Məhkəmə qərarları › İş №2-1(107)-374/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-374/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-374/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X6 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı2 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçılar X4 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu, Ərəş kəndində yerləşən 2,0320 hektar torpaq sahəsinə dair X7, X11, X12 və X8 adına verilmiş JN-113 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 aprel 2025ci il tarixli 2-1(116)-177/2025 nömrəli qərardadından iddiaçılar X4 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar X4 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1i ünvanda yerləşən 2,0320 ha torpaq sahəsi üzərində üçüncü şəxslər X7, X11 və X8 adına verilmiş xx.xx.2022-ci il tarixli, **********80 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1091/2024 nömrəli qərardadı ilə X16, X11, X7 və X25 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər.

3. İddiaçılar 18 mart 2025-ci il tarixdə tələblərini dəqiqləşdirərək, “Yevlax rayonu, Ərəş kəndində yerləşən 2,0320 hektar torpaq sahəsinə dair üçüncü şəxslər – X7, X11, X12 və X8 adına verilmiş JN-113 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X32 Komissiyasının qərarı ilə Kod 90113018, JN 113, JN 114, JN 115, JN 116 saylı dövlət aktları əsasında 2,0320 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsindən 15 ildir ki, istifadə edirlər və qanuni sahibliyindədir. Torpaq sahəsi əkinə yararsız olduğundan, öz maddi vəsaitləri hesabına xeyli xərc çəkərək torpağı münbit hala gətirərək əkinə yararlı vəziyyətə salmışlar. Uzun illər torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmi qeydə aldırmağa zərurət olmamışdır. Bu günlərdə torpaq sahəsində əkinlə məşğul olan zaman Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Orada nə üçün çağrıldıqlarını soruşduqda isə məlum olmuşdur ki, X32 Komissiyasının qərarı ilə Kod 90113018, JN 113, JN 114, JN 115, JN 116 saylı dövlət aktları əsasında X12, X17, X16, X11, X9, X26 və X19 2.032 ha torpaq sahəsi verilmişdir. Hansı ki, həmin torpaq sahəsi 15 ildir onların istifadəsində və sahibliyindədir. - Yevlax Rayon Polis Şöbəsində izahat verdikdən sonra, ona məhkəmədə iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Həmin şəxslər Bakı şəhərində yaşayır və son 15 ildə ona qarşı hər-hansı bir tələb irəli sürməmişlər. Həmin şəxslər nəinki mübahisəli torpaq sahəsinin ölçülərini, hətta torpaq sahəsinin harada yerləşdiyini və onun koordinatlarını da bilmirlər. Hansı ki, qanunsuz və saxta yollarla ona məxsus torpaq sahəsi özgəninkiləşdirilmişdir. Hesab edir ki, Yevlax rayonu, Ərəş kəndində yerləşən 2.032 ha torpaq sahəsi qanuni əsaslarla onların istifadəsində və sahibliyində olmuşdur. Belə ki, Yevlax şəhər 2-nin Ərəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 37 nömrəli arayışında qeyd edilmişdir ki, Ərəş kənd qeydiyyatı olmayan vətəndaşlar (X9, X12, X26 və X30) Ərəş kəndində yaşamırlar və yaşamayıblar. Bundan əlavə, Yevlax rayonu Ərəş Bələdiyyəsinin 4 nömrəli 19 yanvar 2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, Yevlax rayonu, Ərəş kəndi ərazisində yerləşən Kod 90113018, JN 113, JN 114, JN 115 və JN 116 nömrəli dövlət aktlarında göstərilmiş torpaq sahələri vətəndaş X2 15 ildir ki, istifadəsindədir. - Heç zaman Yevlax ərazisində, o cümlədən ünvan 1ində yaşamayan adamlara saxta yollarla, bilinməyən qayda və şəkildə Ərəş kəndi ərazisindən torpaq sahəsi ayrılmamışdır. Həmin torpaq sahəsi də uzun zamandır ki, onların istifadəsində olmuşdur. Həmin şəxslərin adları islahat apardığı zaman kənd icra nümayəndəliyində olan siyahıda belə olmamışdır. Ancaq necə torpaq əldə etmələrindən heç kimin, guya ki, məlumatı olmamışdır. Bu işlərlə bağlı Respublika Baş Prokurorluğuna, Yevlax rayon prokurorluğuna və Yevlax rayon polis şöbəsinə ərizə və şikayətlərlə müraciət edilmişdir. Hazırda şikayət ərizələri ilə bağlı həmin orqanlarda müvafiq araşdırmalar aparılır. Belə ki, xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Ərəş kəndində yerləşən 2.032 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə, xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışa əsasən Yevlax rayonu, Ərəş kəndində yerləşən 2.032 ha torpaq sahəsi üzərində X7 (1/4 hissə), X10 (1/4 hissə) və X8 (2/4 hissə) paylı mülkiyyət hüquqları tanınmışdır. - Belə ki, 10 avqust 2023-cü il tarixdə aidiyyəti üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək, X32 Komissiyasının qərarı ilə verilmiş Kod 90113018, JN 113, JN 114, JN 115, JN 116 saylı dövlət aktları əsasında X12, X17, X16, X11, X9, X26 və X24 2.032 ha torpaq sahəsinin verilməsinə əsas olmuş bütün ilkin hüquqmüəyyənedici sənədlərin, həmçinin X13 adına verilmiş xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş bütün ilkin hüquqmüəyyənedici sənədlərin, həmçinin xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın və həmin çıxarışa əsasən Yevlax rayonu, Ərəş kəndində yerləşən 2.032 ha torpaq sahəsi üzərində X7 (1/4 hissə), X10 (1/4 hissə) və X8 (2/4 hissə) paylı mülkiyyət hüquqları tanınmasına əsas olmuş bütün ilkin hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətlərini, həmçinin xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın və xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Verilmiş sorğulara hazırki zamana kimi Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən cavab verilməmişdir. Dəfələrlə həmin idarədə olmasına baxmayaraq verdiyi sorğulara cavab verməmişlər. Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 07 mart 2023-cü il tarixli məktubu ilə ona imtina məktubu verilmişdir. 21 avqust 2023-cü il tarixli məktubu ilə isə vəkilə məlumat verilməsindən qərəzli olaraq imtina edilmişdir. Cavabdehin bu mövqeyini qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Cavabdehin iddia tələbinə etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı Yevlax rayonu, Ərəş kəndində yerləşən 2.03 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışın etibarsız hesab edilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq üçüncü şəxslərin adına tərtib edilmiş dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, çıxarışda hər hansı bir düzəlişin və ya həmin çıxarışın ləğv edilməsi 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mübahisə predmeti olan **********80 reyestr nömrəli çıxarış 02.02 2022-ci il tarixdə hüquq sahiblərinə təqdim olunmuşdur. Sözügedən torpaq sahəsi xx.xx.2022-ci il tarixli AN-1049963 nömrəli alqı-satqı-müqaviləsi əsasında X1, bu barədə xx.xx.2022-ci il tarixli **********80 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilərək alıcı X14 mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmışdır. Odur ki, həmin tarixdən mübahisələndirməyə dair iddia müddətinin axımı hesablanmaqdadır. Belə olan halda iddia tələbinin rədd olunması üçün kifayət qədər sübut vardır. - “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinin müddəalarına əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılması xahiş edilmişdir.

7. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, - xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, - A716277 Torpaq sahəsinin planı və ölçüsü, - AN-İ ******* Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsi, - xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, - A697742 Torpaq sahəsinin planı və ölçüsü, - cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və həmin məktuba əlavə edilmiş mütəxəssis rəyi, - JN-113, JN-114 kod 90113018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktları.

8. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 01 aprel 2025-ci il tarixli 2- 1(116)-177/2025 nömrəli qərardadı ilə iddiaçılar X4 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Yevlax rayonu, Ərəş kəndində yerləşən 2,0320 hektar torpaq sahəsinə dair üçüncü şəxslər – X7, X11, X12 və X8 adına verilmiş JN-113 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 27 nömrəli qərarı əsasında ünvan 1ində X5 3 nəfər ailə üzvü ilə birlikdə 2,03 ha torpaq sahəsi ayrılmış və JN-113 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçılar, sözügedən Dövlət Aktında göstərilən subyektlərin ünvan 1i sakinləri olmadıqlarını və onlara torpaq sahəsinin ayrılmasının qanunvericiliyin tələblərinə uyğun olmadığını bildirərək, həmin Dövlət Aktının ləğv edilməsini tələb edirlər. - Məhkəmə qeyd etmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən torpaq sahəsinə dair Dövlət Aktının qanunvericiliyin tələblərinə uyğun tərtib edilib-edilməsinə hüquqi qiymətin verilməsi üçün ilk növbədə iddiaçıların sözügedən torpaq sahəsinə aidiyyəti müəyyən edilməlidir. İş materialları ilə müəyyən edilir ki, iddiaçılar, mübahisəli torpaq sahəsindən hər hansı hüquq müəyyənedici sənədə malik olmadan istifadə edirlər. Yəni, iddiaçılar, torpaq sahəsinin faktiki istifadələrində olması əsasından çıxış edərək Dövlət Aktını mübahisələndirirlər. Nəzərə alınmalıdır ki, subyektiv hüquq ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. Sözügedən torpaq sahəsinə dair iddiaçıların qanun və ya müqavilədən irəli gələn hüquqi bağlılıqlarının olmaması iddia tələbinin irəli sürülməsi üçün subyektiv hüquqlarının mövcudluğunu istisna edir. - İddiaçı məhkəmə iclasında verdiyi izahatda torpaq sahəsinə dair hər hansı hüquqi sənədinin olmadığını etiraf etmiş, mübahisəli torpaq sahəsini təxminən 15 il əvvəl bələdiyyə sədri vasitəsilə nağd ödəniş etməklə əldə etdiyini, sonradan torpaq sahəsini sənədləşdirmək mümkün olmadığından ödədiyi məbləğin ona geri qaytarıldığını, lakin buna baxmayaraq həmin torpaq sahəsindən fasiləsiz istifadə etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçılar, hazırkı tələbini irəli sürməkdə olan subyektiv hüququnu torpaq sahəsinin faktiki istifadələrində olması ilə əsaslandırırlar. Lakin, mübahisəli torpaq sahəsinin onlara aidiyyəti ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmirlər. - Məhkəmə qeyd etmişdir ki, hər hansı hüquqi əsas olmadan torpaq sahəsini faktiki istifadə etməkdən irəli gələn faktiki maraq, iddia qaldırmaq üçün subyektiv hüququn yaranması üçün yetərli deyil. Çünki hüquqi cəhətdən qorunmur. Faktiki marağa münasibətdə cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına müdaxilənin baş verməsi də, mümkün deyildir. Odur ki, subyektiv hüququn birinci vacib elementi - öz hərəkətlərinə hüquqi ixtiyar olmadan, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yarana bilməz. İddiaçı, faktiki istifadəsində olan daşınmaz əmlak obyektinə dair hüquq müəyyənedici sənədə malik olduqda isə artıq iddianın qaldırılmasında hüquqi maraq yaranacaq və bu zaman iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün olacaqdır. Belə ki, hüquqi maraq yalnız faktiki vəziyyətə deyil, həm də hüquq müəyyənedici sənədə əsaslanır, bu da şəxsin məhkəmədə hüquqlarını müdafiə etməsinə və iddia qaldırmasına imkan yaradır. Ancaq hüquq müəyyənedici sənədə malik olan iddiaçı cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə onun subyektiv hüquqlarına müdaxilənin baş verməsini iddia edə bilər. - Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi əldə edilmişdir. Təqdim edilmiş rəydə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın A 697742 nömrəli planölçü sənədi, JN-113, JN-114, JN-115 və JN-116 nömrəli Dövlət Aktlarında qeyd olunan torpaq sahələrinin DWJ və TEKUİS sistemlərindəki yerləşmə vəziyyəti ilə üst-üstə düşür. Rəydə həmçinin qeyd edilmişdir ki, DWJ və TEKUİS məlumatlarına əsasən, bu torpaq sahəsi iddiaçının naturada göstərdiyi və iddia etdiyi sahə ilə uyğun gəlir, təyinatı kənd təsərrüfatı təyinatlı torpaq, uqodiyası isə əkin sahəsidir. Mülkiyyətçilər kimi JN-113, JN-114, JN-115 və JN-116 nömrəli Dövlət Aktlarında qeyd edilən şəxslər göstərilmişdir. Rəydə qeyd olunan torpaq sahələrinin DWJ və TEKUİS-də yerləşmə vəziyyəti müqayisəli sxem formasında təqdim olunmuşdur. Bununla da, mübahisəli torpaq sahəsinin yuxarıda qeyd edilmiş Dövlət Aktlarında göstərilən torpaq sahələri ilə üst-üstə düşməsi, iddiaçının isə hər hansı hüquq müəyyənedici sənədə malik olmadan sözügedən torpaq sahəsindən istifadə etməsi müəyyən edilmişdir.

10. İddiaçılar X4 və İddiaçı2 həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(116)-177/2025 nömrəli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə məsələyə formal yanaşaraq hüquqlarının bərpasına əsassız maneələr yaratmışdır. Məhkəmənin mövqeyinin qanunsuz olması qanunvericiliyin tələbləri ilə də öz təsdiqini tapır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

13. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı2 və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(116)-177/2025 qərardadının ləğv olunmasını və işin yenidən baxılması üçün birinci instansiyaya qaytarılmasını xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçı, cavabdeh orqanın nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

15. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü

17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

22. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).

24. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

25. Belə ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

26. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

27. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır.

28. Nəzərə alınmalıdır ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

29. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

30. İş materiallarından da görünür ki, iddiaçının hüquqi marağı hazırda faktiki istifadə etdikləri Yevlax rayonu, Ərəş kəndində yerləşən 2,0320 hektar torpaq sahəsinə dair üçüncü şəxslər – X7, X11, X12 və X8 adına verilmiş JN-113 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktının ləğv edilməsinə nail olmaqdır.

31. Araşdırma zamanı müəyyən olunur ki, Yevlax rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 27 nömrəli qərarı əsasında ünvan 1ində X5 3 nəfər ailə üzvü ilə birlikdə 2,03 ha torpaq sahəsi ayrılmış və JN-113 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. İddiaçılar isə həmin torpaq sahəsindən hər hansı hüquq müəyyənedici sənədə malik olmadan istifadə edirlər. Yəni, iddiaçılar, torpaq sahəsinin faktiki istifadələrində olması əsasından çıxış edərək Dövlət Aktını mübahisələndirirlər. Lakin iddia etdikləri torpaq sahəsinin onlara aidiyyəti ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişlər.

32. İddiaçı məhkəmənin iclasında, sözügedən torpaq sahəsini təxminən 15 il əvvəl bələdiyyə sədri vasitəsilə nağd ödəniş etməklə əldə etdiyini, sonradan torpaq sahəsini sənədləşdirmək mümkün olmadığından ödədiyi məbləğin ona geri qaytarıldığını, lakin buna baxmayaraq həmin torpaq sahəsindən fasiləsiz istifadə etdiyini bildirsə də, faktiki olaraq onun torpaq sahəsindən istifadəsi zəbetmə ilə bağlıdır və həmin torpaq sahəsinə dair hər hansı hüquq müəyyənedici sənədi mövcud deyil. Hər hansı hüquqi əsas olmadan torpaq sahəsini faktiki istifadə etməkdən irəli gələn faktiki maraq, iddia qaldırmaq üçün subyektiv hüququn yaranması üçün yetərli deyil. Çünki hüquqi cəhətdən qorunmur. Faktiki marağa münasibətdə cavabdeh orqan tərəfindən iddiaçının subyektiv hüquqlarına müdaxilənin baş verməsi də, mümkün deyildir. Odur ki, subyektiv hüququn birinci vacib elementi - öz hərəkətlərinə hüquqi ixtiyar olmadan, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ yarana bilməz.

33. İşdə olan sənədlərdən də mübahisəli torpaq sahəsinin Dövlət Aktlarında göstərilən torpaq sahələri ilə üst-üstə düşməsi, iddiaçının isə hər hansı hüquq müəyyənedici sənədə malik olmadan sözügedən torpaq sahəsindən istifadə etməsi müəyyən edilmişdir.

34. Eyni zamanda, iddiçının qeyd etdiyi kimi olduğu halda belə, yəni üçüncü şəxslərin Bakı şəhərində yaşaması, son 15 ildə iddiaçıya qarşı hər-hansı bir tələb irəli sürməmələri, həmin şəxslərin mübahisəli torpaq sahəsinin ölçülərini, hətta torpaq sahəsinin harada yerləşdiyini və onun koordinatlarını da bilməmələri iddiaçının hazırki iddia ilə müraciət etmək üçün subyektiv hüququnun olmasına əsas vermir.

35. Odur ki, iddia etdikləri torpaq sahəsinə dair iddiaçıların hər hansı hüquq müəyyənedici sənəd təqdim edə bilməmələri onların bu əraziyə dair subyektiv hüquqlarının olmadığını göstərir. İddiaçılar yalnız qanuni hüquqlarını qorumaq və ya pozulmuş hüquqlarını bərpa etmək üçün məhkəməyə müraciət edə bilərlər. Nəzərə alınmalıdır ki, subyektiv hüquq ya qanundan, ya da müqavilədən irəli gəlməlidir. İddiaçıların faktiki istifadəsi - qanundan və ya müqavilədən irəli gəlmirsə tələbin irəli sürülməsi üçün subyektiv hüququn mövcudluğu istisna edilir.

36. “Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli qərarında qeyd edilir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

37. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır.

38. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağıdakılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.».

39. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5).

40. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmək üçün subyektiv hüququ olmamışdır, belə ki, iddiaçı nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəməsi araşdırması zamanı mübahisə predmeti olan əmlaka dair hər hansı hüquqmüəyyənedici mötəbər sənəd təqdim etməmişdir, belə olduğu təqdirdə məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin mümkün sayılmaması barədə qərardad qəbul edərkən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

41. Məhkəmə kollegiyası əlavə olaraq apelyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.

42. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.

43. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasının əsası kimi qəbul etmir.

44. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(116)-177/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçılar X4 və İddiaçı2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 01 aprel 2025-ci il tarixli 2-1(116)-177/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar