Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-375/2024 25.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli 2-1(116)-79/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona əlillik dərəcəsinin təyin edilməsi üçün inzibati aktın qəbul edilməsi bağlı müvafiq öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir müxtəlif xəstəliklərdən əziyyət çəkir və bu səbəbdən ona qanunla əlillik dərəcəsi təyin edilməli və dövlət tərəfindən aylıq pensiya ödənilməlidir. İddiaçı bununla bağlı Qanunla tələb olunan bütün sənədləri Şəki Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinə təqdim etmişdir. Şəki Rayon Mərkəzi Xəstəxanası RHŞ tərəfindən cavabdehə iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün bütün sənədlə göndərilsə də, oradan Forma 88 saylı arayışın Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən natamam doldurulduğu bildirilmiş, məhz bu səbəbdən ona əlillik dərəcəsinin təyin edilmədiyi qeyd olunmuşdur.
3. Cavabdehin iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0344003AAJKX saylı göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xro...; Diaqnozun mətni: Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ACXOX - orta ağır gedişli. Dəqiqləşdirilməmiş emfizema, Ağ ciyərlərin bulloz distrofiyası. Tənəffüs çatmamazlığı İİ dərəcə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Kliniki müayinələr xəstəliyin ağırlaşmasını - TÇ-2- təsdiq etmir. Göndərişdə qeyd olunan stasionar müalicələr Nazirliyin məlumatlarında göstərilmir” səbəbi ilə imtina verilmişdir.
4. Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0344003AAJ05 saylı göndərişi əsasında baxılmış və “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xro...; Diaqnozun mətni: Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli. Tənəffüs çatmamazlığı İİ dərəcə. Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu. Sağ tərəfli pnevmatorakdan sonrakı hal.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri dəqiq və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir.
5. Məlumat üçün bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasının 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.
6. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
7. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-11944/2021 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
8. Şəki İnzibati Məhkəməsində işə baxılarkən iddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək ona “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
9. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 03 may 2023-cü il tarixli 2- 1(116)-79/2023 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı əldə edilmiş, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin T 597/2022 nömrəli ekspert rəyində göstərilmişdir ki, 1960-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun olaraq komissiya aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı “X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.8 Ağciyərin digər dəqiqləşdirilmiş xro...; Diaqnozun mətni: Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli. Tənəffüs çatmamazlığı İİ dərəcə, qarışıq tipli kəskin ventilyasiya pozğunluğu, sağ tərəfli pnevmotoraksdan sonrakı hal” diaqnozu onun stasionarlarda müayinə və müalicələri zamanı anamnestik, klinik, laborator-instrumental müayinələrin əsasında müəyyən edilmişdir. İddiaçı düçar olduğu yuxarıda qeyd edilən xəstəliklərin tam sağalma ehtimalı yoxdur, zərurət yarandığı təqdirdə bu müayinə və müalicəyə cəlb edilə bilər.
11. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdehə sorğu ünvanlanaraq aşağıda qeyd olunan sualların cavablandırılması xahiş olunmuşdur: Ekspert rəyinə əsasən komissiya tərəfindən gəlinmiş nəticədə göstərilən diaqnoz əlillik təyin edilməsi üçün əsas verirmi? Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı diaqnoza uyğundur? Həmin diaqnoz “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəricisi və müddətinə uyğundur?
12. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-4/2-5966/2023 nömrəli məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında adsızlaşdırılmış sənədlər üzərindən elektron qiymətləndirilir. Məlumat üçün bildirilir ki, İddiaçı əlillik vəziyyəti sonuncu dəfə “ümumi xəstəlik" səbəbi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının 0344003AAJ05 nömrəli göndərişi əsasında xx.xx.2021-ci ildə elektron qiymətləndirilmiş və göndərişin natamam doldurulması (Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan xüsusiyyətləri dəqiq və ətraflı qeyd edilsin) səbəbindən dövlət tibb müəssisəsinə geri göndərilmişdir. Sonrakı dövrdə vətəndaşa dair Şəki Rayon Mərkəzi Xəstəxanası tərəfindən yeni göndəriş (Forma-088) daxil olmamışdır. Məktubda qeyd olunan sualların cavablandırılmasını müvafiq ardıcıllıqla nəzərinə çatdırılır: - Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X3" PHŞ-nin T597/2022 nömrəli ekspert rəyində (bundan sonra - eksport rəyi) göstərilən "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli. Tənəffüs çatışmazlığı 2-ci dərəcə. Qarışıq tip kəskin ventilyasiya pozuntusu. Sağtərəfli pnevmotoraksdan sonrakı hal" diaqnozu göndərişdə qeyd edilən tibbi məlumatlarla (anamnestik məlumatlar, ixtisas həkimlərinin rəyi, klinik, instrumental, laborator müayinələr, müalicə və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator mexanizmlərinin vəziyyəti, klinik proqnoz və s.) təsdiqini tapdığı halda əlillik təyinatına əsas verə bilər. - Ekspert rəyində göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.4. bəndinə (ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri) uyğundur. - Ekspert rəyində göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1. bəndinə (ağciyər xəstəliklərinin tibbi-sosial ekspertizası tənəffüs çatışmazlığının ağırlıq dərəcəsi, patoloji prosesin yayılınası və aktivliyi, kəskinləşmələrin mövcudluğu və tezliyi, təngnəfəslik simptomlarının güclənməsinə əsaslanır) uyğundur.
13. Göründüyü kimi, iddiaçıya qoyulmuş diaqnoz iddiaçının müraciət etdiyi tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.4. bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün əsas hesab olunur. Həmçinin iddiaçıya qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1. bəndində göstərilən xəstəliklərin əhatə dairəsinə daxildir ki, bu da iddiaçıya əlilliyin təyini üçün həmçinin əsas hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
14. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli 2-1(116)-79/2023 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh apellyasiya şikayətini etiraz məktubu ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması, Səbəb: Kliniki müayinələr xəstəliyin ağırlaşmasını - TÇ-2- təsdiq etmir, Göndərişdə qeyd olunan stasionar müalicələr Nazirliyin məlumatlarında göstərilmir" səbəbi ilə imtina verilmişdir. Bundan başqa, Tibbi-sosial ekspertiza zamanı anadangəlmə xəstəlik və ya çatışmazlıq, yaxud sonradan Qazanılmış xəstəlik və ya zədə, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıq (bundan sonra - xəstəlik, zədə və çatışmazlıqlar) səbəbindən orqanizmin tənəffüs funksiyasının pozulmasının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən xəstəliklər, zədə və ya çatışmazlıqlar səbəbindən əmələ gəlmiş tənəffüs çatışmazlığının ağırlıq dərəcəsinin müəyyən edilməsinə əsaslanır. Eyni zamanda, patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin mövcudluğu və tezliyi, onların fonunda paroksizmlərin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti və fəsadlaşmaların mövcudluğu halının iddiaçıda olub-olmamasının müəyyən olunması üçün əyani müayinə qərardadı qəbul edilməmişdir. Eyni zamanda, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə, doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir. Maddi hüquq normalarının tələbləri baxımından Şəki İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “ İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Ona görə də, Şəki İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli 2-1(116)-79/2023 nömrəli qərarı ləğv edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir
Tərəflərin izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli 2-1(116)-79/2023 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
22. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-).
1. 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
24. 2022-ci il iyulun 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin:- - 1.1-ci bəndinə əsasən əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. - 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. - 1.3 Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. - 1.5-ci bəndinə əsasən Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 2.1-ci bəndinə əsasən birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əməkfəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin bənddə birinci dərəcə əlilliyin təyin edilməsi üçün 16 hal sadalanmışdır. - 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. - 2.3-cü bəndinə əsasən isə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Qeyd olunan bənddə üçüncü dərəcə əlilliyin təyin edilməsi üçün 9 hal sadalanmışdır.
Apellyasiya şikayətinin mümkünlüyü
25. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
27. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
28. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
30. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, göndərişin natamam doldurulması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilməlidir.
31. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir.
32. Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədi ilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir.
33. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərindən ikincisi ondan ibarətdir ki, patoloji prosesin digər amilləri də nəzərə alınmalı, gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin mövcudluğu və tezliyi, onların fonunda paroksizmlərin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti və fəsadlaşmaların mövcudluğu halının iddiaçıda olub-olmamasının müəyyən olunması üçün əyani müayinə qərardadı qəbul edilməmişdir.
34. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinin tələbləri nəzərə alınmadan, müalicə müddəti ilə bağlı şərtin ödənib-ödənilməməsi yoxlanılmadan diaqnozun əlilliyə əsas verib-verməməsi istiqamətində araşdırma aparılmamalıdır, qanunvericiliyin tələbindən də görünür ki, şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə əyani müayinə olunması barədə qərardad qəbul edilir. Halbuki, həmin Qaydanın 1.5.1-ci bəndində təsbit edilən müalicə müddəti ilə bağlı şərt aşkar mövcud olmadığı hallarda, diaqnozun dəqiqləşdirilməsi ilə bağlı araşdırma zərurəti aradan qalxır.
35. Belə ki, hazırki işdən görünür ki, Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X3" PHŞ-nin T597/2022 nömrəli ekspert rəyində (bundan sonra - eksport rəyi) göstərilən "Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli. Tənəffüs çatışmazlığı 2-ci dərəcə. Qarışıq tip kəskin ventilyasiya pozuntusu. Sağtərəfli pnevmotoraksdan sonrakı hal" diaqnozu göndərişdə qeyd edilən tibbi məlumatlarla (anamnestik məlumatlar, ixtisas həkimlərinin rəyi, klinik, instrumental, laborator müayinələr, müalicə və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator mexanizmlərinin vəziyyəti, klinik proqnoz və s.) təsdiqini tapdığı halda əlillik təyinatına əsas verə bilər. Ekspert rəyində göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.4. bəndinə (ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri) uyğundur. Ekspert rəyində göstərilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.1. bəndinə (ağciyər xəstəliklərinin tibbi-sosial ekspertizası tənəffüs çatışmazlığının ağırlıq dərəcəsi, patoloji prosesin yayılınası və aktivliyi, kəskinləşmələrin mövcudluğu və tezliyi, təngnəfəslik simptomlarının güclənməsinə əsaslanır) uyğundur.
36. Cavabdehin apellyasiya şikayətinin sonuncu dəlili ondan ibarətdir ki, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
37. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinin də birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.
38. "İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3).
39. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış, bununla da qanunla ona verilmiş diskresion səlahiyyətlərdən onun məqsədinə uyğun istifadə etməmiş, həmin səlahiyyətlərin həyata keçirilməsi zamanı iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərar qəbul etmişdir.
40. Göründüyü kimi, İddiaçı xəstə olması iş materialları ilə öz təsdiqini tapdığından və ona qoyulmuş həmin diaqnozlar əlillik dərəcəsinin təyin edilməsi üçün meyarlara uyğun olduğundan cavabdeh inzibati orqan tərəfindən əlilliyin təyin olunmasından imtina edilməsi onun qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla onun vəziyyətinə mütənasib olmamışdır.
41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edildiyi hazırda mübahisələndirilən qərarından verdiyi apellyasiya şikayətinin ümumilikdə dəlilləri, həmçinin imtinası əsassızdır. Buna görə də iddiaçı, hazırkı tələblə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə onun iddiasını təmin etməkdə haqlı olmuşdur.
42. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
43. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 may 2023-cü il tarixli 2-1(116)-79/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.