Məhkəmə qərarları › İş №2-1(107)-376/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-376/2024

13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-376/2024 13.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən iddiaçıya məxsus 0,675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-162/2024 nömrəli qərarından iş üzrə üçüncü şəxs X9 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışına əsasən iddiaçıya məxsus 0,675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən 0.675 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. Mülkiyyətində olan torpaq sahəsinə plan ölçü sənədinin işlənməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən təmin olunmur. Əsassız səbəblər gətirməklə bu vəzifələrinin icrasından yayınırlar. Bu hal isə mülkiyyətində olan 0.675 ha torpaq sahəsinə olan mülkiyyət hüququndan 3 ildir ki, iddiaçını məhrum edir. İddiaçı Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçının bu məktubuna da cavabdeh tərəfindən imtina verilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir.

3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-1635/2023 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, iddiaçının müraciəti əsasında torpaq sahəsinə baxış keçirərkən torpaq sahəsi üzərində kəskin mübahisə olduğu məlum olmuşdur. Torpaq sahəsində çöl-ölçmə işləri aparmağa imkan verilmədi və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsi üçün müvafiq cihazlarla koordinantların müəyyənləşdirilməsi üçün əməkdaşlarımıza imkan verilmədi. Qeyd olunan səbəbə görə də müraciətin icrası tərəfimizdən mümkün olmamışdır.

5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2021-ci il tarixli **********37 nömrəli imtina məktubundan görünür ki, iddiaçının tələbinin icrasından imtina edilmişdir. - Qəbələ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)-181/2018-ci nömrəli qətnaməsi. - Qəbələ rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(025)-217/2020-ci nömrəli qətnaməsi. - Qəbələ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-688/2022-ci nömrəli qətnaməsi. - Şəki Apellyasiyası Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(107)-82/2023 nömrəli qətnaməsi. - RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0.675 ha torpaq sahəsi İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - JN-522G saylı 40600068 kodlu Şəhadətnamənin surətindən görünür ki, 1.20 ha torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6799/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, JN 522G, Kod 40600038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 1,20 ha torpaq sahəsinin kateqoriyası, Qəbələ rayonu Nic qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X3 X5 (TEKUİS) əsasən yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı olmaqla X7 xüsusi mülkiyyətinə ayrılmışdır. Sözügedən torpaq sahəsi X11 istifadəsindədir. Şəhadətnamənin koordinatlarında göstərilən torpaq sahəsi üzərində təkrar mülkiyyət hüququ qeydə alınmamışdır. Faktiki istifadə olunan, mübahisəli torpaq sahəsi JN 522G, Kod 40600038 Şəhadətnaməyə əsasən verilmiş 1,20 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi və yardımçi tikili mövcuddur. İddia olunan torpaq sahəsi üzərində yerləşən tikililər qeydiyyata alınmamışdır.

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 05 mart 2024-cü il tarixli 2- 1(116)-162/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin üzərinə RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il tarixli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən X12 mülkiyyətində olan 0.675 ha torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb (faktiki istifadə vəziyyətinə uyğun olaraq) iddiaçıya verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, mülki məhkəmə icraatı çərçivəsində X12 0.675 ha torpaq sahəsinə dair mülkiyyət hüququ müəyyən edilmişdir. Belə ki, Qəbələ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(025)181/2018-ci nömrəli qətnaməsinə əsasən iddiaçıya vəsiyyət olunmuş torpaq sahəsindən onun payı 0.675 ha hissədə müəyyən edilmişdir. Həmin qətnamə əsasında iddiaçının göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınsa da torpaq sahəsinin yerinin müəyyənləşdirilməsinə imkan verən texniki sənəd tərtib edilməmişdir. Cavabdehin imtina dəlili həmin torpaq sahəsi üzərində mübahisənin olmasından ibarətdir. Lakin, imtina dəlili qanuni və əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, qeyd olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ cavabdeh orqan tərəfindən qeydə alınaraq müvafiq çıxarış verilmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Göstərilənlərə əsasən iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur. Qeyd olunan hüquqi yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar işlə bağlı 2-1(102)-1180/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarında da təsbit olunmuşdur.

8. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-162/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qərarla razı deyil, qərar ailələrinin mübahisələndirilən torpaq sahəsinə əvvəlki məhkəmə qərarları ilə tanınan mülkiyyət hüquqlarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi daha əvvəlki məhkəmə işləri üzrə qərarlarda ailələrinin istifadə etdiyi torpaq sahəsinə iddiaçının müdaxilə etməsi sübut edilmiş, mütəxəssis rəyi ilə iddiaçının hazırda plan-ölçü verilməsini tələb ediyi torpaq sahəsi ilə qanuni istifadələrində olan torpaq sahəsinin üst-üstə düşməsi müəyyən edildiyi halda Şəki İnzibati Məhkəməsi sübutlara düzgün qiymət verməmiş, mübahisələndirdikləri qərarda iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla yetinmiş, öz qərarını əsaslandırmamış və qanunsuz qərar qəbul etmişdir. Onlar iddiaçıya əlində olan mülkiyyət sənədi əsasında plan-ölçü sənədi verilməsinə etiraz etmir, etirazları sadəcə plan-ölçü sənədinin ailələrinin istifadəsində olan torpaqlardan verilməsidir. Qeyd etdiyi kimi daha əvvəl eyni oxşar tələblə də məhkəmə işləri olmuş, iddiaçının iddiası əsaslı hesab edilməmişdir. Belə ki, daha əvvəl Qəbələ rayon məhkəməsinin icraatında olmuş 2(025)-688/2022 saylı işdə mübahisə predmeti olan torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilərkən rəy verilmişdir ki, “X15 məxsus 0.675 ha torpaq sahəsi ilə bağlı onun iddia etdiyi 0,5520 ha torpaq sahəsinin 0,3917 ha hissəsi **********96 nömrəli çıxarış ilə X13 (atam- ailə başçısı) mülkiyyətinə verilmiş 0.48 ha torpaq sahəsi ilə üst-üstə düşür”. Lakin buna baxmayaraq Şəki İnzibati Məhkəməsində işə baxılarkən bu rəy diqqətə alınmamışdır. Bundan başqa hazırki iş üzrə mütəxəssis rəyi alınarkən orada qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi X11 istifadəsindədir, üzərində tikililər vardır. Belə olan halda ailələrinin istifadəsində olan torpaq sahəsinə əlində çıxarış var deyə iddiaçının xeyrinə plan-ölçü sənədi hazırlanması barədə iddiasını təmin etmək qanunsuzluqdur. Şəki İnzibati Məhkəməsinin mübahisələndirdiyi qərarında onun məhkəmədə yalnız iddianın təmin edilməməsi barədə izahat verdiyi göstərilmiş, bunun səbəbləri və hüquqi əsaslarını məhkəmədə deməyinə baxmayaraq qərarda qeyd edilməmişdir. Şəki İnzibati Məhkəməsində daha əvvəl eyni tələblə bağlı işə baxılmış və iddiaçı iddiasından imtina edərək bildirmişdir ki, torpaq sahəsinin yerini dəqiq bilmir deyə iddiasını geri götürür. İndi birdən necə yadına düşür ki, torpaq sahəsi ailələrinin mülkiyyətində olan torpaq sahəsindədir? X10 Məhkəməsinin icraatında işin bu qədər uzun müddət qalmasına baxmayaraq iş materiallarına əlavə edilmiş məhkəmə qərarları, qərardadları və qətnamələri, həmçinin mütəxəssis rəyləri və əlavə edilmiş sənədlər düzgün təhlil edilməmiş, düzgün nəticəyə gəlinməmiş, nəticədə qanunsuz qərar çıxarılmışdır. Cavabdeh orqan haqlı olaraq torpaq sahəsi üzərində mübahisə olduğundan iddiaçının tələbindən imtina etmişdir. X19 Məhkəməsi buna diqqət etməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilərək Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-162/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayəti üzrə qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X18 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdi.

14. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etməmişdir.

15. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək 13 avqust 2024-cü il tarixdə, saat 14.30-da Şirvan Apellyasiya Məhkəməsində cinayət işi üzrə məhkəmə prosesi var. Üzrlü səbəbdən hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcini bildirib onun iştirakı olmadan işə baxılmasını və üçüncü şəxsin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 140. reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının, o cümlədən ipotekanın dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üçün sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10.1-ci maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

22. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; Maddə 13.3. müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

23. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir.

24. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək;

25. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında X3 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;

5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur... 6.6. Daşınmaz əmlakın vahid dövlət kadastrının tərkib hissəsi kimi sistem daşınmaz əmlakın dövlət reyestrinə inteqrasiya olunur və torpaq sahələri üzərində qeydiyyata alınmış hüquqlara dair məlumatların sistemə inteqrasiyası təmin edilir.

26. Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

Apellyasiya şikayətinin mümkünlüyü

27. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

28. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

29. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

30. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

35. Belə ki, apellyasiya şikayətinin başlıca dəlili kimi üçüncü şəxs qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi daha əvvəlki məhkəmə işləri üzrə qərarlarda ailəsinin istifadə etdiyi torpaq sahəsinə iddiaçının müdaxilə etməsi sübut edilmiş, mütəxəssis rəyi ilə iddiaçının hazırda plan-ölçü sənədi verilməsini tələb ediyi torpaq sahəsi ilə qanuni istifadələrində olan torpaq sahəsinin üstüstə düşməsi müəyyən edildiyi halda Şəki İnzibati Məhkəməsi sübutlara düzgün qiymət verməmişdir.

36. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası tərəfindən tərəflərin, o cümlədən mütəxəssisin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilmiş və məlum olmuşdur ki, həyət qapalı məkan daxilindədir və daxilində fərdi yaşayış evi mövcuddur. İddiaçıya məxsus RX seriyalı ******* nömrəli, **********15 reyestr nömrəli çıxarış əsasında verilmiş torpaq sahəsi həmin həyətin cənub hissəsində, JN522G, kod 40600038 nömrəli şəhadətnaməyə əsasən verilmiş 1.20 ha torpaq sahəsinin daxilində yerləşir. Hansı ki, Qəbələ Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 2(025)-181/2018 nömrəli qətnaməsi ilə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən JN522G, kod 40600038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə mərhum X7 və mərhum X8 ümumi birgə mülkiyyətində olmuş və müvafiq olaraq xx.xx.2006-cı il tarixli 2V-141 reyestr nömrəli və xx.xx.2009-cu il tarixli 2V- 57 reyestr nömrəli vəsiyyətnamələrlə İddiaçı vəsiyyət olunmuş 1.20 ha torpaq sahəsindən onun payı 0.675 ha hissədə müəyyən olunmuş, torpaq sahəsinin qalan 0.525 ha hissəsi məcburi pay üçün açıq saxlanılmışdır.

37. Üçüncü şəxsin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, onlar iddiaçıya əlində olan mülkiyyət sənədi əsasında plan-ölçü sənədi verilməsinə etiraz etmir, etirazları sadəcə plan-ölçü sənədinin ailələrinin istifadəsində olan torpaqlardan verilməsidir.

38. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işin müəyyən olunmuş hallarından görünür ki, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən 0.675 ha torpaq sahəsi üzərində X12 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İddiaçıya qüvvədə olan çıxarış əsasında verilmiş torpaq sahəsinə plan ölçü sənədinin hazırlanıb verilməsinə və mülkiyyət hüquqlarının bərpa edilməsinə həmin torpaq sahəsindən başqa şəxslərin istifadə etmələri maneə ola bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli reyestrdən çıxarışa əsasən, ünvan 1ində yerləşən 0.675 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığından, həmçinin aparılmış qeydiyyatın qanuni olmadığı müəyyən edilmədiyindən, həmin torpaq sahəsinə dair çıxarışda qeyd edilmiş torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək iddiaçıya təqdim edilməsi birbaşa cavabdeh inzibati orqanın xidməti vəzifəsinə aiddir.

39. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq cavabdeh orqanın vəzifələrindən biridir.

40. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi”nin 1.3.-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir.

41. Üçüncü şəxsin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Qəbələ rayon məhkəməsinin icraatında olmuş 2(025)-688/2022 saylı işdə mübahisə predmeti olan torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilərkən rəy verilmişdir ki, “X15 məxsus 0.675 ha torpaq sahəsi ilə bağlı onun iddia etdiyi 0,5520 ha torpaq sahəsinin 0,3917 ha hissəsi **********96 nömrəli çıxarış ilə X11 (atam- ailə başçısı) mülkiyyətinə verilmiş 0.48 ha torpaq sahəsi ilə üst-üstə düşür”.

42. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mütəxəssisin iştirakı ilə mübahisə predmeti olan torpaq sahəsinə yerli baxış keçirilən zaman o da məlum olmuşdur ki, Qəbələ rayon məhkəməsinin icraatında olmuş 2(025)-688/2022 saylı işə baxılan zaman iddiaçı Qori Koçiyev, ona çıxarış əsasında məxsus olan 0.675 ha torpaq sahəsinin plan ölçü sənədləri olmadığından topraq sahəsinin sərhədlərinin koordinatlarını dəqiq bilməmiş, həmin torpaq sahəsinin yerini JN522G, kod 40600038 nömrəli şəhadətnaməyə əsasən verilmiş 1.20 ha torpaq sahəsinin sərhədləri daxilində deyil, **********96 nömrəli çıxarış ilə X11 (üçüncü şəxsin atası- ailə başçısı) mülkiyyətinə verilmiş 0.48 ha torpaq sahəsinə bitişik (üst-üstə düşən ərazi kimi) ərazidə göstərmişdir. Bu hallar iş materiallarına əlavə edilmiş mütəxəssis rəyində (iş vər.88) və Qəbələ rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-688/2022 saylı qətnaməsində (iş vər.91) də öz əksini tapmışdır.

43. Göründüyü kimi, iddiaçıya məxsus RX seriyalı ******* nömrəli, **********15 reyestr nömrəli çıxarış əsasında verilmiş torpaq sahəsi JN522G, kod 40600038 nömrəli şəhadətnaməyə əsasən verilmiş 1.20 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşməklə həmin torpaq sahəsinə hər hansı üçüncü şəxsin mülkiyyət hüquqları qeydə alınmamışdır.

44. Məhkəmə kollegiyası üçüncü şəxslərin ziddiyətli mütəxəssis rəyləri olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırda iddiaçıya məxsus torpaq sahəsinə dair verilmiş çıxarış qüvvədədir, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-6799/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, JN 522G, Kod 40600038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən verilmiş 1,20 ha torpaq sahəsinin kateqoriyası, Qəbələ rayonu Nic qəsəbəsi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) və X3 X5 (TEKUİS) əsasən yaşayış məntəqəsi torpaqları, uqodiyası həyətyanı olmaqla X7 xüsusi mülkiyyətinə ayrılmışdır. Sözügedən torpaq sahəsi X11 istifadəsindədir. Şəhadətnamənin koordinatlarında göstərilən torpaq sahəsi üzərində təkrar mülkiyyət hüququ qeydə alınmamışdır. Faktiki istifadə olunan, mübahisəli torpaq sahəsi JN 522G, Kod 40600038 Şəhadətnaməyə əsasən verilmiş 1,20 ha torpaq sahəsi ilə üst-üstə düşür. İddia olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi və yardımçi tikili mövcuddur. İddia olunan torpaq sahəsi üzərində yerləşən tikililər qeydiyyata alınmamışdır.

45. Ona görə də, hazırkı işdə təkrar ekspertiza keçirilməsinə və ya mütəxəssis rəyi alınmasına lüzüm yoxdur. Bundan əlavə, torpaq sahəsi iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla verilib. Nə qədər ki, həmin çıxarış qüvvədədir, üçüncü şəxs iddiaçıya verilmiş torpaq sahəsini də mübahisələndirə bilməz. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz.

46. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.

47. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

48. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus 0,675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iş üzrə ədalətli və obyektiv məhkəmə araşdırması apararaq iddia tələbini haqlı olaraq təmin etmişdir.

49. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının adına torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu halı cavabdeh orqanın məhkəmə qərarı ilə razılaşaraq apellyasiya şikayəti verməməsi də bir daha təsdiq edir. Ona görə də, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

50. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

51. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, "RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən iddiaçıya məxsus 0,675 ha torpaq sahəsinə “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı

Üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 05 mart 2024-cü il tarixli 2-1(116)-162/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar