Məhkəmə qərarları › İş №2-1(107)-372/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-372/2020

21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-372/2020 21.09.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6, üçüncü şəxs X7 və onun nümayəndəsi, həmçinin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "0,09 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-988/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyаşikаyətinə dair işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.2015-ci ildə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "0,09 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(84)-721/2015 nömrəli qərarına əsasən, iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə Teymurova Gövhər Əziz qızının istifadəsində olan 0,09 ha torpaq sahəsinə İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. Həmin qərardan apelyasiya şikayəti verilmədiyinə görə qərardan çıxarış icra edilməsi üçün xx.xx.2015-ci ildə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi məhkəməyə göndərdiyi xx.xx.2015-ci il tarixli məktubda bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin səlahiyyətinə aid olduğundan, aidiyyəti üzrə həmin quruma müraciət edilməsi məqsədə uyğundur. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi məhkəməyə göndərdiyi xx.xx.2015-ci il tarixli məktubda bildirmişdir ki, məhkəmə qərarı ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi təmin ediləcəkdir. Daha sonra xx.xx.2020-ci ildə Qəbələ rayon Bum qəsəbə sakini X3 İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından apelyasiya şikayəti vermiş, lakin Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə onun apelyasiya şikayəti mümkün sayılmamışdır. Qərardad belə əsaslandırılmışdır ki, X7 işdə iştirak edən şəxs statusuna malik olmadığına görə onun apelyasiya şikayəti vermək hüququ yoxdur. X7 xx.xx.2020-ci ildə Şəki İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, özünün üçüncü şəxs qismində işə cəlb olunmasını, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarının ləğv edilməsini və işə yenidən mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, məhkəmənin qərarı onun maraqlarına toxunmuş, lakin o, işə baxılarkən inzibati məhkəmə icraatına cəlb edilməmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə X7 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, həmin iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) xx xxxx 2020-ci il tarixli 2- 1(116)-988/2020 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı "0,09 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-988/2020 nömrəli qərardadından apelyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015. tarixli 2-1 (84)-721/2015 nömrəli qərarı ilə 0,09 ha torpaq sahəsinə plan ölçü sənədin verilməsi qərara alınmışdır. Qərar icra edilmiş və çıxarış verilmişdir. Bundan sonra o, həmin çıxarış əsasında evi qızına bağışlamış və qızının adına da çıxarış verilmişdir. Bundan sonra qardaşı güya qərardan xəbəri indi olduğunu əsas tutaraq şikayət vermiş və Şəki İnzibati Məhkəmənin xx.xx.2020-cil il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015. tarixli 2-1(84)-721/2015 nömrəli qərarı ləğv edilmiş və xx.xx.2020. tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadlar qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri- məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına; inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Məhkəmədən xahiş edirəm ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-988/2020 nömrəli qərardadının ləğv edilməsi və işə yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması barədə qərar qəbul edəsiniz. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, birinci instasiya məhkəməsi deyir ki, DƏDRX 9 saylı Ərazi İdarəsinə müraciət etməmişdir. DTXK ləğv edildikdən sonra ƏMDK hüquqi varis kimi çıxış edir. Həmin vaxt plan ölçünü DTXK yerli qurumları verirdi. Bu səbəbdən cavabdeh qismində ƏMDK qoyulmuşdur. 2015ci ildən məhkəmə prosesi gedəndən qardaşının məlumatlı idi. Hətta noyabr 2019-cu ildən qardaşı ona qarşı iddia qaldırandan məlumatlı idi, məhkəmə qərarı ilə onun hüquqlarını qeydiyyata alınmış və qızına bağışlamışdır. Bunlara baxmayaraq 5 il sonra qərar ləğv edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsiimkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə xx xxxxxxx 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.Bu əmlak bağışlanılıb. Bağışlayanda da qardaşına demişdir. Qızını həmin yerə aparmışdır. 5 il ərzində ola bilməz ki, bu bilməsin. Qızının hüquqları da qeydə alınıb, çıxarışla rəsmiləşdirilib. Güman etsək ki, Arif Teymurovun hüquqları pozulur (halbuki pozulmur, islahat vaxtı onun təsərrüfatı ayrı olub) məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakdara xüsusi diqqət yetirməlidir. Odur ki, Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)- 988/2020nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 və üçüncü şəxs X4 nümayəndəsi, həmçinin vəkili X2 apelyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-988/2020nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxslər Qəbələ Rayon Bum Bələdiyyəsinin nümayəndəsi və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər . Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamışdır. İşdən göründüyü kimi, İddiaçı tələbi 0,09 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir və o, iddia ərizəsində cavabdeh kimi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsini göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsinin və verilməsinin təmin olunması həmin Xidmətin vəzifələrindən biridir. Əsasnamənin həmin bəndinə uyğun olaraq, İddiaçı torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 sayı Ərazi İdarəsindən tələb etməli olduğu halda, iddianı bilavasitə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı irəli sürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclası zamanı bu hallar iddiaçının diqqətinə çatdırılmış və iddianı tələbə cavab verməli olan cavabdehə qarşı yönəltməsi ona təklif edilmişdir. Lakin müəyyən olundu ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddialara aid olduğuna görə iddiaçı eyni tələblə əvvəlcədən cavabdehə müraciət etməli olsa da, o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 sayı Ərazi İdarəsinə əvvəlcədən müraciət etməmişdir. Belə olan halda isə, iddiaçı cavabdehi əsl cavabdehlə əvəz etsə belə, qeyd olunan mümkünlük şərtinə riayət etmədiyi üçün iddia mümkün sayıla bilməyəcək. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı hazırkı tələbinə cavab verməli olan inzibati orqana müraciət etməlidir. Həmin müraciətlə bağlı müsbət nəticə əldə etməyəcəyi halda, o, məhkəmədə yeni iddia qaldıra bilər. Hazırkı iddia isə mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-988/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. İş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(116)-988/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar