Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-372/2024 29.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X2 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı ünvan 1 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2-1(116)-779/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Ağdaş şəhəri C.Cabbarlı küçəsi dalan 2 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya 1990-cı ildə 181 saylı X1 Dəstənin Müdiriyyət və həmkarlar ittifaqı komitəsinin qərarı ilə 3 otaqlı mənzil verilmişdir. 33 ildir ailəsi ilə birlikdə bu mənzildə yaşayır. xx.xx.1990-cı il tarixli, 7 №-li ümumi iclas protokolundan çıxarışla təmin olunmuşdur. İddiaçı həmin mənzilə çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
3. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddaçı ünvan 2 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Təqdim edilən sənədlər araşdırılan zaman məlum olmuşdur ki, həmin mənzil Ağdaş 181 nömrəli X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 nömrəli nömrəli ümumi iclas protokolundan çıxarışı əsasında İddiaçı verilmişdir. Həmin mənzilin iddiaçının istifadəsinə verilməsinə baxmayaraq, 8 iyul 1982-ci il tarixli, 979-X nömrəli "Azərbaycan SSR Mənzil məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsinə dair order verilməsi üçün Ağdaş rayon İcra Hakimiyyətinə müraciət olunmalı və iddiaçıya mənzildən istifadə hüququnu təsdiq edən müvafiq order verilməli idi. Belə ki, xidməti yaşayış sahəsinin verilməsi və ondan istifadə qaydası həmin məcəllənin 103-cü maddəsinin müddəalarında öz əksini tapmışdır. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar tərəfindən qəbul edilir
4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 4 aprel 2024-cü il tarixli, 2- 1(116)-779/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
6. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2-1(116)-779/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
7. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2-1(116)-779/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2-1(116)-779/2024 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavadehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2-1(116)-779/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Ağdaş rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 66 nömrəli sərəncamından görünür ki, Ağdaş şəhəri ərazisində "xxxx" ASC-nin balansında olan üç ədəd iki mərtəbəli yaşayış binası və bir ədəd yataqxana binasının mövcudluğu, istismar müddətinin başa vurulması və qiymətsiz olmaları nəzərə alınması, ünvan 3 ünvanda ikimərtəbəli 16 mənzilli yaşayış binası, X7 küçəsi 2 saylı ünvanda ikimərtəbəli 15 mənzilli yaşayış binası, M.İsayev küçəsi 59 saylı ünvanda ikimərtəbəli 12 mənzilli yaşayış binası və M.İsayev küçəsi 59 ünvanda bir mərtəbəli 3 mənzilli yataqxana binası əvəzsiz olaraq Ağdaş rayon İcra Hakimiyyətinin Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin balansına götürülməsi qərara alınmışdır. - Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisənin balansında olan ünvan 5 ünvanında yerləşən İddiaçı adına kommunal mənzil xidməti mənzil deyildir. - Ağdaş rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisənin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ağdaş şəhəri C.Cabbarlı küçəsi dalan 2-də yerləşən 24 saylı, 16 mənzilli 2 mərtəbəli bina yaşayış binası kimi Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 06 May 2016-ci il tarixli, 66 saylı sərəncamı ilə RİH-nin Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin balansına verilmişdir. Həmin binanın 6 nömrəli məzili vətəndaş İddiaçı verilmişdir Məlumat üçün bildirilmişdir ki, məktubda qeyd olunan 3 mənzilli 1 mərtəbəli yataqxana tipli bina ünvan 6 ünvanda yerləşir. Sözügedən C.Cabbarlı küçəsi 2-ci dalanda yerləşən 24 saylı bina yaşayış binasıdır. Eyni zamanda bildirilmişdir ki, "Aqrartikinti " Acıq Səhmdar Cəmiyyəti tərəfindən həmin yaşayış binası müəssisənin balansına verilən zaman binada yaşayan sakinlərə aid heç bir sənəd təqdim olunmamışdır. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,
1. Ağdaş şəhəri, C.Cabbarlı küçəsi dalan 2, bina 24,6 saylı mənzil Ağdaş RİHB-nm xx.xx.2016-cı il tarixli, 66 nömrəli sərəncamı ilə RİH-nin ünvan 7 ünvanda yerləşən binaya aiddir.
2. ünvan 8 mənzilin ümumi sahəsi 74,4 kv.m, yaşayış sahəsi 49.0 kv.m, köməkçi sahəsi 25,4 kv.m olmaqla 3 yaşayış otağından ibarətdir. - Ağdaş 181 №-li X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 №-li ümumi iclas protokolundan çıxarışdan görünür ki, İddiaçı 4 nəfər ailə üzvü ilə birlikdə sahəsi 44,06 kv.metr olan 3 otaqlı mənzil verilməsi qərara alınmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.11 Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, orderi və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1 Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.
13. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun: Maddə 2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
14. Mənzil Məcəlləsi Maddə 45. İdarə mənzil fondu evlərində yaşayış sahəsi verilməsi qaydası İdarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRİ Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir
15. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayətləri mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayətləri uğurlu olmayacaqdır.
17. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
18. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
19. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
21. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Ağdaş şəhəri C.Cabbarlı küçəsi dalan 2 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzilinin özəlləşdirilməsinə nail olmaqdır. Cavabdeh inzibati orqan iddiaçının mənzilə hüquqlarının qeydiyyata alınması üçün zəruri hüquq müəyyənedici sənədləri təqdim etmədiyinə əsaslanıb müraciəti təmin etməmişdir.
22. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.
23. Göründüyü kimi, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderi və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir.
24. Hazırkı iş üzrə iddiaçı Ağdaş şəhəri C.Cabbarlı küçəsi dalan 2 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzildə faktiki yaşasa da, həmin mənzilin qanuni əsaslarla ona 2009-cu il oktyabrın 1-dək ayrılması ilə bağlı hər hansı hüquqi sənədin olması iş materialları ilə sübuta yetirilmir.
25. İddiaçı, sözügedən mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd qismində Ağdaş 181 №-li X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 №-li ümumi iclas protokoluna istinad edir.
26. Lakin, yuxarıda istinad olunan hüquq normalarından göründüyü kimi sözügedən mənzillə bağlı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair - mənzil kirayə müqaviləsi, mənzilə dair order və ya sərəncam qanunvericiliyin tələb etdiyi hüquq müəyyənedici sənədlərdir. İddiaçı isə həmin sənədlərdən hər hansı birini məhkəməyə təqdim edə bilmir.
27. Təqdim etdiyi sənəd (Ağdaş 181 №-li X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 №-li ümumi iclas protokolu) isə mənzilə hüququn qeydə alınmasına əsas olan sübut kimi qiymətləndirilə bilməz. Sözügedən sənəd iddia olunan mənzilə iddiaçının istifadə hüququnun mövcudluğu baxımından əhəmiyyətlidir və iddiaçı mənzilə yalnız istifadə hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət edə bilər.
28. Məhkəmə kollegiya tərəfindən inzibati orqanın praktikası yoxlanılmış və iddia olunan mənzilin yerləşdiyi binada hüquqları dövlət qeydiyyatına alınmış digər mənzillərə dair sənədlər götürülərək tədqiq edilmişdir.
29. Müəyyən edilmişdir ki, tədqiq olunan digər mənzillərə münasibətdə yalnız Ağdaş 181 №-li X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 №-li ümumi iclas protokoluna istinad edilməmişdir. Belə ki, digər mənzillərə münasibətdə hüquqmüəyyənedici sənəd qismində nümunəvi kirayə müqaviləsi, Ağdaş MTİİTM ilə bağlanmış müqavilə, XDS İK-nin yaşayış sahəsi üçün orderi hüquq müəyyənedici sənəd qismində qəbul edilərək hüquqların dövlət qeydiyyatı aparılmışdır. Göründüyü kimi Ağdaş 181 №-li X1 Dəstənin müdiriyyət və həmkarlar ittifaqı komitəsinin birgə xx.xx.1990-cı il tarixli 7 №-li ümumi iclas protokoluna uyğun hüquqların dövlət qeydiyyatının aparılması cavabdeh orqanın inzibati praktikasına da, uyğun olmamışdır.
30. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququn qeydə alınması üçün yuxarıda sadalanan hüquq normalarında nəzərdə tutulan sənədlərin hər hansı biri təqdim edilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
31. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı ünvan 1 ünvanında yerləşən 24 saylı binanın 6 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2-1(116)-779/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.