Məhkəmə qərarları › İş №2-1(107)-373/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-373/2025

03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-373/2025 03.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X7 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı1 oğlunun və digər İddiaçı3 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Zərdab bələdiyyəsinə qarşı “Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 2-ci və 4-cü bəndlərinin icra olunaraq Zərdab rayonu Təzəkənd kəndinin “Aşağı bağ” adlanan 60 ha örüş təyinatlı torpaq sahəsinə aid olan 13 ha hissəsinin kəndin sakini X3 qanunsuz istifadəsindən, eləcə də 1,30 ha hissəsinin kəndin sakini X13 qanunsuz istifadəsindən geriyə alınaraq kənd sakinlərinin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1934/2025 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Zərdab bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 2-ci və 4-cü bəndlərinin icra olunaraq Zərdab rayonu Təzəkənd kəndinin “Aşağı bağ” adlanan 60 ha örüş təyinatlı torpaq sahəsinə aid olan 13 ha hissəsinin kəndin sakini X3 qanunsuz istifadəsindən, eləcə də 1,30 ha hissəsinin kəndin sakini X13 qanunsuz istifadəsindən geriyə alınaraq kənd sakinlərinin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Zərdab rayonunun Təzəkənd kəndində də çöl torpaqlar kənd sakinlərinə paylanmışdır. Kəndin "Aşağı bağ" adlanan 60 ha ərazisi örüş (mal-qaranın otarılması üçün) sahəsi kimi müəyyən edilərək, əvəzsiz və həmişəlik olaraq kənd sakinlərinin istifadəsinə verilmişdir. Hər kəsin bu örüş sahəsindən istifadə hüququ tanınmışdır. Zərdab bələdiyyəsinin sədri Bəhruz Qurbanov kənd səkini X16 xx.xx.2021-ci il tarixli, 69 saylı məktubunda yazır: "Sizin xx.xx.2021-ci il tarixli, Təzəkənd kənd ərazisində "Aşağı bağ" adlanan sahənin hansı kateqoriyaya aid olması barədə ərizənizə cavab olaraq bildiririk ki, bələdiyyənin ərazisinə dair xəritələrdə həmin ərazi örüş kateqoriyasına aid torpaq sahəsi kimi göstərilmişdir". - Zərdab RİHB-nın 03 dekabr 1999-cu il tarixli, 122 saylı sərəncamı ilə həmin "Aşağı bağ" örüş sahəsinin 20 ha hissəsi qanunsuz olaraq kənd təsərrüfatı məhsulları istehsalı üçün kənd sakini X5 verilmişdir. Xaləddin qardaşı Elmanla birlikdə həmin örüş torpağının əlavə 19 ha hissəsində zəbt edərək örüş yerinin bütövlükdə 39 ha hissəsini qanunsuz yolla ələ keçirmişlər. Sərəncamda "müvəqqəti istifadənin" müddəti belə göstərilmir. Çöl torpağı sərəncamla yox, icarə müqaviləsi bağlamaqla verilməlidir. Örüş torpaqları qanunla icarəyə verilə bilməz. Qardaşlar kəndin mal-qarasını o torpaqlara buraxmadılar. Zərdab bələdiyyəsinin (Təzəkəndlə Zərdab şəhər bələdiyyəsi eynidir) 06 ha xx.xx.2002-ci il tarixli, 02 saylı qərarı ilə bu 39 ha torpağın 6 ha hissəsi Elmanın arvadı X10, 13 ha hissəsi isə xx.xx.2004-cü il tarixli qərarı ilə İsayev Xaləddinə icarəyə verilmişdir. 20 ha torpaq sahəsi isə Xaləddinlə Elmanın zəbtində qalmışdır. Bu qanunsuzluğu pərdələmək niyyəti ilə örüş sahəsindən kəndin digər bir neçə sakininə də az ölçülərdə torpaq sahəsi icarəyə verilmişdir. Hamısı da örüş torpağından təyinatına zidd olaraq əkin sahəsi kimi istifadə etmişlər. Bununla da kənd sakinlərinin əvəzsiz olaraq bu torpaqlardan istifadə hüquqları pozulmuş, torpağın təyinatı özbaşına dəyişdirilmişdir. Bu qanunsuzluqlara Zərdab Bələdiyyəsinin sədri Bəhruz Qurbanov yol verdiyindən, kənd sakinləri ondan aidiyyəti qurumlara çoxsaylı şikayətlər yazmışlar. Bəhruz Qurbanov həmin şikayətləri araşdıran qurumlara verdiyi cavab və sənədlərlə də kəndin “Aşağı bağ" adlanan örüş sahəsi ilə bağlı qanunsuzluqlara yol verdiyini etiraf etmiş, aradan qaldıracağını bildirsə də, ancaq qanusuz əməllərini ört-basdır etməyə əl atmışdır. Belə ki, Ədliyyə Nazirliyi Göyçay Regional İdarəsi xx.xx.2021-ci il tarixdə Təzəkənd kənd sakini Nümayəndə göndərdiyi M757/2 saylı məktubda yazır: "Müraciətlə bağlı Zərdab bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən torpaq icarə müqavilələri bağlanarkən və torpaq sahəsi icarəyə verilərkən qanunvericiliyin tələblərinin pozularaq qanunla müəyyən edilmiş müddətdən artıq və təyinatına zidd olaraq icarəyə verilərək torpaq icarə müqaviləsi bağlandığı, icarəçilər tərəfindən torpaqdan istifadənin davam etdiyi aşkar edilmişdir. Bununla bağlı Zərdab bələdiyyəsinə idarə tərəfindən xx.xx.2021-ci il tarixdə qanunvericiliyin tələbləri pozulmuş icarə müqavilələrinin ləğv edilməsi ilə bağlı təklif məktubu göndərilmişdir". - Yenə Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə İdarəsinin Zərdab rayonu Təzəkənd kənd sakinləri Zaur İsrafilova və digərlərinə xx.xx.2021-ci il tarixli, Kol-90/5 saylı məktubunda yazır: "Müraciətlə bağlı Zərdab bələdiyyəsi tərəfindən təqdim edilmiş sənədlərə əsasən torpaq icarə müqavilələri bağlanarkən və torpaq sahələri icarəyə verilərkən qanunvericiliyin tələblərinin pozularaq qanunla müəyyən edilmiş müddətdən artıq və təyinatına zidd olaraq icarəyə verilərək torpaq icarə müqaviləsi bağlandığı, icarəçilər tərəfindən torpaqdan istifadənin davam etdiyi aşkar edilmişdir. Bununla bağlı idarə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş icarə müqavilələrinin ləğv edilməsi üçün Zərdab bələdiyyəsinə xx.xx.2021-ci il tarixli 02 saylı iclas protokolu ilə icarə müqaviləsinin bağlanmasına əsas olmuş bələdiyyənin müvafiq qərarları ləğv edilmişdir. Həmçinin Zərdab bələdiyyəsinin idarəyə ünvanladığı xx.xx.2021-ci il tarixli, məktuba və iddia ərizəsinə əsasən örüş sahələrinin boşaldılması ilə bağlı Təzəkənd kənd sakinləri X3 və X9 icarə müqavilələrinin ləğv edilməsi barədə Zərdab Rayon Məhkəməsinə müraciət edilmişdir." - Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclasının protokolundan Çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə şöbəsi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli M-757/2 saylı, Zərdab rayon Təzəkənd kənd sakinlərinin icarə müqavilələrinin ləğv edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə təklif məktubunun müzakirə edilməsi iclasın gündəlik məsələsinə çıxarılmış və iclasda aşağıdakı bəndlər qərara alınmışdır. - "1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə şöbəsi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli M- 757/2 saylı, Zərdab bələdiyyəsi icarə müqavilələrinin ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə təklif məktubu nəzərə alınmışdır. - 2. Qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı ilə X6 13,0 ha, X14 3,5 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X26 1,0 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X17 0,7 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X8 1,0 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X10 06 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyənin yuxarıda adları çəkilən qərarları ləğv edilsin və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması təmin edilsin. - 4. Qərarın icrasına nəzarət Zərdab bələdiyyəsinin sədrinə həvalə edilsin". - Bu Çıxarışdan göründüyü kimi, X5 Təzəkənd kəndinin "Aşağı bağ" örüş sahəsindən qanunsuz olaraq 13 ha ərazinin icarəyə verilməsi ilə bağlı xx.xx.2004-cü il tarixli qərar digərləri ilə birlikdə ləğv edilmişdir. Bu fakt Əmlak Məsələləri Dövlət Komitəsi Yanında X4 Təşkili Üzrə Dövlət X1 xx.xx.2021-ci il tarixli, **********89 saylı məktubunda da əksini tapmışdır; "Zərdab rayonunun Təzəkənd kəndi ərazisində yerləşən "Aşağı bağ" adlanan kənd təsərrüfatı təyinatlı örüş sahəsinin qanunsuz istifadə edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetindən İqtisadiyyat Nazirliyinə daxil olmuş kollektiv müraciətinizə X4 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətdə qeyd olunan məsələ Ucar ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılan zaman bir qrup kənd sakini tərəfindən icarələrində olan ərazidə torpaq qanunvericiliyinin tələblərinin pozulması hallarına yol verildiyi müəyyən edilərək Zərdab rayonu Zərdab bələdiyyəsinə məktub ünvanlanmış və vətəndaşlarla bağlanan icarə müqavilələrinin ləğv edilməsi barədə bələdiyyə tərəfindən müvafiq qərar qəbul edilmişdir". - X23 bu məktubundan xeyli öncə 28 dekabr 2020-ci il tarixli, **********68 saylı məktubunda göstərilir ki; "Müraciətdə qeyd olunan məsələ Ucar ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılarkən örüş sahəsinin zəbt edilməsi faktı təsdiqini tapmamışdır. Araşdırma zamanı 8 nəfər Təzəkənd kənd sakini tərəfindən icarələrində olan kənd təsərrüfatı təyinatlı örüş sahələrində əkin işlərinin aparıldığı müəyyən edilmiş və bununla bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə Zərdab rayonu Zərdab bələdiyyəsinə məktub ünvanlanmışdır". Şərh olunan bu məktublardan aydın olur ki, qanunsuz olaraq Təzəkənd kənd "Aşağı bağ" örüş sahəsindən X5 icarəyə verilmiş 13,0 ha torpaq sahəsi ilə bağlı bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli M-757/2 saylı qərarı ilə ləğv edilmiş və örüş sahəsi kimi kənd camaatının ümumi istifadəsinə qaytarılmışdır. Gerçəkdəndə 2024-cü ilin sentyabr ayına qədər kəndin mal qarası həmin 13,0 ha ərazilərdə otarılmışdır. Ancaq Təzəkənd kənd sakini X2 örüş sahəsindən verilmiş 1,30 ha ərazisi ilə bağlı heç bir qərar qəbul edilməmişdir. O, bu gündə həmin 1,30 örüş torpaq sahəsini təyinatına zidd olaraq istifadə edir. Bir qrup kənd sakinin aidiyyəti qurumlara, o cümlədən Zərdab RİHB-na çoxsaylı şikayətlərindən sonra nəhayət, Zərdab İHA-nın başçısı Mərdan Camalzadədən aldıqları xx.xx.2024-cü il tarixli, 5-84/2-1-xx-xx/2024 saylı məktubdan aydın oldu ki, müraciətləri əsasında İN-yi yanında X32 Xidmətinin əməkdaşları tərəfindən ərazidə monitorinq keçirilmişdir. X.İsayevin barəsində inzibati protokol tərtib olunmuşdur. Eyni zamanda Xaləddin İsayev aidiyyəti şəxslərin iştirakı ilə Zərdab RİH-nə dəvət olunmuş, onunla maarifləndirici söhbət aparılmışdır. X.İsayev RİH Başçısına notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək üzərinə istifadəsində olan örüş təyinatlı torpaq sahəsini xx.xx.2024-cü il tarixədək boşaldaraq bələdiyyə fonduna və sakinlərin ümumi istifadəsinə qaytaracağı barədə öhdəlik götürmüşdür. xx.xx.2024-cü il tarixdə Xaləddin İsayev gerçəkdəndə qanunsuz istifadəsində olan 20 ha örüş torpaq sahəsini kənd sakinlərinin istifadəsinə qaytardı. Ancaq bir neçə gün sonra Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, M-757/2 saylı qərarı ilə ləğv edilmiş 13 ha torpaq sahəsini yenidən tutaraq şumlamış və səpin aparmışdır. X21 bu qanunsuz əməlinə Zərdab bələdiyyəsinin sədri B.Qurbanovun kənd sakini şikayətçi İddiaçı3 xx.xx.2024-cü il tarixli, 261 saylı məktubunda aşağıda göstərdikləri əsas vermişdir: "Təzəkənd kənd sakini X3 İcarəsində olan 20,0 ha torpaq sahəsinin boşaldılaraq kənd sakinlərinin ümumi istifadəsinə qaytarılması ilə bağlı sizin və 3 nəfər Təzəkənd kənd sakininin müraciətinə cavab olaraq bildiririk ki, sözügedən məsələ ilə bağlı X.İsayev Zərdab bələdiyyəsinə dəvət edilmiş ona faktiki icarəsində olan 13,0 torpaq sahəsindən istifadə etməsi tövsiyyə olunmuşdur. Bu barədə X,İsayevdən izahat alınmışdır. İzahatda həmin ərazini 10 oktyabr 2024-cü il tarixə kimi boşaltmaq barədə öz üzərinə öhdəlik götürmüşdür" - Göründüyü kimi Zərdab bələdiyyəsinin sədri Bəhruz Qurbanov yeni qanunsuzluğa gedərək, kəndin örüş sahəsinə aid olan həmin 13,0 ha ərazini yenə Xaləddin İsayevin qanunsuz istifadəsinə vermiş, o da bu "tövsiyəyə" əsaslanaraq yenidən kəndin həmin 13,0 ha örüş torpaq sahəsini şumladaraq səpin aparmışdır. Zərdab bələdiyyəsinin xx.xx.2004- cü il tarixli qərarı ilə İsayev Xaləddinə kəndin örüş torpağından icarəyə verilmiş 13 ha torpaq sahəsi ilə bağlı 25 fevral 2005-ci il tarixdə X15 Hüququna dair JN 4798 saylı 90501018 kodlu Şəhadətnamə də verilmişdir. Hansı ki, qanunsuz idi. Zərdab rayon Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclasının protokolundan Çıxarışdan görünür ki, İsayev Xaləddinlə bağlanmış həmin xx.xx.2004-cü il tarixli müqavilə ləğv edilmişdir. Bu zaman Ədliyyə Nazirliyinin Göyçay Regional Ədliyyə şöbəsi tərəfindən bələdiyyəyə daxil olan xx.xx.2021-ci il tarixli, M-757/2 saylı icarə müqavilələrin ləğv edilməsi və torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə məktubu nəzərə alınmışdır. Belə olan tərzdə Zərdab Bələdiyyəsinin sədri Bəhruz Qurbanovun X.İsayevi bu ilin sentyabr ayında bələdiyyəyə dəvət edib kəndin guya faktiki istifadəsində olan 13 ha torpaq sahəsindən istifadə etməsini ona "tövsiyyə" etməsi anlaşılmazdır. Öncə bu 13 ha torpaq sahəsi 2021-ci il tarixdən örüş sahəsi kimi kənd sakinlərinin ümumi istifadəsindədir. Yəni X.İsayevin "faktiki istifadəsində" deyil. İkincisi bu torpaq sahəsi ilə bağlanmış müqavlə 2021-ci ildə ləğv edilmişdir. Yenidən heç bir müqavilə bağlanmadan necə X.İsayevə verilə bilərdi. X.İsayevdə bu ilin oktyabr ayının ortalarında həmin 13 ha torpaq sahəsini şumlamış, səpin etmişdir. Kəndin mal-qarasını bu örüş sahəsinə buraxmır. Cərimə etdirəcəyi ilə təhdid edir. Odur ki, Zərdab bələdiyyəsinin sədri Bəhruz Qurbanova 26 oktyabr 2024-cü il tarixdə şikayət ərizəsi, həm də müraciət ünvanlamışdır. Bu anlaşılmazlığa aydınlıq gətirməsini, həmçinin aşağıdakı sorğularını cavablandırmasını, lazımi sənədlərin surətlərinin onlara verilməsi bələdiyyə sədri Bəhruz Qurbanovdan tələb edilmişdir. Bununla belə Zərdab bələdiyyəsi tərəfindən müraciətlərinə cavab verilməmişdir.

3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 11 mart 2025-ci il tarixli 2- 1(116)-1934/2025 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Zərdab bələdiyyəsinə qarşı “Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 2-ci və 4-cü bəndlərinin icra olunaraq Zərdab rayonu Təzəkənd kəndinin “Aşağı bağ” adlanan 60 ha örüş təyinatlı torpaq sahəsinə aid olan 13 ha hissəsinin kəndin sakini X3 qanunsuz istifadəsindən, eləcə də 1,30 ha hissəsinin kəndin sakini X13 qanunsuz istifadəsindən geriyə alınaraq kənd sakinlərinin ümumi istifadəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. - İş materiallarında olan, Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 1, 2 və 4-cü bəndlərindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə şöbəsi tərəfindən daxil olmuş xx.xx.2021-ci il tarixli M757/2 saylı, Zərdab bələdiyyəsi icarə müqavilələrinin ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması barədə təklif məktubu nəzərə alınması, qanunvericiliyin tələblərinə zidd olaraq bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı ilə X5 13,0 ha, X14 3,5 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X26 1,0 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X17 0,7 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X8 1,0 ha, xx.xx.2002-ci il tarixli 02 saylı qərarı ilə X10 06 ha torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə qərarlarının ləğv edilməsi və torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması və qərarın icrasına nəzarətin Zərdab bələdiyyəsinin sədrinə həvalə edilməsi qərara alınmışdır. İddia ərizəsində iddiaçılar özləri də qeyd edirlər ki, qanunsuz olaraq Təzəkənd kənd "Aşağı bağ" örüş sahəsindən X5 icarəyə verilmiş 13,0 ha torpaq sahəsi ilə bağlı bələdiyyənin xx.xx.2004-cü il tarixli qərarı Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli M-757/2 saylı qərarı ilə ləğv edilmiş və örüş sahəsi kimi kənd camaatının ümumi istifadəsinə qaytarılmışdır. Həqiqətən də, 2024-cü ilin sentyabr ayına qədər kəndin mal qarası həmin 13,0 ha ərazilərdə otarılmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə Xaləddin İsayev həqiqətən də qanunsuz istifadəsində olan 20 ha örüş torpaq sahəsini kənd sakinlərinin istifadəsinə qaytarmış, lakin, bir neçə gün sonra Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, M-757/2 saylı qərarı ilə ləğv edilmiş 13 ha torpaq sahəsini yenidən tutaraq şumlamış və səpin aparmışdır. - Göründüyü kimi faktiki yaranmış mübahisə iddiaçılarla bələdiyyə arasında yox, həmin torpaq sahəsini özbaşına tutmuş fiziki şəxs arasında yaranmışdır. Hazırkı cavabdeh tərəfindən sözügedən torpaq sahəsindən iddiaçıların istifadəsinə məhdudiyyət müəyyən edən hər hansı əlverişsiz inzibati aktın qəbul edilməsi və ya faktiki xarakterli hərəkətlərin edilməsi müəyyən edilmir. - Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 2-ci və 4- cü bəndlərinin icra olunmasına münasibətdə isə məhkəmə qeyd etmişdir ki, 2-ci bənddə torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması qeyd edilsə də, faktiki olaraq həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmuş, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı əvvəllər qəbul edilmiş qərarların ləğv edilməsi nəzərdə tutulmuşdur. Yəni, icarə müddətində də, torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqda davam etmiş, 02 fevral 2021-ci il tarixli 02 saylı qərar qəbul edilməklə torpaq sahəsi üzərində bələdiyyənin formal idarəçiliyi bərpa edilmişdir. İddiaçı, bələdiyyə mülkiyyətinə torpaq sahəsinin qaytarılması tələbi ilə, mübahisəli torpaq sahəsi üzərində bələdiyyə idarəetməsinin faktiki bərpasını nəzərdə tutur. Lakin, yuxarıda qeyd edildiyi kimi həmin torpaq sahəsindən istifadəyə maneə bələdiyyə tərəfindən yox, fiziki şəxslər tərəfindən yaradılır. Əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ümumi istifadədə olan torpaq sahələri olduğundan hər hansı fiziki şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsini mübahisələndirmək hüququ bələdiyyə məxsus olduğu kimi, həmin kəndin sakinləri olaraq iddiaçılara da məxsusdur. Odur ki, iddiaçılar torpaq sahəsindən istifadə ilə bağlı fiziki şəxslə aralarında yaranmış mübahisənin həlli ilə bağlı ümumi rayon məhkəməsinə iddia qaldırmalıdırlar.

5. İddiaçılar İddiaçı1 və İddiaçı3 həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1934/2025 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər.

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Zərdab rayonu, Təzəkənd kənd "Aşağı bağ" adlanan 60 ha örüş sahəsinin mübahisəsi edilən 13,0 hektarından istifadəsinə cavabdeh Zərdab rayon, Zərdab bələdiyyəsinin deyil, kənd sakini X3 maneə yaratdığını məhkəmə qeyd edərək, bununla da mübahisənin həllinin inzibati məhkəməyə aidiyyəti olmaması qənaətinə gəlmişdir. Məhkəmə bu nəticəyə gələrkən nəzərə almamışdır ki, həmin 13,0 ha mübahisəli örüş ərazisini İsayev Xaləddin özbaşına zəbt etməmiş, cavabdehin "tövsiyəsi"-dən sonra orada əkin etmişdir. İddia ərizəsinə sübut kimi əlavə edilmiş Zərdab bələdiyyəsinin İddiaçı3 ünvanladığı 261 saylı, xx.xx.2024-cü il tarixli məktubundan aydın olur ki, cavabdeh, X29 bələdiyyəsinə dəvət etmiş, ona "faktiki icarəsində" olan sözügedən 13,0 ha torpaq sahəsindən istifadə etməyi "tösiyyə" etmişdir. Məhz bundan sonra Xaləddin İsayev sözügedən həmin 13,0 ha örüş torpaq sahəsini şumladaraq, səpin aparmış və kənd sakinlərinə mal-qaralarını bu ərazidə otarmağa imkan verməmişdir. Göründüyü kimi Zərdab bələdiyyəsinin sabiq sədri Bəhruz Qurbanovun bu "tövsiyyəsi" onların, eləcə də bütün kənd sakinlərinin həmin 13,0 ha örüş sahəsindən istifadə etməklərinə maneə olmuşdur. Cavabdehin şərh etdikləri məktubunda göstərilir ki, guya həmin 13,0 ha torpaq sahəsi Xaləddin İsayevin faktiki istifadəsindədir. Əslində isə həmin vaxt sözügedən bu 13,0 ha örüş torpaq sahəsi təyinatı ilə bağlı olaraq Təzəkənd kənd sakinlərinin, eləcə də iddiaçıların faktiki istifadələrində idi. - Çıxarışdan göründüyü kimi, X5 Təzəkənd kəndinin "'Aşağı bağ" örüş sahəsindən qanunsuz olaraq 13,0 ha ərazinin icarəyə verilməsi ilə bağlı xx.xx.2004-cü il tarixli qərar digərləri ilə birlikdə ləğv edilmişdir. Bundan sonra həmin sözügedən 13,0 ha torpaq sahəsi digərləri ilə birlikdə gerçəkdən də kənd sakinlərinin örüş sahəsi kimi istifadələrinə qaytarılmışdır. 2024-cü ilin sentyabr ayına qədər həmin torpaq sahələri kənd sakinlərinin istifadəsində olmuşdur. Məhz cavabdeh Zərdab bələdiyyəsinin yuxarıda qeyd etdikləri "tövsiyyəsindən" sonra Xaləddin İsayev sözügedən həmin 13,0 ha örüş torpaq sahəsini şumlatmış, səpin aparmışdır. Kənd camaatına da bildirmişdir ki, bələdiyyənin sədri Bəhruz Qurbanovun razılığı və tövsiyyəsi ilə bu addımı atmışdır. Bu məsələyə aydınlıq gətirməsi üçün Zərdab bələdiyyəsinin sabiq sədri Bəhruz Qurbanova etdikləri yazılı müraciətə (iddia ərizələrinə surəti əlavə olunmuşdur) cavab verməmişdir. Məhkəmə həmçinin X2 örüş sahəsindən tamamilə qanunsuz olaraq verilmiş 1,30 ha ərazisi ilə bağlı münasibətini bildirməmişdir. Hansı ki, o, bu gündə həmin 13,0 örüş torpaq sahəsini təyinatına zidd olaraq istifadə edir. - Məhkəmənin gəldiyi nəticə məhkəmə aidiyyəti ilə bağlı işin halları ilə uyğun gəlmir. Belə ki, iddia ərizəsində geniş şərh edildiyi kimi Xaləddin İsayev qanunsuz istifadə etdiyi 20,0 ha örüş torpaq sahəsini kənd sakinlərinin şikayəti əsasında təhvil verdikdən sonra, məhz Zərdab bələdiyyəsinin sabiq sədri Bəhruz Qurbanovun birbaşa göstərişi və "tövsiyyəsi" əsasında öncələrdə qanunsuz icarə müqaviləsi əsasında istifadəsində olmuş 13,0 ha örüş torpaq sahəsini əkib, səpin aparmışdır. Hansı ki, Bəhruz Qurbanov rəsmi məktubunda bu 13,0 ha örüş torpaq sahəsini Xaləddin İsayevin "faktiki icarəsində" olması ilə əsaslandırmış və əsassız da olsa bu "hüququ" məhz Bəhruz Qurbanov ona "tanımışdır". Xaləddindən geri alınan 20,0 ha örüş torpaq sahəsinin "əvəzi kimi". Kənd sakinləri Xaləddin İsayevə bu hərəkətinə görə etiraz edəndə, o, demişdir ki, Bəhruz Qurbanovun razılığı ilə bu ərazini şumladır, bu torpaqla bağlı icarə müqaviləsi var, Şəhadətnaməsi var və s. Göründüyü kimi Xaləddin İsayev özbaşına bu torpağı zəbt etməmişdir. X33 birbaşa köməyi və "tövsiyyəsi" ilə həmin mübahisəli torpağı şumladaraq səpin aparmış və kənd sakinlərinin örüş sahəsi kimi bu torpaqdan istifadələrinə icazə verməyir. Kim bu sahədə mal-qarasını otararsa onları məhkəməyə verəcəyi ilə təhdid edir. - Hesab edirik məhkəmənin gəldiyi nəticə yanlış olub işin faktiki hallarına uyğun gəlmir. Belə ki, sabiq bələdiyyə sədri Bəhruz Qurbanov İddiaçı3 ünvanladığı məktubda sözügedən torpaq sahəsinin Xaləddin İsayevin "faktiki istifadəsində" olduğunu göstərir. Yəni özü ləğv etdiyi icarə müqaviləsini "faktiki icarə" müqaviləsi kimi təqdim edərək sözügedən 13,0 ha örüş torpaq sahəsindən istifadə etməyi X.İsayevə "tövsiyyə" edir. Bu fakt iddia ərizəsinə əlavə etdikləri mötəbər sübutlarla təsdiqlənir. Bu hal cavabdehin həmin mübahisəli torpaq sahəsinə hüquqlarını pozan faktiki xarakterli hərəkətləri olmaqla, həm də ləğv edilmiş inzibati aktdan dolayısı ilə yararlanmasıdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 oğlu və digər İddiaçı3 nümayəndəsi Nümayəndə şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qərardadının ləğv edilərək iddianın mümkün sayılmasına dair qərardad qəbul edilməsini xahiş etdilər.

9. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş, xx.xx.2025-ci il tarixli məktubunda Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli, 2-1(116)-1934/2025 nömrəli qərardadının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

10. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir.

12. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

13. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

15. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

16. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

17. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

18. Kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

19. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).

20. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Belə ki, iddiaçılar torpaq sahəsinin fiziki şəxslərin qanunsuz istifadəsindən alınıb kənd sakinlərinin ümumi istifadəsinə verilməsini tələb edirlər.

21. Nəzərə alınmalıdır ki, iddiaçılar özləri də məhkəmə kollegiyasının iclasında və apellyasiya şikayətində qeyd edirlər ki, qanunsuz olaraq Təzəkənd kənd "Aşağı bağ" örüş sahəsindən X5 icarəyə verilmiş 13,0 ha torpaq sahəsi ilə bağlı bələdiyyənin xx.xx.2004cü il tarixli qərarı Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli M-757/2 saylı qərarı ilə ləğv edilmiş və örüş sahəsi kimi kənd camaatının ümumi istifadəsinə qaytarılmışdır. Həqiqətən də, 2024-cü ilin sentyabr ayına qədər kəndin mal qarası həmin 13,0 ha ərazilərdə otarılmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə Xaləddin İsayev həqiqətən də qanunsuz istifadəsində olan 20 ha örüş torpaq sahəsini kənd sakinlərinin istifadəsinə qaytarmış, lakin, bir neçə gün sonra Zərdab bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, M-757/2 saylı qərarı ilə ləğv edilmiş 13 ha torpaq sahəsini yenidən tutaraq şumlamış və səpin aparmışdır.

22. Həmçinin şikayətdə qeyd edirlər ki, həmin 13,0 ha mübahisəli örüş ərazisini İsayev Xaləddin özbaşına zəbt etməmiş, cavabdehin "tövsiyəsi"-dən sonra orada əkin etmişdir. Göründüyü kimi Zərdab bələdiyyəsinin sabiq sədri Bəhruz Qurbanovun bu "tövsiyyəsi" onların, eləcə də bütün kənd sakinlərinin həmin 13,0 ha örüş sahəsindən istifadə etmələrinə maneə olmuşdur.

23. Göründüyü kimi, faktiki yaranmış mübahisə iddiaçılarla bələdiyyə arasında yox, həmin torpaq sahəsini bələdiyyənin tövsiyyəsi olsa belə özbaşına tutmuş fiziki şəxs arasında yaranmışdır. Hazırkı cavabdeh tərəfindən sözügedən torpaq sahəsindən iddiaçıların istifadəsinə məhdudiyyət müəyyən edən hər hansı əlverişsiz inzibati aktın qəbul edilməsi və ya faktiki xarakterli hərəkətlərin edilməsi müəyyən edilmir.

24. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Zərdab bələdiyyəsinin 02 fevral 2021-ci il tarixli 02 saylı iclas protokolunun 2-ci bəndində torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması qeyd edilsə də, faktiki olaraq həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi olmuş, torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı əvvəllər qəbul edilmiş qərarların ləğv edilməsi nəzərdə tutulmuşdur. Yəni, icarə müddətində də, torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqda davam etmiş, 02 fevral 2021-ci il tarixli 02 saylı qərar qəbul edilməklə torpaq sahəsi üzərində bələdiyyənin formal idarəçiliyi bərpa edilmişdir. İddiaçı, bələdiyyə mülkiyyətinə torpaq sahəsinin qaytarılması tələbi ilə, mübahisəli torpaq sahəsi üzərində bələdiyyə idarəetməsinin faktiki bərpasını nəzərdə tutur. Lakin, yuxarıda qeyd edildiyi kimi həmin torpaq sahəsindən istifadəyə maneə bələdiyyə tərəfindən yox, fiziki şəxslər tərəfindən yaradılır. Əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları ümumi istifadədə olan torpaq sahələri olduğundan hər hansı fiziki şəxs tərəfindən torpaq sahəsinin zəbt edilməsini mübahisələndirmək hüququ bələdiyyə məxsus olduğu kimi, həmin kəndin sakinləri olaraq iddiaçılara da məxsusdur. Odur ki, iddiaçıların torpaq sahəsindən istifadəsi ilə bağlı fiziki şəxslə aralarında yaranmış mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz, buna görə də aidiyyət qaydalarına riayət edilməklə ümumi məhkəmədə baxılmalıdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

26. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

27. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

28. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

29. Qeyd olunmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

30. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərini birinci instansiya məhkəməsinin qərardadının ləğvinin əsası kimi qəbul etmir.

31. Bundan əlavə iddiaçılar apelyasiya şikayətində iddia tələbinin mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş edirlər.

32. Bununla bağlı isə qeyd olunmalıdır ki, iddia tələbinin mümkün hesab edilməsi hazırda mübahisələndirilən qərardadın ləğvindən sonra törəmə tələb olduğundan, həmin qərardad isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.

33. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1934/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçılar İddiaçı1 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 mart 2025-ci il tarixli 2-1(116)-1934/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 (on) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar