Məhkəmə qərarları › İş №2-1(107)-375/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-375/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-375/2023 12.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X9 xidməti vəzifələrin icrası zamanı xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X8-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması ilə həlak olduğundan ona şəhidlik statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2-1(116)- 1066/2023 nömrəli qərarından iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 06 avqust 2021-ci il tarixli, 928 №-İİ əmri ilə , 04 iyul 2021-ci il tarixdə təsdiq edilmiş dərs cədvəlinə müvafiq olaraq polkovnik- leytenant X5 09 avqust 2021-ci il tarixdə Ümumqoşun təlim poliqonunun snayper atış şəhərciyində (Üçtəpə) zabit hazırlığı və təkmilləşdirmə kursunun 9-cu tədris qrupunun dinləyiciləri ilə “SPQ-9” silahından 1-ci yoxlama atış çalışmasının yerinə yetirilməsi zamanı vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibət bəsləməsi nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, habelə silahla davranış qaydalarını pozması və ehtiyatsızlıq edərək cinayət törətməsi nəticəsində oğlumuz X9 xidməti vəsifələrin icrası zamanı xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X8-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması ilə həlak olduğundan ona Azərbaycan Respublikasının qanuna əsasən şəhidlik statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə X9 xx.xx.1999-cu il ildə Oğuz rayonun Calud kəndində anadan olmuşdur. Orta məhktəbi başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. Həmin məktəbin 4-cü kurs tələbəsi olanda X2 leytenant rütbəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi Hissənin tərkibində erməni birləşmiş hərbçiləri tərəfindən işğal edilmiş Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında döyüşlərdə fəal iştirak etmişdir.

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Döyüş tapşırıqlarını yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il,24 iyun tarixli 2714 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 2021-ci il 24 iyun tarixli 2713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə medallarına layiq görülmüşdür.

4. Bundan başqa Azərbaycan Respublikasınını Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandiri Klos Abbasovun 26 dekabr 2020-ci il tarixli əmri ilə Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında döyüş əməliyyatları zamanı üzərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirdiyinə və göstərdiyi xüsusi fədakarlığa görə fəxri fərmanla da təltif edilmişdir.

5. Müharibədən sonra X9 təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmiş və Dövlət Attestasiya Komissiyasının 25 iyun 2021-ci il tarixli qərarı ilə ona “Xüsusi təyinatlı texnika və sistemlər” ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi (Bakalavr Diplomu) verilmişdir. Bundan başqa mərhum oğlu X1 Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən leytenant rütubəsində Orduda və Hərbi Dəniz Qüvvələrində tərbiyəvi işə rəhbərlik üzrə 002859 nömrəli Sertifikat da verilmişdir.

6. Eyni zamanda X9 leytenant rütbəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Ordusunun təlim və Tədris Mərkəzində dinləyici qismində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X8-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması (ölüm xidməti vəzifələrin icrası zamanı olmuşdur) səbəbindən həlak olmuşdur. X6 ölümünün səbəbəkarı Azərbaycan Ordusunun fəlim və Tədris Mərkəzinin silah və atış kafedrasının atıcı və zirehli texnika silahları silsiləsinin baş müəllimi, polkovnikleytenant X3 xx.xx.2021-ci il tarixdə vəzifəli şəxs kimi öz xidməti borcuna laqeyd münasibət bəsləməsi nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi, habelə, silahla davranış qaydalarını pozması və ehtiyatsızlıq etməsi olmuşdur.

7. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarisnın 1-ci bəndində şəhid anlayışı verilmişdir.

8. Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

9. Həmin Qaydaların 1.2.6.-cı bəndinə əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər.

10. Sözügedən normanın dispozisiyasında “Şəhid” statusunun verilməsi üçün zəruri şərt döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəxsin həlak olması, itkin düşməsi və məhkəmənin qərarına ölmüş elan edilməsi əks edilmişdir.

11. Döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası zamanı həlak olmuş şəxslər “şəhid” hesab edilir. Yəni, xidməti vəzifələrin icrası döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmalıdır.

12. Döyüş təminatının anlayışı “Quru Qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş Təlimatı”nın 8.2-ci maddəsinə əsasən Döyüş təminatı-briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədi ilə keçirilən kompleks tədbirlərdir.

13. Növləri: -Kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometeoroloji (meteoroloji) təminatı.

14. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Bakı Hərbi Məhkəməsinin 11 may 2022-ci il tarixli 1-1(093)-79/2022 nömrəli hökmündən görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin müvafiq dərs cədvəlinə uyğun olaraq 09 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Ümumqoşun təlim mərkəziin “snayper” atış şəhərciyində atış çalışması yerinə yetirərərkən məşğələ rəhbəri tərəfindən silahla davranış qaydalarının pozulması nəticəsində “SPQ-9” markalı tank əleyhinə dəzgahlı qumbaraatan silahdan atəş açılması ilə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət nəticəsində X9 həlak olmuşdur.

15. Beləliklə də, mərhum X6 həlak olması döyüş tapşırığı və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrin icrası ilə bağlı olmadığından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6.-cı bəndində təsbit edilən “şəhid" statusunun verilməsinə dair təsbit olunan əsaslar mövcud deyildir.

16. Birinci instansiya məhkəməsinin iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 28 mart 2023-cü il tarixli 2- 1(116)-1066/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

18. İddiaçı1 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

19. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2-1(116)-1066/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2-1(116)-1066/2023 nömrəli qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

21. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

22. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

23. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan anası - İddiaçı2 (AZE********, xx.xx.2014 - Oğuz, FİN:xxxxxxx, d/t:01.11,1976) Oğuz rayonu Calud kəndində qeydiyyatda olan atası - İddiaçı1 (AZE********, xx.xx.2014 - Oğuz, FİN:xxxxxxx, d/t:xx.xx.1974) və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Reşpublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Oğuz rayon filialında olan 11000 manat birdəfəlik ödənişdən pul vəsaitindən ibarətdir. - AZ-İİ 201521 nömrəli “ölüm haqqında” şəhadətnamədən görünür ki, X9 xx.xx.2021ci ildə Bakı şəhərində Qaradağ rayonunda baş beynin diffuz travması nəticəsində həlak olmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin xx.xx.2021-ci il tarixli 2672 nömrəli arayışdan görünür ki, X9 həqiqətən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində dinləyici qismində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X8-1 təlim mərkəzində döyüş atışlı çalışmasının yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması (ölüm xidməti vəzifələrin icrası zamanı olmuşdur) səbəbindən həlak olmuşdur. - Bakı Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1-1(093)-79/2022 nömrəli hökmündən görünür ki, X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 342.1- 1 və 350.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 342.1-1-ci maddəsi ilə aylıq pul təminatından 10 % (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası, CM-nin 62-ci maddəsi tətbiq edilməklə, həmin Məcəllənin 350.2-ci maddəsi ilə aylıq pul təminatından 10 % (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 5 (beş) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə X4 qəti olaraq aylıq pul təminatından 10 % (on faiz) məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edilmişdir. Hökmün icrası təqsirləndirilən şəxs X3 xidmət etdiyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin komandanlığına həvalə edilmişdir. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının 1.2.6-cı bəndinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslərdir. - Bakı Hərbi Məhkəməsinin 11 may 2022-ci il tarixli 1-1(093)-79/2022 saylı hökmündən görünür ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin müvafiq dərs cədvəlinə uyğun olaraq 09 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Ümumqoşun təlim mərkəzinin "snayper" atış şəhərciyində atış çalışması yerinə yetirərkən məşğələ rəhbəri tərəfindən silahla davranış qaydalarını pozulması nəticəsində "SPQ-9” markalı tank əleyhinə dəzgahlı qumbaraatan silahından atəş açılması ilə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət alan mərhum leytenant X9 həlak olmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”: 1.1. Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər.

26. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir.

28. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli Qanunu: 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.

29. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Döyüş təminatı növlərinə aiddir: kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji) təminatı.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

30. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

31. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

32. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

33. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

34. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

35. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, mərhum X9 xx.xx.1999-cu ildə doğulmuş, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində dinləyici qismində həqiqi hərbi xidmətdə olarkən xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X8-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirən zaman SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması (ölüm xidməti vəzifələrin icrası zamanı olmuşdur) səbəbindən həlak olmuşdur.

36. Qeyd olunan baş verən hadisə ilə bağlı kollegiya qeyd edir ki, mərhum İlqar Babayevin hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada “Şəhid” statusunun verilməsi üçün yetərli deyil. Bunun üçün onun vəfatının həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir.

37. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, mərhum İlqar Babayev xx.xx.2021-ci il tarixdə vəfat edərkən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını (kəşfiyyat, mühafizə, radioelektron mübarizə, taktiki maskalanma, mühəndis təminatı, radiasiya, kimyəvi və bioloji qoruma, topogeodeziya və naviqasiya təminatı, hidrometereoloji (metereloji)) və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Belə ki, iş materiallarında olan Bakı Hərbi Məhkəməsinin 11 may 2022-ci il tarixli 1-1(093)-79/2022 saylı hökmü ilə müəyyən edilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən Ümumqoşun təlim mərkəzinin "snayper" atış şəhərciyində atış çalışması yerinə yetirərkən məşğələ rəhbəri tərəfindən silahla davranış qaydalarını pozulması nəticəsində "SPQ-9” markalı tank əleyhinə dəzgahlı qumbaraatan silahından atəş açılması ilə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət alan mərhum leytenant X9 həlak olmuş, həmin hökmə əsasən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM-nin) 342.1-1 və 350.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib barəsində ittihamedici hökm çıxarılmışdır.

38. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qeyd olunan fakt mərhumun hərbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi kimi qiymətləndirilsə də, onun vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmir. Odur ki, cavabdeh orqan haqlı olaraq iddiaçıların müraciətini təmin etməmişdir.

39. Məhkəmə kollegiyası hazırkı qərarda istinad edilən normaların məzmununu nəzərə alaraq hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

40. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqan hazırkı inzibati iş üzrə qanunauyğun olaraq lazımi qaydada araşdırma aparmış və belə qənaətə gəlmişdir ki, X7 şəhidlik statusunun verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı işdə mövcud deyildir. Ona görə də kollegiya hesab edir ki, X7 şəhidlik statusunun verilməsindən imtina barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərəkəti qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

41. Birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “X9 xidməti vəzifələrin icrası zamanı xx.xx.2021-ci il tarixdə Azərbaycan Ordusunun Təlim və X8-1 təlim mərkəzində döyüş atışlı çalışmasını yerinə yetirərkən SPQ-9 silahının içində mərmi partlaması nəticəsində baş beyin diffuz travması ilə həlak olduğundan ona şəhidlik statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

42. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2-1(116)-1066/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar