Məhkəmə qərarları › İş №2-1(107)-37/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-37/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-37/2023 28.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X12, X13, X10, X7, X3 ünvan 1 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1642/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslər X12, X13, X10, X7, X3 ünvan 1 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1642/2022 nömrəli qərardadı ilə X12, X13, X10, X7 və X11 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

3. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsində faktiki olaraq yaşayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan müraciətin təmin olunmasından imtina etmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs X12 izahatında qeyd etmişdir ki, hal-hazırda ünvan 2 ünvanda faktiki olaraq ailə üzvləri Aysel Məhərrəmova, Xəyala Məhərrəmova, Bəxtiyar Məhərrəmov və Zeynəb Məhərrəmova ilə birlikdə yaşayır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 24 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1642/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2- 1(116)-1642/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1642/2022 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X12 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədiyini bildirdi.

11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, digər üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Cavabdeh məktubla müraciət edərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir.

13. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin 2022-ci il tarixli tarixli imtina məktubundan görünür ki, cavabdeh, iddiaçıya məxsus fərdi yaşayış evindən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı müraciətin təmin olunmasından imtina etmişdir. - Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 1202 nömrəli arayışından görünür ki, ünvan 2 ünvanda üçüncü şəxslər pasport qeydiyyatındadırlar və həmin ünvanda yaşayırlar. - Cavabdeh xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən İddiaçı Ağdaş şəhəri S.Səlimoğlu küçəsi 10 ünvanına X12 və X6 qeydiyyata düşməsinə razılıq vermişdir. X10, X7 və X11 az yaşlı olduğları üçün valideynlərinin şəxsiyyət vəsiqəsi əsasında həmin ünvana qeydiyyata alınmışlar. - ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. - X9 Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(107)-465/2023 nömrəli qətnaməsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 1800/2022 saylı qətnaməsi ilə (F.Nənibov), iddiaçı X6 cavabdehlər X8 və İddiaçı qarşı yaşayış evinə köçürmə, evdən yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbi haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. X9 Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(107)-465/2023 nömrəli qətnaməsi ilə iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1800/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - X9 03 iyul 2023-cü il tarixli (107)-465/2023 nömrəli məktubundan görünür ki, X9 Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(107)-465/2023 nömrəli qətnaməsindən iddiaçı X13 və onun vəkili, həmçinin nümayəndəsi X4 tərəfindən kassasiya şikayəti verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin elektron sistemindən çıxarışdan görünür ki, kassasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. - Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1035 nömrəli arayışından görünür ki, İddiaçı məxsus olan ünvan 2 ünvanında hal-hazırda heç kim yaşamır. - Nikahın pozulması haqqında AZ-İ seriyalı 449393 nömrəli şəhadətnamədən görünür ki, üçüncü şəxslər Arif Məhərəmov və Aysel Məhərrəmova arasındakı nikah pozulmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27-ci maddəsinə əsasən, fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

17. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 2-ci maddəsinin 4-cü abzasına əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. 9-cu madddəsinin 1-ci bəndinə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən, şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

20. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

21. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

22. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

24. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxslərin tələbdə qeyd olunan ünvanda qeydiyyatı üçün zəruri olan şərtlər: daimi və ya daha çox yaşaması şərti mövcuddur. İddiaçı və üçüncü şəxs, hər ikisi izahatında təsdiq edir ki, X1 fərdi yaşayış evində ailə üzvləri ilə birgə faktiki olaraq yaşayır və qeyd olunan hal iş materiallarında olan, Ağdaş şəhər İƏD üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli 1202 nömrəli arayışı ilə sübut olunur. İddiaçı, mülkiyyətində olan mənzili özgəninkiləşdirmək niyyətində olduğunu və yaxın müddət ərzində üçüncü şəxslərin həmin fərdi yaşayış evini boşaldacağını bildirir. Üçüncü şəxs özü də qeyd olunan halı təsdiq etsə də, nəzərə alınmalıdır ki, hazırda üçüncü şəxslər faktiki olaraq həmin fərdi yaşayış evində yaşamaqda davam edirlər. Odur ki, sözügedən ünvanda faktiki olaraq yaşayan şəxslərin həmin ünvandan pasport qeydiyyatından çıxarılması yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədlərinə zidd olduğundan, cavabdeh orqanın həmin şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina etməsi qanunvericiliyin tələbinə uyğun olmuşdur.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə kollegiyasına təqdim olunmuş və iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(107)-465/2023 nömrəli qətnaməsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)- 1800/2022 saylı qətnaməsi ilə (F.Nəsibov), iddiaçı X6 cavabdehlər X8 və İddiaçı qarşı yaşayış evinə köçürmə, evdən yaşamaq və evdən istifadə hüququnun tanınması, ümumi istifadə qaydasının müəyyən edilməsi tələbi haqqında iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

26. Həmin qətnamədən iddiaçı X13 tərəfindən apellyasiya şikayəti verilmişdir. X9 Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(107)-465/2023 nömrəli qətnaməsi ilə iddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(014)-1800/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. X9 03 iyul 2023-cü il tarixli (107)-465/2023 nömrəli məktubundan görünür ki, X9 Mülki Kollegiyasının 11 aprel 2023-cü il tarixli, 2(107)-465/2023 nömrəli qətnaməsindən iddiaçı X13 və onun vəkili, həmçinin nümayəndəsi X4 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin elektron sistemindən çıxarışdan görünür ki, kassasiya şikayəti təmin edilməmiş, qətnamə isə dəyişdirilmədən saxlanılmışdır.

28. X17 Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 2(107)-465/2023 nömrəli qətnaməsinin təsviri hissəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X13 cavabdeh X12 ilə 2005-ci ildə nikaha daxil olmuşlar, uzun müddət Rusiya Federasiyasında yaşadıqdan sonra Azərbaycana geri dönüb ünvan 1 ünvanda qeydiyyatda olmaqla, həmin mənzildə müvəqqəti yaşamışlar. İddiaçı mübahisəli fərdi yaşayış evinin özün iştirakı ilə əri X12 ilə birlikdə aldıqlarını iddia etsə də, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünmüşdür ki, mübahisə predmeti olan Ağdaş şəhəri, S.Səlimoğlu küçəsi 10 ünvanında yerləşən ümumi 135.1 kv.m yaşayış sahəsi 53.3 kv.m, yaşayış sahəsi 81.8 kv.m olan 3 otaqlı fərdi yaşayış evi həmin ünvanda qeydiyyatda olan X14 tərəfindən Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan digər cavabdeh, yəni iddiaçının qaynı olan İddiaçı xx.xx.2019-cu ildə alıq-satqı müqaviləsinə əsasən satmışdır.

29. Hazırkı qərarın 17-ci bəndində qeyd olunan qanunvericiliyin mənasına görə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hüququ mövcud olduqda və ya hər hansı belə hüquq olmadan yaşayış sahəsini verən şəxsin iradəsi (razılığı) əsasında.

30. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır.

31. Hazırkı mübahisədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan əsaslar formal olaraq mövcud deyil. Lakin həmin Qanunun "Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması" adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir.

32. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2020-ci il tarixli Qərarında aşağıdakı hüquqi mövqe ifadə edilmişdir:

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

34. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

35. Ağdaş Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1035 nömrəli arayışı ilə müəyyən olunur ki, iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanında hal-hazırda heç kim yaşamır.

36. Məhkəmə kollegiyasına təqdim edilmiş nikahın pozulması haqqında AZ-İ seriyalı 449393 nömrəli şəhadətnamədən görünür ki, üçüncü şəxslər Arif Məhərəmov və Aysel Məhərrəmova arasındakı nikah pozulmuşdur.

37. Həmçinin məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Arif Məhərəmov iddiaçının mülkiyyətində olan evdən qeydiyyatdan çıxarılmasına etiraz etmədiyini bildirmişdir.

38. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

39. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslər X12, X2 mənzil üzərində hər hansı hüquqa malik olmadıqları və orada yaşamadıqları halda, onların qeyd edilən ünvanda qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından və qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğu nəzərdə tutulduğundan iddiaçı özünə məxsus mənzildən həmin üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlıdır.

40. Digər üçüncü şəxslər X10, X7, X11 ilə bağlı məhkəmə qeyd edir ki, Xəyalə Məhərrəmovanın hazırda 16, Bəxtiyar Məhərrəmovun hazırda 15, Zeynəb Məhərrəmovanın hazırda 8 yaşı vardır. Xəyalə Məhərrəmovanın və Bəxtiyar Məhərrəmovun yaşayış yeri valideynlərinin razılığı ilə müəyyən edilməlidir. Zeynəb Məhərrəmovanın yaşayış yeri isə qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin yaşayış yeri sayılır.

41. Belə ki, 2-ci maddəsinin 3-cü abzasına əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır.

42. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən, on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir.

43. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə onun tələbini təmin etməkdən imtinası onun mülkiyyət hüququnun pozuntusudur. Ona görə iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuş, işə baxan birinci instansiya məhkəməsi tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilərək Cavabdeh üzərinə üçüncü şəxslər X12, X13, X10, X7, X3 ünvan 1 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1642/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilsin. İddiaçı üçüncü şəxslər X12, X13, X10, X7, X3 ünvan 1 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar