Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-368/2022 30.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya xəstəliyi nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-338/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, xəstəliyi nəzərə alınaraq barəsində müvafiq əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddianın əsaslarına görə iddiaçı uzun müddət ürək xəstəliyindən əziyyət çəkir. Nəticədə 2012-ci və 2018-ci ildə “koronar angioplastika” əməliyyatı olmuşdur. Əməliyyatlardan sonra tam sağalmamışdır. Hal-hazırda ürək qismən işləyir. Daimi dərman müalicəsi almaq məcburiyyətindədir. İddiaçı sonuncu dəfə 2021-ci ilin fevral ayında “Akademik C.Abdullayev” adına Elmi-Tədqiqat İnstitutunda müalicədə olarkən ürəyinin qismən fəaliyyət göstərdiyi bildirilmişdir. Müayinə aktına əsasən ürəyin aorta kökü qalınlaşıb, sol mədəciyin sistola-diastolik ölçüləri artıb. Sol mədəciyin lokal yığılması pozulub-zirvə diskinetikdir, ön-çəpər, çəpər akinetikdir, zirvədə divarboyu tromb formalaşıb. Sol mədəciyin sistolik funksiyası azalıb, LVEF-39%. Sol qulaqcıq, sağ kameralar N daxilindədir. MÇ-2 perikard infarktdır. İddiaçı xəstəlik sənədləri və müayinəmüalicə sənədləri əsasında ona əlillik təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı təkrar müraciət etdikdə şəxsi müayinə olunmadan, müayinə-müalicə sənədlərinə baxılmadan ona əlillik təyin edilməsindən imtina edilmişdir
3. Cavabdeh xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı əlillik vəziyyəti Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2012-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
4. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2013-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
5. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20- İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.
6. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1 : İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: üix - qeyri stabil stenokardiya, sol mədəciyin arxa - ön arakəsmə yan divarının transmural infarktından sonrakı kardioskleroz, q.d.ç - İİ dərəcə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.
7. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0344003AAJWV saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.0 - Qeyri-stabil stenokardiya; Diaqnozun mətni: İ20.0 Qeyri-stabil stenokardiya Şiddətlənən stenokardiya, Ü.İ.X: Qeyri-stabil stenokardiya. İİİ f.s .İnfarktdan sonrakı kardioskleroz (2012) Stendləşmə əməliyyatından sonrakı vəziyyət (2012və 2018). Sol mədəciyin zirvə nahiyyəsinin anevrizması və həmin nahiyyənin trombozu, Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, Ürək çatmamazlıgı İİ funksional sinif. AF- 39% Qan dövranı çatmamazlıgı İİ mərhələ, Yanaşı xəstəliklər Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, Koronar angioplastikası stent əməliyyatlarından(2012 və 2018 ) sonrakı vəziyyət. Ətraf arterialarının aterosklerozu.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: 2012-ci ildən sonra xəstə bu günə qədər heç bir stasionar müalicələr almamışdır, ixtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.
8. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
10. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.
11. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “iddiaçıya xəstəliyi nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 18 avqust 2022-ci il tarixli 2-1(116)-338/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. Cavabdeh apellyasiya şikayətini etiraz məktubunun dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsini 18 avqust 2022-ci il tarixli 2-1(116)-338/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)- 338/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
20. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
36. İPM-in 1.2-ci maddəsindən göndərişlə AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; ... 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin: 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-338/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, əlilliyin dərəcələri (qrupu), müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı TSEK tərəfindən müəyyən (təyin) edilir. Ona görə də, TSEK-in əlilliyin təyin edilməsi və ya təyin olunmasından imtina edilməsinə dair qərarları inzibati aktdırlar. Çünki onlar şəxslər üçün hüquqi nəticələr yaradan hakimiyyət tədbiri kimi çıxış edirlər. Belə olan halda, TSEK-in qərarından narazı qalan şəxslər onu mübahisələndirməlidirlər. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də, müraciəti təmin edilməmişdir.
30. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.
31. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T 182/2022 nömrəli ekspert rəyində qeyd olunur ki, 1961-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş “Şəki rayon mərkəzi xəstəxanası” phş-nin göndərişlərdə şəxsin səhhətini əks etdirən “İ20.0-qeyri-stabil stenokardiya, şiddətlənən stenokardiya İİİ funksional sinif, infarktdan sonrakı kardioskleroz (2012), stendləşmə əməliyyatından sonrakı vəziyyət (2012 və 2018); sol mədəciyin zirvə nahiyəsinin anevrizması və həmin nahiyənin trombozu. Ağırlaşma: İ50.0 durğunluq ürək çatmamazlığı İİ mərhələ. Yanaşı xəstəliklər: Z95.5 koronar angioplastik implantatın və transplantatın olması; koronar angioplastikası stent əməliyyatından sonrakı vəziyyət (2012 və 2018); ətraf arteriyalarının aterosklerozu” diaqnoz kliniki, laborator-instrumental müayinələr əsasında düzgün müəyyən olunmuş, əyani müayinə zamanı KTM-ə göndərilərkən diaqnoz instrumental müayinənin nəticəsi ilə bir daha təsdiq olunmuşdur. Həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə düşsə də o, son 7 il ərzində xəstəlikləri ilə əlaqədar stasionar müalicə almadığından ixtisaslaşdırılmış stasionar müalicə almalı, sonra isə Forma 088 rəsmiləşdirilməklə əlillik dərəcəsi təyininə baxıla bilər. Vətəndaş İddiaçı hazırkı vəziyyətini əks etdirən diaqnozla əlaqədar onun mütəmadi müayinə və müalicəyə ehtiyacı vardır, belə ki, tibbi praktikada xroniki ürək xəstəlikləri tam müalicə olunmurlar, ürəyində açıq cərrahi əməliyyat aparılmış və ya ürək damarlarına stent qoyulmuş şəxslər mütəmadi müxtəlif dərman preparatları qəbul edir, əgər vəziyyəti ağırlaşarsa müvafiq ixtisas sahəsi üzrə həkimə (kardioloqa) müraciət edib əlavə müalicə olunurlar.
32. Yuxarıda qeyd olunan işin hallarını, iddiaçının məhkəmə kollegiyasının iclasında verdiyi izahatı nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci maddəsində göstərilən xəstəliklərin əhatə dairəsinə daxil olduğundan, məhkəmə kollegiyası iddia tələbinin əsaslı olması qənaətinə gəlir.
33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətindən imtinası qanuni və əsaslı olmamışdır.
34. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
35. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 avqust 2022-ci il tarixli 2-1(116)-338/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.