Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-37/2022 17.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə iş üzrə (Açar sözlər: torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dаir” inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-109/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir.
II. İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia tələbinin belə əsaslandırmışdır ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.
3. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 12.06.2020-ci il tarixli **********60 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı təqdim etdiyi JN- 119A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv materiallarında mövcud deyil. Həmçinin Ərazi İdarəsinə təhvil verilıniş Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. Qeyd olunan səbəbə görə də iddiaçının müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda bildirlər ki, Şəhadətnamədə torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.70 ha, faktiki torpaq sahəsi 0.68 ha torpaq sahəsi təşkil edir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında torpaq sahəsinnin 0.40 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluq ərazi, 0.10 ha hissəsi kənd təsərrüfatı təyinatlı ərazi, 0.18 ha hissəsi isə yol yeri kimi öz əksini tapmışdır.
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 15 fevral 2021-ci il tarixli, 2- 1(116)-109/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarı ilə 0.70 ha mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiası təmin edilməyərək mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 120 manat 95 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 1.0.4, 2.1, 8.0, 10, 11.1, 15, 23-cü maddələrinə, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə, “İnzibati icraat haqında” Qanunun 17, 19-cu maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddia qanuni və əsaslı deyil. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir.
8. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-109/2021 saylı qərarından İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Əvvəlki apellyasiya instansiya məhkəməsində icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(107)-221/2021 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-109/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
11. İddiaçı və onun vəkili Vəkil Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-1(107)-221/2021 saylı qərarından kassasiya şikayəti vermişdir.
Kassasiya instansiya məhkəməsində icraat
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli, 2-1(102)-1609/2021 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 may 2021-ci il tarixli, 2-1(107)- 221/2021 saylı qərarı ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır.
III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
13. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-109/2021 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Cavabdeh inzibati orqan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata almaqdan imtina edərkən onu əsas tutmuşdur ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeyd yoxdur. Eyni zamanda bildirilmişdir ki, həmin torpaq sahəsinin 0,40 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluq ərazi, 0,10 ha hissəsi kənd təsərrüfatı təyinatlı ərazi, 0,18 ha hissəsi yol ərazisi kimi baza məlumatlarında göstərilmişdir. Məhkəmə cavabdehin etirazı ilə razılaşmış, "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" Azərbaycan Respublikası Qanunun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş "qanuni əsas olmamasını əsas tutaraq iddianı təmin etməkdən imtina etmişdir. O, cümlədən məhkəməyə təqdim edilmiş sənədlərdəki uyğunsuzluq JN-119F nömrəli şəhadətnamədə Dövlət torpaq və xəritəçəkmə komitəsi Qəbələ rayon şöbəsinin müdiri "T.Məmmədov", JN-119A nömrəli şəhadətnamədə Dövlət torpaq və xəritəçəkmə komitəsi Qəbələ rayon şöbəsinin müdiri "İ.Hacıyev", və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı "H.Əlisultanov" imzalarını əsas tutmuş, şəhadətnamənin nə vaxt verildiyinin mümkünsüzlüyünü vurğulamışdır. Məhkəmənin gəldiyi nəticə düzgün sayıla bilməz. İş mareriallarından və barəsində şikayət verilən məhkəmə aktından da göründüyü kimi cavabdeh imtinanın bütün əsas və səbəblərini sadalamamış, yalnız məhkəmədə bildirmişdir ki, sənəddə uyğunzuluq vardır. Zarağan bələdiyyəsinin mülkiyyətində hesab edilən torpaq sahəsi 1997-ci ildən, daha doğrusu mülkiyyətinə verildiyi gündən onun faktiki mülkiyyətinə verilib və oradan hər hansı yol keçmir. Məhkəmə bu xüsusatı nəzərə almamış, mülkiyyət hüquqlarını pozan məhkəmə aktını qəbul etmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-109/2021 saylı qərarı ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş edirəm.
14. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2021-ci il tarixli, 2-1(107)-454/2021 saylı qərardadı ilə iddiaçının ailə üzvləri X3, X2, X4 və Azərbaycan Respublikası İqtisаdiyyаt Nаzirliyi yаnındа Əmlаk Məsələləri Dövlət Xidməti iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
17. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi, həmçinin üçüncü şəxslər X3, X2, X4 və Azərbaycan Respublikası İqtisаdiyyаt Nаzirliyi yаnındа Əmlаk Məsələləri Dövlət Xidmətinin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.
V. Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət: 23.1 Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
21. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9 Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
22. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamə Maddə 3 Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 17 Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuşdur. İddia mümkün iddiadır.
26. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır.
27. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-109/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
28. İddia mümkün iddia olsa da, əsassız olduğundan təmin oluna bilməz.
29. Belə ki, iş materiallarında olan JN-119A kod 40608018 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 29.11.1997-ci il tarixli 26 saylı qərarı ilə 0.70 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Şəhadətnamədə onun kitabda qeydə alındığı nömrə qeyd edilməmişdir.
30. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin 17.07.2020-ci il tarixli, **********98 nömrəli məktubuna əlavə edilən vətəndaşların istifadəsində olan qanuni həyətyanı və normadan artıq torpaq sahələrinin Siyahısının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı adı həmin siyahıda 518 nömrəli aktla qeydə alınmış, ailə üzvü 5 nəfər, sahə 0.10 ha, zəbt 0.44 ha göstərilmişdir.
31. Məktuba əlavə edilmiş subyektlərin Siyahısının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin adları siyahıda 232-ci sırada göstərilmiş, qaytanlanmış kitabda həyətyanı sahə 0.10 ha, faktiki torpaq sahəsi 0.26 ha qeyd edilmişdir.
32. Məktuba əlavə edilmiş Vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı və onun ailə üzvlərinin adları cədvəldə 119-cu sırada qeyd edilmiş, qanuni istifadəsində olan torpaq sahəsinin 0.10 ha olduğu göstərilmişdir. Həmçinin iddiaçının ailə üzvü olan oğlu Orxan Nəbiyevin adının qarşısında ailə üzvü 1 nəfər olmaqla qanuni istifadəsində 0.12 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir.
33. İş materiallarında olan JN-119F kod 40608018 nömrəli Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 29.11.1997-ci il tarixli 26 saylı qərarı ilə 0.26 ha həyətyanı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, 6861 nömrə ilə kitabda qeydə alınmışdır.
34. İş materiallarında olan JN-518 kod 40608018 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qəbələ rayon AİK-nın 26.04.2002-ci il tarixli 03 saylı qərarı ilə 1.05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, 9746 nömrə ilə kitabda qeydə alınmışdır.
35. İş materiallarına əlavə edilmiş Qəbələ RAİK-nin 29 noyabr 1997-ci il tarixli iclas protoklununun təsdiq olunmuş çıxarışından görünür ki, Qəbələ rayonu Zarağan kəndi T.İsmayılov adına kolxozun ərazisində aparlan torpaq islahatı ilə əlaqədar olaraq Qəbələ rayonlararası yerquruluşu idarəsi tərəfindən işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinin təsdiqi barədə kolxoz YAİK-nin 28 noyabr 1997-ci il tarixli 15 saylı qərarı təsdiq edilməsi qərara alınmış, həmin qərarla Qəbələ rayon Torpaq şöbəsinə T.İsmayılov adına kolxozun ərazisində işlənib hazırlanmış kompleks yerquruluşu layihəsinə uyğun olaraq Layihə institutu Qəbələ rayonlararası yerquruluşu idarəsinin mütəxəssislərinin iştirakı ilə torpaq payı alacaq subyektlərə dövlət aktlarının paylanmasının təmin edilməsi tapşırılmışdır.
36. İş materiallarına əlavə edilmiş Qəbələ RAİK-nin 26 aprel 2002-ci il tarixli iclas protoklununun təsdiq olunmuş çıxarışından görünür ki, Qəbələ rayonu Zarağan kəndi T.İsmayılov adına kolxozun ərazisində aparlan torpaq islahatı ilə əlaqədar olaraq bölgü layihəsində qismən düzəliş edilməsi barədə YAİK-nin 15.12.2001-ci l tarixli 11 saylı qərarına əlavələr edilməsi barədə YAİK-nin 25.04.2002-ci iltarixli 13 saylı qərarını təsdiq edilməsi qərara alınmışdır.
37. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 22.10.2020-ci il tarixli **********09 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı nümayəndəsi X2 tərəfindən göstəriiən, faktiki naturada ölçülmüş torpaq sahəsi Qəbələ rayonu Zarağan kənd İnzibati Ərazi Dairəsinin sərhəddi daxilində kənd təsərrüfatı təyinatlı, Bələdiyyə mülkiyyətinə aid torpaqlarda yerləşir. Faktiki naturada ölçülmüş 0.657 ha torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir, İddiaçı nümayəndəsi X1 bildirdiyinə görə sözügedən torpaq sahəsi İddiaçı istifadəsindədir.
38. Sözügedən ziddiyyətlərin və uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə məhkəmə kollegiyasının qərardadıyla Azərbaycan Respublikası İqtisаdiyyаt Nаzirliyi yаnındа Əmlаk Məsələləri Dövlət Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, iddiaçı və onun ailə üzvlərinə verilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamələrlə bağlı ziddiyyətli məqamların araşdırılması üçün həmin orqana sorğu göndərilmişdir.
39. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 fevral 2022-ci il tarixli **********52 saylı məlumatın təqdim olunmasına dair məktubundan məlum olur ki, Daşınmaz Əmlakin Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi idarəsinin arxivində JN- 119A saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi mövcud deyildir. Həmçinin ləğv edilmiş Dövlət Torpaq və və Xəritəçəkmə Komitəsinin ərazi şöbədsindən təhvil verilmiş “Torpağın mülkiyyətə verilməsinə dai Şəhadətnamə”lərin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. Mövcud olan elektron kadastr baza məlumatlarında sözügedən həmin şəhadətnamə öz əksini tapmamışdır.
40. Göründüyü kimi, iddiaçının JN119A nömrəli Şəhadətnamə əsasında 0.70 ha həyətyanı torpaq sahəsinə malik olması öz təsdiqini tapmır. İddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-119A saylı Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsinda olan arxiv materiallarında mövcud deyil və İdarəyə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydlər aparılmamışdır.
41. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının özünün və onun ailə üzvlərinin qanuni istifadəsində 0.70 həyətyanı torpaq sahəsinin olması barədə bəyanı əsassız olmaqla toplanmış sübutlarla ilə təkzib olunur.
42. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Qəbələ rayon AİK-nın 29.11.1997-ci il tarixli 26 saylı qərarı ilə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 0.26 ha həyətyanı torpaq sahəsi (JN-119F kod 40608018 nömrəli Şəhadətnamə) verilmişdir ki, bu da hazırkı qərarın 36-cı paraqrafında göstərilənlərə uyğundur (qanuni istifadədə 010 ha, faktiki istifadədə isə 0.26 ha)
43. İşdə Qəbələ rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli, 26 saylı qərarına əsasən DTXK-nın Qəbələ rayon şöbəsi tərəfindən 0,70 hektar torpaq sahəsinin İddiaçı və L.İddiaçıanın mülkiyyətinə verilməsinə dair JN-119A-KOD 40608018 saylı şəhadətnamə mövcuddur ki, həmin şəhadətnamədə iddiaçıdan başqa daha 3 nəfərin soyadları yazılmışdır. Göründüyü kimi sözügedən torpaq sahəsi iddiaçı ilə bərabər daha 3 nəfərin (onun ailə üzvlərinin) birgə mülkiyyətinə verilmişdir.
44. Lakin sözügedən 0.70 hektar torpaq sahəsi ilə bağlı yalnız bir şəxs, yəni hazırkı işdə iddiaçı olan İddiaçı məhkəmədə iddia qaldırmışdir belə ki, işdə onların adlarından çıxış etmək üçün nə iddiaçıya, nə də ki, tələbin güzəşti barədə hər hansı bir rəsmi sənəd mövcuddur
45. Digər 3 nəfər birgə mülkiyyətçinin bu məsələyə münasibəti araşdırılmasından ötrü məhkəmə kollegiyasının qərardadı ilə həmin şəxslər məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmiş və bu barədə lazımi qaydada məlumatlabndırılmişlar.
46. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmiş X3, X2, X4 məhkəmə kollegiyasının iclaslarına gəlmədiyindən onların iddiatəbinə münasibətlərini aydınlaşdırmaq mümkün olmamışdır.
47. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan iddia tələbi təmin edilməməlidir.
48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(116)-109/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov