləndirməsini və həmin normaların hansı faktiki hallara əsaslanaraq hüquqi dayaq yaratması barədə heç bir məlumat verməmişdir. Məhkəmənin qeyd edilən hüquq normalarına ümumi şəkildə münasibət bildirərək qeyd etmişlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nin cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-604/2017 nömrəli qərarında Ali Məhkəmə tərəfindən vergi orqanının qəbul etdiyi qərarların formal-hüquqi baxımdan qiymətləndirilməsi ilə bağlı mövqe ifadə edilmişdir. Həmin qərarın 6-cı səhifəsində qeyd olunmuşdur ki, vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman qismən qərar və “kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır. Həmçinin, məhkəmə prosesi gedişatında məhkəmənin öz təşəbbüsünə əsasən və Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-842/2022 nömrəli qərardadı ilə mühəndis-texniki və iqtisad ekspertizaları təyin edilmişdir. Nəticədə ekspert tərəfindən məhkəməyə 2 avqust 2022-ci il tarixli, 9/3718 - 10/3405 nömrəli rəy təqdim edilmişdir. Hesab etmişlər ki, rəy əsassız olaraq tərtib edilmişdir və müstəqil ekspert araşdırmasından daha çox Vergi Məcəlləsinin bir neçə maddəsini təkrar olaraq sadalamaqdan ibarət söz toplusu təsiri bağışlayır. Rəydə ekspertin hansı metoddan (üsuldan) istifadə etməsi, ümumiyyətlə qoyulmuş suallarla bağlı ətraflı şəkildə hər hansı araşdırma, tədqiqat aparması müəyyən edilmir. Həmçinin, ekspert rəyinin sonunda yoxlanılan dövr ərzində vergi ödəyicisinin sərf etdiyi elektrik enerjisinə və bituma görə onun istehsal həcmini (yəni həcmin dövriyyəyə uyğun olub-olmamasını) müəyyən etmək mümkün olmadığını qeyd etsə də, digər tərəfdən rəyin əvvəlində öz fikrini təkzıb edərək və zidd olaraq vergilərin düzgünlüyünün müəyyən olunmaması və aparılmış əməliyyatlar hər hansı kənarlaşmanın müəyyən edilmədiyi fikrini səsləndirmişdir. Halbuki, vergi məbləği sərf olunmuş elektrik enerjisinə əsasən müəyyən edilmiş əlavə istehsal həcminə uyğun hesablanmışdır. Onda sual olunur ki, ekspert öz rəyində vergi ödəyicisinin sərf etdiyi elektrik enerjisinə və bituma görə onun istehsal həcmini müəyyən edə bilmirsə (rəy verə bilmirsə), bəs vergilərin düzgün hesablanmaması və kənarlaşmaların olmasını necə əsaslandıra bilər? Halbuki, "xxxx" MMC tərəfindən, yuxarıda da qeyd edildiyi kimi xərc maddələrini təsdiq edən sənədlər natamam qaydada yoxlamaya təqdim edildiyindən və eləcə də yoxlama dövründə təqdim edilmiş 27 oktyabr 2021-ci il tarixli müvafiq mütəxəssis rəyinə əsassən istehsal həcmi müəyyən olunduğundan, vergilər şərti rentabellik səviyyəsi götürülməklə hesablanmışdır. Qeyd edilənlərdən də aydın olduğu kimi məhkəmə qərar qəbul edərkən vergi ödəyicisinin mövqeyini, gətirdiyi dəlilləri qanuni hesab etmişdir ki, nəticədə dövlət büdcəsinə ödənilməli vergilərin yayındırılmasına şərait yaradılmışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2- 1(116)-842/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-842/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-842/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.
16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Cavabdeh 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********148218 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ından göründüyü kimi, "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə fevral 2019 - may 2021-ci il vergi dövrləri üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. - "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən xx.xx.2021-ci il tarixli KY211590065 nömrəli çıxarışdan görünür ki, həmin yoxlama reyestrdə qeydə alınmışdır. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********149314 nömrəli "Mütəxəssisin dəvət edilməsi haqqında qərar"ından görünür ki, "xxxx" MMC-dən X1 mütəxəssis kimi dəvət olunması və mütəxəssis qarşısında aşağıdakı sualın qoyulması qərara alınmışdır: xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrdə vergi ödəyicisinə məxsus Qax rayonu Əmbərçay kəndində yerləşən asfalt zavodunda istifadə olunmuş elektrik enerjisinin, xammal materialların miqdarına və istehsal avadanlıqlarının gücünə görə istehsal edilən məhsulların həcminin müəyyən edilməsi. - "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkətinin xx.xx.2021-ci il tarixli MB13-518 nömrəli mütəxəssis rəyindən görünür ki, aparılan araşdırmalar və hesablamaların nəticəsi olaraq xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan dövrdə "xxxx" MMC-yə məxsus Qax rayonu Əmbərçay kəndində yerləşən asfalt zavodunda istifadə olunmuş elektrik enerjisinin, xammal materialların miqdarına və istehsal avadanlıqlarının gücünə görə istehsal edilən məhsulların həcmi müəyyən edilmişdir. - Cavabdehin xx.xx.2021-ci il tarixli **********152818 nömrəli "Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ından görünür ki, "xxxx" MMC-yə 101268,26 manat əlavə vergi və 62138,35 manat maliyyə sanksiyası hesablanmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
19. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.2-ci maddəsinə görə, vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 12.1-ci maddəsinə görə, vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. 12.3-cü maddəsinə əsasən, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. (24.1-ci maddə) İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (24.2-ci maddə) İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. (24.3-cü maddə) Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. (24.4-cü maddə) 47.1-ci maddəsinə əsasən, inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 205.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında elan edilir. Ekspertin rəyini aydınlaşdırmaq və tamamlamaq üçün ekspertə suallar verilə bilər. Xahişi üzrə ekspert təyin etdirən şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Məhkəmənin təşəbbüsü ilə təyin olunmuş ekspertə birinci olaraq iddiaçı və onun nümayəndəsi suallar verir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-842/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
23. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).
24. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
25. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə kompleks məhkəmə-mühasibat və məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.
28. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən birinci instansiya məhkəməsinə daxil olmuş xx.xx.2022-ci il tarixli 9/37xx-xx/3405 nömrəli ekspert rəyində qərardadın 1-ci, 2-ci və 4-cü sualları üzrə göstərilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmadı. Eyni zamanda, təqdim edilmiş iş materiallarında olan sənədlərə (e-qaimə fakturalar, ƏDV subuçot hesabından çıxarış, F-2-lər, aktlar, müqavilələr, protokollar, hesabdan çıxarışlar və s.) əsasən, yoxlamanın əhatə etdiyi dövr ərzində vergi ödəyicisi tərəfindən aparılmış əməliyyatlar üzrə kənarlaşma (yəni vergi ödəyicisinin göstərdiyi dövriyyəsi və dövlət büdcəsinə az hesablanmış vergi məbləğləri üzrə) müəyyən edilmədi. Həmçinin, ekspertizaya təqdim edilmiş sənədlərə əsasən, müəssisə tərəfindən aparılmış maliyyətəsərrüfat əməliyyatları qüvvədə olan normativ aktların tələblərinə uyğun qaydada mühasibat uçotunda əks etdirilmişdir.
29. Bundan başqa, ekspert rəyində qərardadın 3-cü sualı üzrə göstərilmişdir ki, xx.xx.2022-ci ildə keçirilmiş baxış zamanı konkret olaraq "xxxx" MMC-nin istehsal etdiyi məhsulun (asfaltın) həcmini və buna sərf olunan elektrik enerjisini, eləcə də istifadə olunan bitumun miqdarını müəyyən etmək mümkün olmadığından yoxlanan dövr ərzində vergi ödəyicisinin sərf etdiyi elektrik enerjisinə və bituma görə onun istehsal həcmini (yəni həcmin dövriyyəyə uyğun olub-olmamasını) müəyyən etmək mümkün deyildir.
30. Həmçinin, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, cavabdehin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçıya xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək olan müddət üçün 101268,26 manat əlavə vergi və 62138,35 manat maliyyə sanksiyası hesablanmışdır. Həmin rəqəmlər hesablanarkən cavabdeh orqan "xxxx" MMC konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli MB13-518 nömrəli mütəxəssis rəyinə istinad etmişdir.
31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, göstərilən əlavə vergi məbləği iddiaçının real olaraq əldə etdiyi mənfəətə uyğun deyil, istifadə edilmiş elektrik enerjisinə müvafiq olaraq əldə etməsi ehtimal olunan mənfəətə uyğun hesablanmışdır. Bu hal həm iş materialları ilə, həm də birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışı zamanı cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş 13 saylı Ərazi Vergilər İdarəsinin Səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi X2 ifadəsi ilə təsdiq olunur.
32. Göründüyü kimi, cavabdeh iddiaçının vergi məsuliyyətinə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən hesablamış, iddiaçını əlavə vergi məsuliyyətinə yalnız mütəxəssis rəyi əsasında cəlb etmişdir. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəriciləri və faktiki enerji sərfiyyatı əsasında deyil, konkret avadanlığın iş görmə gücünə görə məhsulun istehsal həcmi hesablanmaqla əlavə vergi məbləğinin müəyyən edilməsi düzgün olardı.
33. Mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyksiyasının prinsiplərinə əsasən, məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq, enerji və su; - İstehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri.
34. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir.
35. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məlumatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir.
36. Birinci instansiya məhkəməsində şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi məhkəməyə vəsatət verərək, rəyi vermiş ekspertlərin tərəflərin iştirakı ilə dindirilməsi üçün məhkəmə iclasına çağırılmasını xahiş etmiş və vəsatətini belə əsaslandırmışdır ki, rəy tam əsaslandırılmamış, tam aydın deyil və natamamdır.
37. Birinci instansiya məhkəməsi bununla bağlı haqlı olaraq qeyd etmişdir ki, ekspert məhkəmə iclasına o halda dəvət edilib ona suallar verilə bilər ki, ekspertin rəyinin aydınlaşdırılması və tamamlanması zərurəti mövcud olsun. Lakin hazırkı işdə belə hallar müəyyən edilmədiyinə, ekspert rəyi kifayət qədər aydın və tam olduğuna görə məhkəmə vəsatətin təmin olunmasından imtina etmişdir.
38. Məhkəmə kollegiyası cavabdehin ekspert rəyinin tam əsaslandırılmamış, tam aydın olmaması və natamam olması ilə bağlı dəlillərinə razılaşmayaraq münasibət bildirərək qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən, mütəxəssis tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal edilmiş məhsullarının faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, enerji sərfiyyatı və xammal materialların miqdarı əsasında məhsulların istehsal həcminin hesablanması mühasibat uçotunun məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində ümumiyyətlə nəzərdə tutulmaması tam əsaslandırılmış və aydın qeyd edilmişdir.
39. Bundan başqa vergi orqanı inzibati orqan olaraq inzibati icraat apararkən "İnzibati icraat haqqında" Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
40. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan istinad etdiyi mütəxəssis rəyini birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir.
41. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Lakin, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, cavabdeh iddiaçıya əlavə vergilərin hesablanması zamanı istinad etdiyi mütəxəssis rəyinin mötəbərliliyini və obyektiv həqiqəti əks etdirdiyini, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir.
42. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli 2-1(116)-842/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.