Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-367/2025 24.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-1457/2025 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-2- 15/2-40900/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla digər vergi ödəyicisi "xxxx" MMC arasında 22 sentyabr 2023-cü il tarixdə 18 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən mallar alınmış və iddiaçıya təhvil verilmişdir. Bütün əməliyyatlar vergi qanunvericiliyinə və ciddi mühasibat sənədlərinin tərtibinə tam riayət olunaraq həyata keçirilmişdir. İddiaçıya kameral vergi yoxlaması ilə ƏDV məbləğinin hesablanmasına əsas kimi onunla müqavilə bağlamış "xxxx" MMC-nin 13 sentyabr 2024-cü il tarixdə, yəni müvafiq əməliyyatlar aparıldıqdan sonrakı dövrdə riskli vergi ödəyicisi hesab edilməsi götürülmüşdür. Halbuki, iddiaçı tərəfindən həmin vergi ödəyicisi ilə əməliyyatlar aparılan (elektron-qaimə faktura təqdim edilən və mallar alınan) zaman qurumun riskli vergi ödəyicisi olması barədə məlumat alınmamış, qərar qəbul edilməmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron-qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə "xxxx" MMC-nin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, sonuncunun əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. İddiaçının tərtib etdiyi müvafiq elektron-qaimə fakturalar riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən, Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və o, həmin elektron-qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.
3. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, müvafiq kənarlaşma ilə bağlı iddiaçıya vergi orqanı tərəfindən 18 sentyabr 2024-cü il tarixli məktub göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb olunmuş, lakin vergi ödəyicisi bəyannamə, zəruri sənəd və əsaslandırılmış izahat məktubu təqdim etmədiyindən, Vergi Məcəlləsinin 37, 67, 83-cü maddələrinə əsaslanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərar qəbul edilmişdir. Vergi ödəyicisi "xxxx" MMC-nin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot-baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq aşkar edilmişdir. Vergi ödəyicisinin 2022 – 2024-cü illərdə 14.323.400 manat satışı olmuşdur ki, bunun da 10.379.600 manat hissəsini iş və xidmət təşkil etmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən iddia edilən xammal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması, uçotbaza məlumatlarına əsasən görülmüş işlərin həcminə uyğun sayda işçilərin olmaması, bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi, bank hesabına daxil olan vəsaitlərin bəzi hallarda “Plastik kartlar üzrə” təyinatı ilə məxaric olunması müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MMC-dən 1.616.400 manat, "xxxx" MMC-dən 728.100 manat dəyərində polietilen boru və "xxxx" MMC-dən 385.600 manat dəyərində yastı prokat satışı olmasına baxmayaraq, həmin vergi ödəyicilərinin rəhbərləri izahatlarında qeyd olunan əməliyyatlardan məlumatlı olmadıqlarını bildirmişlər. "xxxx" MMC-dən 227.400 manat dəyərində polietilen boru və aksesuarların alışı olmasına baxmayaraq, araşdırma zamanı adıçəkilən qurumun faktiki olaraq həmin malların istehsalı fəaliyyəti ilə məşğul olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərlə əlaqədar müvafiq Meyarların 2.1.2-ci yarımbəndinə əsasən "xxxx" MMC Dövlət Vergi Xidmətinin 13 sentyabr 2024-cü il tarixli qərarı ilə riskli vergi ödəyicisi hesab edilərək riskli vergi ödəyicilərinin siyahısına daxil edilmişdir. "xxxx" MMC-yə təqdim etdiyi mallara dair elektron qaiməfaktura təqdim etmiş, yalnız elektron qaimə-faktura təqdim edildikdən sonra vergi orqanı tərəfindən malların mənbəyi araşdırılır ki, bu vaxtadək iki vergi ödəyicisi arasında alqısatqı baş tutur. Elektron qaimə-faktura təqdim edilməzdən əvvəl "xxxx" MMC-nin riskli əməliyyat aparması müəyyən edilə bilməzdi ki, iki vergi ödəyicisi arasında bağlanmış alqısatqı müqaviləsinin olması satıcının malik olmadığı malların təqdim edilməsi üçün əsas ola bilməz. Təqdim edilmiş mallar araşdırılarkən həmin malların vergi ödəyicisinin sahibliyində olmadığı müəyyən edilmişdir. Əməliyyat aparılmadan həmin əməliyyatın riskli olubolmaması faktları aşkarlana bilmir. Riskli vergi ödəyicisi müəyyən olunarkən vergi ödəyicisinə müvafiq bildiriş göndərilir, onun almadığı malların təqdim edildiyi araşdırılır, yalnız bundan sonra qurum riskli vergi ödəyicisi hesab edilir. Həmin zaman aralığında iki vergi ödəyicisi arasında pul köçürülmə əməliyyatları həyata keçirilir. Buna görə də X2 vergi ödəyicisinin riskli olması barədə bildiriş əks olunmur. "xxxx" MMC-nin təqdim etdiyi malların mənbəyi araşdırma zamanı müəyyən edilə bilməmiş, aparılan əməliyyatlar əmtəəsiz əməliyyat kimi qiymətləndirilmiş və Vergi Məcəlləsinin 175.11-ci maddəsinə əsasən əvəzləşməyə əsas verməmişdir. Həmin qurumun iddiaçıya təqdim etdiyi elektron qaimə-fakturalar riskli elektron qaimə-fakturalar siyahısına əlavə edilmiş və Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələblərinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyindən, iddiaçıya 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2- 40900/2024 nömrəli qərarla 2024-cü ilin avqust ayı üzrə ƏDV bəyannaməsində 129.795,82 manat ƏDV əvəzləşmədən çıxarılaraq əlavə vergi məbləği hesablanmışdır.
4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdeh orqanın xx.xx.2024-cü il tarixli məktubu, - Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-15/2-40900/2024 nömrəli qərar, - xx.xx.2023-cü il tarixli, 18 nömrəli alqı-satqı müqaviləsi,
5. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 12 mart 2025-ci il tarixli 2- 1(116)-1457/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərarının ləğv edilməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisə üzrə iş materiallarından görünür ki, cavabdeh inzibati orqanın kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərarına əsasən iddiaçının 2024-cü ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV hesabatına 129.795,82 manat əlavə vergi hesablanmışdır. İnzibati orqan bu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının qarşılıqlı əməliyyat apardığı "xxxx" MMC riskli vergi ödəyicisi hesab olunduğundan, iddiaçı barəsində əlavə vergi hesablanmışdır. - Məhkəmə cavabdeh inzibati orqanın bu qənaətini əsassız hesab etmişdir. Belə ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Yəni vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra riskli vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur. - Məhkəmə vurğulamışdır ki, cavabdeh inzibati orqan iddiaya qarşı yazılı etirazında "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə müvafiq olaraq 13 sentyabr 2024-cü il tarixdə qərar qəbul etdiyini bildirmişdir. Eləcə də inzibati orqanın 18 oktyabr 2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərarı – əlverişsiz inzibati aktı yazılı şəkildə tam olaraq əsaslandırmamışdır. Belə ki, həmin aktın özündə yalnız Vergi Məcəlləsinin 59.1-ci (ödənilməmiş məbləğlərə əlavə faiz hesablanması barədə müddəalar əks olunmuş) və 62ci maddələrinə və İPM-in 38.1-ci maddəsinə (qərardan şikayətlə bağlı müddəalar əks olunmuş) istinad edilmişdir. Qərarda inzibati icraatda – kameral vergi yoxlaması üzrə əlavə vergi məbləğlərinin hesablanması qaydası (düsturu), inzibati orqanın inzibati aktın qəbulunu şərtləndirən hallardan doğan qənaəti aydın şəkildə öz əksini tapmamışdır. Qanunvericiliklə («İnzibati icraat haqqında» Qanunun 61.5-ci maddəsində nəzərdə tutulmuş) inzibati aktın əsaslandırılmasının tələb olunmadığı hallara gəldikdə isə, hazırkı mübahisələndirilən inzibati aktın qəbulu ilə həmin hallar uzlaşmır. Odur ki, mübahisələndirilən inzibati aktın özündə yazılı şəkildə əsaslandırılması yetərli qiymətləndirilmir. - Məhkəmə həm də hesab etmişdir ki, mübahisələndirilən inzibati akt (18 oktyabr 2024-cü il tarixli qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu (əlavə faizlərlə) ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.
7. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsihəmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-1457/2025 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Vergi ödəyicisi "xxxx" MMC-nin ƏDV sub-uçot hesabı üzrə mədaxil-məxaric əməliyyatları, elektron qaiməfaktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işlər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluqlar aşkar edilmişdir. Vergi ödəyicisinin 2022-2024-cü illər ərzində 14 323,4 min manat satışı olmuşdur ki, bunun da 10 379,6 min manatını iş və xidmət təşkil etmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən əldə edilən xammal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması, uçot-baza məlumatlarına əsasən görülmüş işlərin həcminə uyğun sayda işçilərin olmaması, bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi, bank hesablarına daxil olmuş vəsaitlərin bəzi hallarda «Plastik kartlar üzrə» təyinatı üzrə məxaric edilməsi müəyyən edilmişdir. - Bundan başqa, "xxxx" MMC-dən (VÖEN: **********) 1616,4 min manat və "xxxx" MMC-dən (VÖEN: **********) 728,1 min manat dəyərində polietilen boru və "xxxx" MMCdən (VÖEN: **********) 385,6 min manat dəyərində yastı prokat alışı olmasına baxmayaraq, həmin vergi ödəyicilərinin rəhbərləri izahatlarında qeyd olanan əməliyyatlardan məlumatları olmadığını bildirmişdir. Eyni zamanda, ÇİRAQQALA MMCdən (VÖEN: **********) 227,4 min manat dəyəridə polietilen boru və aksesuarların alışı olmasına baxmayaraq, araşdırma zamanı ÇİRAQQALA MMC-nin faktiki olaraq həmin malların istehsalı fəaliyyəti ilə məşğul olmadığı müəyyən olunmuşdur. Qeyd olunanlar ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuş və onun barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il 3- 21-2-16/2- 5993/2024 nömrəli qərarı ilə "xxxx" MMC-nin (VÖEN: **********) riskli vergi ödəyicisi hesab edilərək, riskli vergi ödəyicisi siyahısına daxil edilmişdir. Kameral vergi yoxlaması zamanı kənarlaşma ilə bağlı iddiaçıya vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********696600 nömrəli məktub göndərilərək müvafiq bəyannamələr və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq bəyannamə, araşdırma üçün zəruri olan sənədlər və əsaslandırılmış izahat məktubu təqdim edilməmişdir. "xxxx" MMC-nin (VÖEN: **********) İddiaçı MMC-nə (VÖEN: **********) təqdim etdiyi elektron qaimə-fakturalar riskli elektron qaimə-fakturalar siyahısına əlavə edilmiş və Vergi Məcəlləsinin 175.11-ci maddəsinin tələblərinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermədiyindən İddiaçı MMC-ə (VÖEN: **********) xx.xx.2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərarla 2024-cü ilin avqust ayına dair ƏDV bəyannaməsində 129795,82 manat ƏDV əvəzləşmədən çıxarılaraq əlavə vergi məbləği hesablanmışdır. - Hesab edirlər ki, işə baxan birinci instansiya məhkəməsi mübahisənin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, məhkəmə baxışı zamanı qanunvericiliyin tələblərini tam araşdırmamış, maddi və prosessual hüquq normalarını yanlış tətbiq etməklə iddia tələbinin təmin olunması üzrə qanuni və əsaslı olmayan qərar qəbul etmişdir. Hesab edirlər ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan qanunvericilik aktlarının və normalarının tələblərini araşdırmadan qərar qəbul etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları və bu hallara tətbiq olunacaq vergi qanunvericiliyinin normaları düzgün müəyyən ediməmiş, iddiaçı ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş alqı-satqı əməliyyatının əmtəəsiz olmasına dair cavabdehin təqdim etdiyi sübutlara qiymət verilməmiş, 9 saylı Ərazi Vergilər İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-15/2-40900/2024 nömrəli qərarını tamamilə ləğv edən birinci instansiya məhkəməsi tərəfindən həmin qərarla hesablanmış və əməliyyatın əmtəəsiz kimi qiymətləndirilməsinə heç bir aidiyyəti olmayan və tamamilə fərqli əsaslarla hesablanmış 129795,82 manat hesablamaya hər hansı münasibət bildirməmiş, həmin hissədə qərar əsaslandırılmamışdır. Belə ki, mübahisələndirilən qərarın qəbul edilməsinin əsasını "xxxx" MMC -nin barəsində riskli vergi ödəyicisi olması barədə qərarın qəbul edilməsi deyil, İddiaçı MMC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş alqı-satqı əməliyyatının əslində əmtəəsiz əməliyyat olmasını təsdiq edən kifayət qədər sübutların olması nəticəsində Vergi Məcəlləsinin 175.11-ci maddəsi təşkil etmişdir. - Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı "xxxx" MMC-nın cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddiası üzrə qəbul edilmiş xx.xx.2017-ci il tarixli 2-1(102)-604/2017 nömrəli qərarındakı hüquqi mövqeyini qeyd etməyi zəruri hesab edirik. Qərarda qeyd olunur: “Vergi münasibətləri üzrə artıq mövcud olmuş inzibati praktika ondan ibarətdir ki, cavabdeh qurum tərəfindən vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarlar yalnız cədvəl kimi və müvafiq məbləğləri və dövrləri göstərilməklə qəbul edilir, həmin qərarların qəbul edilməsinin hüquqi və faktiki əsasları daha ətraflı isə səyyar vergi yoxlaması keçirildiyi halda aktda, kameral vergi yoxlaması keçirilən zaman isə qismən qərarda və “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublarda əks etdirilir. Bu isə o anlamı yaradır ki, həm vergi ödəyicisinə, həm də araşdırma aparan məhkəməyə vergilərin hesablanmasının hansı hallardan irəli gəldiyi və hansı hüquqi əsaslara söykəndiyi bəlli olur. Məhkəmə kollegiyası razılaşır ki, göstərilən inzibati praktika qanunvericiliyin tələblərinə dəqiqliklə riayət etmir, yalnız bu meyarı əsas götürülməklə vergi ödəyicisinin məsuliyyətini müəyyən edən qərarların ləğv edilməsini düzgün hesab etmir. Çünki belə yanaşma ilə cavabdehin qəbul etdiyi əksər qərarları ləğv edilməlidir ki, bu isə vergidən yayınma hallarına ehtimal yaradır”. - Qeyd edirlər ki, əməliyyatlar aparılmadan həmin əməliyyatın riskli olub-olmaması faktları aşkarlana bilmir. Belə ki, "xxxx" MMC tərəfindən onun sahibliyində olmayan mallar təqdim edilmiş və yalnız təqdim etmədən sonra Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarına əsasən riskli vergi ödəyicisi hesab edilmişdir. Riskli vergi ödəyicisi müəyyən olunarkən vergi ödəyicisinə müvafiq bildiriş göndərilir, almadığı malların təqdim edildiyi araşdırılır, yalnız bundan sonra vergi ödəyicisi riskli vergi ödəyicisi hesab edilir. Həmin zaman aralığında iki vergi ödəyicisi arasında pul köçürülmə əməliyyatları həyat keçirilir, buna görə də, X2 vergi ödəyicisinin riskli olması barədə bildiriş əks olunmur. Həmçinin məhkəmənin dəlilləri ilə bağlı bildiririk ki, məhkəmə iddiaçı ilə riskli vergi ödəyiciləri arasında baş vermiş alqı-satqı əməliyyatlarını subyektiv əsaslarla qiymətləndirməli deyildi. - Həmçinin Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi iddiaçının üzərinə qoyulmadığı təqdirdə məhkəmənin Vergi Məcəlləsinin 3.8-maddəsini şablon olaraq iş üzrə tətbiq etməsi məhkəmə qərarının əsaslandırılması tələbi baxımından yolverilməzdir. Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 3.8-ci maddəsi ümumiyyətlə vergi orqanlarına və onların apardıqları yoxlamalara tətbiq edilmir. Həmin müddəa Vergi Məcəlləsini, eləcə də bu Məcəlləyə əlavə və dəyişikliklərə edən qanunverici orqana şamil olunur və qanunvericilik prosesində riayət olunması məcburi olan normadır. Beləliklə bu formada, yəni bəsit şəkildə və şübhə doğuracaq anlamda məhkəmə tərəfindən əsaslandırma aparılması tərəfin yekun məhkəmə qərarının şübhə doğurmaması hüququnu pozur, qərəzli və ədalətsiz davranışını ortaya qoyur. Bundan əlavə, bir daha qeyd olunur ki, ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi işığında şərh olunmalıdır. Məhkəmə aktının əsaslandırılması tələbi əsaslandırmanın şübhə doğurmayacaq şəkildə həyata keçirilməsini tələb edir. Beləliklə, məhkəmə maddi və prosessual hüquq normasının tətbiq və təfsir olunmasında yanlışlara yol vermiş və nəticə etibarı ilə yalnışa söykənən qənaət onun qərarının hüquqi əsaslandırılmasını təşkil etmişdir. Birinci instansiya məhkəməsi riskli vergi ödəyicilərinin səlahiyyətli nümayəndəsini obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə üçüncü şəxs kimi məhkəmə işinə cəlb edərək adı çəkilən MMC-lərin idxal etmədiyi və almadığı malların hansı formada iddiaçıya satışının həyata keçirildiyini aydınlaşdıra bilərdi, habelə həmin malların həqiqətən mövcud olmasını əks etdirən müvafiq sübutları (anbara giriş-çıxışını təsdiq edən digər sənədləri və s.) tələb edə bilərdi. Lakin məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaq, eyni zamanda öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini ümumiyyətlə yerinə yetirməmiş, yalnız iddiaçının iddia ərizəsində qeyd etdiyi məqamları əsas götürməklə qərarın qəbul edilməsi ilə kifayətlənmiş, mübahisənin həllinə bilavasitə təsir edən riskli ödəyicilər tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların çeşidində uyğunluğun olubolmaması (misal üçün mütəxəssis cəlb etməklə) məsələlərini ümumiyyətlə araşdırmamışdır. Həmçinin, qeyd etməyi zəruri hesab edirlər ki, sözügedən riskli vergi ödəyiciləri barələrində qəbul edilmiş qərarları mübahisələndirməmiş və müəyyən olunmuş faktların həqiqiliyini qəbul etmişlər. Qeyd olunan hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi sözügedən dəlilləri irəli sürərkən iş üzrə heç bir araşdırma aparmamış, heç bir tutarlı səbəb göstərməmiş, sadəcə Vergi Məcəlləsinin müvafiq maddələrini əsas gətirərək qərara köçürülməklə kifayətlənmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-1457/2025 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-1457/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. İnzibati Prosessual Məcəllə: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. Vergi Məcəlləsi Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.81. Əmtəəsiz əməliyyata başqa əməliyyatı pərdələmək məqsədilə aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar kimi anlayış vermişdir. Maddə 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Maddə 24.1-ci maddəsinə görə vergi orqanları aşağıdakı vəzifələri həyata keçirməyə borcludur: 24.1.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. Vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 37.2-1. kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Maddə 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
14. Azərbaycan Respublikasının Nazirlər Kabineti 28 iyul 2020-ci il tarixdə 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 3.1 Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 47.1 inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.
58. İnzibati akta dair ümumi tələblər 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən, istinad olunan qanunlar və digər normativ-hüquqi aktlar göstərilməlidir. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5. Aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: - inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə; - inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda; - inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda; - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Apellyasiya şikayətinin mümkünlüyü
16. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
19. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
20. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının hüquqi marağı barəsində inzibati orqan tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-15/2-40900/2024 nömrəli qərarın ləğv edilməsi ilə bağlıdır.
22. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlili "xxxx" MMC ilə müqavilə tərəfi arasında aparılmış əməliyyatın əmtəəsiz əməliyyatlar olması ilə bağlıdır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın müddəalarının birgə təhlili onu deməyə əsas verir ki, riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Başqa sözlə, vergi ödəyicisinin riskli və (ya) əmtəəsiz əməliyyat aparması onun barəsində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə nəticələnir. Bundan əlavə, Vergi Məcəlləsi riskli və (ya) əmtəəsiz əməliyyat aparan vergi ödəyiciləri ilə bağlı barələrində “riskli vergi ödəyicisi olma barədə” qərarın qəbulu ilə yanaşı, həmin əməliyyatın iştirakçısı olan tərəflərin, yəni vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsi ilə bağlı əlavə tənzimləmələr də nəzərdə tutmuşdur. Belə ki, Vergi Məcəlləsinin 109.9-cu maddəsinə əsasən əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir və təqdim edilən malların (işlərin, xidmətlərin) dəyəri bu Məcəllənin 14-cü, 14-1-ci və 67-ci maddələri nəzərə alınmaqla gəlirdən çıxılır. Həmin Məcəllənin 175.11-ci maddəsinə əsasən isə əmtəəsiz və (və ya) riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir.
24. Şübhəsizdir ki, əmtəəsiz əməliyyatın iştirakçısı olan hər iki vergi ödəyicisi bu cür pərdələnmiş əməliyyatın baş tutmasında təqsirlidir və bu haldan irəli gələn hüquqi nəticələrə tabedirlər. Lakin, burada xüsusilə vurğulanmalıdır ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş tutması halının mötəbər sübutlarla təsdiqini tapması zəruridir. Belə ki, hazırkı iş üzrə müəyyən edilmiş hallar özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu maddəsinin tətbiqinə əsas verməməlidir.
25. Sözügedən normanın malın alıcısına münasibətdə tətbiqi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Başqa sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. Nəzərə alınmalıdır ki, bu cür hallarda subutetmə yükü İPM-in 14.1-ci maddəsinə əsasən cavabdeh inzibati orqanın üzərindədir.
26. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.
27. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
28. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının əməliyyat apardığı vergi ödəyicisinin onunla əməliyyatlar aparılmamışdan əvvəl riskli vergi ödəyicisi olması faktı iş materialları ilə təsdiq olunmur, bu barədə müvafiq qərarın iddiaçının əməliyyat apardığı tarixdən sonra qəbul edilməsi də iş üzrə mübahisələndirilmir.
29. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 13.2.82-ci maddəsində riskli vergi ödəyicisinin anlayışı verilmişdir. Həmin normaya əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
30. Yəni, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması üçün müvafiq orqan (qurum) tərəfindən qərar qəbul edilməlidir. Yalnız bu qərardan sonra (riskli) vergi ödəyicisinin apardığı əməliyyatlar da riskli hesab olunur.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.4-cü bəndinə əsasən Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur.
32. Göründüyü kimi, iddiaçı tərəfindən hazırkı iş üzrə müvafiq alqı-satqı əməliyyatlarının aparılmasına dair elektron qaimə-fakturalar tərtib edilən zaman iddiaçının əməliyyat apardığı müəssisənin riskli vergi ödəyicisi hesab olunması barədə İnternet Vergi İdarəsinin portalında xəbərdarlıq xarakterli bildirişlər əks olunmamış, cavabdeh də bununla bağlı hər hansı mübahisə açmamışdır.
33. Nəzərə almaq lazımdır ki, cavabdehin özü də apellyasiya şikayətində iddiaçının müəssisə ilə apardığı müvafiq əməliyyatların həmin müəssisənin riskli vergi ödəyicisi hesab olunmasından əvvəl aparıldığını qeyd etmişdir.
34. Belə olan halda, iddiaçı riskli vergi ödəyicisi ilə əməliyyat aparmadığına əmin olmuş, bu səbəbdən də, apardığı əməliyyatın riskli olması barədə İnternet Vergi İdarəsinin portalında ona xəbərdarlıq edilməmişdir. Təbii olaraq da, iddiaçı həmin əməliyyatlara görə tərtib etdiyi elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etmişdir.
35. Cavabdeh orqanın digər dəlili ondan ibarətdir ki, mübahisələndirilən qərarın qəbul edilməsinin əsasını "xxxx" MMC-nin barəsində riskli vergi ödəyicisi olması barədə qərarın qəbul edilməsi deyil, İddiaçı MMC ilə "xxxx" MMC arasında rəsmiləşdirilmiş alqı-satqı əməliyyatının əslində əmtəəsiz əməliyyat olmasını təsdiq edən kifayət qədər sübutların olması nəticəsində Vergi Məcəlləsinin 175.11-ci maddəsi təşkil etmişdir.
36. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əməliyyat apardığı müəssisənin vergi orqanı tərəfindən araşdırılması zamanı vergi ödəyicisi tərəfindən əldə edilən xammal və ya materialın təqdim edilmiş iş və xidmətlərə uyğun olmaması, uçotbaza məlumatlarına əsasən görülmüş işlərin həcminə uyğun sayda işçilərin olmaması, bank hesabı məlumatlarına əsasən işçilərə əmək haqqı ödənişinin edilməməsi, bank hesablarına daxil olmuş vəsaitlərin bəzi hallarda «Plastik kartlar üzrə» təyinatı üzrə məxaric edilməsinin müəyyən edilməsi, eyni zamanda "xxxx" MMC ilə digər MMC-lərin aralarında olan əməliyyatların qanunvericiliyin tələblərinin pozulması ilə aparılması iddiaçının məsuliyyət sferasına aid edilməməli, bu hallar onun hüquqlarını məhdudlaşdırmamalıdır. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etdiyi elektron qaimə fakturalar üzrə əməliyyatları həmin əməliyyatların aparıldığı tarixdə riskli vergi ödəyicisi olmayan müəssisə ilə aparmışdır. İddiaçı həmin müəssisənin riskli vergi ödəyicisi olub-olmamasını yoxlamaq imkanına malik olmuş, müəssisənin əməliyyat tarixində riskli vergi ödəyicisi olmadığına əmin olmuş, vergi orqanı tərəfindən də iddiaçıya bu barədə xəbərdarlıq edilməmişdir. Yenə də, qeyd olunmalıdır ki, əməliyyatların müəssisənin riskli vergi ödəyicisi olmasından öncə aparılması cavabdeh tərəfindən də mübahisələndirilmir. Həmçinin, əməliyyatlar aparılmadan həmin əməliyyatın riskli olub-olmaması faktlarının aşkarlana bilməməsi barədə cavabdeh orqanın dəlilləri əsaslı sayılaraq iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas sayıla bilməz.
37. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı mübahisə üzrə tərtib etdiyi sənədlər (elektron qaimə fakturalar) riskli əməliyyatlar zamanı və riskli vergi ödəyiciləri ilə rəsmiləşdirilmədiyindən Vergi Məcəlləsinin 175.11-ci maddəsinin təsiri altına düşmür və iddiaçı həmin elektron qaimə fakturaları ƏDV bəyannamələrində əvəzləşməyə təqdim etməkdə haqlı olmuşdur.
38. Məhkəmə kollegiyası onu da qeyd edir ki, əmtəəsiz əməliyyat apardığına görə barəsində riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmiş "xxxx" MMC tərəfindən həmin qərarın mübahisələndirilməməsi, mübahisənin həllinə bilavasitə təsir edən riskli ödəyicilər tərəfindən idxal etmədiyi və almadığı malların iddiaçıya hansı formada satılması, iddiaçıya satılan malların çeşidində mütəxəssis cəlb etməklə uyğunluğun olub-olmaması iddiaçının hüquqlarının məhdudlaşdırılmasına əsas ola bilməz. Eyni zamanda, bu dəlillər iddianın rədd olunması üçün də yetərli əsas sayıla bilməz.
39. Cavabdeh orqanın digər dəlili ondan ibarətdir ki, əmtəəsiz əməliyyatın rəsmiləşdirilməsində iştirak etmiş MMC-lərin nümayəndələri inzibati məhkəmə icraatına cəlb edilmədən birtərəfli qərar qəbul edilmişdir.
40. Kollegiya hesab edir ki, şikayətin həmin dəlili də birinci instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir. Belə ki, Kollegiya hesab edir ki, MMC-lərin nümayəndələrinin iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməsinə (zəruri cəlbetmə) də zərurət yoxdur.
41. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə görə, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə); - 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.
42. Göründüyü kimi, hazırki iş üzrə mübahisə edilən hüquq münasibətində MMC-lərin nümayəndələrinin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və MMC-lərin rəhbəri barəsində vahid qərarın qəbul olunmasını şərtləndirmir.
43. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan müddəalarına görə adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur.
44. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.
45. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı sözügedən müəssisə ilə əməliyyat apardığı zaman həmin müəssisə riskli vergi ödəyicilər siyahısında olmamışdır ki, qeyd edilən hal da bir daha cavabdeh vergi orqanın qəbul etdiyi hazırda mübahisələndirilən qərarın qanunsuz və əsassız olmasına dəlalət edir. Ona görə ki, cavabdeh vergi orqanı sonradan riskli vergi ödəyiciləri siyahısına daxil olmuş müəssisənin əvvəllər apardığı əməliyyatlarını da qanunsuz və əsassız olaraq riskli hesab edərək əlavə vergilər hesablamış və bununla da qanun pozuntusuna yol vermişdir.
46. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
47. Məhkəmə kollegiyası sonda onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı qərarın icrasının dayandırılmasına dair “müvəqqəti xarakterli müdafiə tədbirləri barədə” ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 15(116)-47/2024 nömrəli qərardadı ilə müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 15(107)-16/2024 nömrəli qərardadı ilə maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 17 aprel 2025-ci il tarixli, 15(102)-83/2025 nömrəli qərardadı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 dekabr 2024-cü il tarixli, 15(107)-16/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.
49. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
50. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli 2-1(116)-1457/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.