Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-368/2020 05.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-904/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən ona xx xxxx 2018-ci il tarixli, 084196 nömrəli Azərbaycan Respublikasının Müharibə Veteranı vəsiqəsi verilmiş və qeyd olunan tarixdən müavinət almışdır. Ona xx xxxx 2015-ci il tarixdən xx xxxx 2018-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tututlmuş, lakin ödənilməmiş müavinətin ödənilməsinə köməklik edilməsi üçün o, xx.xx.2020-ci il tarixdə cavabdeh orqana müraciət etmişdir. DSMF-nin Şəki şəhər Şöbəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə ona əsassız cavab verilmişdir. Cavabdehin etirazı: Şəki rayonu Şorsu kəndində pasport qeydiyyatında olan İddiaçı xx.xx.2019-cu il tarixli müraciətinə əsasən “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2001-ci il tarixli 613 saylı fərmanına əsasən Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdən kommunal, nəqliyyat və digər xidmətlərə görə müharibə veteranlarına sosial müavinət təyin olunmuş və ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 151 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalara uyğun olaraq kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət pensiyaçı olmayan hərbi qulluqçulara və xüsusi rütbəsi olan şəxslərə onların xidmət keçdiyi orqan, müavinət hüququ olan digər şəxslərə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri tərəfindən təyin olunaraq ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1994-cü il tarixli “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Vətəndaş İddiaçı müharibə veteranlarına ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü almaq üçün şöbəyə xx.xx.2019-cu il tarixdə rəsmi ərizə ilə müraciət etmiş və təqdim etdiyi qanunvericiliyə uyğun tələb olunan sənədlərə şöbənin sosial müavinət və təqaüd təyin edən komissiyasının işində xx.xx.2019-cu il tarixdə baxılmışdır. Vətəndaşa “Müharibə veteranı” adı və vəsiqəsi xx.xx.2018-ci il tarixdən verildiyindən və “Sosial Müavinətlər Haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən aylıq müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə (o cümlədən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət) onu almaq hüququ yaranan gündən (müharibə veteranı adı və vəsiqəsi verilən gündən) təyin edildiyindən, İddiaçı xx.xx.2018-ci il tarixdən etibarən ƏƏSMN yanında Cavabdeh tərəfindən müharibə veteranlarına Sosial müavinət təyin edilmiş və qanunamüvafiq ödənişi aparılır. İddiaçı heç bir pensiya almır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddianın rədd olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxx 2020-ci il tarixli, 2- 1(116)-904/2020 nömrəli qərarı ilə iddia təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə İddiaçı xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Şəki şəhər şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı DSMF-nin Şəki şəhər şöbəsinə müraciət edərək, ona müharibə veteranı adı verildiyi tarixədək 3 illik dövrə görə sosial müavinətin hesablanmasını və ödənilməsini tələb etmişdir. Fondun Şəki şəhər şöbəsi vətəndaşa müharibə veteranı statusunu aldığı tarixdən müavinət təyin etmiş, əvvəlki illər üçün müavinət ödəməkdən imtina etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1 -ci maddəsinə görə, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsasları “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir və həmin Qanunun 4.0.1.6-cı maddəsinə görə, veteranlara verilən müavinətin növü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət” olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə də ‘Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslər” sosial müavinət alan şəxslərin siyahısına daxil edilmişlər.. Nəzərə alaraq ki, qanunvericiliklə həmin güzəştlərin (yəni müavinətlərin) veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir, deməli, məhz bu vəsiqənin verildiyi tarix həmin müavinətləri almaq hüququnun yaranma anı kimi hesab edilməlidir. Bu mənada, iddiaçının müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinət ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı). Qeyd edilənlərin nəzərə alınaraq Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-904/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-904/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-904/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubu aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-904/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə tənzimlənir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanında nəzərdə tutulur ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: -12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. -16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. -25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Bundan başqa “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla kollegiya hesab edir ki, sosial müavinətin cavabdehin imtinasında göstərildiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda, hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinət Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində müavinət təyin edilmişdir. Həmin Fərmanın 3-cü bəndində qeyd olunmuşdur ki, bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və bu səbəbdən ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixli M/V seriyalı 084196 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. O, müharibə veteranları üçün nəzərdə tutulmuş müavinəti almaq üçün Cavabdehnə müraciət etmiş, lakin DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubla bundan imtina etmişdir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxx 2019-cu il tarixli fərmanına əsasən “kommunal,nəqliyyat və digər xidmətlərə görə” müharibə veteranlarına təyin olunan sosial müavinət növü ləğv olunmuş və onun əvəzinə xx.xx.2019-cu il tarixdən Prezident təqaüdü təsis edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi (sosial müavinət hüququ yarandığı gündən ən çoxu üç il müddətinə müavinətin ödənilməsi) yalnız sosial müavinət növlərinə şamil olunur. Lakin hazırkı mübahisə həmin müavinətin müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, müavinətin verilməsi yalnız "müharibə veteranı" adı və vəsiqəsinin verildiyi tarixdən başlanılmaqla mümkündür, qanunvericilik əvvəlki dövrlər üçün belə ödəmələrin verilməsini nəzərdə tutmur. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: ... 9.1.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya M/V seriyalı 084196 nömrəli müharibə veteranı vəsiqəsinin xx.xx.2018-ci il tarixdə verilməsi onun "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Yuxarıda qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qanunverici orqan müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Odur ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi müavinət ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” xx xxx 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin halhazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş xx.xx.2020-ci il tarixli **********8 nömrəli imtina məktubundan görünür ki, inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Şəki şəhər şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-in Şəki şəhər şöbəsinin iddiaçıya xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixə kimi tarixinədək ödənilməmiş müavinətin bir dəfəyə ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(116)-904/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-368/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-368/2020
05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver