Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-372/2021 01.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X2, Ağdaş rayon Güvəkənd bələdiyyəsi, X3) “Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli, 11 saylı qərarı ilə və Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü il tarixdə 689 nömrəli qeydə alınmış seriya A, 441174 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən onun mülkiyyətinə verilmiş 0.15 hektar torpaq sahəsinin ətrafında yerləşən Ağdaş rayonu, Binələr bələdiyyəsinin balansında olan çatışmayan 0.0275 hektar boş torpaq sahəsinin hesabına mülkiyyət hüququ əsasında adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-27/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli, 11 saylı qərarı ilə və Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013cü il tarixdə 689 nömrəli qeydə alınmış seriya A, 441174 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən onun mülkiyyətinə verilmiş 0.15 hektar torpaq sahəsinin ətrafında yerləşən Ağdaş rayonu, Binələr bələdiyyəsinin balansında olan çatışmayan 0.0275 hektar boş torpaq sahəsinin hesabına mülkiyyət hüququ əsasında adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının müraciəti əsasında Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli 11 saylı kolxoz üvzlərinin ümumi iclasının 11 saylı qərarı ilə ona Ağdaş rayonu, Güvəkənd kəndi (sonradan həmin ərazi Binələr kəndinə verilmişdir) ərazisində 0.15 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçıya verilmiş 0.15 hektar həyətyanı torpaq sahəsi Ağdaş rayon “Zəhmət” kolxozunun məsul şəxsləri tərəfindən Güvəkənd kəndi ərazisində əkin üçün yararsız olan torpaq sahəsindən naturada ayrılaraq ona təhvil verilmişdir. Torpaq sahəsi naturada iddiaçıya tanıdıldıqdan sonra həmin 0.15 hektar həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə iddiaçı orada yaşayış evi inşa etdirərək yaşamağa başlamış və qanunla müəyyən olunmuş torpaq vergisini ödəmişdir. Qeyd olunan həyətyanı torpaq sahəsindən və yaşayış evindən hazırda müvəqqəti olaraq iddiaçının mərhum qardaşının ailə üzvləri yaşayırlar. İslahat zamanı iddiaçıya məlum olmayan səbəblərdən Aqrar İslahat Komissiyasının qərarı ilə həmin 0.15 hektar torpaq sahəsi əvəzsiz olaraq onun mülkiyyətinə verilmədiyindən, müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon Torpaq şöbəsi tərəfindən Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü ildə 698 nömrə ilə iddiaçının adına qeydə alınmış və bu barədə adına seriya A, 441174 nömrəli 11 iyul 2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.15 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 16.07.2019-cu il tarixli, **********60 nömrəli imtina məktubunda qeyd etmişdir ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanarkən məlum oldu ki, torpaq sahəsinin naturada mövcud vəziyyəti ilə sənəd üzrə olan vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Belə ki, Ağdaş rayon “Zəhmət” Kolxozunun 20.01.1990-cı il il tarixli, 11 saylı iclas protokoluna əsasən torpaq sahəsi sənəd üzrə 0.15 ha olmasına baxmayaraq, faktiki olaraq yerində 0.1225 ha təşkil edir. Faktiki mövcud olan 0.1225 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə iddiaçının etirazını nəzərə alaraq, sənəd üzrə olan 0.15 ha tcrpaq sahəsinin mülkiyyətə verilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən iddiaçının ərizəsinin icrasından imtina edilir. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 25.12.2019-cu il tarixli, **********48 nömrəli məktubda qeyd edilir ki, İddiaçı faktiki istifadə etdiyi Ağdaş rayonu, Binələr kəndində yerləşən 0.15 ha torpaq sahəsinə müayinə baxışı keçirilmiş, mütəxəssis tərəfindən zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı Ağdaş rayon Zəhmət Kolxozunun 20.01.1990-cı il il tarixli, 11 saylı iclas protokoluna əsasən sənəd üzrə 0.15 ha həyətyanı torpaq sahəsi ayrılmasına baxmayaraq faktiki olaraq istifadə etdiyi 0.1225 ha-nı təşkil edir. Torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid olub fərdi yaşayış evinin inşası üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi olub hər tərəfdən fiziki sərhədlə əhatə olunmuş və üzərində tikintialtı sahəsi 113,3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi vardır. Həmin sahə və onun üzərində yerləşən fərdi ev dövlət reyestrində qeydiyyata alınması üçün İddiaçı rəsmi razılığı ilə rəsmiləşdirilə bilər. A 441174 saylı Torpaq sahəsinin planı və ölçüsündə qeyd olunan 0,15 ha torpaq sahəsinin 0.0275 ha hissəsinin 0,0136 hektarının döngə nöqtələrinin koordinatları bələdiyyə torpaqlarının üzərinə, digər 0,0139 hektarının döngə nöqtələrinin koordinatları isə onun qonşusu X1 mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. Məhkəmənin 04.12.2019-cu il tarixli, 2-1(84)-1417/2019 nömrəli qərardadı ilə X2 və Ağdaş rayon Güvəkənd bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasında üçüncü şəxs Ağdaş rayon Güvəkənd bələdiyyəsinin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs X3 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-27/2021 saylı qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X2, Ağdaş rayon Güvəkənd bələdiyyəsi, X3) “Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli, 11 saylı qərarı ilə və Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü il tarixdə 689 nömrəli qeydə alınmış seriya A, 441174 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən onun mülkiyyətinə verilmiş 0.15 hektar torpaq sahəsinin ətrafında yerləşən Ağdaş rayonu, Binələr bələdiyyəsinin balansında olan çatışmayan 0.0275 hektar boş torpaq sahəsinin hesabına mülkiyyət hüququ əsasında adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Mütəxəssis rəylərinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilmişdir. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X5 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Ağdaş rayonununda mövcud olmuş “Zəhmət” kolxozunun 2 yanvar 1990-cı il tarixli 11 saylı ümumi iclasının qərarı ilə Azərbaycan SSRİ Nazirlər Sovetinin 16 iyul 1990-cı il tarixli. 259 nömrəli və Ağdaş rayon XDS-nin 17 iyul 1990-cı il tarixli 14 nömrəli qərarlarına əsasən ona Ağdaş rayonunun Binələr (keçmişdə Güvəkənd kəndi) kəndi ərazisindən əkin üçün yararsız olan torpaq sahəsindən yaşayış evi tikdirmək məqsədi ilə 0.15 hektar həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən onun adına Dövlət torpaq kadastrı kitabında 11 iyul 2013-cü il tarixdə 6801 nömrə ilə qeydə alınmış seriya A 441174 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” işlənərək verilmişdir. Həyətyanı torpaq sahəsinə görə vergiləri 0.15 hektar sahəyə görə ödəmişdir və halhazırda ödəyir. Həmin torpaq sahəsini və üzərində tikdirdiyi yaşayış evini tam mülkiyyət hüququ əsasında daima qeydə aldırmaq məqsədi ilə lazımi sənədlərlə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədar zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanarkən məlum olmuşdur ki, torpaq sahəsinin naturada mövcud vəziyyəti ilə sənəd üzrə olan vəziyyəti arasında uyğunsuzluq olması aşkar edilmişdir. Belə ki. Ağdaş rayon “Zəhmət” kolxozunun 20.01.1990-cı il tarixli 11 saylı iclas protokoluna əsasən torpaq sahəsi sənəd üzrə 0.15 hektar olmasına baxmayaraq, faktiki olaraq yerində 0.1225 hektar təşkil edir. Həmin 0.1225 hektar torpaq sahəsinin mülkiyyət üzrə adına qeydə alınmasına etiraz etdiyinə görə həmin 0.15 hektar torpaq sahəsinin mülkiyyətə verilməsi imkan xaricində olduğundan ərizəsinin icrasından imtina edilmişdir. Göründüyü kimi, həmin torpaq sahəsi həm kolxozun qərarı ilə həm də adına torpaq sahəsinin planı və ölçüsü verilən zaman həmin idarə və təşkilatların mütəxəssisləri tərəfindən yerində ölçülmüş, bu barədə aidiyyati orqanın mütəxəssis rəyi təqdim olunduqdan sonra naturada ölçülərək ona verilmişdir. O həmin sahə üzrə mütəxəssis olmadığına görə torpaq sahəsinin həmin mütəxəssislər tərəfindən hansı qaydada ölçülməsi və ümumiyyətlə düzgün ölçülüb-ölçülməməsini müəyyən edə bilməmişdir. Həmin torpaq sahəsi sonuncu dəfə ölçüləndə ona məlum olmuşdur ki, mülkiyyətinə verilmiş həmin 0.15 hektar torpaq sahəsinin 0.0275 hektar hissəsi çatışmır. Mülkiyyətində və istifadəsində olan həyətyanı torpaq sahəsini iki tərəfində Binələr bələdiyyəsinin balansında olan 0.03 hektara yaxın torpaq sahəsi var və həmin torpaq sahəsinin mövcud olması faktı həmin torpaq sahəsinin ona məxsus olmasını tam təsdiq edir. Torpaq sahəsinin ona ayrılıb verilməsi zamanı torpaq sahəsinin inzibati orqanların mütəxəssisləri tərəfindən düzgün ölçülüb verilməməsində onun heç bir məsuliyyəti yaranmamışdır. 0.15 hektar torpaq sahəsi onun yox məhz buna cavabdehlik daşıyan həmin vaxt mövcud olmuş inzibati orqanların günahı və səhlənkarlığı ucbatından düzgün ölçülməmişdir. Lakin bütün bunlara baxmayaraq işə baxan məhkəmə onun yuxarıda qeyd etdiyi işin faktiki və həqiqi hallarını nəzərə almamış, torpaq sahəsinin dörd bir tərəfinin hasara alınmasına əsaslanaraq iddia tələbində haqlı olmadığını bildirmiş və məlum qərarı qəbul etmişdir. Bununla da işə baxan məhkəmə özü qərarında istinad etdiyi maddi və prosessual hüquq normalarının tələblərini və ən əsası mülkiyyətçi kimi, onun Azərbaycan Respublikası Konstitusiyası və digər qanunvericilik aktları ilə qorunan hüquqlarını pozmuşdur. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2- 1(116)-27/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-27/2021 saylı qərarını ləğv etməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-27/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Torpaq islahatı haqqında Qanunun 7.1-ci maddəsinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçının sənəd üzrə torpaq sahəsi 0.15 ha qeyd olunsa da, onun faktiki istifadəsində olan torpaq sahəsinin dəqiq sahəsi 1130 kv.m-dir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi fiziki sərhədlərlə (hasarla) digər sahələrdən ayrılmış və hasar daxilində olan torpaq sahəsinin ölçüsü 1130 kv.m-dir. İddiaçı özünə ayrılmış torpaq sahəsini hazırda mövcud olan vəziyyətdə qəbul etmiş, hasar çəkmiş və fərdi yaşayış evi inşa etmişdir. Cavabdehin 11.10.2019-cu il tarixli məktubuna əlavə edilən yerquruluşu sxemindən çıxarışda da onun torpaq sahəsi xəritədə 343BB qeyd olunmaqla sahəsi 0.13 ha yazılmışdır. İddiaçının planölçü sənədi alınması üçün etdiyi müraciətə əlavə etdiyi xəritədən çıxarışda da onun torpaq sahəsi 343BB qeyd olunmuş, lakin sahə yazılmamışdır. Ümumiyyətlə Ağdaş rayon “Zəhmət” kolxozunun 20 yanvar 1990-cı il tarixli, 11 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsinə sxem tərtib olunmamış, verilmiş həyətyanı torpaq sahəsi Ağdaş rayon “Zəhmət” kolxozunun məsul şəxsləri tərəfindən Güvəkənd kəndi ərazisində əkin üçün yararsız olan torpaq sahəsindən naturada ayrılaraq iddiaçıya təhvil verilmiş, həmin vəziyyətdə onun tərəindən qəbul edilmiş və torpaq sahəsi naturada iddiaçıya tanıdıldıqdan sonra həmin həyətyanı torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə iddiaçı orada yaşayış evi inşa etdirərək yaşamağa başlamışdır. Ona görə bələdiyyə mülkiyyətində olan 0.0275 hektar boş torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydə alınması tələbi əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-27/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02.06.2021-ci il tarixli, 2-1(116)-27/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-372/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-372/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver