Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-371/2024 03.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştiraki ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ona uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2- 1(116)-216/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay rayonu, Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ona uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Göyçay rayonu Şəhadət bələdiyyəsinə ərizə ilə müraciət edərək, bələdiyyə ərazisində bələdiyyənin icarə predmeti olmaqla (keçmiş S.Vurğun adına təsərrüfatın maldarlıq fermasının həyəti) kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatının inkişafı məqsədi ilə 12 hektarının uzun müddətli 99 illik icarəyə verilməsini xahiş etmişdir. Göyçay rayonu Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ərizəsi nəzərə alınmışdır. Həmçinin nəzərə alınmışdır ki, mövcud olan ferma həyəti hazırda məcburi köçkün ailələrinin müvəqqəti istifadəsindədir. Ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində məcburi köçkün ailələri öz doğma yurdyuvasına qayıtdıqdan sonra həmin torpaq sahəsindən təyinatına uyğun olaraq istifadəsinin təmin edilməsi qərara alınmışdır.
3. Həmin qərara əsasən bələdiyyənin icarə predmeti olan kənd təsərrüfatına az yararlı keçmiş maldarlıq fermasının həyətində olan 12 hektar torpaq sahəsi kənd təsərrüfatının inkişafı məqsədi ilə onun uzun müddətli (99 il müddətinə) icarəsinə verilmiş. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq onunla icarə müqaviləsi bağlanması qərara alınmışdır. Onunla bağlanmış icarə müqaviləsi yalnız ərazidə müvəqqəti məskunlaşdırılmış məcburi köçkün ailələri öz doğma yurdlarına qayıtdıqdan, torpaq sahəsi boşaldıqda sonra hüquqi qüvvəyə minir, icarə haqqı həmin vaxtdan başlayaraq hesablanmalıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon Şöbəsindən xahiş edilmişdir ki, icarəyə verilən torpaq sahəsinin yerquruluşu planından çıxarışını hazırlamaqla onunla bağlanmış icarə müqaviləsi qeydiyyata alsın. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin X5 filialının 12 noyabr 2021-ci il tarixli 394 saylı arxiv çıxarışında da həmin qərarın tarixi və nömrəsi, həmçinin məzmunu təsbit olunmuşdur. Göyçay rayonu Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarına əsasən bələdiyyə ilə onun arasında 18 oktyabr 2006-cı il tarixdə 19 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır.
4. Bundan başqa, ona Göyçay rayonu Şəhadət Bələdiyyəsinin sədri tərəfindən 14 oktyabr 2006-cı il tarixdə təsdiq olunmuş uzun müddətli icarəyə verilən torpaq sahəsinin planı təqdim edilmişdir. Həmin plan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi ilə razılaşdırılmışdır. Plan həmin şöbənin baş məsləhətçisi Ş.Abışov tərəfindən tərtib olunmuşdur. O, yuxarıda qeyd olunan torpaq sahəsi üzərində icarə hüququmun qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, həmin İdarənin 17 fevral 2023-cü il tarixli 3-21-3-36/2-505/2023 saylı məktubu ilə müraciəti təmin edilməmişdir.
5. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Göyçay rayonu Şəhadət kəndində yerləşən 12.0 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün hesab edilən sənədlərin qanunauyğunluğu və torpaq sahəsinin döngə nöqtə koordinatları elektron baza məlumatlarına əsasən yoxlanılarkən torpaq sahəsi elektron kadastr baza məlumatlarında örüş olması məlum olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Göyçay rayonu Şəhadət kəndində yerləşən 12.0 ha torpaq sahəsi kopleks yerqurluşu layihəsi əsasən (DVJ) kənd təssərüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid X7 ərazisi kimi göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı bələdiyyə mülkiyyətinə aid təhsil, səhiyyə mədəniyyət nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar. TEKUİS uqodiyası örüş göstərilmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 aprel 2024-cü il tarixli, 2- 1(116)-216/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
8. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(116)-216/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəf olaraq o və torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə müqavilə azadlığı prinsipinə əsaslanaraq, xx.xx.2006-cı il tarixli 19 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bağlamışlar. Onunla cavabdeh arasında Göyçay rayonu Şəhadət kəndində yerləşən, 12 ha torpaq sahəsinə dair kənd təsərrüfatının inkişafı üçün 99 il müddətinə icarə müqaviləsi bağlanmış, müqavilənin 2.3-cü bəndində icarə haqqının sahə boşaldıqdan sonra hesablanması qeyd olunmuşdur. O, həmin torpaq sahəsində müvəqqəti olaraq məcburi köçkünlərin olması halını, eləcə də, Bələdiyyə ilə bağlanmış icarə müqaviləsinin digər şərtlərini qəbul etmiş, sərbəst iradə ifadəsinə əsasən icarə müqaviləsini imzalamışdır. Tərəfindən məcburi köçkünlərin həmin ərazidən istifadə etmələrinə hər hansı maneə yaradılmır. O, müqavilə üzrə icarə hüquqlarının qeydiyyata alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmişdir. «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Yuxarıda qeyd edilən qanun norması imperativ xarakter daşıyır. Yəni, torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ mütləq şəkildə qeydiyyata alınmalıdır. Bələdiyyə ilə aralarında bağlanmış icarə müqaviləsi 99 il müddətinə bağlanmışdır. Həmin icarə müqaviləsi üzrə torpaq sahəsi üzərində 99 il müddətinə icarə hüququm cavabdeh inzibati orqan tərəfindən qeydiyyata alınmalıdır. Lakin cavabdeh inzibati orqan bunun üçün heç bir əsas olmadığı halda bu hüququnun qeydiyyata alınmasından və adıma çıxarış verilməsindən imtina etmiş, bunun davamı olaraq birinci instansiya məhkəməsi mənim haqlı və əsaslı tələbimi təmin etməmişdir. Bununla da, onun dövlət tərəfindən təminat altında olan, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən əldə etdiyim hüquqları kobud şəkildə pozulmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(116)-216/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(116)-216/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir.
12. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - X5 Filialının xx.xx.2021-ci il tarixli 394 nömrəli arxiv çıxarışından görünür ki, Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, ümumi iclasının 10 nömrəli qərarına əsasən aşağıda qeyd olunanlar qərara alınmışdır:
1. Göyçay rayonu Şəhadət bələdiyyəsi ərazisində bələdiyyənin icarə predmeti olmaqla (keçmiş S.Vurğun adına təsərrüfatın maldarlıq fermasının həyəti) kənd təsərrüfatına az yararlı torpaq sahəsindən kənd təsərrüfatının inkişafı məqsədilə 12 (on iki) hektarının uzun müddətli (99 illik) icarəyə verilməsi barədə ərizəsi nəzərə alınsın, həmçinin nəzərə alınsın ki, mövcud olan ferma hə mövcud olan ferma həyəti hazırda məcburi köçkün ailələrin müvəqqəti istifadəsindədir. Ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü siyasəti nəticəsində məcburi köçkün ailələri öz doğma yurd-yuvasına qayıtdıqdan sonra həmin torpaq sahəsindən təyinatına uyğun olaraq istifadəsi təmin edilsin.
2. Bələdiyyənin icarə predmeti olan kənd təsərrüfatına az yararlı keçmiş maldarlıq fermasının həyətində olan 12 hektar torpaq sahəsi kənd təsərrüfatının inkişafı məqsədilə Göyçay şəhər sakini İddiaçı uzun müddətli (99 il müddətinə) icarəyə verilsin.
3. Azərbaycan Respublikasının "Torpaq icarəsi haqqında" qanununa uyğun olaraq İddiaçıla icarə müqaviləsi bağlanılsın.
4. İcarəçi İddiaçı nəzərinə çatdırılsın ki, onunla bağlanmış icarə müqaviləsi yalnız ərazidə müvəqqəti məskunlaşdırılmış məcburi köçkün ailələri öz doğma yurdlarına qayıtdıqdan, torpaq sahəsi boşaldıqdan sonra hüquqi qüvvəyə minir, icarə haqqı həmin vaxtdan başlayaraq hesablansın.
5. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsindən xahiş edilsin ki, icarəyə verilən torpaq sahəsinin yerquruluşu planından çıxarışını hazırlamaqla İddiaçıla bağlanmış icarə müqaviləsini qeydiyyata alsın.
6. Göyçay şəhər sakini İddiaçı tapşırılsın ki, icarəyə götürdüyü torpaq sahəsindən təyinatına uyğun olaraq istifadısində başladığı andan müəyyənləşdirilmiş icarə haqqını hər il vaxtlı-vaxtında bələdiyyənin xəzinəsinə ödənilməsini təmin etsin. - xx.xx.2006-cı il tarixli 19 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, iddiaçı ilə cavabdeh arasında Göyçay rayonu Şəhadət kəndində yerləşən, 12 ha torpaq sahəsinə dair kənd təsərrüfatının inkişafı üçün 99 il müddətinə (sahə boşaldıldıqdan sonra hesablanır) icarə müqaviləsi bağlanmış, müqavilənin 2.3-cü bəndində icarə haqqının sahə boşaldıqdan sonra hesablanması qeyd olunmuşdur. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə iddiaçının icarəsinə verilmiş 12 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin yerləşmə vəziyyətini, faktiki ölçüsünü, döngə nöqtələrini, mülkiyyətçisini, təyinatını, uqodiyasını, digər subyektlərə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. Əlavə olaraq bildirilmişdir ki, idarənin mütəxəssislərinə naturada göstərilən, üzərində tikililər mövcud olan 9.74 ha torpaq sahəsi elektron bazada təqdim olunan S.Vurğun adına təsərrüfatın ərazisində aparılan kompleks yerquruluşu layihəsinə əsasən kənd təsərrüfatı təyinatlı, bələdiyyə mülkiyyətinə aid X8 (SƏF) ərazisi kimi göstərilmişdir. İdarənin mütəxəssislərinə naturada göstərilən, üzərində tikililər mövcud olan 9.74 ha torpaq sahəsi elektron bazada təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı bələdiyyə mülkiyyətinə aid, islahat uqodiyası təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, TEKUİS uqodiyası örüş göstərilmişdir. - Göyçay rayon Şəhadət Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 148 nömrəli məktubundan görünür ki, İddiaçı adına Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006cı il tarixdə 10 saylı qərarının xx.xx.2006-cı il tarixli 19 saylı icarə müqaviləsinə əsasən kənd təsərrüfatının inkişafı məqsədilə 12 ha torpaq sahəsi uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş hal-hazırda icarə müqaviləsi ləğv edilməyib öz qüvvəsində saxlanılıb. - Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 07 nömrəli məktubundan görünür ki, Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə İddiaçı (99 il müddətinə) icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində keçmiş S. Vurğun adına təsərrüfatın maldarlıq ferma tikintisi vardır. Həmin ferma binasında müvəqqəti olaraq 1995-ci il tarixdə Laçın rayonun Hocaz kəndindən məcburi köçkün düşmüş ailələr yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə alınmış torpaqlarda abadlıq və quruculuq işləri başa çatdıqdan sonra məcburi köçkünlər öz doğma rayonlarına qaydışından sonra İddiaçı icarəsində olan 12 ha torpaq sahəsindən istifadə hüququ yaranacaq. Hal-hazırda həmin torpaq sahəsində hec bir aqro texniki işlər aparılmır. Göyçay rayon İcra Hakimiyyəti başçısının Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəhadət bələdiyyəsinin 2006-cı il 12 oktyabr tarixli 10 saylı qərarı ilə İddiaçı adlı vətəndaşa icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində faktiki olaraq sabiq Səməd Vurğun adına təsərrüfatın maldarlıq fermasının inzibati və yardımçı sahələrinə aid binalar vardır. Həmin binalar 1996-cı ildə rayonda aparılan Aqrar İslahatı zamanı kənd sakinlərinə əmlak payı kimi verilmişdir. 1995ci ildə Laçın rayonunun Hoçaz kəndindən məcburi köçkün düşmüş 4 ailə həmin binalarda yaşayırlar. Ərazidə olan torpaq sahələrindən və binalardan halhazırda onlar istifadə etməklə maldarlıqla məşğul olurlar. (Qeyd: Laçın rayonunun Hoçaz kənd sakini olan məcburi köçkün X4 qeyd olunan ərazidə sabiq icra başçısı Mehdi Səlimzadənin rəhbərliyi dövründə onun köməkliyi və öz şəxsi vəsaiti hesabina iki otaqlı ev tikərək hazırda həmin evdə yaşayırlar).
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
16. Torpaq Məcəlləsinin: Maddə 47 Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ ...
6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər.
7. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.
17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 11.3-cü maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər.
18. “Torpaq icarəsi haqqında” Qanunun 6-cı maddəsinə əsasən Bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 60.1. Qəbul edilməsi tələb olunan inzibati aktda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda və ya inzibati aktın qanuni şərtlərinin həyata keçirilməsini təmin etmək məqsədilə əlavə müddəalar nəzərdə tutula bilər. Maddə 60.2. İnzibati orqan tərəfindən diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktda: 60.2.1. həmin aktla nəzərdə tutulmuş hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtını və ya qüvvədə olma müddətini; 60.2.2. hər hansı imtiyazın və ya vəzifənin (öhdəliyin) qüvvəyə minməsi və ya qüvvədən düşməsi vaxtının gələcəkdə hər hansı hadisənin baş verməsindən asılı olduğunu;... müəyyən edən əlavə müddəalar nəzərdə tutula bilər. 60.3. Əlavə müddəalar inzibati aktın məqsədlərinə uyğun olmalıdır. Əlavə müddəalardan yalnız inzibati aktla birlikdə şikayət verilə bilər.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından və iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay rayonu, Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ona uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi verilməsinə nail olmaqdır.
26. İddiaçı, sözügedən torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasına əsas olaraq Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, ümumi iclasının 10 nömrəli qərarını və xx.xx.2006-cı il tarixli 19 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqaviləni təqdim edir.
27. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur.
28. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır.
29. Sözügedən Qanunun 8.0.1 və 8.0.3-cü maddələrində bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın icarəyə verilməsinə dair qəbul olunmuş aktlar, habelə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olaraq müəyyən edilmişdir.
30. Bununla belə iddiaçının istinad etdiyi Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, ümumi iclasının 10 nömrəli qərarının 4-cü bəndinin məzmunundan göründüyü kimi iddiaçı ilə bağlanmış icarə müqaviləsinin ərazidə müvəqqəti məskunlaşdırılmış məcburi köçkün ailələri öz doğma yurdlarına qayıtdıqdan, torpaq sahəsi boşaldıqdan sonra hüquqi qüvvəyə minməsi, icarə haqqının da, həmin vaxtdan başlayaraq hesablanması qərara alınmışdır.
31. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı və 7-ci bəndlərinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.
32. Hazırkı qərarın 16-18-ci bəndlərində istinad edilən qanunvericlikdən görünür ki, bələdiyyə torpaqlarının icarəyə verilməsi bələdiyyənin diskresion səlahiyyəti olaraq müəyyən edilmişdir.
33. Hazırda iddiaçının tələb hüququnun əsasını təşkil edən Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, ümumi iclasının 10 nömrəli qərarının 4-cü bəndində əlavə müddəalar nəzərdə tutulmuş və iddia olunan torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin qüvvəyə minməsinin gələcəkdə baş verəcək hadisədən (müvəqqəti məskunlaşdırılmış məcburi köçkün ailələri öz doğma yurdlarına qayıtdıqdan, torpaq sahəsi boşaldıqdan sonra) asılı olması müəyyən edilmişdir. Göyçay rayonu Şəhadət bələdiyyəsinin qərarı ötən müddət ərzində mübahisələndirilməmiş və hazırda da, qüvvədədir.
34. Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 07 nömrəli və Göyçay rayon İcra Hakimiyyəti başçısının Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubları ilə müəyyən edilmişdir ki, Şəhadət bələdiyyəsinin 2006-cı il 12 oktyabr tarixli 10 saylı qərarı ilə iddiaçının icarəsinə verilmiş 12 ha torpaq sahəsində sabiq Səməd Vurğun adına təsərrüfatın maldarlıq fermasının inzibati və yardımçı sahələrinə aid binalar mövcuddur. Həmin binalarda 1995-ci ildə Laçın rayonunun Hoçaz kəndindən məcburi köçkün düşmüş 4 ailə yaşayır və ərazidə olan torpaq sahələrindən və binalardan hal-hazırda onlar istifadə etməklə maldarlıqla məşğul olurlar. Göründüyü kimi Göyçay rayonu Şəhadət bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, ümumi iclasının 10 nömrəli qərarının 4-cü bəndində nəzərdə tutulmuş hal aradan qalxmamışdır.
35. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi ilə bağlı xx.xx.2006-cı il tarixli 19 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə hüquqi qüvvəsini almadığından cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
37. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu, Şəhadət bələdiyyəsinin 12 oktyabr 2006-cı il tarixli 10 saylı qərarı ilə ona uzunmüddətli (99 il müddətinə) icarəyə verilmiş 12 ha torpaq sahəsi üzərində icarə hüquqlarının dövlət qeydiyyatına alınması və adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2-1(116)-216/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.