Məhkəmə qərarları › İş №2-1(107)-373/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-373/2024

11.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-373/2024 11.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), X15 və X9 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı və üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X6 adına tərtib edilmiş 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasportun, İddiaçı adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X5 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 3 avqust 2023-cü il tarixli 2- 1(116)-28/2023 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1 sentyabr 2001-ci il tarixli, 10864 inventar nömrəli, 22 avqust 2006-cı il tarixli, 11753 inventar nömrəli, xx.xx.2007-ci il tarixli, 11759 inventar nömrəli texniki pasportlarda Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun düzəliş aparılmasına köməklik göstərilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2021-ci il tarixli, **********88 nömrəli məktubla iddiaçının müraciətindən imtina etmişdir.

2. İmtina onunla əsaslandırmışdır ki, 5 oktyabr 1972-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X1 adına 9922/4488 saylı torpaq qeydi verilmişdir. Vartaşen Rayon Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi iki yerə bölünmüşdür: sahəsi 30 kv.m olan zal otaq, orta otağın bir qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m hissə X10 verilmiş, digər tərəfdən sahəsi 26 kv.m olan otaq, orta otağın qalan 11 kv.m olan hissəsi, 27 kv.m eyvan X1 mülkiyyətində saxlanılmışdır. 16 yanvar 1974-cü il tarixdə X4 və X6 adlarına ümumi birgə mülkiyyətdə olmaqla 9922/4488 saylı torpaq qeydi verilmişdir. 23 yanvar 1974-cü il tarixli evdəyişmə müqaviləsi ilə X4 öz payını İddiaçı vermişdir. 26 yanvar 1974-cü il tarixdə 1/2 hissə İddiaçı və 1/2 hissə X6 adlarına olmaqla 9922/4488 saylı torpaq qeydi verilmişdir. 1 sentyabr 1987-ci il tarixdə 1/2 hissə İddiaçı və 1/2 hissə X6 adlarına olmaqla 9922/4488 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 1 sentyabr 2001-ci il tarixdə İddiaçı adına 10864 inventar nömrəli texniki pasport verilmişdir. Məhkəmə qətnaməsində göstərilən orta otağın qalan 11 kv.m olan hissəsi və 27 kv.m eyvan texniki pasportda göstərilməmişdir. 22 avqust 2006-cı il tarixdə digər mülkiyyətçinin adına verilmiş 11759 inventar nömrəli texniki pasportda orta otaq qabaq eyvan bütünlüklə göstərilmişdir. 6 iyul 2007-ci il tarixdə digər mülkiyyətçinin adına verilmiş 11759 inventar nömrəli texniki pasportda orta otaq qabaq eyvan bütünlüklə göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, düzəlişlər məhkəmənin qərarı əsasında aparıldığından, həmçinin mübahisə olduğundan və iddiaçıya aid olan hissə yüklü olduğundan aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X6 adına tərtib edilmiş 22 avqust 2006cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasportun, İddiaçı adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X5 adına tərtib edilmiş xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X4 il anası X13 1953-cü il tarixdə evlənmiş və 1972-ci il tarixinədək birgə nikahda yaşamışlar. Nikah 1972-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Onların arasında olan nikah pozulduqdan sonra birgə nikah zamanı əldə etdikləri ev, yəni ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə atası X4 ilə anası X13 arasında bölünmüşdür. Həmin qətnaməyə əsasən Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi 11 nömrəli həyətdə X1 adına olan hündür kürsülü otaqlardan qonşusu İddiaçı tərəfindən zal otaq 30 kv.m qiyməti 3128 manat, orta evdən qapı, bir pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m olmaqla qiyməti 1560 manat və balkondan yenə də eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m qiyməti 441 manat cəmi məbləğlə 5129 manatlıq X6 mülkiyyətinə, digər divar tərəfdən bir otaq 26 kv.m qiyməti 2704 manat orta evin qalan hissəsi 11 kv.m 1144 manat, balkon 27 kv.m qiyməti 794 manat X1 mülkiyyətində saxlanılmışdır. Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, evlərdən zal otaq 30 kv.m, orta otaqdan isə bir qapı, bir pəncərə daxil olmaqla 15 kv.m, həm də balkondan 3 metr 75 sm İsmayılova Rənaya verilməlidir. Yan barı tərəfdə olan 26 kv.m sahədə bir otaq, orta otaqdan bir pəncərə onun tərəfində qalmaq şərti ilə evi 2.75, uzunu 4 metr sahə 11 kv.m Səlimov Abduləvvələ verilməlidir. Balkonun uzunu 14 metrdir. 10 metr 25 sm yenə Səlimovda qalmalıdır. Göründüyü kimi zal otaq anası İsmayılova Rənaya, yan barı tərəfdə olan otaq atası Səlimov Abduləvvələ verilmiş, orta otaq isə aralarında bölünmüşdür. Balkon isə həmin otağın bölünmə yerindən ayrılaraq tərəflərə verilmişdir. Lakin nədənsə sonradan X10 texniki pasport hazırlanarkən orta otağın atasına düşən hissəsi və həmin hissəyə münasibətdə qarşısındakı balkon hissəsi X6 payı kimi göstərilmişdir. Halbuki, həmin texniki pasportda texniki pasportun verilməsi əsası kimi Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin olması qeyd edilmişdir.

5. Buradan da aydın şəkildə görünür ki, cavabdeh Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin tələblərini kobud şəkildə pozmuşdur. Buradan da aydın şəkildə görünür ki, 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasport qanunsuz və əsassız tərtib edilmişdir. xx.xx.1974-cü il tarixli, 2/642 saylı dəyişmə müqaviləsi ilə X1 payı onunla dəyişdirilmişdir. Həmçinin, eyni ilə onun adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportda Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə onun payına düşən orta otağın 2.25 m hissəsi və ona münasib olaraq qarşısındakı balkon hissə qeyd edilməmişdir. Bununla da, Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin tələbləri kobud şəkildə pozulmuşdur.

6. Həmçinin, sonradan anası X13 öz payına düşən hissəsini nəvəsi X7 bağışlamış və ondan sonra da X8 xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilərək verilmişdir. Eyni ilə əvvəlki texniki pasportda olduğu kimi yeni texniki pasportda da Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973cü il tarixli qətnaməsi ilə X2 verilmiş evin orta otağının bir hissəsi və ona münasibətdə qarşısındakı balkonun hissəsi X8 məxsus kimi göstərilmişdir. Göründüyü kimi yuxarıda qeyd etdiyi hər üç texniki pasport Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun tərtib edilməmişdir, ona görə də hər üç texniki pasport Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməlidir.

7. Cavabdeh tərəfindən iddia tələbinə dair verilən yazılı münasibətin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir.

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 3 avqust 2023-cü il tarixli 2- 1(116)-28/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, hazırkı halda iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

10. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, sözügedən texniki pasportlar 2001, 2006 və 2007-ci illərdə tərtib olunmuşdur və mübahisəli fərdi yaşayış evində iddiaçı faktiki olaraq yaşamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı (texniki pasportların düzgün tərtib edilməməsi) mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.

11. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmiş, lakin məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir.

12. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir

b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(107)-540/2023 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2- 1(116)-28/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir.

c) Kassasiya instansiya məhkəməsindəki icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2024-cü il tarixli, 2-1(102)-336/2024 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(107)-540/2023 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət qalan hissədə təmin edilməmişdir.

Apellyasiya şikayətinin dəlilləri

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki inzibatı Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2-1(116)-28/2023 saylı qərardadını qeyri-obyektiv birtərəfli qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır.

17. Belə ki, onun atası X4 ilə anası X13 1953-cü il tarixdə evlənmiş və 1972-ci il tarixinədək birgə nikahda yaşamışlar. Nikah 1972-ci ildə məhkəmə qaydasında pozulmuşdur. Onların arasında olan nikah pozulduqdan sonra birgə nikah zamanı əldə etdikləri ev yəni ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə atası X4 il anası X13 arasında bölünmüşdür. Həmin qətnaməyə əsasən Şəki şəhəri, 25-ci rayon, H.Sultanov küçəsi 11 nömrəli həyətdə X4 adına olan hündür kürsülü otaqlardan qonşusu İddiaçı tərəfindən zal otaq 30 kv m qiyməti 3128 manat, orta evdən qapı, bır pəncərə daxil olmaqla eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m olmaqla qiyməti 1560 manat və balkondan yenə də eni 4 metr, uzunu 3.75 metr olmaqla 15 kv.m qiyməti 441 manat cəmi məbləğlə 5129 manatlıq X6 mülkiyyətinə, digər divar tərəfdən bir otaq 26 kv.m qiyməti 2704 manat orta evin qalan hissəsi 11 kv.m 1144 manat, balkon 27 kv.m qiyməti 794 manat X1 mülkiyyətində saxlanılmışdır. Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsində qeyd edilmişdir ki, evlərdən zal otaq 30 kv.m, orta otaqdan isə bir qapı bir pəncərə daxil olmaqla 15 kv.m, həm də balkondan 3 metr 75 sm İsmayılova Rənaya verilməlidir. Yan barı tərəfdə olan 26 kv.m sahədə bir otaq, orta otaqdan bir pəncərə onun tərəfində qalmaq şərti ilə eni 2.75, uzunu 4 metr sahə 11 kv.m Səlimov Abduləvvələ verilməlidir. Balkonun uzunu 14 metrdir. 10 metr 25 sm yenə Səlimovda qalmalıdır.

18. Göründüyü kimi, zal otaq anası İsmayılova Rənaya, yan barı tərəfdə olan otaq atası Səlimov Abduləvvələ verilmiş, orta otaq isə aralarında bölünmüşdür. Balkon isə həmin otağın bölünmə yerindən ayrılaraq tərəflərə verilmişdir. Lakin nədənsə sonradan X10 texniki pasport hazırlanarkən orta otağın atasına düşən hissəsi və həmin hissəyə münasibətdə qarşısındakı balkon hissəsi X6 payı kimi göstərilmişdir Halbuki, həmin texniki pasportda texniki pasportun verilməsi əsası kimi Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin olması qeyd edilmişdir. Buradan da aydın şəkildə görsənir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin Şəki Ərazi İdarəsi Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin tələblərini kobud şəkildə pozmuşdur. Buradan da aydın şəkildə görünür ki, 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasport qanunsuz və əsassız tərtib edilmişdir. xx.xx.1974-cü il tarixli, 2/642 saylı dəyişmə müqaviləsi ilə X1 payı onunla dəyişdirilmişdir. Həmçinin qeyd edir ki, eyni ilə onun adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportda Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə onun tamın payına düşən orta otağın 2.25 m hissəsi və ona münasib olaraq qarşısındakı balkon hissə qeyd edilməmişdir. Bununla da Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin qeyd edir ki, sonradan anası X13 öz payına düşən hissəni nəvəsi X8 bağışlamış və ondan sonra da X8 xx.xx.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasportu tərtib edilərək verilmişdir. Eyni ilə əvvəlki texniki pasportda olduğu kimi yeni texniki pasportda da Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi ilə X2 verilmiş evin orta otağının bir hissəsi və ona münasibətdə qarşısındakı balkonun hissəsi X8 məxsus kimi göstərilmişdir.

19. Göründüyü kimi yuxarıda qeyd etdiyi hər üç texniki pasport Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun tərtib edilməmişdir, ona görə də hər üç texniki pasporta Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməlidir. O, həmin hər üç texniki pasportun Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edib. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********88 nömrəli məktubu ilə bundan imtina edildiyindən o, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Orazı İdarəsinin xx.xx.2021-ci il tarixli **********88 nömrəli imtinasının qanunsuz hesab edilməsi və X6 adına tərtib edilmiş 22 avqust 2006-cı il tarixli inventar nömrəsi 11753 olan texniki pasportun, İddiaçı adına tərtib edilmiş sentyabr 2001-ci il tarixli inventar nömrəsi 10864 nömrəli texniki pasportun və X5 adına tərtib edilmiş 06 07.2007-ci il tarixli inventar nömrəsi 11759 olan Daşınmaz Əmlakın Texniki Pasporta Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cu il tarixli qətnaməsinə uyğun olaraq düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə Şəki inzibati Məhkəməsinə müraciət etmişdir, lakin işə baxan birinci instansiya məhkəməsi qərardadında qeyd etmişdir ki, müvafiq icra hakimiyyəti orqanlarının yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-ın 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-cı il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-cı maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsı üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mubahisələndirmə üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, sözügedən texniki pasportlar 2001, 2006 və 2007-ci illərdə tərtib olunmuşdur və mübahisəli fərdi yaşayış evində iddiaçı faktiki olaraq yaşamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı (texniki pasportların düzgün tərtib edilməməsi) mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətı ötürülmüşdür. Halbuki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən onun həmin texniki pasportların mövcudluğundan xəbərinin olub olmamasını, həmin iddia müddətinin axımının nə vaxtdan başladığını aydınlaşdırmamış və işə formal baxaraq iddia müddəti ötdüyünü əsas gətirərək iddia müddəti ötdüyündən qanuni və əsaslı iddiasını mümkün saymamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Üçüncü şəxs X11 apellyasiya şikayətinə etiraz ərizəsi ilə müraciət edərək Şəki İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2-1(116)-28/2023 saylı qərardadının qüvvədə qalmasını və iddianın təmin olunmamasını xahiş etmişdir. Tərəflərin izahatları

21. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçıoğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinin təmin olunmamasını, Şəki İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2-1(116)-28/2023 saylı qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

23. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh orqan məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası da cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

25. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5-ci bəndinə əsasən apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi-nəzərindən qiymətləndirməlidirlər. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

26. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır. Ona görə də apellyasiya şikayəti təmin ediləcəkdir. Birinci instansiya məhkəməsi iddianı əsassız olaraq mümkün hesab etməmişdir. Bu aşağıdakı mülahizələrdən irəli gəlir.

28. Belə ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq göstərmişdir ki, hazırkı halda iddia müddətinə dair normalara əməl olunmaqla iddianın qaldırılması şərtinə riayət edilməsi müəyyən olunmur. Belə ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.

29. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Göründüyü kimi inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış iddia müddəti müəyyən etmişdi və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə məlum olan gündən hesablanması qaydasını nəzərdə tutmuşdur. Nəzərə alınmalıdır ki, sözügedən texniki pasportlar 2001, 2006 və 2007-ci illərdə tərtib olunmuşdur və mübahisəli fərdi yaşayış evində iddiaçı faktiki olaraq yaşamışdır. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu məsələ ilə bağlı (texniki pasportların düzgün tərtib edilməməsi) mübahisə açmamış, bununla da iddia qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür.

30. Yuxarıda qeyd edilənlərə əsasən hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmiş, lakin məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir.

31. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının ləğvini şərtləndirən aşağıdakı halların qeyd olunmasını zəruri sayır.

33. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur.

34. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır.

35. Kollegiya bildirir ki, obyektiv araşdırma prinsipi iddianın mümkünlüyünün və əsaslılığının yoxlanılması zamanı tətbiq olunmalıdır. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq.

36. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

37. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi İPM-in 35.1-ci maddəsinə istinad etmişdir. Bu isə o deməkdir ki, iddiaçı hüququnun cavabdeh tərəfindən pozulduğunu əsaslandıra bilməmişdir və ya, - məhkəmənin əsaslandırdığı kimi, - hazırkı məzmunda iddia qaldırmaq imkanını (müəyyən edilmiş müddəti ötürməsi səbəbi ilə) itirmişdir.

38. Birinci instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı inzibati orqanın 2011-ci il 1 yanvar tarixədək etdiyi hərəkətləri – texniki pasportların verilməsini mübahisələndirir. Ona görə də, 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər.

39. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin həmin qənaəti ilə bağlı qeyd edir ki, əslində, burada söhbət ümumi olaraq qəbul edilmiş prinsipdən gedir. Həmin prinsipə əsasən, məhkəmə icraatı işə baxılan zaman qüvvədə olan prosessual qanunvericiliyə uyğun aparılmalıdır. Yalnız əvvəlki prosessual qanunvericiliyə müvafiq olaraq edilmiş və artıq başa çatmış prosessual hərəkətlər (məsələn, iddianın qaldırılması, sübutların araşdırılması və s.) öz etibarlılığını saxlayır.

40. İş materiallarından görünür ki, iddiaçı, hər hansı inzibati aktı mübahisələndirmir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən müvafiq texniki pasportlar verilən zaman Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsinə düzgün istinad olunmamışdır. Ona görə də, iddiaçı Vartaşen Rayon Xalq Məhkəməsinin 17 aprel 1973-cü il tarixli qətnaməsi əsasında texniki pasportlarda düzəliş edilməsini, başqa sözlə, cavabdehdən faktiki xarakterli hərəkətin edilməsini tələb edir. İddiaçının müraciətini cavabdeh təmin etməmiş, buradan, iddiaçının həmin inzibati orqana qarşı öhdəliyin icrası haqqında iddia qaldırmaq hüququ yaranmışdır (İPM-in 34.1-ci maddəsi). Öhdəliyin icrası haqqında iddialar üzrə isə İPM-də müddət müəyyən edilməmişdir.

41. Məhkəmə qeyd edir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi hazırkı iddia tələbinin öhdəliyin icrası haqqında iddia növünə aid olmasına baxmayaraq, iddia müddəti ilə bağlı tələbləri tətbiq etməklə gəldiyi yekun nəticə düzgün olmamış, ona görə də, iddianın mümkünlüyü öhdəliyin icrası haqqında iddia növünə aid ümumi və xüsusi mümkünlük şərtləri baxımından yoxlanılmalıdır.

43. Odur ki, hazırkı mübahisəyə münasibətdə apelyasiya şikayəti qismən əsaslı olduğundan, həmin hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

44. İşə baxacaq birinci instansiya məhkəməsi hazırkı mübahisəyə münasibətdə işin hallarını bu qərarın əsaslandırma hissəsində qeyd edilən xüsusatlar baxımından tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə qiymət verməlidir. Bu, məhkəmə tərəfindən düzgün və əsaslı qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

45. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin edilməsi üçün iş təkrar Şəki İnzibаti Məhkəməsinə göndərilməli olduğundan, habelə irəli sürülən tələblərin mümkünlük şərtlərinin yoxlanılması tələb olunduğundan şikayət qalan hissədə təmin oluna bilməz.

46. Beləliklə, məhkəmə kollegiyаsı bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi yuxаrıdа sаdаlаnаn hаllаrı аrаşdırmаqla iddianın mümkünlüyünü öhdəliyin icrası haqqında iddia növünə aid ümumi və xüsusi mümkünlük şərtləri baxımından yoxlamadan iddiаnı mümkün saymamaqda düzgün nəticəyə gəlməmişdir. Оnа görə də, Аzərbаycаn Respublikаsı İnzibаti Prоsessuаl Məcəlləsinin 87-ci mаddəsinə əsаsən, şikаyət qismən təmin edilməli və birinci instаnsiyа məhkəməsinin qərаrdаdı ləğv edilərək işin baxılması üçün Şəki İnzibаti Məhkəməsinə göndərilməsi bаrədə qərаrdаd qəbul edilməlidir.

47. Yuxarıda göstərilənlərə və İPM-in 87-ci maddəsinə əsasən məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2-1(116)-28/2023 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Apelyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar