Məhkəmə qərarları › İş №2-1(107)-37/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-37/2024

10.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-37/2024 10.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddiaçıların mülkiyyətində olan DƏDR-də xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrə ilə qeydiyyata alınmış 0,0882 ha torpaq sahəsinin kateqoriya hissəsində qeydiyyatın düzəliş olunaraq həyətyanı qeyd edilməklə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsinin İddiaçı1 adına xüsusi mülkiyyəti kimi, evin ¼ hissəsinin X1 xüsusi mülkiyyəti kimi, torpaq sahəsinin isə bütövlükdə İddiaçı1 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1365/2023 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddiaçıların mülkiyyətində olan DƏDR-də xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrə ilə qeydiyyata alınmış 0,0882 ha torpaq sahəsinin kateqoriya hissəsində qeydiyyatın düzəliş olunaraq həyətyanı qeyd edilməklə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsinin İddiaçı1 adına xüsusi mülkiyyəti kimi, evin ¼ hissəsinin X1 xüsusi mülkiyyəti kimi, torpaq sahəsinin isə bütövlükdə İddiaçı1 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrə ilə qeydiyyata alınmış 0,0882 ha torpaq sahəsinin kateqoriya hissəsində qeydiyyatın faktiki vəziyyətinə uyğunlaşdırılaraq həyətyanı qeyd edilməklə, həmin torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququnun, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsi üzərində İddiaçı1, ¼ hissəsi üzərində X1 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İşin qısa məzmunu ondan ibarətdir ki, onların xüsusi mülkiyyətlərində Əliabad qəsəbəsi ərazisində yerləşən yaşayış evi və 0,0882 ha həyətyanı torpaq sahəsi vardır. Həmin ev və həyətyanı torpaq sahəsi notariusun xx.xx.2005-ci il tarixli reyestr nömrəsi 60 və 61 saylı Qanun üzrə vərəsəlik və mülkiyyət hüququ şəhadətnamələri əsasında onların mülkiyyətlərinə keçmişdir. Evin tikilməsinə icazə verilməsinə dair Zaqatala rayon XDS İKnin 1987-ci il tarixli 30 dekabr tarixli 25 nömrəli qərarı vardır. Həmin qərarda mərhum ərinin adı səhvən Əlibəy qeyd olunduğuna görə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-155 saylı qətnaməsi ilə sözügedən XDS İK-nin qərarının əri X5 məxsus olması faktı müəyyən edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi isə 1986-cı ildə “İliç” adına kolxozun xx.xx.1986-cı il tarixli ümumi iclasının qərarı ilə 0,12 ha olmaqla ayrılmışdır. Lakin evin yerləşdiyi torpaq sahəsi reyestr qeydiyyatında təyinatı səhvən “kənd təsərrüfatı təyinatlı” yazılmışdır.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçıların vəkili (nümayəndəsi) iddia ərizəsi və iş materiallarına uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1365/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Həyətyanı” qeyd edilməklə qeydiyyata alınması nəzərdə tutulan sözügedən 0,0882 ha torpaq sahəsinin kateqoriyası ərazi idarəsinin xidməti istifadəsində olan elektron xəritələrdə kənd təsərrüfatı təyinatlıdır. Məhkəmə nəzərə almamışdır ki, dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Sözügedən 0,0882 ha torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi ilə bağlı hissəsi isə mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi Zaqatala Rayon Aqrar İslahat Komissiyasınının 22 may 2004-cü il tarixli, 113 nömrəli qərarı ilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi iddiaçıların mülkiyyətinə verilmiş və həmin qərara əsasən ləğv edilmiş DTXK-nin Zaqatala rayon şöbəsi tərəfindən həmin torpaq sahəsinə müvafiq olaraq AN 287453 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırlanmışdır. Həmin sənəd də sözügedən 0,0882 ha torpaq sahəsinin təyinatı kənd təsərrüfatı kimi qeyd olunmuşdur. Bundan sonra, həmin və digər sənədlər əsasında sözügedən 0,0882 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq elektron çıxarışla kənd təsərrüfatı təyinatlı sahə kimi rəsmiləşdirilmişdir. Aqrar İslahat Komissiyasının həmin qərarı qüvvədə olduğu halda, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Aqrar İslahat Komissiyasının həmin qərarı qanunla müəyyən olunmuş qaydada geri çağrılmamış, ləğv edilməmiş və dəyişdirilməmişdir. Belə olan halda həmin qərar hüquqi cəhətdən etibarlı sayılır və mübahisəli torpaq sahəsinin verilməsinə əsas olan həmin qərar etibarlı olduğundan həmin qərar əsasında verilmiş torpaq sahəsinin təyinatının (kateqoriyasının) dəyişdirilməsi mümkün sayıla bilməz. Bununla belə, daşınmaz əmlakın dövlət reyestrindən verilən elektron çıxarışda "həyətyanı" yazının qeyd olunması (həm texniki, həm də qanuni cəhətdən) mümkün deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1365/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1365/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1365/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmişlər.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2022-ci il tarixli **********95 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.0882 ha torpaq sahəsi İddiaçı1 adına qeydiyyata alınmışdır; - Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən fərdi yaşayış evi İddiaçı1 3/4 hissə, İddiaçı2 Alabəy qızına 1/4 hissə olmaqla daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır; - 402012000205-10301 nömrəli Qeydiyyat vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Çay-daşı və kərpicdən 1990-cı ildə inşa edilmiş 1 otaq yaşayış sahəsi 25 kv. metr, ümumi sahəsi 43 kv. metr olan yaşayış evi İddiaçı1 3/4 hissə, İddiaçı2 Alabəy qızına 1/4 hissə olmaqla xx.xx.2005-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadənamə əsasında adlarına qeydə alınmışdır; - xx.xx.2005-ci il tarixli Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, 1990-cı ildə vəfat etmiş X3 İddiaçı1 ilə birgə nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın 1/2 hissəsinə mülkiyyət hüququ vardır; - xx.xx.2005-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən Çaydaşı və kərpicdən 1990-cı ildə inşa edilmiş 1 otaq yaşayış sahəsi 25 kv.metr, ümumi sahəsi 43 kv.metr olan yaşayış evi xx.xx.1990-cı il tarixdə vəfat etmiş X2 İddiaçı1 və İddiaçı2 Alabəy qızına miras qalmışdır; - xx.xx.2022-ci il tarixli A seriyalı 696652 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətindən görünür ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0.0882 ha torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaqlar” kimi qeyd edilmişdir; - 2005-ci il tarixli fərdi yaşayış fonuna daxil olan yaşayış evinin Texniki Pasportunun təsdiqlənmiş surətindən görünür ki, qeyd edilən torpaq sahəsi həyətyanı torpaq sahəsi kimi qeyd edilmişdir; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan torpaq sahəsi hazırkı elektron baza TEKUİS məlumatlarına əsasən İddiaçı1 adına xx.xx.2022-ci il tarixli ********** nömrə ilə qeydiyyata alınmış 0.0882 ha torpaq sahəsi Zaqatala rayonu, Əliabad qəsəbəsinin hüdudları daxilində kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr ərazisidir. Torpaq sahəsinin keyfiyyət qrupu İ, Bonitet balı 100 olmaqla kənd təsərrüfatına yararlı torpaqdır. İddia olunan 0.0882 ha torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı1dır. Mübahisəli torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə olunmuş Zaqatala ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli arayışda torpağın məqsədli istifadə növünün həyətyanı olaraq göstərilməsi ilə bağlı bildiririk ki, mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Torpaqların X8 İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında aparılan uçot işləri ilə bağlı həmin ərazidə dürüstləşmə işləri aparılaraq yeni uçot xəritələri hazırlanmış və vətəndaşların torpaq sahələri pay normalarına uyğun olaraq elektron baza məlumatlarında öz əksini tapmışdır. Qeydiyyata alınması iddia olunan fərdi yaşayış evi 0.0882 ha torpaq sahəsinin hüdudları daxilində inşa edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır.

17. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir.

18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir.

19. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (bənd 2.3) kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış - daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd olaraq qeyd edilmişdir.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

22. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

23. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

24. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

25. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixdə qeydiyyata alınaraq Qeydiyyat vəsiqəsi verilmişdir. Bundan sonra hazırkı cavabdeh inzibati orqan tərəfindən ilkin hüquqmüəyyənedici sənəd əsasında xx.xx.2008-ci il tarixli arayış təqdim edilmişdir. Arayışda fərdi yaşayış evinin İddiaçı1 3/4 hissə, İddiaçı2 Alabəy qızına 1/4 hissədə olmaqla mülkiyyət hüququ əsasında məxsus olduğu qeyd olunmuşdur. Arayışda fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin məqsədli istifadə növünün “həyətyanı” olduğu müəyyən edilmişdir. Həmin arayış əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınarkən torpağın təyinatı “kənd təsərrüfatı” təyinatlı göstərilmişdir.

29. Belə ki, iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində onların, habelə vərəsələri olduqları X4 mülkiyyət hüququları qeyə alınmış, cavabdeh tərəfindən torpağın məqsədli təyinatının həyətyanı olduğuna dair arayış təqdim edilmişdir.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, göründüyü kimi iddia tələbinin mahiyyəti torpağın təyinatının dəyişməsi deyil, cavabdeh inzibati orqan tərəfindən faktiki vəziyyətinə uyğun olmayaraq yanlış göstərilmiş təyinatın fakitiki vəziyyətinə uyğunlaşdırılmasından ibarətdir.

31. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edən inzibati orqanın hərəkətləri əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan lazımi qaydada araşdırma aparmadan iddiaçının müraciətinin təmin edilməsindən əsassız olaraq imtina etmişdir. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

32. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən iddiaçıların mülkiyyətində olan DƏDR-də xx.xx.2022-ci il qeydiyyat tarixli ********** nömrə ilə qeydiyyata alınmış 0,0882 ha torpaq sahəsinin kateqoriya hissəsində qeydiyyatın düzəliş olunaraq həyətyanı qeyd edilməklə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ¾ hissəsinin İddiaçı1 adına xüsusi mülkiyyəti kimi, evin ¼ hissəsinin X1 xüsusi mülkiyyəti kimi, torpaq sahəsinin isə bütövlükdə İddiaçı1 xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli 2-1(116)-1365/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar