Məhkəmə qərarları › İş №2-1(107)-367/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-367/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-367/2021 31.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X8 iştirakı ilə İddiaçı- İddiaçı və onun vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə və üçüncü şəxslər X12, X9, X20, X5 qarşı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışda düzəliş edilərək, X12, X9, X20 və X2 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Mingəçevir Şəhər ZDS İcraiyyə Komitəsinin 14.12.1961-ci il tarixli, 31 nömrəli qərarı ilə şəhər ZDS İK-nın Lalayan Santura torpaq sahəsi verilməsi barədə 24.12.1959-cu il tarixli 27 nömrəli qərarı ləğv edilmiş, həmin torpaq sahəsi Məktəb küçəsinin 34 nömrəli evində yaşayan X19 verilmişdir. X21 həmin torpaq sahəsində yaşayı evi tikmiş və ailəsi ilə həmin evdə yaşamış, 05.04.1992-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra Mingəçevir şəhəri, Y.Muradov küçəsindəki 33 ünvanda yerləşən həmin yaşayış evi onun arvadı X3 mülkiyyətinə keçmişdir. Həmin evin 0,06 ha həyətyanı torpaq sahəsinə ləğv olunmuş olunmuş DT və XK-nin Mingəçevir Şəhər Torpaq Şöbəsi tərəfindən tərəfindən 01.08.2005-ci il tarixdə JN262F KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamədə birgə mülkiyyətçi kimi iddiaçı və anası Kutayın Nəbiyevadan başqa X9, X12, X13, X20 adlı şəxslərin də adları göstərilmişdir. Həmin ev notarial qaydada təsdiq edilmiş 08.11.2018-ci il tarixli 4Ə-1261 reyestr nömrəli bağışlama müqaviləsi əsasında iddiaçının anası X14 tərəfindən iddiaçıya bağışlanılmışdır. Bu bağışlama müqaviləsi əsasında iddiaçının adına həmin evə 21.11.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Reyestrdən Çıxarış verilmişdir. Sözü gedən Çıxarışa əsasən Mingəçevir şəhəri, Y.Muradov 33 ünvanında yerləşən fərdi yaşayış evi tam hissədə, 0.06 ha torpaq sahəsi 2/6 hissədə İddiaçı, hər birinə 1/6 hissə olmaqla isə iş üzrə üçüncü şəxslərin mülkiyyətindədir. İddiaçı cavabdeh orqana müraciət edərək, çıxarışda və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə üçüncü şəxslərin adlarının çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 25.09.2020-ci il tarixli, **********20 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyinə və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun mövcud tələblərinə əsasən ərizəsində qeyd olunan düzəlişin aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid deyildir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12, X9, X20, X13) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-262F KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş 21.11.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək, X12, X9, X20 və X2 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ləğv olunmuş DT və XK-nin Mingəçevir Şəhər Torpaq Şöbəsi tərəfindən 01 avqust 2005-ci il tarixdə JN262F KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə heç bir qanuni əsas olmadan birgə mülkiyyətçi kimi iddiaçı və anası Kutayın Nəbiyevadan başqa X9, X12, X13, X20 adlı şəxslərin də adları göstərilmişdir. Halbuki, həmin şəxslər 1990-cı illərin axırlarından faktiki olaraq qeyd olunan evdə yaşamırlar, daimi olaraq başqa ünvanda yaşayırlar və 2002-ci ildə evdən qeydiyyatdan çıxmışlar. Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə isə yuxarıda qeyd edildiyi kimi 2005-ci ildə tərtib olunmuşdur. Bu şəhadətnamə əsasında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən birgə (paylı olmayan) mülkiyyət kimi göstərilmiş 0.06 ha torpaq sahəsi notarial qaydada təsdiq olunmuş heç bir bölgü planı, razılıq ərizələri və ya digər müvafiq hüquqi sənədlər olmadan 21.11.2018-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda əsassız və qanunsuz olaraq həmin şəxslərin 1/6 hissədə paylı mülkiyyəti göstərilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 13.11.2020-ci il tarixli, **********70 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron məlumat bazasına əsasən araşdırma və inventarlaşdırma işləri aparılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, idarənin elektron baza xəritəsinə və yerli Aqrar İslahat Komissiyasının adlı siyahısına əsasən 2015-ci ilin fevral ayının 5-i tarixində Azərbaycan Respublikasının Prezidentinin müvafiq fərmanı ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli şöbəsi tərəfindən tərtib edilmiş “JN-262F” KOD 90200002 saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də iddia tələbində adları çəkilən hüquq subyektlərinin adları ümumi-birgə (paylı) mülkiyyət hüququna əsasən qeyd olunmuşdur. Məlum olduğu kimi Respublika ərazisində Azərbaycan Respublikasının Prezidenti, mərhum Ulu Öndər cənab Heydər Əliyevin 1996-cı il tarixli sərəncamı ilə vətəndaşların qanuni istifadələrinə ayrılmış torpaq sahələri onların əvəzsiz olaraq mülkiyyətlərinə verilmiş və beləliklə də yaradılmış X6 tərəfindən yaşadıqları ünvan üzrə pasport qeydiyyatında olan mülki vətəndaşlar ailə üzvi kimi mülkiyyətçi qismində torpaq sahəsinə payçı kimi qeyd edilmişlər. Vətəndaş, İddiaçı adına notariat kontorunun təsdiqlədiyi bağışlama müqaviləsinə əsasən ********** qeydiyyat nömrəli, 21.11.2018-ci il tarixli tərtib edilmiş hüquqların dövlət reyestrindən çıxarışda iddiaçıya fərdi yaşayış evi üzrə tam mülkiyyət hüququ, torpaq sahəsi üzrə isə 2/6 hissədə payı müəyyən edilmişdir. Torpaq sahəsi üzrə yerdə qalan hissələr isə digər mülkiyyətçilər arasında bərabər payda qeyd edilmişdir. İddiaçının tələbi əsassızdır. Belə ki, əgər digər mülkiyyətçilərin adlarının hüquqi subyektlər arasından ləğvi tələb olunursa o zaman, belə anlaşılır ki, iddiaçı Aqrar İslahat Komissiyasının qərarı üzrə digər hüquq payçılarının mülkiyyət hüquqlarının pozulmasını qərəzli şəkildə tələb edir və eyni zamanda, əsassız olaraq mülkiyyət hüquqlarından mərhumiyyətini xahiş edir. Bundan əlavə ölkə ərazisində islahat aparılarkən ailə tərkibində bütün ailə üzvləri də mülkiyyət hüququ üzrə gözləntidən bəhrələnmişlər ki, hazırda iddia tələbində onların bu hüququnun bilərəkdən qərəzli şəkildə məhdudlaşdırılması qanuna zidd hesab olunur. Birinci instansiya məhkəməsinin qərardadı ilə X12, X9, X20, X13 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şəki İnzibati Məhkəməsinin 9 iyun 2021-ci il tarixli, 2-1(116)-341/2021 saylı qərarı ilə İddiaçı “JN-262F KOD 90200002 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş 21.11.2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda düzəliş edilərək, X12, X9, X20 və X2 adlarının çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsinin 9 iyun 2021-ci il tarixli, 2-1(116)-341/2021 saylı qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellysiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili X15 apellyasiya şikaytətini müdafiə edərək şikayətin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 9 iyun 2021-ci il tarixli, 2-1(116)-341/2021 saylıqərarının ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarında olan X7 filialının 14.08.2020-ci il tarixli arxiv arayışından müəyyən edilir ki, Mingəçevir Şəhər ZDS İcraiyyə Komitəsinin 14.12.1961-ci il tarixli, 31 nömrəli iclasında vətəndaşların həyətyanı torpaq sahəsinin dəyişdirilməsi qərara alınmışdır. Belə ki, şəhərin “Sülh“prospekti 6 nömrəli evində yaşayan inşaat idarəsində fəhlə işləyən X11 fərdi ev tikmək üçün şəhər ZDS İcraiyyə komitəsinin 24.12.1959-cu il tarixli 27 nömrəli qərarı ilə 155 nömrəli məhlənin 29-cu məntəqəsində 600.0 kv.m torpaq sahəsi verilmişdir. O, həmin sahədə evi tikməyə qüvvəsi çatmadığı haqda ərizə vermişdir. Onun torpaq sahəsinin başqasına verilməsi məqsədə uyğundur. Beləliklə, şəhər ZDS İK-nın Lalayan Santura torpaq sahəsi verilməsi barədə 24.12.1959-cu il tarixli 27 nömrəli qərarı ləğv edilmiş, həmin torpaq sahəsi Məktəb küçəsinin 34 nömrəli evində yaşayan X19 verilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 25.11.2020-ci il tarixli, **********47 nömrəli məktubuna əlavə edilən “Mingəçevir şəhəri ərazisində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid” cədvəlin təsdiq edilmiş surətindən görünür ki, cədvəldə 262-ci sırada İddiaçı Bəhrəm oğlu, X16, X9, X17, X13 və X10 adları qeyd edilmişdir. İş materiallarında olan JN-262F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin 23.07.2004-cü il tarixli, 293 nömrəli qərarı ilə İddiaçı Bəhrəm oğlu, X16, X9, X17, X13 və X18 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 28.10.1992-ci il tarixli, 6e/1730 nömrəli “Qeydiyyat şəhadətnaməsi”nin təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhər, Y.Muradov 33 ünvanında yerləşən ümumi sahəsi 160.0 kv.m, yaşayış sahəsi 40.6 kv.m olan fərdi yaşayış evi X4 mülkiyyətində olmuşdur. K.Nəbiyeva 08.11.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən ümumi sahəsi 160.0 kv.m, yaşayış sahəsi 40.6 kv.m olan 2 otaqlı fərdi yaşayış evini tam mülkiyyət hüququ üzrə oğlu İddiaçı bağışlamışdır. K.Nəbiyeva həmçinin 08.11.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən 0.06 ha həyətyanı torpaq sahəsinin ona məxsus payını bütövlükdə oğlu İddiaçı bağışlamışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, 21.11.2018-ci il tarixli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Mingəçevir şəhəri, Y.Muradov 33 ünvanında yerləşən fərdi yaşayış evi tam hissədə, 0.06 ha torpaq sahəsi 2/6 hissədə İddiaçı, hər birinə 1/6 hissə olmaqla isə iş üzrə üçüncü şəxslərin mülkiyyətindədir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 19.08.2020-ci il tarixli, 103-33 və 104-33 nömrəli arayışlarında görünür ki, X12 23.07.1979-cu ildən 26.12.2002-ci ilədək və X9 17.12.1986-cı ildən 26.12.2002-ci ilədək ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan 296860 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 05.04.1992-ci il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: İddiaçının apelyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışda düzəliş edilərək üçüncü şəxslərin adlrının adlarının çıxarılması ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş və sonuncu yazılı qaydada bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. İş materiallarında olan sənədlərdən də göründüyü kimi iş üzrə üçüncü şəxslər aqrar islahat aparılan zaman həmin evdə qeydiyyatda olmaqla yaşamışlar. Yəni mbahisə predmeti olan torpaq sahəsi üçüncü şəxslərin də qanuni istifadəsində olmuşdur. Bu səbəblə də onların adları şəhadətnamədə öz əksini tapmışdır. Üçüncü şəxslərin adlarının şəhadətnamədə göstərilməsi qanunvericiliyin tələblərinə uyğun olduğundan onların adları şəhadətnamədən çıxarıla bilməz. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin 1-ci bəndinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddənin məzmunundan da göründüyü kimi hüquqi prezumpsiyalardan biri də dövlət orqanlarının aktlarının düzgünlüyü prezumpsiyasıdır. Bu prezumpsiyaya görə dövlət orqanının aktları onların əksi sübut edilməyincə qanuni və əsaslı hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrinin qeyri-dəqiq olması daşınmaz əmlak barədə ümumiyyətlə reyestr qeydiyyatının olmaması və yaxud reyestrin məzmununu təşkil edən ünsürlərdən hər hansı birinin orada əks olunmamasını nəzərdə tutur. Daşınmaz əmlaka dair dövlət reyestrində göstrilən nöqsanların olmaması reyestrin məzmununun həqiqiliyinə və tamamlığına dəlalət edir. Mülki Məcəllənin 140-cı maddəsi daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək bir tərəfdən reyestr qeydiyyatını mötəbər sübut kimi qeyd edir, digər tərəfdən reyestr qeydiyyatı qüvvədə olduğu halda daşınmaz əmlak üzərində digər şəxslərin mülkiyyət və s. hüquqlarının olmasını istisna edir. Həmin maddə reyestrin həqiqiliyinə etimad edən hüquq münasibətlərinin iştirakçılarının hüquq və mənafelərini qoruyur. Məhz iddiaçı reyestrin məzmununun qeyri-dəqiqliyini mötəbər sübutlarla təsdiq etdikdə mülkiyyətçinin mülkiyyət hüququnu təkzib etmiş olur, əks halda o buna nail olmadıqda daşınmaz əmlaka hüquqlar qüvvədə qalır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.1-1-ci maddəsinə əsasən bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 9 iyun 2021-ci il tarixli, 2-1(116)-341/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar