Məhkəmə qərarları › İş №2-1(107)-372/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-372/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-372/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı ünvan 1 ünvanda yerləşən 0,16 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2- 1(116)-155/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu şəhəri N.Tağızadə küçəsi 15 saylı ünvanda yerləşən 0,16 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Ağsu şəhəri N.Tağızadə küçəsi 15 saylı ünvanda yerləşən 0,16 ha torpaq sahəsindən və fərdi yaşayış evindən iddiaçı fasiləsiz olaraq istifadə edir. Mübahisəli torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuş, halhazırda da sahibliyində və istifadəsindədir. Bu hal Ağsu Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(016)-1582/2017 nömrəli qətnaməsi ilə də öz təsdiqini tapmışdır. İddiaçı mübahisəli torpaq sahəsinin vergilərini və kommunal xərclərini ödəmiş və bildirir ki, 0,16 ha torpaq sahəsi 1988-ci il tarixdən onun istifadəsindədir. İddiaçı cavabdehə müraciət edərək 0,16 ha həyətyanı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********40 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ağsu Rayon Məhkəməsinin 01 avqust 2018-ci il tarixli, 2(016)-1026/2018 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Ərazi İdarəsinə qarşı RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddiası təmin edilmişdir. Lakin, həmin qətnamədə mübahisəli 0,16 ha torpaq sahəsinin üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına hər-hansı bir münasibət bildirilməmişdir. İddiaçı qeydiyyata aldırmaq istədiyi 0,16 ha həyətyanı torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədləri Ərazi İdarəsinə təqdim etmədiyinə görə, qeyd olunan torpaq sahəsinin üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması mümkün olmamışdır. Sözügedən torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədləri Ərazi İdarəsinə təqdim edəcəyi təqdirdə iddiaçının müraciətinə qanunamüvafiq qaydada baxılacaqdır. Cavabdeh xx.xx.2021-ci il tarixli **********52 nömrəli etiraz məktubunda imtina məktubunda qeyd olunanları əsas gətirmiş və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 31 avqust 2022-ci il tarixli, 2- 1(116)-155/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı ünvan 1 ünvanda yerləşən 0,16 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2- 1(116)-155/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti verərək qeyd etmişdir ki, o, fasiləsiz olaraq mübahisəli torpaq sahəsindən və yaşayış evindən istifadə etmişdir. Mübahisəli torpaq sahəsi onun istifadəsində, sahibliyində olmuş, hazırda da istifadəsində, sahibliyindədir. Bu hal Ağsu Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli, 2(016)- 1582/2017 saylı qətnaməsi ilədə öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş arayışlarla müəyyən edilir ki, həmin torpağın vergisini ödəmiş, kommunal xərclərin ödənişini həyata keçirmişdir. Mübahisəli 0.16 ha həyətyanı torpaq sahəsi 1988-ci ildən istifadəsindədir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi torpaq sahəsinin adına qeydə alınmasından imtina etmiş və 07 may 2021-ci il tarixli, **********40 nömrəli imtina məktubu vermişdir. Lakin məhkəmə tərəfindən cavabdehin qanunsuz hərəkətləri düzgün, obyektiv və hər tərəfli araşdırılmamışdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2- 1(116)-155/2022 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şəki İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(116)-155/2022 saylı qərarının ləğv edilməsi və yeni qərar qəbul edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(116)-155/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad etmiş və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Ağsu Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(016)-326/2011 nömrəli qərardadının surətinə əsasən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Ağsu rayon Dövlət Notariat kontoruna, X8 və X5 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirası qəbul etmək faktının müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququnun tanınması” barədə Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(016)-326/2011 saylı qətnaməsinin izah edilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx.xx.2012-ci tarixli qərardadından İddiaçı şikayətinə baxılmış, şikayət qismən təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(016)-326/2011 saylı qərardadının “...miras əmlakın 5/6 hissəsi X6 verilməlidir” kimi izah edilsin hissəsi ləğv edilmiş və bu hissədə rədd edilmişdir. Şikayətin “miras əmlakın 1/6 hissəsi X6 verilməlidir kimi izah edilsin” hissəsi rədd edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2014-cü il tarixili, 2-1(86)-195/2014 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinə qarşı iddia tələbi X3 mülkiyyətinə 0,22 ha torpaq sahəsinin verilməsi barədə Ağsu rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarının etibarsız hesab edilməsi hissəsində mümkün sayılmamışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2014-cü il tarixili, 2-1(86)-195/2014 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağsu rayon şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, X3 mülkiyyətinə 0,22 hektar torpaq sahəsinin verilməsi barədə JN-2283F (kod4001004) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi qərara alınmışdır. İş üzrə üçüncü şəxsin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2- 1(106)33/2015 nömrəli qərarı ilə təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2014-cü il tarixili, 2-1(86)-195/2014 saylı qətnaməsi ləğv olunmuş, İddiaçı X3 mülkiyyətinə 0,22 hektar torpaq sahəsinin verilməsi barədə JN-2283F (kod4001004) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsinə dair tələbi təmin olunmamışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(102)-594/15 nömrəli qərarı ilə qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2015-ci il tarixli 2-1(106)-33/2015 nömrəli qərarı ləğv edilmiş, X3 mülkiyyətinə 0,22 ha torpaq sahəsinin verilməsi barədə Ağsu rayon AİK-nın xx.xx.2004-cü il tarixli 01 saylı qərarının JN -2283F (kod ********) nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmamışdır. Ağsu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(016)-1582/2017 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmiş, Ağsu şəhəri, N.Tağızadə küçəsində yerləşən 0,22 ha torpaq sahəsinin X4 mülkiyyətinə verilməsi barədə Ağsu rayon Aqrar İslahat Komissiyasının 02 yanvar 2011-ci il tarixli, 01 saylı qərarı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin (xx.xx.2006-cı il tarixli, JN-228F, kod- 40901004 nömrəli) etibarsız hesab edilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(016)-1026/2018 nömrəli qətnaməsinin iddiaçı tərəfindən təqdim edilmiş surətinə əsasən müəyyən edilmişdir ki,İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, çıxarışın qismən (6/5) hissə (0,06 ha torpaq sahəsi və fərdi yaşayış evi, 0,16 ha torpaq sahəsi hissəsində) ləğv edilmişdir. İddiaçı yuxarıda qeyd olunan məhkəmə aktlarına istinadən mübahisəli 0,16 ha torpaq sahəsinin məhkəmə aktları ilə ona verildiyini və mülkiyyət hüququnun tanındığını bildirərək həmin torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, məhkəmə aktında onun mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun tanındığı müəyyən edilməmişdir. X7 filialının məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 231 nömrəli məktubunda qeyd olunmuşdur ki, Ağsu rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli 21 saylı protokolunda X1 adına heç bir qərar aşkar edilməmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********72 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, Ağsu şəhəri N.Tağızadə küçəsi 15 saylı ünvanda yerləşən İddiaçı naturada göstərdiyi 0,22 ha torpaq sahəsinin döngə nöqtələri və koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən iddiaçının naturada göstərdiyi 0,22 ha torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aid olmaqla X3 adına tərtib edilmiş JN-2283 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə" ilə üst-üstə düşür və naturada X2 istifadəsindədir. Nə birinci instansiya məhkəməsinin araşdırması nəticəsində, nə də iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən iddiaçının mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan və mülkiyyət hüququnu təsdiq edən heç bir hüquqmüəyyənedici sənəd aşkar edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında və iddia ərizəsində mübahisəli torpaq sahəsindən uzun müddət istifadə etməsini əsas gətirərək mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmişdir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən birinci instansiya məhkəməsi aşağıdakılara əsasən haqlı olaraq hesab etmişdir ki, iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; ... 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Birinci instansiya məhkəməsinin araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 0,16 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. İddiaçı tərəfindən məhkəməyə hər-hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin məhkəmə araşdırması ilə müvafiq sənədlər aşkar edilməmişdir. İddiaçı məhkəmə aktlarına istinadən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanındığına istinad etsə də, mübahisəli 0,16 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan məhkəmə aktının olmadığı müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı dövlət reyestrində qeydiyyata aldırmaq istədiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərə malik deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instanisya məhkəməsi işin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından düzgün hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinası əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(116)-155/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(116)-155/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar