Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-369/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1593/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1975-ci ildə Şəki rayonu Baş Küngüt kəndində anadan olmuşdur. O, hazırda Şəki şəhəri E.Sabitoğlu küçəsi ev 12-də yaşayır və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Texniki dəstək bölməsinin sürücüsü işləyir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2243 nömrəli əmri ilə iddiaçı Lətifov X2 Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağdərə şəhərinə ezam olunmuşdur. Bundan sonra "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2288 nömrəli əmri ilə o, Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli şəhərinə ezam olunmuşdurr. Həmin əmrlərə əsasən, ezamiyyə vərəqələri tərtib edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "X5 Mərkəzi" publik hüquqi şəxsi İddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X5 Mərkəzinə daşınmasında iştirak etməsi barədə xx.xx.2021-ci il tarixli 176 nömrəli arayış vermişdir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi xx.xx.2022-ci il tarixli 409/1 nömrəli məktubla Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sına müraciət edərək, İİ Qarabağ Müharibəsi dövründə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərişinə əsasən, "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təcili tibbi yardım avtomaşınlarının sürücülərlə birlikdə "Ağdam Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə və "X5 Mərkəzi" publik hüquqi şəxsinə yaralı əsgər, zabit və şəhidlərin daşınması üçün ezam olunduğunu, müharibənin sonunadək yerdəyişmə üsulu ilə növbəlik əsasında 20 nəfər sürücünün göstərilən işlərdə iştirak etdiyini, müharibə bitdikdən sonra sürücülərin avtomaşınları ilə birlikdə öz iş yerlərinə qayıtdıqlarını bildirmiş və sürücülərin müraciəti əsasında onlara veteran adlarının verilməsinin qanunauyğunluğu barədə məlumat verilməsini xahiş etmişdir. Məktuba əlavə olunmuş siyahıda İddiaçı da adı vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"sı xx.xx.2022-ci il tarixli ***-**** nömrəli cavab məktubunda bildirmişdir ki, qeyd olunan 20 nəfərin xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrində xidmət etməmələrini (işləməmələrini) nəzərə alaraq, onlara "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunur. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, əlinə silah almasa da, vətənin bütövlüyü uğrunda mənəvi cəhətdən mübarizə aparmış, yaralı əsgər və zabitlərlə yanaşı, şəhidlərimizin döyüş bölgəsindən daşınmasını təmin etmişdir. Bu, onun vəzifə borcu olmuş, o, üzərinə düşəni layiqincə yerinə yetirməyə çalışmışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya qarşı xx.xx.2022-ci il tarixli 11/2943 nömrəli etirazında iddianın mümkün sayılmamasını xahiş edərək bildirmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Belə olan halda, Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh ola bilməz. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2243 nömrəli əmrindən görünür ki, Texniki dəstək bölməsinin sürücüsü Lətifov X2 Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Ağdərə şəhərinə ezam olunmuşdur. - İşdə olan xx.xx.2020-ci il tarixli 291 nömrəli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Şəkidən Ağcabədiyə, xx.xx.2020-ci ildə Ağcabədidən Füzuliyə, xx.xx.2020-ci ildə Füzulidən Şamaxıya, xx.xx.2020-ci ildə Şamaxıdan Şəkiyə getmişdir. - İşdə olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli 2288 nömrəli əmrindən görünür ki, İddiaçı Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Füzuli şəhərinə ezam olunmuşdur. - İşdə olan xx.xx.2020-ci il tarixli 307 nömrəli ezamiyyə vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Şəkidən Füzuliyə, xx.xx.2020-ci ildə isə Füzulidən Şəkiyə getmişdir. - İşdə olan "X5 Mərkəzi" publik hüquqi şəxsinin xx.xx.2021-ci il tarixli 176 nömrəli arayışından görünür ki, İddiaçı ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X5 Mərkəzinə daşınmasında iştirak etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 20 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1593/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1593/2022nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin əsaslandırması əsaslı olmamaqla yanaşı hüquq normalarımın əleyhinə təfsir olunması ilə nəticələndirmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası PrezidentininTəhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən verilir. “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2022-ci il tarixli sərəncamına və “Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında Nazirlər Kabinetinin 26 fevral tarixli sərəncamına əsasən cavabdehin imtinasını əsassız sayır. Çünki həmin orqan üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Ona verilmiş arayışdan görünür ki, o, ikinci vətən müharibəsi uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X5 Mərkəzinə daşınmasında iştirak etmişdir. Hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1593/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2- 1(116)-1593/2022 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1593/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə"nin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin 1-ci hissəsinin ikinci bəndinin dördüncü yarımbəndində isə deyilir ki, bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Sadalanan normalardan göründüyü kimi,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Mülki şəxslərə müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən o halda verilir ki, həmin mülki şəxs yuxarıda göstərilən orqanların hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam edilmiş olsun. Lakin işdə olan ezamiyyə vərəqələrindən və əmrlərdən çıxarışlardan İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi hissələrinə (bölmələrinə) və ya orqanlarına ezam olunması, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi müəyyən olunmur. Ona görə də birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya müharibə veteranı adı və vəsiqəsi vermək öhdəliyi yoxdur. Bundan başqa, İddiaçı birinci instansiya məhkəməsinə yazdığı xx.xx.2022-ci il tarixli müraciətdə, həmçinin apellyasiya şikayətində iddiasının təmin edilməli olmasının "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 3144 nömrəli Sərəncamından və "Vətən müharibəsi iştirakçılarının təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 3144 nömrəli Sərəncamının icrasının təmin edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 127s nömrəli Sərəncamından da irəli gəldiyini bildirmişdir. Lakin məhkəmə kollegiyası bununla razılaşmır və qeyd edir ki, həmin Sərəncamlar Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin əməkdaşlarına və mülki işçilərinə veteran adının verilməsini deyil, onların “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi məsələlərini tənzimləyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1593/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-369/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-369/2022
08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver