Məhkəmə qərarları › İş №2-1(107)-366/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-366/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-366/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X3 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı “növbəlilik qaydasında mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1252/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “növbəlilik qaydasında mənzillə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-10021/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildə anadan olmuş və xx.xx.2002-ci il tarixli, 277 saylı əmrlə Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbinin (hazırda 4 saylı İnternat tipli xüsusi ümumtəhsil məktəbi) 1-ci sinfinə qəbul edilmiş, 2012-ci ildə isə həmin məktəbin 10-cu sinfini məzun kimi bitirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s saylı sərəncamına əsasən, Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış, bu kateqoriyaya aid edilən və 2020-ci ildə uçota götürülmüş şəxslər, eləcə də sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər və sosial xidmət müəssisələrinin, eləcə də təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməlidirlər. - İddiaçı valideyn himayəsindən məhrum olmuş uşaq kimi bu kateqoriyaya aid olduğunu əsas gətirərək növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməli olduğunu bildirir. Lakin cavabdeh orqan 30 aprel 2024-cü il tarixli məktubla onun növbəlilik qaydasında mənzillə təmin edilməsindən imtina etmişdir. İmtinanın səbəbi kimi iddiaçının 2011-ci ildə, yəni Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbini məzun kimi bitirmədən əvvəl anasının himayəsinə verildiyi göstərilmiş və bu əsasla onun növbəlilik siyahısında mənzillə təmin olunmaq hüququnun olmadığı bildirilmişdir. İddiaçı bildirir ki, internat məktəbini 2012-ci ildə məzun kimi bitirmiş və bunu təsdiq edən müvafiq sübutları – 4 saylı internat tipli xüsusi ümumtəhsil məktəbinin məzunu olmasına dair şəhadətnamənin surətini və internat məktəbinin arayışını iddia ərizəsinə əlavə etmişdir. Odur ki, cavabdehin imtinasının əsassız sayılması və onun üzərinə Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli, 492s saylı sərəncamına uyğun olaraq, iddiaçının növbəlilik qaydasında mənzillə təmin olunması öhdəliyinin qoyulması xahiş edilmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, əvvəllər valideyn himayəsindən məhrum olmuş məzunlara mənzil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsi əsasında verilirdi. Adıçəkilən Nizamnamənin 4.2-ci bəndinə uyğun olaraq, Elm və Təhsil Nazirliyi tərəfindən hər tədris ilinin sonunda dövlət uşaq müəssisələrindən həmin il üzrə məzun olmuş şəxslər arasından valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və yaşayış yeri olmayan məzunlar barədə siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunurdu. - Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanununa əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar dedikdə, hər iki valideyni aşağıdakı kateqoriyaların hər hansı birinə aid olan şəxslər başa düşülür: məlum olmayan, valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan, xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan), ölmüş elan edilən, cəzaçəkmə müəssisələrində cəzasını çəkən, uşaqlarının tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən, uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən, qanunla nəzərdə tutulmuş digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslər. Bundan əlavə, bir valideyni vəfat etmiş və digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya bu Qanunun birinci hissəsinin dördüncü-onuncu abzaslarında nəzərdə tutulan kateqoriyaların hər hansı birinə aid olan valideyni olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər. - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamına əsasən mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı müraciətə cavab olaraq, Elm və Təhsil Nazirliyinin 17 sentyabr 2019-cu il tarixli xx-xx-1786/16 nömrəli məktubunda iddiaçının 2002-ci ildə Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbinə (hazırda Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika Xüsusi İnternat Məktəbi) 1-ci sinfə qəbul olunduğu, internat məktəbində təlim-tərbiyə aldığı müddətdə müəssisədə gecələdiyi, anası tərəfindən ziyarət edildiyi və 2011-ci ildə valideyninə təhvil verildiyi göstərilmişdir. "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun tələblərinə əsasən, şəxs valideyni və ya valideynləri tərəfindən sosial xidmət müəssisəsindən götürüldüyü halda, o artıq valideyn himayəsindən məhrum olmuş uşaq statusundan çıxır. Odur ki, iddiaçının valideyn himayəsindən məhrum edilmiş şəxs statusu artıq mövcud olmadığı üçün, həmçinin Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə əhatə olunmadığından onun əmlak və yaxud yaşayış sahəsi ilə təmin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, - VB 020450 №-li “Əsas təhsil haqqında” Şəhadətnamənin surəti, - Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 №-li Respublika Xüsusi İnternat Məktəbinin xx.xx.2024-cü il tarixli, 24/24 saylı arayışı, - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli məktubu, - Azərbaycan Respublikası Təhsil Nazirliyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx-xx- 1786/16 nömrəli məlumat və ona əlavə olunmuş adlı siyahı, - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 4 №-li internat tipli xüsusi ümumi təhsil məktəbinin xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktubları.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 11 mart 2025-ci il tarixli 2- 1(116)-1252/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək İddiaçı növbəlilik qaydasında (2019-cu ildə tərtib edilmiş 47 nəfərlik siyahıda müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla) mənzillə təmin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hüquqi marağı valideyn himayəsindən məhrum olmuş uşaq kimi növbəlilik qaydasında cavabdeh tərəfindən mənzillə təmin edilməsinə nail olmaqdır. İddiaçı, xx.xx.2002-ci il tarixli, 277 saylı əmrlə yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbinin (hazırda 4 saylı İnternat tipli xüsusi ümumtəhsil məktəbi) 1-ci sinfinə qəbul edildiyini və 2012-ci ildə həmin məktəbin 10-cu sinfini məzun kimi bitirdiyini bildirir. - Məhkəmə hesab etmişdir ki, Qanunun məqsədi hüquqi formalizmdən daha çox, mövcud vəziyyətin real faktlar əsasında qiymətləndirilməsinə yönəlmişdir. Belə ki, iddiaçı faktiki olaraq valideyn himayəsindən məhrum olmuş şəxs kimi böyümüşdür (valideyn himayəsindən məhrum olunmuş uşaq kimi internat məktəbində təhsil almış və orada gecələmiş, təhsil aldığı müddət ərzində valideynləri tərəfindən ziyarət edilməmişdir). Valideynlərinin onun tərbiyəsi və hüquqlarının müdafiəsi ilə maraqlanmadığı halda, bu faktın zamanında rəsmi qaydada rəsmiləşdirilməməsi onun hüquqlarını məhdudlaşdırmamalıdır. Yəni, uşağın taleyi ilə maraqlanmayan valideynlərə münasibətdə internat məktəbinin rəhbərliyinin və qəyyumluq-himayə orqanlarının hərəkətsizliyi uşaq üçün mənfi hüquqi nəticələr doğurmamalı, Dövlətin müdafiə öhdəliyi valideynlərin və ya digər vəzifəli şəxslərin passivliyindən asılı olmamalıdır. Məhkəmə, uşağın mənafeyinin üstünlüyü prinsipini və Dövlətin müdafiə öhdəliyini nəzərə alaraq qeyd etmişdir ki, hər bir halda iddiaçının hüquqi statusunu vaxtında, düzgün müəyyən etmək dövlət qurumlarının və internat məktəbi rəhbərliyinin üzərinə düşən öhdəlik olmuşdur. Hazırkı mübahisə ilə bağlı müəyyən edilmiş işin faktiki halları iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq “valideyn himayəsindən məhrum olmuş uşaq” statusunda tanınmasını zəruri edir. - Faktiki olaraq xx.xx.2019-cu il tarixdə iddiaçının adının yer aldığı 47 nəfərlik siyahı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmiş, bununla da, onun valideyn himayəsindən məhrum olmuş məzun kimi mənzillə təmin olunmaq hüququ 2019-cu ildə tanınmışdır (həmin vaxt "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsi qüvvədə idi). Məhkəmə hesab etmişdir ki, iddiaçı, cavabdeh orqandan növbəlilik qaydasında mənzillə təmin edilməsini tələb etməkdə haqlı olmuşdur.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1252/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh orqanın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mənzil tələb etdiyi "xxxx" uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün nəzərdə tutulmuşdur. Başqa sözlə, normanın dispozisiya şərtindən belə müəyyən olunur ki, iddiaçı o halda "xxxx"ndən mənzillə təmin oluna bilər ki, o, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunu olsun. - Bildirilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ünvanladığı müraciətə cavab olaraq, Elm və Təhsil Nazirliyinin 17 sentyabr 2019-cu il tarixli xx-xx-1786/16 nömrəli məktubunda iddiaçının 2002-ci il tarixində Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika yardımçı internat məktəbinin (hazırki, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi) 1-ci sinfinə qəbul olduğu, internat məktəbində təlim-tərbiyə aldığı müddətə müəssisədə gecələməsi, anası tərəfindən ziyarət edilməsi və 2011-ci ildə valideyninə təhvil verilməsi göstərilmişdir. Bu fakt isə Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1252/2025 saylı qərarının əsaslılığını istisna edir. Həmin qərarın əsaslandırma hissəsində məhkəmə heç bir hüquqi əsas olmadan “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna istinad edərək iddianı əsaslı hesab etmişdir. - Məhkəmə şifahi məlumatlara əsaslanan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 4 №-li internat tipli xüsusi ümumi təhsil məktəbi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunu Azərbaycan Respublikası Təhsil Nazirliyinin (Elm və Təhsil Nazirliyindən) xx.xx.2019-cu il tarixli, xx-xx-1786/16 nömrəli məktubundan daha mötəbər hesab etmişdir. Hansı ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin (Elm və Təhsil Nazirliyindən) sözügedən cavab məktubunda üst qurum olaraq obyektiv araşdırma aparılaraq, səhih məlumatlar toplanmış və cavablandırılmışdır. - Əsasnaməyə əsasən ümumtəhsil internat məktəblərini bitirən uşaqların valideynlərinə təhvil verilməsinin aktlaşdırması qaydası nəzərdə tutulmamışdır. Nəzərinizə çatdırırıq ki, baş vermiş struktur dəyişikliyindən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 492s saylı sərəncamın qəbul edilməsindən sonra uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları onları valideynləri ilə birlikdə yaşasalar belə süni surətdə bu faktın inkar edilməsinə cəhd etmişlər. Sözügedən tendensiya hazırkı mübahisə üzrə iddiaçıya da şamil edilir. Belə ki, həmin dövrlərdə, yəni 2019-cu ilə qədər həmin müəssisələrdə valideynlərlə görüşlərin qeydiyyatı aparılmamış və arxivləşdirilməmişdir. 2019-cu ildən sonra isə artıq valideynlərlə görüş saatları təyin edilmiş və görüşlər qeydiyyat kitabında əks olunmağa başlanmışdır. Beləliklə, vətəndaş İddiaçı sənədlərinə baxış keçirilərkən yuxarıda adıçəkilən 492s nömrəli Sərəncamda göstərilən “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun tələblərinə əsasən şəxs valideyni və yaxud valideynləri tərəfindən sosial xidmət müəssisəsindən götürüldüyü halda o artıq valideyn himayəsindən məhrum olmuş uşaq statusundan çıxması səbəbindən tərəfimizdən iddiaçının mənzil təminatının həyata keçirilməsi qanunvericiliyə uyğun deyildir (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2556/2024 saylı qərarı). Lakin, işin qeyd olunan halları Şəki İnzibati Məhkəməsi tərəfindən hərtərəfli araşdırılmamışdır. Hesab edirik ki, iddiaçının təhsil aldığı müəssisənin təyinatı ilə bağlı hərtərəfli araşdırma aparılmalı və həmin məktəbi bitirən uşaqların valideynlərə təhvil verilməsi qaydası müəyyən olunmamış və yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərinə uyğun olaraq internat məktəbinin rəhbərliyi onun valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələni qaldırıb-qaldırmaması üzrə araşdırılma aparılmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazların dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1252/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmiş, məhkəməyə ərizə göndərərək onun valideyn himayəsindən məhrum olmasını, 4 saylı Xüsusi İnternat Məktəbindən məzun olduğunu və maddi imkanının olmadığını nəzərə alaraq məhkəmə iclaslarının Bakı şəhərində keçirilməsini və onun dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

14. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən; uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; ... Maddə 3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi üzrə tədbirlər Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial müdafiəsi mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən təmin olunur və qorunur. Müvafiq icra hakimiyyəti orqanları valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların və onların arasından olan şəxslərin sosial müdafiəsi üzrə məqsədli proqramları hazırlayır və həyata keçirir, onlar üçün mərkəzləşmiş xüsusi yaşayış yerləri, habelə təhsil, sosial xidmət və digər müəssisələrin bazasında sosial uyğunlaşma və reabilitasiya üzrə dövlət müəssisələri yaradırlar.

15. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 90 saylı Qərarı:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsi yaradılsın.

2. uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün Abşeron rayonunun Masazır qəsəbəsində istismarına icazə verilmiş, dövlət sosial təyinatlı mənzil fonduna aid olan çoxmənzilli yaşayış binası, binaya aid bütün infrastruktur qurğu və avadanlıqlar "xxxx" Sosial Müəssisəsinin balansına, onun yerləşdiyi torpaq sahəsi isə istifadəsinə verilsin. ...

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi: 5.1. 1 ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün "xxxx" Sosial Müəssisəsinin Nizamnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 5.2. uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunlarına "xxxx" Sosial Müəssisəsinin balansında olan binada yaşayış sahəsinin ayrılmasını təmin etsin.

6. Azərbaycan Respublikasının Təhsil Nazirliyi uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları barədə siyahının hər tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını təmin etsin. ...

16. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, şəhid ailələrinin, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli, 492s nömrəli sərəncamı:

1. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş 930 mənzil, Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsində inşa edilmiş 154 mənzil, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində inşa edilmiş 771 mənzil, Abşeron rayonunda inşa edilmiş 1890 mənzil, Lənkəran rayonunda inşa edilmiş 45 mənzil, Samux rayonunda inşa edilmiş 197 mənzil, həmçinin 2021-ci ilin sonunadək təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində inşa edilən 576 mənzil və Abşeron rayonunda inşa edilən 1152 mənzi hesabına Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 1633 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli 2449 nömrəli sərəncamlarının 1-ci hissələrində nəzərdə tutulmuş şəxslərin, habelə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda uçota alınmış yuxarıda qeyd edilən sərəncamlara uyğun kateqoriyadan olan 2020-ci il ərzində uçota götürülmüş şəxslərin, eləcə də bu Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan, gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadə edilsin. ...

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın: 3.1. bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq müvafiq kateqoriyadan olan şəxslərə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq mənzillərin verilməsini təmin etsin.

17. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

26. Cavabdehin mübahisələndirdiyi hal və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Elm və Təhsil Nazirliyinin 17 sentyabr 2019-cu il tarixli xx-xx-1786/16 nömrəli məktubunda iddiaçının 2002-ci il tarixində Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika yardımçı internat məktəbinin (hazırki, Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbi) 1-ci sinfinə qəbul olduğu, internat məktəbində təlimtərbiyə aldığı müddətdə müəssisədə gecələməsi, anası tərəfindən ziyarət edilməsi və 2011-ci ildə valideyninə təhvil verilməsi göstərilmişdir.

27. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 4 №-li internat tipli xüsusi ümumi təhsil məktəbinin xx.xx.2025-ci il tarixli məktubunda iddiaçının sözügedən təhsil müəssisəsində xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək təhsil aldığı qeyd edilmişdir. Həmçinin məktubda göstərilmişdir ki, iddiaçı oxuduğu müddət ərzində Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbində gecələmiş, bu dövrdə heç kim onu ziyarət etməmişdir. Məktəbi bitirdikdən sonra kimə təhvil verilməsi barədə isə heç bir sənəd mövcud deyil. Bundan əlavə, Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış məktub müəllimlərin şifahi məlumatına əsasən tərtib edilmişdir.

28. Cavabdeh orqan qeyd edir ki, məhkəmə şifahi məlumatlara əsaslanan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 4 №-li internat tipli xüsusi ümumi təhsil məktəbi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunu Azərbaycan Respublikası Təhsil Nazirliyinin (Elm və Təhsil Nazirliyindən) xx.xx.2019-cu il tarixli, xx-xx-1786/16 nömrəli məktubundan daha mötəbər hesab etmişdir.

29. Kollegiya isə bununla bağlı qeyd edir ki, əksinə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 4 №-li internat tipli xüsusi ümumi təhsil məktəbinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyindən ünvanlanmış məktub (17 sentyabr 2019-cu il tarixli xx-xx-1786/16 nömrəli) müəllimlərin şifahi məlumatına əsasən tərtib edilmişdir.

30. Yəni, iddiaçının anası tərəfindən ziyarət edilməsi və 2011-ci ildə valideyninə təhvil verilməsi müəllimlərin şifahi məlumatına əsasən tərtib edilmiş, daha sonra həmin məlumatlar məktuba qeyd edilməklə Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilmişdir.

31. Göründüyü kimi, cavabdeh orqanın şikayətinin dəlili iddiaçının təhsil aldığı müəssisənin xx.xx.2025-ci il tarixli məlumatı ilə təkzib olunur. İddiaçının anası tərəfindən təhvil alınmasına dair hər hansı mötəbər sübut mövcud deyil və müvafiq qeydlər yalnız müəllimlərin şifahi məlumatlarına əsaslanmışdır.

32. Bundan başqa, işə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 4 №-li internat tipli xüsusi ümumi təhsil məktəbinin 19 dekabr 2024-cü il tarixli 122/24 nömrəli məktubunda göstərilmişdir ki, 1995-ci il təvəllüdlü İddiaçı xx.xx.2002-ci il tarixli, 277 saylı əmrlə Yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbinin (hazırda 4 saylı İnternat tipli xüsusi ümumtəhsil məktəbi) 1ci sinfinə qəbul edilmiş, xx.xx.2012-ci ildə 465 nömrəli əmrə əsasən həmin məktəbin 10cu sinfini bitirmişdir. O, oxuduğu müddət ərzində Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün Respublika Yardımçı İnternat Məktəbində gecələmişdir. Valideynləri barədə heç bir məlumat yoxdur.

33. Göründüyü kimi, iddiaçının 4 №-li Respublika Xüsusi İnternat Məktəbində (4 №li internat tipli xüsusi ümumi təhsil məktəbi) xx.xx.2002-ci il tarixdən 2012-ci il tarixədək təhsil alması və həmin müəssisəni bitirməsi iş materiallarında olan sözügedən təhsil müəssisəsinin arayış və məktubları ilə sübut olunur.

34. Odur ki, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanunun tələblərinə əsasən, şəxs valideyni və ya valideynləri tərəfindən sosial xidmət müəssisəsindən götürüldüyü halda, o artıq valideyn himayəsindən məhrum olmuş uşaq statusundan çıxır. Hazırda isə, iddiaçının valideyn himayəsindən məhrum edilmiş şəxs statusu mövcud olduğu üçün, həmçinin Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə əhatə olunduğundan onun əmlak və yaxud yaşayış sahəsi ilə təmin edilməsi qanunvericiliyin tələblərinə zidd deyil.

35. Eyni zamanda, cavabdeh orqanın şikayətində dəlil olaraq qeyd etdiyi “2019-cu ilə qədər həmin müəssisələrdə valideynlərlə görüşlərin qeydiyyatının aparılmaması və arxivləşdirilməməsi” iddiaçının ziyanına şərh oluna bilməz və bu hal nəticədə onun hüquqlarını məhdudlaşdırmamalıdır. Həmçinin qeyd edilən hallar iddiaçının məzun olmadan valideyni tərəfindən ziyarət edilməsi və 2011-ci ildə valideyninə təhvil verilməsinə dəlalət etmir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin yuxarıda göstərilən dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qiymətləndirməsi ilə razılaşır ki, hazırkı mübahisə ilə bağlı müəyyən edilmiş işin faktiki halları iddiaçının “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq “valideyn himayəsindən məhrum olmuş uşaq” statusunda tanınmasını zəruri edir.

37. Cavabdeh orqanın apellyasiya şikayətinin digər dəlili də ondan ibarətdir ki, iddiaçının təhsil aldığı müəssisənin təyinatı ilə bağlı hərtərəfli araşdırma aparılmalı və həmin məktəbi bitirən uşaqların valideynlərə təhvil verilməsi qaydası müəyyən olunmamış və yuxarıda qeyd olunan maddi hüquq normasının tələblərinə uyğun olaraq internat məktəbinin rəhbərliyi onun valideynlik hüququndan məhrum edilməsi barədə müvafiq orqanlar qarşısında məsələni qaldırıb-qaldırmaması üzrə araşdırılma aparılmamışdır.

38. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, həmin səlahiyyət internat məktəblərinin rəhbərliyinə verilsə də, sonuncunun bu barədə müraciət etməsi qanunla onun üzərinə vəzifə olaraq qoyulmamış, sadəcə “hüquq” olaraq verilmişdir ki, bu da hər zaman həmin səlahiyyətdən istifadənin məcburiliyini kəsb etmir. Belə olan halda internat məktəbi rəhbərliyinin iddiaçının valideynləri ilə bağlı hər hansı orqan qarşısında məsələ qaldırmaması iddiaçının internat tipli məktəbi bitirdikdən sonra valideynləri tərəfindən götürülməsinin baş verməsi kimi də qiymətləndirilə bilməz.

39. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 5 may tarixli, 176 nömrəli qərarının 16-cı bədində qeyd edilmişdir ki, internat məktəbini bitirən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum şagirdlərə Respublika Nazirlər Kabinetinin qərarı ilə nəzərdə tutulan qaydada müvafiq güzəştlər edilir. Hazırkı vəziyyətdə iddiaçının müvafiq internat tipli məktəbi bitirdikdən sonra valideynləri tərəfindən təhvil alınması faktı iş üzrə sübuta yetirilmədiyindən və bu hal onun qanunla valideyn himayəsindən məhrum olmuş məzun hesab olunması üçün əsas verdiyindən bilavasitə yaşayış sahəsi ilə təmin olunmaq hüququ vardır.

40. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının növbəlilik qaydasında mənzillə təmin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

41. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1252/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar