Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-367/2023 16.11.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “15 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış fərq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-745/2023 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı “15 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış fərq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, o, xx xxxx 1956-cı il tarixdə doğulmuşdur. 15 iyun 2021-il tarixdə 65 yaşı tamam olmaqla yaşa görə əmək pensiyası almaq üçün 2021-ci ilin may ayında sənədlərini ərizə ilə birlikdə DSMF-nin 16 saylı regional ərazi idarəsinə təqdim etmişdir.
3. Cavabeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı 13 oktyabr 2022-ci il tarixli **********2 nömrəli məktubla iddiaçının ilkin tələbinin icrasından imtina etmişdir.
4. Cavabdeh məhkəməyə etirazını belə əsaslandırmışdır ki, iddiaçı 65 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçası, hərbi xidmət haqqında arayış və arxiv arayışlarının surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 23 il 5 ay (mübahisələndirilməyən) təşkil edir. İddiaçının mübahisəli sosial sığorta stajı 1978-ci ildə 11 ay, 1979-cu ildə 11 ay olmaqla Kolxozlararası Tikinti idarəsində əmək fəaliyyəti dövrü (1il 10 ay), xx.xx.1974-cü il tarixdən xx.xx.1974-cü il tarixədək təhsil aldığını iddia etdiyi dövr (3 ay 28 gün), 1973-cü il tarixdən 1974-cü il tarixədək “Azad/Lenin” adına kolxozda olan əmək fəaliyyəti dövrü (1 il). Ümumilikdə 3 il 1 ay 28 gün iddiaçının mübahisəli sosial sığorta stajı var. Bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bildirilir ki, əmək pensiyası itirilmiş əməkhaqqının kompensasiyası olması nöqteyi nəzərindən iddiaçının təqdim etdiyi Balakən rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli № 77 saylı arxiv arayışına əsasən Kolxozlararası Tikinti idarəsində əmək fəaliyyəti zamanı 1978-ci ildə 11 ay 1979-cu ildə 11 ay iddiaçının adına əməkhaqqı hesablanmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir.
5. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.1-ci yarımbəndinin 5-ci abzasına əsasən kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən hesablanır. Göründüyü kimi iddiaçı tərəfindən nə kolxozçunun əmək kitabçası, nə də müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeyd olan arayış inzibati orqana təqdim edilməmişdir. Bu səbəblə də iddiaçının “Azad/Lenin” adına kolxozda olan əmək fəaliyyəti dövrünün (1973-cü il tarixdən 1974-cü il tarixədək) sosial sığorta stajına daxil edilməsi qanunauyğun hesab edilmir. Əlavə olaraq bildirilir. ki, iddiaçı tərəfindən təqdim olunan “təhsil barədə” müvafiq sənədə münasibətdə isə qeyd edək ki, təqdim olunan sənəddə Qanunun 67-ci maddəsinin ğ bəndində olan hansı təhsil növü olması öz əksini tapmamışdır. Bu səbəblə də xx.xx.1974cü il tarixindən xx.xx.1974-cü il tarixinədək olan dövrün sosial sığorta stajına daxil edilməsi inzibati orqan tərəfindən qanunauyğun hesab edilməmişdir.
6. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. Hesab edirlər ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi yuxarıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir.
7. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. 8 Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 28 mart 2023-ci il tarixli, 2- 1(116)-745/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-745/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nünmayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-745/2023 nömrəli dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmasını, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2- 1(116)-745/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olumasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı iştirak etməmiş, məhkəməyə teleqram ilə meraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir.
15. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 nömrəli imtina məktubundan görünür ki,iddiaçının ilkin müraciəti təmin olunmamışdır. - İddiaçıya məxsus 1978-ci il tarixdə doldurulduğu göstərilən Əmək kitabçası. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 148 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə 162 nömrəli əmrlə 58-09 nömrəli avtomaşına sürücü təyin edilmiş, xx.xx.1979-cu il tarixli 11 nömrəli əmrlə ehtiyat sürücü keçirilmişdir. 1979-cu ilə aid əmrlər kitabında İddiaçı işdən çıxması qeyd edilməmişdir. Balakən Rayonu Kolxozlararası Tikinti idarəsinin şəxsi hesab kitablarında İddiaçı 1978-ci il dekabr ayında, 1979-cu il yanvar ayında əməkhaqqı aldığı qeyd edilmişdir. Balakən rayonu Hənifə kəndi “Azad Lenin” adına kolxozun şəxsi hesab kitablarına əsasən Mamedov İsmixanın (ata adı qeyd olunmamışdır) 1973-1974-cü illərdə həmin kolxozda işlədiyi qeyd edilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
22. “İnzibati icraat haqqında” Qanun: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Maddə 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmək kitabçasının 4-cü səhifəsində 3-cü və 4-cü qeydlər iddiaçının 01 fevral 1977-ci il tarixidən 11 dekabr 1978-ci illəri əhatə edən dövrdə Kolxozlarası tikinti idarəsində işlədiyi barəsindədir. Həmin qeydlərə münasibətdə məhkəmə qeyd edir ki, həmin qeydin qarşısında əmrin 07 fevral 1978-ci il tarixli olduğu göstərilir. Həm də iddiaçı 01 avqust 1977-16 noyabr 1977-ci illər ərzində Balakən Konserv zadovunda işləmişdir. Digər tərəfdən arxiv məlumatlarının araşdırılması zamanı iddiaçının 15 noyabr 1978-ci il tarixidən 162 nömrəli əmrlə sürücü təyin olunduğu göstərilmişdir. Həmçinin, əmək kitabçasında iddiaçının 11 noyabr 1978-ci il tarixdə işdən azad olunduğu qeyd olunsa da 23 yanvar 1979-cu il tarixdə onun ehtiyat sürücü keçirilməsi barədə 11 nömrəli Əmr verildiyi görünür. Bununla belə iddiaçının 1979-cu ildə nə vaxt işdən azad olunduğu barəsində arxiv məlumatı yoxdur. Hazırkı ziddiyyətli məqamlar iddiaçının Kolxozlarası tikinti idarəsində əmək fəaliyyəti barədə əmək kitabçasının qeydinin mötəbərliyini istisna edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cəmi iş stajl 24 il 3 ay 28 gün olmaqla tələb olunan 25 il sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməli deyildir.
29. İş materiallarında olan xx.xx.1978-ci il tarixli əmək kitabçasından iddiaçının xx.xx.1977 - xx.xx.1977-ci il (3 ay, 15 gün), xx.xx.1977 - xx.xx.1978-ci il (1 il, 11 ay, 9 gün), xx.xx.1979 - xx.xx.1980-ci il (1 ay, 23 gün), xx.xx.1980 - xx.xx.1985-ci il (5 il, 6 ay, 15 gün), xx.xx.1985 - xx.xx.1985-ci il (10 gün), xx.xx.1985 - xx.xx.1987-ci il (1 il, 10 ay, 9 gün), xx.xx.1988 - xx.xx.1997 (9 il, 5 ay, 16 gün) və xx.xx.1997 - xx.xx.2000-ci il (3 il, 14 gün) tarixlərdə işlədiyi müəyyən olunur.
30. Həmçinin iş materiallarından İddiaçı xx.xx.1973-xx.xx.1974-cü il tarixlərdə (1 il, 10 ay, 9 gün) Balakən rayonu Hənifə kəndi “Azad Lenin” adına kolxozunda işləməsi, xx.xx.1974-xx.xx.1976-cı il tarixlərdə (2 il, 1 ay, 4 gün) keçmiş Sovet Ordusu sıralarında xidmət etməsi müəyyən olunur. Beləliklə onun 25 ildən artıq əmək stajının olması öz təsdiqini tapır.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının əmək kitabçasının 4-cü səhifəsində 3-cü və 4-cü qeydlər iddiaçının 01 fevral 1977-ci il tarixidən 11 dekabr 1978-ci illəri əhatə edən dövrdə Kolxozlarası tikinti idarəsində işləməsinə dair qeydin qarşısında əmrin 07 fevral 1978-ci il tarixli olduğu göstərilməsi iddiaçının ziyanına şərh oluna bilməz. Belə ki, həmin qeyd idarənin məsul şəxsi tərəfindən imzalanmış və idarənin möhürü ilə təsdiq edilmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının vəzifəsi ona məxsus əmək kitabçasının lazımi qaydada saxlanılmasını təmin etmək olmuşdur və o, tələbini əsaslandırdığı halları əmək kitabçasındakı müvafiq qeydlərlə sübut edə bilir. Digər müəssisə və orqanların öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurmaması isə, iddiaçının hüquqlarının pozulmasına və ona məxsus sənədlərdə icra edilmiş qeydlərin həqiqiliyinin şübhə altına salınmasına səbəb olmamalıdır.
33. Məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)- 1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe).
34. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının 01 fevral 1977-ci il tarixidən 11 dekabr 1978-ci illərdə Kolxozlarası tikinti idarəsində işlədiyi illərlə 01 avqust 1977-16 noyabr 1977-ci illər ərzində Balakən Konserv zadovunda işlədiyi illərin üst-üstə düşməsi barədə mövqeyinə münasibətdə isə qeyd edir ki, iddiaçının Balakən Konserv zadovunda işlədiyi 01 avqust 1977-16 noyabr 1977-ci illərdə işlədiyi 3 ay 15 gün nəzərə alınmasa belə iddiaçının 25 ildən artıq əmək stajı müəyyən olunur.
35. Bundan başqa birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, arxiv məlumatlarının araşdırılması zamanı iddiaçının 15 noyabr 1978-ci il tarixidən 162 nömrəli əmrlə sürücü təyin olunduğu göstərilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının 15 noyabr 1978-ci il tarixidən 162 nömrəli əmrlə sürücü təyin olunması barədə əmək kitabçasında hər hansı qeyd aşkar olunmamışdır. Qanunvericiliyin tələblərinə görə isə əmək kitabçası istinad olunması üçün daha mötəbər sənəd hesab olunur. Belə ki, şəxsin işə qəbul olunmasına dair əmr olduğu halda həmin əmr əmək kitabçasında öz əksini tapır.
36. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 15 noyabr 1978-ci il tarixidən sürücü təyin olunmasına dair əmək kitabçasında hər hansı qeyd olmadığından həmin vəzifədə işlədiyi müddət onun sosial sığorta stajına daxil edilməməlidir. Bununla belə iddiaçının 25 ildən artıq əmək stajı müəyyən olunur.
37. Yuxarıda qeyd olunan işin hallarını nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.
38. Beləliklə, işin hallarını və aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməli, İddiaçı 15 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müavinət aldığı dövr ərzində yaranmış fərq pulunun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-ci il tarixli, 2-1(116)-745/2023 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı 15 iyun 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və müavinət aldığı dövr ərzində yaranmış fərq pulunun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.