Məhkəmə qərarları › İş №2-1(107)-367/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-367/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-367/2022 24.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş 1995ci il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Aytən”dən “Gülnarə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1406/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş 1995-ci il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Aytən”dən “Gülnarə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1995-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Doğum 11.10 1995-ci il tarixdə 1146 nömrə ilə Cavabdehndə qeydə alınmışdır. Lakin doğum qeydə alınarkən iddiaçının adı doğum haqqında şəhadətnamədə “Aytən" kimi qeyd edilmiş, sonradan mötərizəyə alınmaqla, üstündən xətt çəkilərək “Gülnarə” kimi qeyd edilmişdir. Lakin doğum akt qeydində iddiaçının adı indiyədək “Aytən” kimi qalmaqdadır. İddiaçı cavabdehə müraciət edərək doğum haqqında akt qeydinə düzəliş edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 05/Q-1974/15 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Cavabdeh arxivində saxlanılan doğum haqqında akt qeydində iddiaçının adı “Gülnarə” deyil, “Aytən” kimi qeyd edilmişdir. Lakin təqdim etdiyi sənədlər araşdırılarkən məlum olmuşdur ki, doğum haqqında ilkin şəhadətnamədə adının üzərindən xətt çəkilərək “Aytən”dən “Gülnarə”yə, daha sonra yenidən “Aytən”ə qaralama edilərək “Gülnarə” adı saxlanılmışdır. Həmçinin doğum haqqında ilkin şəhadətnamədə düzəlişi təsdiq edən möhürün hansı dövlət orqanı tərəfindən möhürləndiyi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.3-cü bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Qeyd edilənlərə əsasən, doğum haqqında akt qeydində müvafiq düzəlişin aparılması qeydiyyat şöbəsində mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 05/Q-2316/13 nömrəli etiraz məktubunda xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilənləri qeyd etmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1406/2022 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş 1995-ci il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Aytən”dən “Gülnarə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1406/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Qanunun 1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar akt kitablarının saxlanması qaydası və müddətləri və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları təsdiq edilmişdir. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Göründüyü kimi qanunvericiliyin əsas normativlərinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmə qətnaməsi əsasında aparılır. Bütün bu göstərdiyi hallar Şəki İnzibati Məhkəməsi tərəfindən ətraflı araşdırılmamış və nəticədə iddiası təmin edilməmişdir. Qeydiyyat Şöbəsi və Konsulluq İdarəsinin fəaliyyəti istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsi ilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, soyadının dəyişdirilməsini, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətynamələr və ya arayışlar verirlər. Beləliklə, Şəki şəhər VVAQ Şöbəsinin verdiyi xx.xx.1995-ci il tarixli 374949 nömrəli doğum haqqında şəhadətnamədə onun adının Aytən yazılması, sonradan adının üzərindən xətt çəkilərək yanında Gülnarə yazılması, daha sonra yanında yenidən Aytən adı yazılaraq, sonuncu adın üzərindən xətt çəkilməsi və Gülnarə adının saxlanılması onun günahı deyil. Ona görə də Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1406/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1406/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1406/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: İddiaçıya məxsus AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətində iddiaçının məlumatları “İddiaçı” kimi və doğulduğu tarix xx.xx.1995-ci il olaraq qeyd edilmişdir. Şəki şəhər VVAQ şöbəsinin verdiyi xx.xx.1995-ci il tarixli 374949 nömrəli “Doğum haqqında” şəhadətnamədən görünür ki, orada iddiaçının adı “Aytən” yazılmış, sonradan adının üzərindən xətt çəkilərək yanında “Gülnarə” yazılmış, daha sonra yanında yenidən “Aytən” adı yazılaraq sonuncu adın üzərindən xətt çəkilmiş və “Gülnarə” adı saxlanılmışdır. 347397 nömrəli xx.xx.2020-ci il tarixdə verilmiş “Nikahın pozulması haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 arasında nikah ləğv edilmişdir. Qadına “Rəhimzadə” soyadı verilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş xx.xx.1995-ci il tarixli 1154 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, orada “uşaq haqqında məlumat” qrafasında iddiaçının məlumatları “X6” olaraq göstərilmişdir. Doğulduğu tarix xx.xx.1995-ci il qeyd edilmişdir. X1, anası X11r. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli 2-18/241 nömrəli məktubuna əlavə olunmuş çıxarışdan görünür ki, orada iddiaçının məlumatları “İddiaçı” olaraq, doğum tarixi xx.xx.1995-ci il göstərilmişdir. Məktuba əlavə olunmuş digər çıxarışdan isə müəyyən olunur ki, iddiaçının xx.xx.1998-ci il təvəllüdlü X8 adlı bacısı vardır. Atası xx.xx.1965-ci il təvəllüdlü X4, anası X11r. Aytən Əhmədova xx.xx.1990-cı il təvəllüdlü X17 ilə evlidir. İki övladı var. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27-ci bəndinə əsasən valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28-ci bəndinə əsasən valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamənin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Əsasnamənin 2.2-ci bəndinə görə vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi... İşin faktiki hallarından müəyyən edilmişdir ki, iddiaçının adı doğum akt qeydində Aytən kimi qeyd edilmiş, doğum haqqında şəhadətnamədə dəfələrlə əl ilə dəyişiklik edilərək “Aytən-Gülnarə-Aytən” olaraq göstərilmiş, son olaraq Aytən adlarının üzərindən xətt çəkilərək Gülnarə saxlanmışdır. İlkin sənəd qismində məhz doğum akt qeydi çıxış etdiyindən, doğum haqqında şəhadətnamədəki düzəlişlərdən hansının sonuncu və qanuni olduğunu müəyyən etmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərində ilkin sənədlərin deyil sonrakı sənədlərin ilkin sənədlərə uyğun olması dəqiq olaraq təsbit edildiyindən iddiaçının tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və iddiaçının cavabdehə qarşı “cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş 1995-ci il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Aytən”dən “Gülnarə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş 1995-ci il tarixli doğum haqqında akt qeydinin uşaq haqqında məlumat qrafasında adının “Aytən”dən “Gülnarə”yə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1406/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar