Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-375/2025 03.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(116)-971/2025 nömrəli qərarından iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. işin halları:
1. İddiaçı, xx.xx.1962-ci ildə doğulmuş, xx.xx.1986 - xx.xx.1989-cu illərdə Azərbaycan İstilik Elektrik X2 Sexində “xadimə-fəhlə”, xx.xx.1989 – xx.xx.2005-ci illərdə 1 nömrəli Turbin sexində “istehsalat sahəsinin xadiməsi”, xx.xx.2005 – xx.xx.2022-ci illərdə “istehsalat sahəsini və xidməti otaqları yığışdıran” vəzifələrində işləmişdir. xx.xx.2022-ci ildən hal-hazıradək “istehsalat sahəsini və xidməti otaqları yığışdıran” vəzifəsində əmək funksiyasını davam etdirir.
2. İddiaçı, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli məktubla tələbin təmin olunmasından imtina edilmişdir.
3. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı yoxdur və iş yerindən təqdim edilmiş arayışda onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olduğu öz əksini tapmamışdır.
birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:
4. İddiaçı, cavabdeh orqana qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “hüququnun yarandığı gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş emişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixli iclas protokolun qərardadı ilə ərizə qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. xx.xx.2017-ci il tarixində 55 yaşı olmuşdur. İddiaçı xx.xx.1986-cı il tarixində Azərbaycan İstilik Elektrik X2 Sexində xadimə-fəhlə işinə qəbul olunmuşdur. xx.xx.1989-cu ildən 1 nömrəli Turbin sexinə istehsalat sahəsinin xadiməsi vəzifəsinə keçirilmişdir. xx.xx.2005-ci ildən istehsalat sahəsi və xidmət otaqları yığışdıran vəzifəsinə keçirilmişdir. Hazırda da həmin müəssisədə çalışır. İşlədiyi sahə zərərli sahə olmaqla 8 saatlıq iş günü ərzində 3-4-cü sinif təhlükəli, səs-küy, titrəmə, lokal, ümumi əməyin ağırlığı, yenəsəkliyi, əsəb, intelektual gərginlik, hava cərəyanının surəti normadan yuxarı olduğu üçün aylıq əmək haqqının xx.xx.2022-ci il tarixədək 35 il 07 ay 13 gün, xx.xx.2017-ci il tarixə 30 ildən artıq müddət təşkil edir. İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüquq əldə etdiyindən cavabdeh orqana güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2024-cü il tarixli məktubla pensiyanın təyin edilməsindən imtina etmişdir.
7. Cavabdeh müraciəti ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlillərə istinadla iddianın rədd edilməsini xahiş etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 07-66 nömrəli iddiaçıya dair arayışda onun çalışdığı vəzifənin müvafiq siyahı ilə hansı sahəyə və koda aid olması qeyd edilməmiş, arayış ümumi xarakterli olmaqla iddiaçının güzəştli iş stajını müəyyən etməyə imkan verməmişdir. Beləlilə, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur. Qeyd olunanlardan da aydın olduğu kimi iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bu səbəbdən də, cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtinası qanunauyğun olmuşdur.
8. Şəki İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(116)-971/2025 nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.1962-ci il doğumludur. Həmçinin, o, tələb olunan 25 ildən artıq ümumi iş stajına malikdir. Cavabdeh tərəfindən bu hal mübahisələndilməmişdir. Cavabdehin imtina əsası iddiaçının təqdim etdiyi “Güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışda onun çalışdığı vəzifənin müvafiq siyahı ilə hansı sahəyə və koda aid olması qeyd edilməməsi ilə bağlıdır. Məhkəmə həmin dəlilə münasibətdə aşağıdakıları qeyd edir: - İddiaçıya məxsus əmək kitabçasından görünür ki,o, xx.xx.1986-ci il tarixdən bu günədək Azərbaycan İstilik Elektrik Stansiyasının xadimə-fəhlə vəzifəsində işləyir. Bu vəzifə əmək kitavbasında və müxtəlif sənədlərdə “istehsalat sahəsini və otaqları yığışdıran” kimi də qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının çalışdığı vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” na daxil olduğu müəyyən edilir. Belə ki, həmin Siyahının 7.33, 18.8 və 31.1-ci yarımbəndlərində istehsalat binalarını yığışdıranlar vəzifəsi göstərilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının yerinə yetirdiyi işin xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın yuxarıda qeyd olunan bəndlərinə uyğun olduğundan və eynilik təşkil etdiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, iddiaçının 10 ildən artıq xüsusi iş stajına, 25 ildən artıq ümumi iş stajına malik olması, həmçinin, tələb olunan yaş həddinə çatması müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci ildən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixindən güzəştli şərtlərlə pensiya yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etdiyindən həmin dövr üçün pensiya kapitalı tələbi yoxdur.
10. Cavabdeh orqanın nümayəndəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) apellyasiya şikayətinin dəlilləri
11. apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Lakin, Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 07-66 nömrəli iddiaçıya dair arayışında onun çalışdığı vəzifənin müvafiq siyahı ilə hansı sahəyə və koda aid olması qeyd edilməmiş, arayış ümumi xarakterli olmaqla iddiaçının güzəştli iş stajını müəyyən etməyə imkan verməmişdir. Beləliklə İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur. İşin xüsusatlarından da aşkardır ki, iddiaçının güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün subyektiv hüququ yaranmır. Mübahisəli dövrlərin iddiaçının əmək kitabçasında qeyd edilməsi heç də onun güzəştli pensiya hüququ verən peşədə çalışması anlamına gəlmir. Məhkəmə qərarında Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 7.33, 18.8 və 31.1-ci yarımbəndlərində istehsalat binalarını yığışdıranlar vəzifəsinin olmasına istinad etmişdir. Sözügedən siyahının 7.33-ci bəndi Əlvan metal ovuntusunun istehsalı; 18.8-ci bəndi siyahının 18-ci bölməsində adları çəkilən istehsalatlar (Yəni Dərmanların və bioloji preparatların və materialların istehsalı sahəsi); 31.1-ci bəndi Heyvan cəsədlərinin ixtisaslaşdırılmış baytarlıq-sanitariya utilizasiya zavodunda (sexlərində) toplanması, emalı və istifadə edilməsi sahələrinə aiddir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi iddiaçının Azərbaycan İstilik Elektrik Stansiyasında çalışdığı xadimə-fəhlə vəzifəsi məhkəmənin müvafiq siyahıda uyğunlaşdırılan sahələrə heç bir aidiyyəti yoxdur. Məhkəmə yalnış olaraq iddiaçının çalışdığı “xadimə-xidməti otaqları yığışdıran” vəzifəsini tamamilə fərqli iş sahəsindəki vəzifələrlə uyğunlaşdırmışdır. Faktiki olaraq iddiaçının əmək kitabçasında qeyd edilən vəzifə Nazirlər Kabinetinin müvafiq siyahısında əks olunmadığından iddiaçıya güzəştli pensiya almaq hüququ verə bilməz. Formalaşmış məhkəmə təcrübəsindən də göründüyü kimi şəxsin güzəştli peşədə işləməsi müəssisə tərəfindən verilən güzəştli arayış və vəzifə təlimatları ilə müəyyən olunur. Hazırki işin hallarından da göründüyü kimi iddiaçının tədqim etdiyi arayış ümumi xarakterli olmaqla yalnız onun umumi iş stajını müəyyən etməyə imkan verir. Qeyd edilənlərdən də göründüyü kimi Şəki İnzibati Məhkəməsi İddiaçı güzəştli iş stajı barəsində doğru olmayan qənaətə gələrək, bərabərlik prinsipini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
tərəflərin izahatları
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdehin nümayəndəsi Şəki İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(116)-661/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi (vəkili) məhkəmənin elektron kabinetinə ərizə il müraciət edərək iddiaçının yas mərasimi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini bildirmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ...
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: M a d d ə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydası: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən.
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.
apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.
21. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Cavabdeh orqan onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
24. İPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
25. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi yönəlmişdir. İddiaçı, xx.xx.1962-ci ildə doğulmuşdur.
26. Hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün iddiaçının qanunla müəyyən edilmiş yaş həddinə çatması, eləcə də qanunla müəyyən edilmiş müddətdə ümumi və güzəştli iş stajına malik olub-olmamasına dair şərtlər birlikdə yoxlanılmaqla hüquqi qiymətləndirilmə aparılmalıdır.
27. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanuvericiliklə müəyyən edilmiş yaş həddinə çatması və ümumi iş stajına dair tələbi ödəməsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməməklə, bu şərtlərin ödənilməsi iş materiallarında olan sənədlərə əsasən də öz təsdiqini tapır.
28. Mübahisə üzrə araşdırılmalı olan hal iddiaçının tələb olunan güzəştli iş stajını toplaması, yəni güzəştli pensiya hüququ verən peşə və vəzifələrdə (Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq Siyahı üzrə) azı 10 il iş stajına malik olmasının müəyyən edilməsindən ibarətdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.20-ci bəndinə əsasən iddiaçı güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair iş yerinin arayışını təqdim etməlidir. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericililiklə təsbit olunmuş istinad edilən tələbə uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində çalışmasına dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
30. Bu arayışın tələb olunmasında məqsəd, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş zərərli istehsalat sahələri ilə və ya peşələrlə uyğunluğunu dəqiqləşdirməkdir. Nəzərə almaq lazımdır ki, həmin arayışda məzmun baxımından sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasının qeyd edilməsi yetərli sayıla bilməz. Arayışda həmçinin, işçinin gördüyü işin siyahılara uyğunluğunu məhkəmə tərəfindən qiymətləndirməyə və bununla bağlı müəyyən nəticəyə gəlməyə imkan verən verən zəruri istehsalat-texnoloji məlumatlar, eyniləşdirmə üçün zəruri olan meyarlar əks etdirilməli və əsaslandırılmalıdır.
31. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmununu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyini mötəbər qaydada müəyyən etməlidir.
32. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
33. Həmçinin qeyd olunmalıdır ki, istinad olunan arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verən məzmunda olmalıdır.
34. Cavabdeh orqanın apellyasiya şikayətinin başlıca dəlilləri iddiaçının işlədiyi vəzifə və iş sahəsinin Nazirlər Kabinetinin 12 nömrəli Qərarında nəzərdə tutulan güzəştli siyahı ilə uyğun olmaması, "xxxx" ASC-nin təqdim etdiyi arayışda zərərli sahəyə uyğunluğu hesab edilən vəzifənin kodu və sahəsinin göstərilməməsi, eləcə də iddiaçının güzəştli iş stajının təsdiqlənməməsi ilə bağlıdır. Cavabdeh orqan bildirir ki, əmək kitabçasında göstərilən məlumat iddiaçının güzəştli peşədə çalışdığını sübut etmir. Məhkəmə isə xadimə-fəhlə vəzifəsini aidiyyəti olmayan sahələrlə eyniləşdirməkdə səhvə yol vermişdir.
35. İş materiallarından görünür ki, iddiaçı əmək fəaliyyəti ərzində Azərbaycan İstilik Elektrik Stansiyasının Qazan-Turbin Sexində “xadimə-fəhlə”, “istehsalat sahəsinin xadiməsi” və “istehsalat sahəsini və xidməti otaqları yığışdıran” vəzifələrini yerinə yetirmişdir.
36. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən iddiaçının işlədiyi vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 7.33, 18.8 və 31.1-ci yarımbəndlərinə uyğunlaşdırmaqla zərərli sahə kimi qiymətləndirmişdir. Halbuki, 7.33-cü bənd – əlvan metal ovuntusu istehsalında, 18.8-ci bənd – dərmanların, tibbi və bioloji preparatların və materialların istehsalında, 31.1-ci yarımbənd – kənd təsərrüfatında aqrokimya xidməti, heyvan cəsədlərinin toplanması, emalı və istifadə edilməsində “istehsalat binalarını yığışdıranlar” vəzifəsini zərərli sahə kimi təsbit etmişdir. Sadalanan sahələrin isə iddiaçının işlədiyi istehsalat sahəsinə hər hansı aidiyyəti yoxdur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda hər bir istehsalat sahəsinə aid zərərli sahələr konkret olaraq müəyyən edilmişdir. İddiaçının işlədiyi Azərbaycan İstilik Elektrik Stansiyası müvafiq Siyahının 24-cü bəndində (Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı) nəzərdə tutulmuşdur. Odur ki, iddiaçının işlədiyi sahənin zərərli olub-olmaması müəsissənin fəaliyyət istiqaməti, istehsalın xarakteri, faktiki yerinə yetirilən işin xüsusiyyətləri və həmin vəzifənin əmək funksiyasının təsnifatda zərərli sahəyə aid edilib-edilməməsi əsasında müəyyən edilməlidir.
38. “Siyahı”nın 24-cü bəndinin yarımbəndlərində göstərilən vəzifələrdən təmizləmə və yığışdırılma funksiyasını özündə ehtiva edən vəzifələr - “tutumlarda təmizləmə və örtmə işləri ilə məşğul olanlar”, “qazan təmizləyiciləri”, “avadanlığın isti tozdan təmizlənməsi və onun yığılması, buraxılması, yüklənməsi və nəql olunmasında istifadə olunan toztutan qurğuların fəhlələri” olaraq qeyd edilmişdir.
39. İddiaçının işlədiyi müəssisə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktublarda qeyd edilmişdir ki, iddiaçı, işlədiyi müddət ərzində xx.xx.1986–xx.xx.2022-ci illərdə və xx.xx.2022-ci il tarixdən hal-hazıradək 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın Qazan-Turbin sexlərinin təmizlik işləri ilə məşğul olmuşdur. O, zərərli sahədə 8 saatlıq iş günü ərzində səs-küy, nəmlik, havanın hərəkət sürəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması, əməyin ağırlığı, yeknəsəkliyi (monotonluğu), əsəb, emosional və intellektual gərginlik faktorları ilə üzləşmişdir. İşlədiyi müddət ərzində müxtəlif vaxtlarda işlədiyi iş şəraitindən asılı olaraq aylıq məvacibinin 8% və 12% miqdarında əlavə əməkhaqqı və əlavə məzuniyyət günləri almasına baxmayaraq, onun işlədiyi “istehsalat sahəsini və xidməti otaqları yığışdıran” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının 2 nömrəli Siyahısının 13-cü bölməsinin “a” bəndində və 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü – “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” bölməsinin “a” bəndində nəzərə alınmamışdır.
40. Həmçinin təmizləmə və yığışdırılma funksiyasını özündə ehtiva edən vəzifələrlə iddiaçının işlədiyi vəzifələr müqayisə edilərkən qeyd edilmişdir ki, “tutumlarda təmizləmə və örtmə işləri ilə məşğul olanlar”, “avadanlığın isti tozdan təmizlənməsi və onun yığılması, buraxılması, yüklənməsi və nəql olunmasında istifadə olunan toztutan qurğuların fəhlələri” vəzifələri "xxxx" MMC-də mövcud deyildir.
41. “Qazan təmizləyicilər” vəzifəsi isə qazan qurğularında yanma nəticəsində boru səthinə çökmüş yanmanın son məhsullarını mexaniki üsulla təmizləməsidir və sair. İddiaçının işlədiyi istehsalat sahəsini yığışdıran (xadimə) vəzifəsinin yerinə yetirdiyi əmək funksiyası yuxarıda sadalanan digər vəzifələrdən heç biri ilə uyğun deyildir və “Qazan təmizləyici” vəzifəsi isə qazan qurğularının içərisinə girməklə aparılır.
42. İddiaçı işini ayaqyolu, blok №7 və 8-də, turbinin EİBN, TİBN daxil olmaqla bütün ərazi və meydançalarda, turbin şöbəsində giriş pilləkənlərində, onların meydançalarında, qazan aqreqatının ön tərəfində və sexin həyətindəki ərazidə hər gün təmizləmə işləri ilə yerinə yetirir. “Qazan təmizləyici” vəzifəsindən fərqi isə ondadır ki, iddiaçı vəzifəsini sexin döşəməsində və pilləkənin üzərində yerinə yetirdiyi halda, “Qazan təmizləyici” vəzifəsini qazan qurğusunda yanmış yanacağın boru səthinə çökmüş son məhsullarını mexaniki üsulla təmizləmək üçün qazan qurğusunun içərisinə girməklə icra edir.
43. Göründüyü kimi, müəssisənin fəaliyyət istiqaməti nəzərə alınmaqla iddiaçının işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 24-cü bəndində nəzərdə tutulmamışdır. Həmçinin, müvafiq siyahıdakı vəzifələrin əmək funksiyası ilə iddiaçının yerinə yetirdiyi əmək funksiyasının xarakteri arasında uyğunluq müəyyən edilmir.
44. Odur ki, "xxxx" ASC-nin "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 07-66 nömrəli arayışı iddiaçının zərərli sahədə iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilməz.
45. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşdirərək hesab edir ki, iddiaçının xüsusi iş stajının olması sübuta yetirilmədiyindən onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilir. Şəki İnzibati Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2-1(116)-971/2025 nömrəli qərarı ləğv edilir. İş üzrə yeni qərar qəbul edilməklə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.