Məhkəmə qərarları › İş №2-1(107)-371/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-371/2023

07.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-371/2023 07.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2-1(116)-1214/2023 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat 1 İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1990-cı il tarixdə anadan olmuşdur. 2008-ci il tarixdə C.Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuş və 2012-ci ildə bu hərbi təhsil müəssisəsini leytenant rübəsində uğurla bitirmişdir. Bundan sonrakı 1 il ərzində Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçdikdən sonra xidmətini davam etdirmək üçün düşmən Ermənistan silahlı bölmələri ilə keçmiş təmas xəttində yerləşən Ağdam rayonu ərazisində N saylı hərbi hissəyə təyinat almışdır. Bir müddətdən sonra Goranboy rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyinat almış və ona qarşı cinayət əməlləri və hazırkı iddiaya səbəb olmuş pozuntular baş verənə qədər, yəni 2017-ci ilin may ayına qədər bu hərbi hissədə xidmətdə olmuşdur. İddiaçı xidmət dövründə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi (1918- 2013)” yubiley medalı, o cümlədən 24 iyun 2015-ci il tarxdə baş leytenant rütbəsi ilə təltif olunmuşdur. İddiaçı 2017-ci ilin may ayında Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 6-cı bölük komandiri vəzifəsində olarkən hazırda “Tərtər işi” kimi tanınan iş çərçivəsində dövlətə xəyanət ittihamları ilə əlaqədar qanunsuz azadlıqdan məhrum edilmiş, sorğu-suala cəlb edilmiş və bu zaman özünün və digər hərbi qulluqçuların əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalmışdır.

3. 14 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ibtidai istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuş, Tərtər Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

4. Eyni zamanda 17 may 2017-ci il tarixdə Tərtər Hərbi prokuroru tərəfindən İddiaçı rəis kimi öz tabeliyində olan əsgərlərə qarşı zor tətbiq edərək döyməsi faktına şörə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və İddiaçı 12 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. 30 avqust 2017-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə istintaq olunan cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə istintaq olunan cinayət işinə birləşdirilməklə bir icraatda istintaq davam etdirilmişdir. 6 sentyabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən İddiaçı həbsdə saxlanılma müddəti 4 ay olmaqla 14 yanvar 2018-ci ilə qədər uzadılmışdır. 22 dekabr 2017-ci il tarixdə Bakı Hərbi Məhkəməsi tərəfindən İddiaçı həbsdə saxlanılma müddəti 3 iyun 2018-ci ilə qədər uzadılmışdır. 29 yanvar 2018-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə davam edən iş üzrə ibtidai istintaq 15 fevral 2018-ci il tarixdə tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilmişdir. Tərtər Hərbi Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı təyin edilmiş 11 (on bir) aylıq cəza müddətinin bitməsi ilə əlaqədar 14 aprel 2018-ci il tarixdə azadlığa buraxılmışdır. İddiaçı həbsi ilə əlaqədar olaraq 17 may 2018-ci il tarixə qədər N nömrəli hərbi hissə komandirinin sərəncamına verilmişdir. İddiaçı sərəncamdan çıxarılaraq dərhal 0374 saylı, 17 may 2018-ci il tarxli əmrlə “Hərbi xidmətkeçmə haqqında ”Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) əsasında hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əmr iddiaçıya elan edilsə də onun surəti nə həmin tarixdə, nə də ondan sonrakı tarixlərdə iddiaçıya təqdim edilmişdir. Əmr faktiki olaraq İddiaçı əsassız sorğu-sual edilməsi və cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnmiş tabeçiliyində olan hərbi qulluqçulara zor tətbiq etməsi ilə əsaslandırılmış, İddiaçı barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olduğundan və üzləşdiyi əsassız ittihamlar və işgəncələrdən bezdiyindən hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı əmri həmin dövrdə, yəni, 2018-ci ilin mayında qəbul etməkdən başqa seçim imkanı mövcud olmamışdır. Həm İddiaçı, həm digər zərərçəkmiş şəxslərin, həm də onların ailə üzvlərinin çoxsaylı müraciət və etirazlarından sonra 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin və qanunsuzluqlann yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaqı Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra İddiaçı istintaq orqanına ifadə vermiş, ona məlum olan bütün hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı məlumat yermişdir. Nəticədə İddiaçı məhkum edilməsinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 303.3.1, 303.3.6, 303.3.8, 391.8 və 391.8.1-ci maddələrinin tələblərinin kobud pozuntularına yol verildiyindən Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİİ dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protesti nəticəsində Tərtər Hərbi Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü və məhkəmənin hazırlıq iclasının 12 mart 2018-ci il tarixli qərarı ləğv edilərək cinayət işi yenidən baxılması üçün həmin məhkəmənin hazırlıq mərhələsinə qaytarılmışdır. Tərtər Hərbi Məhkəməsinin hazırlıq iclasının 18 aprel 2022-ci il tarixli qərarı ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən həmin pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməklə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. 29 aprel 2022-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmiş, həmin tarixdən cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, İİ dərəcəli hüquqşünas Nəriman Nərimanlıya həvalə edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” xx.xx.2020-ci il tarixli Qanunun 1.73-cü bəndinə əsasən Cinayət Məcəlləsinin 331-ci maddəsi ləğv edildiyindən və 1.72-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 329-cu maddəsi yeni redaksiyada verilərək qüvvədən düşmüş CM- nin 331.3cü maddəsində göstərilən hərəkətlərə görə cinayət məsuliyyəti hazırda qüvvədə olan CMnin 329-cu maddəsi ilə əhatə olunduğu üçün 29 aprel 2022-ci il tarixli qərarla cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsinə tövsif edilmişdir. İstintaqın nəticəsində 30 iyun 2022-ci il tarixdə İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi haqqında qərar çıxarılmışdır. Beləliklə, iş üzrə İddiaçı qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 274-cü, həm də 331.3-cü (329.2.1-ci maddəsinə tövsif edilməklə) maddələri ilə irəli sürülmüş ittihamlara bəraətverici əsaslarla xitam verilmişdir. Bununla da İddiaçı xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılması üçün əmrə səbəb olmuş əsaslar aradan qalxmışdır. Qeyd edilən xitam qərarı İddiaçı 2022-ci ilin oktyabr ayında təqdim edildikdən dərhal sonra o, 13 oktyabr 2022-ci il tarixdə cavabdeh Müdafiə Nazirliyinə müraciət edərək onun ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa olunması, eyni zamanda əmrin verildiyi tarixdən, yəni 17 may 2018-ci ildən əmrin ləğv ediləcəyi tarixə qədər olan dövr üçün, yəni məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanmaqla ödənilməsini xahiş etmişdir. Göndərilmiş ərizəyə cavabdeh Müdafiə Nazirliyindən heç bir cavab məktubu daxil olmamış, iddiaçı tərəfindən ünvanlanmış ərizədə göstərilən tələblər üzrə heç bir addım atılmamışdır. Bununla da faktiki olaraq cavabdeh tərəfindən İddiaçı ehtiyata buraxılması barədə əmrin ləğv edilməsi və ondan irəli gələn digər hərəkətlərin edilməsindən imtina edilmişdir. İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə əmr qanunsuz və əsassızdır, cavabdehin üzərinə əmrin ləğv edilməsi, işə bərpa edilmə, itirilmiş illərin əmək stajına hesablanması və məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının ödənilməsi vəzifəsi qoyulmalıdır.

5. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı iddia müddətini ötürdüyündən iddia ərizəsi mümkün sayıla bilməz. İddiaçı xx.xx.2018-ci il tarixli əmri məhkəməyə 2023-cü ildə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür.

6. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-1101/22 nömrəli qərarı (bəndlər 22-28) nəzərə alınmalıdır. Həmin qərara əsasən: “...İddianın mümkünlük (b.23) şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. ... Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslığının yoxlanılması istisna olunur (b.24)”

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, “inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki, ... məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini ... yoxlamalıdırlar (2.3-cü bənd); ... Məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tututlmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (... iddianın verilməsi müddətinə əməl olunması) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)"

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

9. AR İPM-in 35.1-ci maddəsinə əsasən, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarını rəhbər tutaraq, məhkəmədən iddia ərizəsinin təmin edilməməsini və mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 aprel 2023-cü il tarixli 2- 1(116)-1214/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

12. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsi mübahisələndirilən qərardadı çıxararkən iddia ərizəsi ilə birlikdə iddiaçı tərəfindən təqdim edilən buraxılmış müddətin bərpası ilə bağlı ərizəni, nəticə etibarilə həmin ərizədə müddətin buraxılmasına səbəb olmuş halları tam və obyektiv olaraq araşdırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qərardadda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə istinad edərək müddətin buraxılmasına səbəb olmuş halları təbii fəlakət və ya digər qarşısı alınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar kimi qiymətləndirməmiş və belə olan vəziyyətdə müddətin buraxılmasından 1 ildən çox müddət keçdiyindən həmin müddətin bərpasına dair ərizə verilməsinin mümkünsüzlüyü qənaətinə gəlmişdir. Lakin iddiaçı tərəfindən müddətin bərpasına dair ərizədə göstərilmiş hallara qərardadda istinad edilməmiş, həmin halların qarşısı alınmaz hallar olmadığı qənaətinə gəlinməsi əsaslandırılmamışdır. Qərardadın məzmunundan məhkəmənin mümkünlük məsələsini yoxlayıb həll etmək vəzifəsinin olması əsaslandırılsa da, buraxılmış müddətin bərpa edilməsinin qeyrimümkünlüyü ilə bağlı qərardadda heç bir dəlil göstərilməmişdir. İddiaçının müddətin bərpasına dair ərizəsində onun barəsində verilmiş əmrin ləğv edilməsi tələbi ilə mübahisələndirməyə dair iddianın verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının səbəbi kimi iddiaçının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində zabit kimi xidmətdə olarkən 2017-ci ilin may ayında hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz dindirməyə cəlb olunması, onun ağır işgəncələrə məruz qalması və ən əsası 17 may 2017-ci il tarixdə rəis kimi öz tabeliyində olan əsgərlərə qarşı zor tətbiq edərək döyməsi xüsusatı üzrə Azərbaycan Respublikası CM-in 331.3-cü maddəsilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməsi və Tərtər Hərbi Məhkəməsinin 30 mart 2018-ci il tarixli hökmü ilə 11 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi kimi halları göstərmişdir. Qeyd edilmiş hallar iş materiallarında olan Baş Prokurorluğun İstintaq İdarəsinin 30 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq olnur. İddiaçı 2017-ci ilin 17 may tarixindən hesablanmaqla 11 ay həbsdə qalmış və 2018-ci ilin 17 aprel 2018-ci il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azadlığa çıxmışdır. Xidmət etdiyi hərbi hissəyə gəldikdən sonra onun tabeliyində olan hərbi qulluqçuları döyməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğu üçün xidmətdən tərxis olunmalı olduğu barədə məlumat verilmiş və iş materiallarında olan iddiaçıya məxsus EZ ******* seriya və nömrəli hərbi biletdən də göründüyü kimi o, xx.xx.2018-ci il tarixli 0374 nömrəli əmrlə xidmətdən tərxis edilmişdir. Göründüyü kimi İddiaçı azadlığa buraxıldıqdan cəmi 1 ay sonra xidmətə uyğunsuzluq əsası ilə tərxis edilmiş, tərxisdə əsas qanuni qüvvəyə minmiş məhkəmə hökmündə əks olunmuş hallar göstərildiyindən onun qeyd edilən xx.xx.2018-ci il tarixli 0374 nömrəli əmri mübahisələndirmək imkanı mövcud olmamışdır. Belə olan halda, yəni İddiaçı hərbi xidmətdən tərxis olunmasına səbəb göstərilmiş hallar əmrin verildiyi vaxt qanuni qüvvəyə minmiş məhkəmə hökmündə təsbit olunduğundan əmrin İddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilməsi istisna olunurdu və bu İddiaçı iradəsindən asılı olmayan, faktiki olaraq qarşısının alınması mümkün olmayan hal mövcud idi. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2-1(116)-1214/2023 nömrəli qərardadının ləğv edilməsi, buraxılmış müddətin bərpa olunması və iddianın mümkün sayılaraq iddia tələblərinə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023cü il tarixli 2-1(116)-1214/2023 nömrəli qərardadının ləğv edilməsi, buraxılmış müddətin bərpa olunması və iddianın mümkün sayılaraq iddia tələblərinə aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılması barədə qərardad qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

16. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, İddiaçı barəsində Azərbaycan Respublikası CM-in 329.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. - iddia ərizəsinə əlavə edilmiş EZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2018-ci tarixli 0374 nömrəli əmrinə əsasən “Hərbi xidmətçeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; Maddə 24.4. Təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: - 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. - 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. - 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. - 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. - 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. - 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. - 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. - 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. - 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

22. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, iddiaçı mübahisələndirilən qərardan daha əvvəl məlumatlı olmağına baxmayaraq, qərarı mübahisələndirməmişdir. Belə ki, mübahisəli qərardan iddiaçı 2018-ci ildən məlumatlı olmuş, lakin iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır.

23. Məhkəmə kollegiyası ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

24. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

25. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

26. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2018-ci tarixli 0374 nömrəli əmrinə əsasən “Hərbi xidmətçeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Lakin bundan sonra İddiaçı barəsində olan cinayət işi üzrə icraat davam etdirilmiş və xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarla İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.2.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinin icraatına əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir.

27. Lakin İPM-in 12-ci və 48-ci maddələrinə əsasən, birinci instansiya məhkəməsi inzibati iş üzrə işin qeyd olunan faktiki halları barədə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkünsüz saymışdır.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.12-ci maddəsinə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər.

29. Belə ki, xx.xx.2018-ci tarixli 0374 nömrəli əmrlə iddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir.

30. Göründüyü kimi, inzibati aktın ləğv olunmasını şərtləndirən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və iddiaçı da həmin tarixdən 1 il ərzində məhkəməyə müraciət etmişdir.

31. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаdаn iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87.6cı mаddəsinə əsаsən, şikаyət təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 28 aprel 2023-cü il tarixli 2-1(116)-1214/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar