Məhkəmə qərarları › İş №2-1(107)-373/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-373/2023

06.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-373/2023 06.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “X2 adına verilmiş 25 dekabr 2001-ci il tarixli Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan Cavabdeh1 Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı Sərəncamının ləğv edilməsi və həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)-1331/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 adına verilmiş 25 dekabr 2001-ci il tarixli Qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan Cavabdeh1 Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı Sərəncamının ləğv edilməsi və həmin qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu göndərilərək aşağıdakı qərardadda göstəriləcək hüquqi mövqe izah olunmuş, iddiaçı tərəfindən yardım məktubu 20 mart 2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq münasibət bildirilməmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

3. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 02 may 2023-cü il tarixli, 2- 1(116)-1331/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

5. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hakimin verilmiş iddia tələbinin mümkün sayılmamasından ibarət gəldiyi nəticə ilə razılaşmır, qərardadı əsassız hesab edir. Belə ki, hakim iddia tələbinin mümkün sayılmamasına dair nəticəyə gələrkən AR İPM-nin AR MPM-nin “İnzibati icraat" haqqında AR Qanununun bir neçə maddələrinə istinad etmiş, lakin, 01 yanvar 2011-ci il tarixdən əvvəl yaranmış münasibətlərlə bağlı iddia müddətinin tətbiq edilməsinin mümkünsüzlüyünü əks etdirən konkret hansı norma üzrə göstərişin olmasını izah edə bilməmişdir. Çünki belə bir maddə İnzibati və Mülki Prosessual Məcəllələrdə yoxdur Əks halda hüquq və azadlığının pozulduğu məlum olan şəxsin, həmin andan iddia vermək hüququnun yaranması və iddia ilə müraciət etməkdən ibarət mövcud hüquqlarının məhdudlaşdırılmasına səbəb olardı. Beləliklə iddiaçının hazırkı tələblə bağlı iddia müddətini ötürməsi absurddur. Məhkəmə hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan AR Mülki və Mülki Prosessual Məcəlləsinin tələblərinə istinad etməklə səhvə yol vermişdir. Belə ki, mübahisələndirilən Şəki şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı 1998-ci ildə verilmiş hüquq münasibətləri həmin vaxt yarandığından xx.xx.2000-ci il tarixdə qüvvəyə minmiş Məcəllənin deyil, həmin vaxta qədər qüvvədə olan Məcəllənin tələbləri tədbiq edilməli idi. Belə götürsək 11 sentyabr 1964-cü il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin 73-cü maddəsinə əsasən ümumi iddia müddəti üç il, hüquqi şəxslərin bir-birlərinə olan iddiaları üzrə isə bir il müəyyən edilmişdir. Hazirkı xx.xx.2000-ci il tarixdən sonra yəni yeni məcəllələr qəbul edildikdə sonra da iddia müddətinin məhz həmin vaxtdan sonrakı dövrə deyil, Məcəllənin qəbul edildiyi xx.xx.2000-ci il tarixdən əvvəlki münasibətlərə də şamil edildiyi və edilməli olduğu təsdiqlənmişdir. Belə ki, AR Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001 -ci il tarixli qərar qəbul etmişdir. Həmin qərarda göstərilir ki, iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla 01 sentyabr 2000-ci il tarixdən əvvəl əmələ gəlmiş hüquq münasibətləridən irəli gəlmiş tələblərə də tədbiq oluna bilər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)-1331/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

6. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı iştirak etməmişdir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)-1331/2023 nömrəli qərardadının ləğv edilməsini, iddia tələbinin mümkün sayılmasını xahiş etmişdir

7. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi.)

TƏTBİQ EDİLƏN HÜQUQ

8. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: Maddə 38.3.1. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); Maddə 38.3.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

10. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamaqda düzgün nəticəyə gəlmişdir

13. Belə ki, ş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya izah olunmuşdur ki, Cavabdeh1 Başçısının xx.xx.1998-ci il tarixli 1/146 saylı Sərəncamının mübahisələndirilməsi imkanı artıq itirilmişdir.

14. Yuxarıda qeyd olunan müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər.

15. 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

16. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün (inzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyinin mübahisələndirilməsi) qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur.

17. İddiaçı özü yazdığı iddia ərizəsində qeyd edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********50 saylı cavab məktubunda qeyri-yaşayış binasının 10,1 kv.m hissəsinə dair mülkiyyətçinin adına Şəki Rayonlar arası X1 İdarəsi və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 01 dekabr 2001-ci il tarixli, 453 inventar nömrəli texniki pasport və 25 dekabr 2001-ci il tarixli, 203 saylı qeydiyyat vəsiqəsi verilməsi müəyyən edilmişdir. Göründüyü kimi hələ sonuncu dəfə iddiaçı ləğvini tələb etdiyi qeydiyyat vəsiqəsi və sərəncamdan xx.xx.2022-ci il tarixdə məlumatlı olmuşdur.

18. Mülki Prosessual Məcəllənin qeyd olunan normaları Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi qüvvəyə mindiyi 01 yanvar 2011-ci il tarixdən qüvvədən düşmüş və ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələrə 01 yanvar 2011-ci ildən qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun baxılır ki, İnzibati-Prosessual Məcəllə qüvvəyə mindiyi tarixdən öncə buraxılmış prosessual müddətləri bərpa etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.

19. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)- 1331/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 may 2023-cü il tarixli, 2-1(116)-1331/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar