Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-369/2023 12.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş yaşa görə müavinətin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2-1(116)-504/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş yaşa görə müavinətin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, xx.xx.2019-cu il tarixdə iddiaçıya yaşa görə müavinət təyin edilmişdir. Lakin həmin müavinət daha sonradan, yəni xx.xx.2022-ci il tarixdə dayandırılmış və bu hal, onun vergi ödəyicisi kimi qeydiyyatda olması ilə əsaslandırılmağa çalışılmışdır. Halbuki, iddiaçı vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, heç bir fəaliyyətlə məşğul olmamış və həmin VÖEN xx.xx.2020-ci il tarixdə deaktiv etmişdir. Heç bir fəaliyyətlə məşğul olmaması və xx.xx.2020-ci il tarixdə vergi uçotundan çıxması ilə bağlı sənədləri cavabdeh inzibati orqana təqdim etməsinə baxmayaraq sonuncu öz qanunsuz hərəkətlərini davam etdirmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********5 nömrəli imtina məktubunda qeyd etmişdir ki, xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda (VÖEN: **********) olduğu halda xx.xx.2020-ci il tarixinədək qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinin tələbləri pozularaq iddiaçıya xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən ona təyin edilən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2019cu il tarixindən xx.xx.2022-ci il tarixinədək 5263.00 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Müraciətlə əlaqədar olaraq bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsindən vergi uçotunun ləğv edilməsi haqqında rəsmi arayış təqdim etməsinə baxmayaraq, qadınların yaşa görə müavinət hüququ xx.xx.2022-ci tarixindən 63 yaş müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
4. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********4 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ünvanlanmış imtina məktubunda "Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinə müvafiq olaraq yaşa görə sosial müavinət ödənişinin bərpa edilməsi üçün qanunla tələb edilən şəxs 62 yaşına çatdıqda və işləmədikdə tələbləri ödənilmədiyindən İddiaçı xx.xx.2019-cu il tarixdə təyin edilmiş yaşa görə sosial müavinət ödənişinin bərpa edilməsinin mümkün olmadığı qeyd edilmişdir.
5. Belə ki, iş materillarma əsasən İddiaçı xx.xx.1962- ci ildə anadan olmuşdur. İddiaçıya müraciətinə əsasən xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir.
6. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
7. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə müvafiq olaraq əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında“ Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlar.
8. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə müvafiq olaraq yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Yuxanda qeyd edilən maddələrin məzmunundan aydın olur ki, şəxsə yasa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir.
9. İddiaçı aktiv vergi ödəyicisi kimi vergi orqanında xx.xx.2017- xx.xx.2020-ci il tarixlərdə qeydiyyatda olması onu işsiz və işaxtaran statusundan məhrum etdiyi kimi aktiv vergi ödəyicisi olması səbəbiylə məcburi dövlət sosial sığortasına cəlb edilməsi onun sahibkarlıq və ya digər gəlirli əmək fəaliyyəti ilə məşğul olduğu anlamına gəlir.
10. Qeyd etmək lazımdır ki, İddiaçı xx.xx.2017-ci ildən, xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğundan ona xx.xx.2019-cu il tarixdə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən 3 və daha artıq uşağı doğub 8 yaşınadək tərbiyə etdiyi və 57 yaşına çatdığı üçün təyin edilmiş yaşa görə sosial müavinət ödənişi xx.xx.2022-ci il tarixdə dayandırılmışdır.
11. İddiaçı hal-hazırda yaşa görə sosial müavinət hüququnun mövcud olubolmadığına nəzər salsaq, “Sosial müavinətlər haqqında”Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə xx.xx.2019-cu il tarixdə edilən dəyişikliyi nəzərə alaraq ona yaşa görə sosial müavinət təyin edilməsi üçün iddiaçı 62 yaşa çatmalı və əmək fəaliyyəti ilə məşğul olmamalıdır. İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olduğundan ona yaşa görə sosial müavinət təyin edilməsi qanunvericiliyin tələblərinə müvafiq deyildir.
12. Qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki halları nəzərə alınaraq qeyd edilməlidir ki, İddiaçı “Sosial müavinətlər haqqında” Qanunun 7.0.2-ci maddəsinin tələblərinə müvafiq olaraq yaşa görə sosial müavinət təyin edilməsi üçün qanunun 62 yaşına çatmış və əmək fəaliyyəti ilə məşğul olmadıqda tələbləri ödənilmədiyindən iddia tələbi təmin edilməməlidir.
13. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
15. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
16. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 4 aprel 2023-cü il tarixli 2- 1(116)-504/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
18. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşağı doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Daha sonra inzibati orqan tərəfindən aparılan xidməti yoxlama zamanı məlum olmuşdur ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı aktiv vergi ödəyicisi kimi qeydiyyatda VÖEN (**********) olduğu halda ona xx.xx.2019-cu il tarixdən təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq davam etdirilmişdir. Bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli 37877 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən xx.xx.2022-ci il tarixdən iddiaçıya təyin edilmiş sosial müavinət dayandırılmış və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 5263,00 manat artıq ödəmə qeydə alınmışdır. İddiaçı iddia ərizəsində qeyd edilən dövrdə vergi ödəyicisi kimi qeydiyyatdan keçsə də, heç bir fəaliyyətlə məşğul olmadığını qeyd etmişdir. Lakin, Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergi İdarəsinin xx.xx.2022-ci il tarixli **********863700 nömrəli məktubuna əsasən İddiaçı VÖEN (**********) xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixdədək olan dövr ərzində dövlət büdcəsinə 15 manat vergi ödənişinin ödənilməsini təmin etmişdir və vergi orqanına təqdim etdiyi müvafiq ərizəyə əsasən xx.xx.2020-ci il tarixdən uçotdan çıxarılmışdır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 29 noyabr 2019-cu il tarixli "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilmiş dəyişikliyə əsasən Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsini 4 aprel 2023-cü il tarixli 2-1(116)- 504/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
TƏRƏFLƏRİN İZAHATLARİ
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2-1(116)-504/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2-1(116)- 504/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
22. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********112800 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı təqdim etdiyi “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə”sinə əsasən xx.xx.2020-ci il tarixdən vergi uçotundan çıxarılıb və ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilmişdir. Hal hazırda vergi uçotunda deyil. - 13 saylı Ərazi Vergilər İdarəsinin Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialına ünvanladığı xx.xx.2022-ci il tarixli, **********863700 nömrəli məktubunda qeyd olunur ki, müraciətdə adı qeyd edilən İddiaçı (VÖEN **********) xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsinə 15,00 manat (on beş manat) vergi ödənişinin dövlət büdcəsinə ödənilməsini təmin etmişdir və vergi orqanına təqdim etdiyi müvafiq ərizəyə əsasən xx.xx.2020-ci il tarixdən uçotdan çıxarılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
24. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 149-cu maddəsinin Vİİİ hissəsinə əsasən normativ hüquqi aktlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqi aktın icrasına (ona riayət olunmasına) məcbur edilə bilməz və belə aktın icra olunmamasına (ona riayət olunmamasına) görə məsuliyyətə cəlb edilə bilməz. Normativ hüquqi aktların dərc edilməsi qaydası Konstitusiya qanunu ilə müəyyən edilir.
25. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. 1.0.2-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olan redaksiyasına əsasən, bu Qanunun məqsədləri üçün əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları başa düşülür.
26. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdı. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 21.1-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28-ci maddəsinə əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 46.3-cü maddəsinə görə maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. 64-cü maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
27. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2-1(116)-504/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
32. Hazırkı qərarda istinad olunan normaların tələbindən də göründüyü kimi, iddiaçıya münasibətdə həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq xx.xx.2019-cu il tarixdən yaşa görə müavinət təyin edilmiş və xx.xx.2022-ci il tarixədək ödəniş həyata keçirilmişdir. Lakin cavabdeh tərəfindən ödənişlərin həyata keçirilməsi göstərilən tarixdən dayandırılmış, cavabdeh öz mövqeyini iddiaçının xx.xx.2017-ci ildən xx.xx.2020-ci il tarixədək aktiv vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olması ilə əsaslandırmağa çalışmışdır. Halbu ki, iddiaçıya yaşa görə sosial müavinətin təyin edildiyi xx.xx.2019-cu il tarixdə o, artıq vergi uçotunda olmuş, həmçinin vergi uçotundan çıxarışdığı xx.xx.2020-ci il tarixədək olan dövrdə ona münasibətdə ödənişlər həyata keçirilmiş və ödənişlərin dayandırıldığı xx.xx.2022-ci il tarixədək olan dövrdə sosial müavinətin dayandırılması ilə bağlı heç bir tədbir görülməmişdir
33. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən iş materiallarında olan sənədlərin və cavabdeh tərəfindən aparılmış inzibati icraat materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində 15 (on beş) manat vergi ödənişinin dövlət büdcəsinə ödənilməsini təmin etmişdir və vergi orqanına təqdim etdiyi müvafiq ərizəyə əsasən xx.xx.2020-ci il tarixdən uçotdan çıxarılmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qeyd olunan dövrdə aktiv sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Həmçinin adına VÖEN açıldıqdan bir il altı aydan artıq müddət keçdikdən sonra ona yaşa görə sosial müavinət təyin edilmiş, VÖENin aktiv olduğu müddət ərzində cavabdeh tərəfindən iddiaçının dahibkarlıq fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Müavinətin dayandırılması zamanı aparılmış icraat zamanı iddiaçının iştirakı təmin olunmamışdır. Həmçinin məhkəmə araşdırması ilə iddiaçıya münasibətdə təyin edilmiş sosial müavinətin dayandırılması barədə cavabdeh tərəfindən qəbul edilmiş hər-hansı qərar aşkar edilməmiş, cavabdehin nümayəndəsi məhkəmənin sorğusuna cavab olaraq belə bir qərarın tərəflərindən aşkar olunmadığını bildirmişdir.
34. İşin müəyyən edilmiş hallarından görünür ki, müavinətin ödənişinin dayandırılması zamanı cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olması, inzibati icraatın hansı qaydada aparılması göstərilməmiş, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakı təmin olunmamış, eyni zamanda onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsinin aydınlaşdırılması həyata keçirilməmişdir. Aparılan icraat “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra bilməz.
35. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdehin imtinasını əsassız olmuşdur, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdu.
36. Oxşar mübahisəyə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-445/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarında (31- 33-cü bəndlər) da göstərilən mövqedən çıxış etmişdir.
37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 aprel 2023-cü il tarixli 2-1(116)-504/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.