Məhkəmə qərarları › İş №2-1(107)-368/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-368/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-368/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik еdən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-1065/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin sonuncu 3-cü cümləsinə əsasən xx.xx.2006-cı il tarixdən-xx.xx.2017-ci il tarixədək toplanmış pensiya kapitalının 80 faizi artırılaraq həmin tarixə qeydə alınması və Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq pensiya təyin edilən günədək (xx.xx.2018-ci il) və işdən çıxarılan günədək toplanmış pensiya kapitalının tam həcmi nəzərə alınaraq əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin iyul ayında "Əmək pensiyaları haqqında" Qanunun 27.1-ci maddəsinin 2017-ci il 01 iyul tarixdən qüvvəyə minmiş, 3-cü cümləsi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən yenidən hesablanması və yaranmış fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin DSMF Balakən rayon şöbəsinin üzərinə qoyulması haqqında” ərizə ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsi çıxardığı xx.xx.2021-ci il tarixli 2-1(116)- 140/2021 nömrəli qərarı ilə iddianı təmin etməmişdir. Bu qərardan verdiyi apellyasiya şikayətinə baxan Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 28 sentyabr 2021-ci il tarixli qərarı ilə şikayətini təmin etməmişdir. Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarından verdiyi kassasiya şikayətinə baxan Ali Məhkəmənin İnzibati Kollegiyası çıxardığı xx.xx.2021-ci il tarixli qərarı ilə şikayətini təmin etməmiş və Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarını ləğv edib təkrar baxılması üçün işi Şəki Apellyasiya Məhkəməsinə qaytarmışdır. İşə təkrar baxan Şəki Apellyasiya Məhkəməsinin X4 Məhkəmə tərəfindən verilən tapşırığı obyektiv araşdırmamış və nəticədə çıxardığı xx.xx.2022-ci il tarixli 2-1(107)-105/2022-nömrəli qərarı ilə apellyasiya şikayətini təmin etməmişdir. Bu qərardan verdiyi kassasiya şikayətinə baxan Ali Məhkəmənin İnzibati Kollegiyası çıxardığı 07 fevral 2023-cü il tarixli, 2-1(102)-187/2023 nömrəli qərarı ilə kassasiya şikayətini təmin etməmişdir. Belə olduğu halda Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-187/2023 nömrəli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə xx.xx.2023cü il tarixli şikayət ərizəsi ilə müraciət etmişdir. - Konstitusiya Məhkəməsinin Palatası şikayət ərizəsi ilə bağlı çıxardığı 19 dekabr 2023-cü il tarixli qərardadın 2-ci səhifə üzrə 3-4-cü abzaslarında qeyd edir: Konstitusiya Məhkəməsinin Palatası İddiaçı şikayətinin dəlillərini və ona əlavə edilmiş sənədləri ətraflı öyrənərək qeyd edir ki, mübahisələndirilən məhkəmə qərarında tətbiq edilən normativ hüquqi akt ilə ərizəçinin hüquq və azadlıqlarının məhdudlaşdırılması, bu qərarın Konstitusiyaya və ya qanunlara uyğun olmayan normativ hüquqi aktlara əsaslanması müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı mübahisəyə hüquqi qiymət verilməsi nəticə etibarilə iş üzrə artıq məhkəmələr tərəfindən müəyyən edilmiş bir sıra faktiki halların araşdırılmasını və sübutların yenidən qiymətləndirilməsini tələb edir. Bu isə "Konstitusiya Məhkəməsi haqqında" Qanuna əsasən Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid deyil. Nəticədə belə məlum olur ki, işi ilə bağlı mübahisəyə hüquqi qiymət verilməsi məhkəmələr tərəfindən müəyyən edilmiş bir sıra faktiki halların araşdırılmasını və sübutların yenidən qiymətləndirilməli olduğunu göstərir. Bu vəzifə də inzibati məhkəmə və məhkəmə kollegiyalarına aiddir.

3. Cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiailı məhkəməyə vəsatətlə müraciət edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan, iddia mümkün sayılmamalıdır.

4. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 19 fevral 2025-ci il tarixli 2- 1(116)-1065/2025 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iş üzrə icraata xitam verilməsinə dair vəsatəti təmin edilməmiş, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.

5. Məhkəmə qeyd etmişdir ki, İddiaçı əvvəllər də cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı eyni tələbi irəli sürərək eyni əsaslarla iddia qaldırmış, birinci instansiya məhkəməsi tərəfindən müvafiq qərarla iddia rədd edilmiş və yuxarı instansiya məhkəməsi tərəfindən həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 15.5-ci bəndində qeyd edilir ki, İPM-in 45.5.1 və 78-ci maddələrində təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

6. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-1065/2025 nömrəli qərardadının “İddia mümkün sayılmır” hissəsində ləğv edilib, iddianın mümkün hesab edilməsi haqqında yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1 (102)- 187/2023 nömrəli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə xx.xx.2023cü il tarixli şikayət ərizəsi ilə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Palatası şikayət ərizəsinə 19 dekabr 2023-cü il tarixdə baxmış və həmin tarixdə çıxardığı 19 dekabr 2023cü il tarixli Qərardadın 2-ci səhifə üzrə 3-4-cü abzaslarında qeyd edir: Konstitusiya Məhkəməsinin Palatası İddiaçı şikayətinin dəlillərini və ona əlavə edilmiş sənədləri ətraflı öyrənərək qeyd edir ki, mübahisələndirilən məhkəmə qərarında tətbiq edilən normativ hüquqi akt ilə ərizəçinin hüquq və azadlıqlarının məhdudlaşdırılması, bu qərarın Konstitusiyaya və ya qanunlara uyğun olmayan normativ hüquqi aktlara əsaslanması müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırki mübahisəyə hüquqi qiymət verilməsi nəticə etibarı ilə iş üzrə artıq məhkəmələr tərəfindən müəyyən edilmiş bir sıra faktiki halların araşdırılmasını və sübutların yenidən qiymətləndirilməsini tələb edir. Bu isə "Konstitusiya Məhkəməsi haqqında” Qanuna əsasən Konstitusiya Məhkəməsinin səlahiyyətinə aid deyil. - Konstitusiya Məhkəməsinin Qərardadında qeyd ediləndən nəticəyə gəlmək olur ki, mübahisəyə hüquqi qiymət verilməsi üçün müəyyən edilmiş faktiki hallar yenidən araşdırılmalı və sübutlar yenidən qiymətləndirilməlidir. Bu vəzifə də Şəki İnzibati Məhkəməsinin va İnzibati Kollegiyaların üzərinə düşür. Bunun üçün də iş üzrə icraat təzələnməlidir. Şəki İnzibati Məhkəməsi İPM-in 78-ci maddəsininə əsasən “mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir" ifadəsinə əsaslanaraq iddiasını mümkün saymamışdır. Eyni zamanda yenidən baxılmasını, yolverilməz hesab etmişdir. - Şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin Palatası xx.xx.2023-cü il tarixli Qərardadında açıq şəkildə göstərir ki, mübahisəyə hüquqi qiymət verilməsi üçün məhkəmələr tərəfindən müəyyən edilmiş bır sıra faktların yenidən araşdırılmasını və sübutların yenidən qiymətləndirilməsini tələb edir. Bu haldan da məlum olur ki, məhkəmələr tərəfindən bir sıra faktlar düzgün, obyektiv araşdırılmamış, mübahisəyə hüquqi qiymət verilməsi üçün sübutların yenidən qiymətləndirilməsinin tələb edilməsini bildirir. Bu hallar da ondan asılı olmayan səbəblərdən baş vermişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-1065/2025 nömrəli qərardadı tam əsaslı və qanunauyğun olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. - Qeyd olunan maddəyə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 80% artırılması xx.xx.2017-ci il tarixindən sonra pensiya hüququ yaranan şəxslərə şamil edilir. xx.xx.2006-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya sığorta kapitalı 80% artırılır. Eyni zamanda Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi (xx.xx.2017-ci il tarixindən hazıradək) - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Məlumat üçün bildirilir ki, iddiaçının xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixinədək (xx.xx.2018-ci il tarixinədək) ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği 7023,78 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 3.511,89 təşkil edir (7023,78 manat məbləğin 50 faizi). Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçıya yaşa görə əmək pensiyası xx.xx.2018-ci il tarixindən təyin edildiyi üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı Qanunun 27.1-ci maddəsinin tələblərinə uyğun olaraq 80% artırılaraq 6321,40 manat müəyyən edilmiş və əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır (3.511,89 manat +80% = 6.321,40). Qeyd: İddiaçının əmək pensiyası göründüyü kimi yenidən hesablanmış və hal-hazırda da ödənişi davam etdirilir. - İddiaçının “əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması"na dair (Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-187/2023-cü il tarixli qərarı) iddiası barədə qanunu qüvvəyə minmiş məhkəmə qərarı olduğu halda eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Qeyd olunanlardan da göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərə əsasən hesab edirlər ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2-1(116)-1065/2025 nömrəli qərardadı qanuni və əsaslı olduğundan İddiaçı apellyasiya şikayəti məhkəmə tərəfindən təmin edilməməlidir.

Tərəflərin izahatları

9. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraz ərizəsini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-1065/2025 nömrəli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

11. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 45.5. İddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: 45.5.1. iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz; ... Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 12 İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:

Apellyasiya şikayətinin mümkünlüyü

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

16. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

17. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

18. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hazırkı iş üzrə iddiaçı eyni cavabdehə qarşı eyni tələblə və eyni əsasla məhkəməyə müraciət etmiş, Şəki İnzibati Məhkəməsinin qərarı ilə iddia təmin edilməmiş, iddiaçı tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin İnzibati Kollegiyaları tərəfindən təmin edilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir.

20. Məlum olduğu kimi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6cı bənd). İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz (15.4-cü bənd). İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir (15.5-ci bənd). Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar (15.6-cı bənd).

21. Məhkəmə kollegiyası iddiaçının sübutlar yenidən qiymətləndirilməklə iş üzrə icraatın təzələnməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsində göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

22. Odur ki, iddiaçı, mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsasları olduğunu zənn edirsə, onda İnzibati Prosessual Məcəllənin tələbləri nəzərə alınmaqla yeni açılmış hallarla bağlı ərizə ilə məhkəməyə müraciət edə bilər.

23. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.

24. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-1065/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli 2-1(116)-1065/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar