Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-372/2023 25.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X5 adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)- 969/2023 nömrəli qərarından iş üzrə üçüncü şəxs X7 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışda zəruri düzəlişlər edilərək, üçüncü şəxsin adının çıxarılmasına və ünvan 2 ünvanında yerləşən 0,86 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyriyaşayış binasının vahid daşınmaz əmlak kimi adına qeydə alınması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-969/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər.
3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı tələbini dəqiqləşdirərək “xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X5 adının həmin çıxarışdan çıxarılması və ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş, həmçinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilmişdir.
5. İddia ərizəsinin əsaslarına görə, iddiaçı üçüncü şəxs X4 0.86 km torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 2003-cü il tarixdə tikintisinə başlanılmış yarmıçıq sexi satın almışdır. Buna görə aralarında Qax rayon Notariat kontorunda xx.xx.2004-cü il tarixli 212344 saylı müqavilə bağlanmışdır.
6. İddiaçı həmin torpaq sahəsinə və orada inşa etdiyi avtomobil təmiri sexlərinə çıxarış almaq üçün DƏDRX-nə müraciət etmiş, xx.xx.2019-cu il tarixli **********56-06301 reyestr nömrəli çıxarış verilmişdir.
7. Çıxarış verilərkən 0.0051 km torpaq sahəsini tam mülkiyyət hüququ ilə üçüncü şəxsin adına vermişlər. Lakin müqavilədə həmin torpaq sahəsi 0,86 km torpaq sahəsi qeyd edilmişdir.
8. Cavabdeh alqı-satqı müqaviləsini nəzərə alaraq çıxarış verdiyi halda torpaq sahəsinə də çıxarış verməlidir. Eyni zamanda özünə məxsus olan çıxarışda üçüncü şəxsin adının olması ona hüquqlarını həyata keçirməkdə çətinlik yaradır.
9. İddiaçı bu barədə cavabdehə müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır.
10. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 16 noyabr 2022-ci il tarixdə ərizə ilə (daxilolma №-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mülkiyyətinə dair çıxarışda X5 torpaq sahəsinə tam hüquq sahibi kimi qeydiyyatının əsassız və qanunsuz olması səbəbindən müvafiq qeydin silinməsini və İddiaçı adına qeyri-yaşayış sahəsinə və yerləşdiyi torpaq sahəsinə dair yeni çıxarışın verilməsini xahiş etmişdir. Ərazi İdarəsinin arxiv materiallarında İddiaçı adına qeyri-yaşayış binası tam, X5 adına isə torpaq sahəsi tam olaraq verilmiş, xx.xx.2019-cu il tarixli, **********56-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 619 inventar nömrəli texniki pasport mövcuddur. Sözügedən çıxarış qanunvericiliyin tələbləri nəzərə alınmaqla qeydiyyata alınmışdır.
11. Belə ki, iddiaçının mübahisələndirdiyi Qax rayon notariat ofisində bağlanmış xx.xx.2004-cü il tarixli, 4Ə-49 reyestr nömrəli alqı-satqı müqaviləsində alqı-satqı predmeti 2003-cü ildə tikintisinə başlanılmış yarımçıq sex olmuşdur. İşdə olan alqı-satqı müqaviləsindən göründüyü kimi satıcı - X7 alıcı - İddiaçı 86 kv.m torpaq sahəsində yerləşən yarımçıq sexi satmışdır. Həmin qeyri-yaşayış binası 72.1 kv.m iddiaçının hazırda tam mülkiyyətindədir.
12. İddiaçı mübahisələndirdiyi üçüncü şəxs X5 adına torpaq sahəsi Qax rayonu Qaxingiloy bələdiyyəsinin X6 51 kv.m torpaq ayrılması barədə 28 noyabr 2003-cü il tarixli, 12 nömrəli qərarı (Qaxingiloy bələdiyyəsinin sədri Nəzirovun imzası və möhürü var), X1 nəzərdə tutulan 51 kv.m torpaq sahəsinin sxematik planı (Qaxingiloy bələdiyyəsinin sədri - Ş.Nəzirov və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin mütəxəssisi F.Abbasovun imza və möhürləri var), X6 Toppax kəndi ərazisində sex tikintisi üçün ayrılmış 51 kv.m torpaq sahəsinin yerləşmə sxemi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov imza və möhür var) və X7 tərəfindən sex tikintisi üçün rayonun Toppax kəndi ərazisində satın almaq istədiyi 51 kv.m torpaq sahəsinə baxılması barədə Qax Rayon İcra Hakimiyyətinin rəyi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov imza və möhür var) əsasında qeydiyyata alınmışdır.
13. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
14. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
15. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 6 mart 2023-cü il tarixli 2- 1(116)-969/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
16. Üçüncü şəxs X7 həmin qərardan apellyasiya şikayəti vermişdir.
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyul 2023-cü il tarixli qərardadı ilə Qax bələdiyyəsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, iddia ərizəsində də, alqısatqı müqaviləsində də, layihə-smeta sənədləri barədə aktda da söhbət yalnız bir sexin (tikilinin) satın alınmasından gedir. Bu sonuncu sənəddə-aktda da göstərilir ki, onun iddiaçıya satdığı yarımçıq sexin şərq tərəfində bələdiyyə torpağı və işıq transformatoru yerləşir. O, sex tikməyə başlayarkən, artıq bünövrəsini qoyduğu sexdən yuxarıda-şərqdə onun Qaxingiloy bələdiyyəsindən aldığı artıq ikinci torpaq sahəsi vardır. Bu 51 (əlli bir) kv.m-lik torpaq sahəsinin nə iddiaçıya, nə də ki, onların bağladığı alqı-satqı müqaviləsinə aidiyyəti olmamışdır. Ona müqavilə üzrə 86 (səksən altı) kv.m-lik sahədə yarımçıq tikilmiş bir sexi satmışdır. Onun satdığı sexdən yuxarıda - şərqdə onun bələdiyyədən aldığı 2-ci, 51 kv.m-lik torpaq sahəsi və sonra boş torpaq sahələri idi, heç bir tikinti yox idi, ortada bir transformator vardır. O, iddiaçıya Qax rayon İH başçısının xx.xx.1997-cİ il tarixli sərəncamı ilə verilmiş 86 kv.m-lik torpaq sahəsini satmışdır. 02 iyul 1999-cu ildə “Bələdiyyələr haqqında” Qanun qəbul edildikdən sonra isə o, Qaxingiloy bələdiyyəsinin 26 noyabr 2003cü il tarixli qərarı ilə həm də bələdiyyədən 51 kv m-lik torpaq sahəsi almışdır. Yəni, o, İcra Hakimiyyətinin sərəncamı ilə verilən 86 kv.m-lik torpaq sahəsini iddiaçıya satmışdır, bələdiyyədən aldığı 51 kv.m-lik torpaq sahəsi isə onun aldığı 2-ci və hazırda mübahisələndirilən torpaq sahəsidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadında və eləcə də, 06 mart 2023-cü il tarixli qərarında da göstərildiyi kimi, həmin ərazidə mübahisələndirilən torpaq sahəsinin 33 kv.m hissəsi Əmlak Məsələləri Dövlət Xidmətinin, 0.0051 ha (51 kv. m) hissəsi isə onun mülkiyyətində olan torpaq sahəsidir və bu barədə reyestrdəki qeyd həqiqi hesab olunur. Çünki iddiada bu barədə qeydin qeyri-dəqiqliyi mübahisələndirilməmiş, mübahisələndirilə bilməz də və qeyri-dəqiqlik hər hansı sübutlarla sübuta yetirilməmişdir. Ona görə də, həmin reyestrin məzmununun dəqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi də cavabdeh kimi iddiaya qarşı yazılı etirazını bildirmiş və məhkəmədə də etirazını bir daha əsaslandıraraq göstərmişdir ki, 12 saylı Şəki Ərazi İdairəsinin arxiv materiallarında İddiaçı adına qeyri-yaşayış binası tam, X5 adına isə torpaq sahəsi tam olaraq verilmiş, xx.xx.2019-cu il tarixli **********56-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 619 inventar nömrəli texniki pasport mövuddur. Sözügedən çıxarış qanunvericiliyin tələbləri nəzərə alınmaqla qeydiyyata alınmışdır. Belə ki, iddiaçının mübahisələndirdiyi Qax rayon Notariat Ofisində bağlanmış 18 mart 2004-cü il tarixli, 4Ə-49 reyestr nömrəli alqı-satqı müqaviləsində alqı-satqı predmeti 2003-cü ildə tikintisinə başlanılmış yarımçıq sex olmuşdur. İşdə olan alqı-satqı müqaviləsindən göründüyü kimi, satıcı-X7 alıcı-İddiaçı 86 kv.m torpaq sahəsində yerləşən yarımçıq sexi satmışdır. Həmin qeyri -yaşayış binası 72.1 kv.m iddiaçının hazırda tam mülkiyyətindədir. Burada söhbət ümumiyyətlə, bir yarımçıq sexin satılmasından gedir. O, ancaq bir sexin bünövrəsini qoymuşdur, divarlarını tikib, bir qapısını qoymuşdur, sexin yalnız üstü-dam örtüyü qalmışdır. Amma hazırda orada yanyana iddiaçının iki ayrı-ayrı qapısı olan 2 (iki) sexi vardır. Daha sonra, cavabdeh DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi etirazında onu da bildirmişdir ki, İddiaçı mübahisələndirdiyi üçüncü şəxs X5 adına torpaq sahəsi Qax rayon Qaxingiloy bələdiyyəsinin X6 51 kv.m torpaq sahəsi ayrılması barəsə 28 noyabr 2003-cü il tarixli, 12 nömrəli qərarı, X1 nəzərdə tutulan 51 kv.m torpaq sahəsinin sxematik planı, X6 Toppax kəndi ərazisində (2003-cü ildə həmin ərazi Toppax kəndinin ərazisi sayılırdı. Alqı-satqı müqaviləsində də bu ərazi Toppax kəndi kimi göstərilmişdir. Sonradan şəhərə aid edilmiş və İ.Dağıstanlı küçəsi-33 ünvanı kimi qeydə alınmışdır. Sex tikintisi üçün ayrılmış 51 kv.m torpaq sahəsinin yerləşmə sxemi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov, imza və möhür var) və X7 tərəfindən sex tikintisi üçün Toppax kəndi ərazisində satın almaq istədiyi 51 kv.m torpaq sahəsinə baxılması barədə Qax rayon İcra Hakimiyyətinin rəyi (RİH Tikinti və Memarlıq şöbəsinin müdiri M.Laçınov, imza və möhür var) əsasında qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi onun iddiaçının iddiasında mübahisələndirilməyən mülkiyyət hüququnun müqəddəratını mahiyyətcə həll etmədən, onu ləğv edə bilmədən, sadəcə olaraq, texniki bir proseduru - “...**********5606301 reyestr nömrəli çıxarışa düzəliş edilərək, üçüncü şəxs X5 adının həmin çıxarışdan çıxarılması və Qax şəhəri İ.Dağıstanlı küçəsi-33 ünvanında yerləşən 0.0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72.10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması”prosedurunu həyata keçirmişdir. Qərarın təsviri hissəsində məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər kimi 5 (beş) sənəd göstərilmişdir. Bu 5 (beş) sənəddən heç biri məhkəmənin qərarın nəticə hissəsində gəldiyi qənaət üçün qətiyyən əsas vermir. Belə ki, çıxarış texniki pasportu, texniki pasport da çıxarışı təkzib edir. Heç nə də yerində yoxlanılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)-969/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)- 969/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)-969/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)-969/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Qax bələdiyyəsi nümayəndələrinin iştirakını təmin etməmişlər.
23. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
24. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2019-cu il tarixli 619 inventar nömrəli (**********56-06301 reyestr nömrəli) texniki pasportdan görünür ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü faktiki 84 kv.m, sənəd üzrə 51 kv.m, hüquq subyekti İddiaçı, həmin torpaq sahəsinin 33 kv.m-nin dövlət torpağı olması qeyd edilmişdir. - xx.xx.2019-cu il tarixli **********56-06301 reyestr nömrəli DƏDR-dən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi üzərində X5, 72,10 kv.m qeyri-yaşayış binası üzərində İddiaçı tam mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2004-cü il tarixli 212344 nömrəli müqavilədən görünür ki, X3 rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 103 saylı sərəncamı və Qax rayon TİB-nun xx.xx.2004-cü ildə verdiyi 934 saylı arayışa əsasən ona məxsus olan Qax rayonunun Toppax kəndində 86 kv.m torpaq sahəsində yerləşən 2003- cü ildə tikintisinə başlamış yarımçıq sexi İddiaçı satmışdır - Azərbaycan Respublikası Qax rayon Qaxingiloy bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarından görünür ki, Qaxingiloy kənd sakini X6 Qaxingiloy bələdiyyəsinə məxsus alqı-satqı predmeti olan az yararlı torpaq sahəsindən sex tikmək məqsədilə 51 kv.m torpaq sahəsinin satılması qərarı alınmışdır. - Məhkəmə kollegiyası tərəfindən 6 oktyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyriyaşayış binasına baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində qeyri-yaşayış obyekti mövcuddur. Sözügedən torpaq sahəsinin sağ və sol tərəfində mağazalar yerləşir. ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binasına baxış keçirilərkən mübahisə predmeti olan torpaq sahəsinin ətrafında üçüncü şəxsin iddiaçıya satdığını iddia etdiyi başqa torpaq sahəsinin olması müəyyən edilməmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
27. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
28. Torpaq Məcəlləsinin 88-ci maddəsinin xx.xx.2004-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası: (Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri)
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. ... Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb). ... Sadalan normaların hazırkı işə tətbiqi onu deməyə əsas verir ki, iddia olunan 51 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi üçün, üçüncü şəxs həmin torpaq sahəsinin tam mülkiyyətçisi olmalı idi. Yəni, həmin torpaq sahəsi üzərində bütün hüquqlar üçüncü şəxsə məxsus olmalı idi ki, sonrakı alqı-satqı müqaviləsi ilə həmin hüquqlar iddiaçıya keçsin. Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir:
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Torpaq Məcəlləsinin 88-ci maddəsin 3-cü bəndinin yeni redaksiyada verilmiş birinci abzasının tələbləri baxımından da, iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçıya keçməsi üçün, həmin torpaq sahəsinin mülkiyyətçisinin (yəni tam həcmdə) üçüncü şəxs olması tələb olunurdu. Bu isə onu deməyə əsas verir ki, üçüncü şəxsin mülkiyyətçisi sayıldığı torpaq sahəsi üzərində mülkiyyət hüququ iddiaçıya keçmişdir.
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 245-ci maddəsində də (Torpaq sahəsində olan binalar və ya qurğular özgəninkiləşdirilərkən torpaq sahəsinə hüququn keçməsi) qeyd edilmişdir ki, torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.
30. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
31. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
32. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
33. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
34. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 37 . İddia tələbindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışdan üçüncü şəxs X5 adının çıxarılmasına, ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınmasına nail olmaqdır.
38. İddianın əsaslarına görə, xx.xx.2004-cü il tarixli 212344 nömrəli müqavilə ilə Qax rayonunun Toppax kəndində (hazırda ünvan 1) yerləşən 86 kv.m torpaq sahəsini və yarımçıq sexi üçüncü şəxsdən alqı-satqı yolu ilə almışdır. İddiaçı həmin daşınmaz əmlaka dair tərtib edilmiş çıxarışda cavabdeh tərəfindən torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyətçi olaraq qeyd edilməsini mübahisələndirir.
39. Yəni iddiaçı, həmin yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsi ilə birgə ona satılmasını, buna görə də həm torpaq sahəsi, həm də tikili üzərində tam mülkiyyət hüququnun olmasını iddia edir.
40. İş materialları ilə müəyyən edilir ki, iddia olunan 51 kv.m torpaq sahəsi Qax rayon Qaxingiloy bələdiyyə sədrinin xx.xx.2003-cü il tarixli 12 nömrəli qərarı ilə X2 tikmək məqsədilə satılmışdır.
41. xx.xx.2004-cü il tarixdə iddiaçı və üçüncü şəxs arasında alqı-satqı müqaviləsi bağlanarkən tikilinin yerləşdiyi 51 kv.m torpaq sahəsinə münasibətdə üçüncü şəxsin mülkiyyət hüququna qanuni gözləntisi olmuşdur. Cavabdeh orqan həmin torpaq sahəsinin üçüncü şəxsə bələdiyyə tərəfindən satılmasını mübahisələndirməmiş və hazırkı iş üzrə mübahisələndirilən çıxarışda torpaq sahəsi üzərində onun mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. İddia tələbinə etirazında cavabdeh orqan qeyd edir ki, üçüncü şəxs X5 adına torpaq sahəsi Qax rayonu Qaxingiloy bələdiyyəsinin 28 noyabr 2003-cü il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış, satılması nəzərdə tutulan 51 kv.m torpaq sahəsinin sxematik planı, sex tikintisi üçün ayrılmış 51 kv.m torpaq sahəsinin yerləşmə sxemi və 51 kv.m torpaq sahəsinə baxılması barədə Qax Rayon İcra Hakimiyyətinin rəyi mövcuddur və qeydiyyat da məhz həmin sənədlər əsasında aparılmışdır.
42. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, üçüncü şəxsin iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına əsaslar olsa da, cavabdeh orqan nəzərə almamışdır ki, artıq üçüncü şəxs həmin torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsini özgəninkiləşdirməklə, onun yerləşdiyi torpaq sahəsi ilə bağlı hüquqlarını da tam həcmdə iddiaçıya ötürmüşdür.
43. İstinad olunan MM-nin 245-ci və Torpaq Məcəlləsinin 88-ci maddəsində mülkiyyət hüququ ilə bağlı “əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə” və ”torpaq sahəsinin mülkiyyətçisi” ifadələrinin işlədilməsi onu deməyə əsas verir ki, qanunverici, özgəninkiləşdirilən tikiliyə mülkiyyət hüququnun əldə edənə keçməsini, həmin torpaq sahəsini özgəninkiləşdirən şəxsin mülkiyyətində olması şərtindən və hüquqların ona məxsus olan həcmindən asılı edir.
44. Bununla yanaşı apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından məhkəmə kollegiyası tərəfindən 6 oktyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binasına baxış keçirilərkən müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsində qeyri-yaşayış obyekti mövcuddur. Sözügedən torpaq sahəsinin sağ və sol tərəfində mağazalar yerləşir. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin iddiaçıya Qax rayon İH başçısının xx.xx.1997-cİ il tarixli sərəncamı ilə verilmiş 86 kv.m-lik torpaq sahəsini satması ilə bağlı dəlilinə münasibət bildirərək qeyd edir ki, ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binasına baxış keçirilərkən mübahisə predmeti olan torpaq sahəsinin ətrafında üçüncü şəxsin iddiaçıya satdığını iddia etdiyi başqa torpaq sahəsinin olması müəyyən edilməmişdir.
45. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, xx.xx.2004-cü il tarixli alqısatqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində bütövlükdə iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan, xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa üçüncü şəxsin adının daxil edilməsində səhvə yol vermişdir. Odur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 0,0051 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 72,10 kv.m qeyri-yaşayış binası üzərində vahid daşınmaz əmlak kimi mülkiyyət hüququnun qeydiyyata alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur.
46. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi iddia olunan torpaq sahəsi üzərində bütövlükdə iddiaçının mülkiyyət hüququnun yaranmasına əsas olduğundan, cavabdeh orqan, xx.xx.2019-cu il tarixli, **********5606301 reyestr nömrəli çıxarışa üçüncü şəxsin adının daxil edilməsində səhvə yol verdiyindən iddiaçının tələbi əsaslı olmuşdur.
47. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
48. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 6 mart 2023-cü il tarixli 2-1(116)-969/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.