Məhkəmə qərarları › İş №2-1(107)-376/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-376/2025

16.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şəki şəhəri İş № 2-1(107)-376/2025 16.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Vüqar Ələkbər oğlu (məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Həsənov Tural Həsən oğlundan ibarət tərkibdə, Məmmədli Aqil Bəxtiyar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “Azərbaycan Respublikasıının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: işin halları:

1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2010-cu il tarixli, *** nömrəli Qərarına əsasən iddiaçıya qoyulmuş diaqnozlar: “Sağ çiynin kor güllə yarası. Döş qəfəsinin sivişi", “Sağ bazunun yuxarı 1/3 hissəsində güllə yaralanmasından sonra irinli yara. Asteno-nevrotik reaksiya” “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir.

2. Cavabdeh tərəfindən ##.##.2013-cü il tarixdə “Azərbaycan Respubilkasının müdafiəsi ilə əlaqədar” 1 il müddətinə 2 dərəcə, ##.##.2014-cü il tarixdə “ümumi xəstəlik” səbəbindən 1 il müddətinə 3-cü dərəcə, ##.##.2014-cü il tarixdə “Azərbaycan Respubilkasının müdafiəsi ilə əlaqədar” 1 il müddətinə 2-ci dərəcə, ##.##.2015-ci il tarixdə “ümumi xəstəlik” səbəbindən 1 il müddətinə 3-cü dərəcə, ##.##.2016-cı il tarixdə 5 il müddətinə “Azərbaycan Respubilkasının müdafiəsi ilə əlaqədar” 2-ci dərəcə ikinci dərəcə, ##.##.2021-ci il tarixdə “Azərbaycan Respubilkasının müdafiəsi ilə əlaqədar” müddətsiz, 3-cü dərəcə əlillik təyin edilməsi ilə bağlı qərarlar qəbul edilmişdir.

3. Cavabdeh orqan ##.##.2021-ci il tarixdə “göndərişin natamam doldurulması”, ##.##.2022-ci il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərarlar qəbul etmişdir.

4. Iddiaçıya sonuncu dəfə ##.##.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina verilmiş, sözügedən imtina ##.##.2023-cü il tarixdə sistemə yerləşdirilmişdir.

birinci instansiya məhkəməsində iş üzrə qəbul edilmiş məhkəmə aktı:

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

7. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ## ###### 1974-cü il tarixdə Şəki rayonu Dərəcənnət kəndində anadan olmuşdur. ## ###### 1992-ci il tarixdə Şəki RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, həmin tarixdən 1996-cı ilə kimi müxtəlif cəbhələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. ## ###### 1993-cü ildə Ağdərə rayonunun Çıldıran ərazisi adlanan hissəsini düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə yaralanmış və hərbi qospitala yerləşdirilmişdir. ## ##### 1993-cü ilə kimi Mingəçevir şəhər Mərkəzi xəstəxanasında stasionar müayinə və müalicə olunmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra iddiaçıya aldığı xəsarətlərə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Iddiaçı döyüşlərdə yaralanan zaman ona "Sağ çiyinin kor güllə yarası, Döş qəfəsinin sivişi" və ##.##.1993-cü ıl tarixdən ##.##.1993-cü il tarixədək, Şəki rayon mərkəzi xəstəxanasında müalicə və müayinə olunduğu yaralanma diaqnozu - "sağ bazunun yuxarı 1/3 hissəsində güllə yaralanmasından sonra irinli yara. Asteno-nevrotik reaksia" olmuşdur. Həmin diaqnozlar qoyularkən səbəbinin "hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması" göstərilmişdir. Hal-hazırda səhhətində ciddi problemlər mövcuddur. Özü özünü idarə etməkdə çətinlik çəkir. Özü müharibə vaxtı kantuziya almışdır. Belə bir vəziyyətdə iddiaçının əlilliyinin dayandırılması qanunzaidd olmuşdur. Iddiaçının əlillik səbəbi əsassız və qanunsuz olaraq dayandırılmışdır. Iddiaçı birinci Qarabağ müharibəsində iştirak etmiş və müharibə nəticəsində güllə yaraları almışdır. Iddiaçının əlillik səbəbi sırf birinci Qarabağ müharibəsinin nəticəsi olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya xidməti tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. Lakin ## #### 2022-ci il tarixdə təkrar müayinə zamanı iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Səbəb kimi diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Iddiaçı çoxsaylı şikayətlər etdikdən sonra yenidən ##.##.2023-cü il tarixdə yenidən eyni səbəblə əlilliyin təyin edilməsindən imtina edilmişdir.

8. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır: Iddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Sağ bazunun yuxarı 1/3-nin odlu silah yaralanmasından sonrakı vəziyyət. və Mərkəzə göndərilmənin Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir olmuşdur. Iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Şəki şəhər sakini ##.##.1974-cü il təvəllüdlü İddiaçı (FIN: *******) əlillik vəziyyəti DTSERA-da ##.##.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS 22420216801). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2010-cu il tarixli *** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ çiynin kor güllə yarası. Döş qəfəsinin sivişi. Sağ bazunun yuxarı 1/3 hissəsində güllə yaralanmasından sonra irinli yara. Asteno- nevrotik reaksiya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ bazunun yumşaq toxumaların zədələnməsindən sonrakı dəri çapığı qeyd olunsa da, əlillik təyinatına əsas verən hərəki məhdudiyyət və əzələ atrofiyası, oynaqlarda kontraktura izlənilməmişdir. Yuxarı ətrafların əzələ gücü ~4,0 bal kimi dəyərləndirilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ bazu nahiyəsinin yuxarı 1/3-də çapıq toxuma izlənilmiş, yuxarı ətraflarda əzələ inkişafı paralel, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Təqdim olunmuş hərbi biletdə 1993-cü ildə yaralandığı,1996-cı ilə qədər hərbi xidmətini davam etdiyi haqqında məlumat qeyd olunmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Institutunun ##.##.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sağ bazunun yuxarı 1/3-in odlu silah yaralanmasından sonrakı vəziyyət. Körpücük sümüyünün sternal meninksi xroniki osteomieliti, funksiya edən fistula. Sağ bazu oynağının postravmatik artrozu. Kontrakturası (bükmə 10°, acma 20°, uzağlaşma 70°). Sağ bazunu ön və arxa səthinin çapıq toxuması. Ətraf funksiya pozğunluğu. Ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. MediPlanet Klinikasının ##.##.2023-cü il tarixli EMQ müayinəsinin nəticəsi “M.Deltoideus-da denervasiya əlamətləri olan spontan aktivlik (PKD, FIBB) qeyd olundu. Bu ENMQ-sağ tərəfli radial, axillar nevropatiya ilə xarakterizədir (seqmental demielinizasiya)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

9. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə (hakim Fəxri Hacızadə) iddia tələbi təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti aşağıdakı kimi əsaslandırmışdır: Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə tərəfindən iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması barədə ekspertiza təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin ##.##.2025-ci il tarixli T***/**** nömrəli rəyində deyilir: “1974cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Sağ bazunun yuxarı 1/3-nin odlu silah yaralanmasından sonrakı vəziyyət” diaqnozu şəxsin anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş, şəxsin əyani müayinəsində diaqnozdakı göstərilənlər klinik olaraq öz təsdiqini tapsa da, hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrindən hər hansı birini aid etmək mümkün olmadı. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının barəsində təqdim edilmiş forma 88 göndərişi və onun hazırkı sağlamlıq vəziyyəti yoxlanılmışdır. Nəticədə iddiaçı barəsində qoyulmuş “Sağ bazunun 1/3-nin odlu silah yaralanmasından sonrakı vəziyyəti” diaqnozu təsdiq olunmuşdur. Lakin, həmin diaqnoz qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan əlillik təyinatına əsas verən diaqnoz kimi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, ilkin əlillik təyinatı zamanı şəxsdə mövcud olan xəstəliklər hazırda mövcud olsa da, həmin xəstəliklərin uzunmüddətli reabilitasiyasının mümkünlüyü nəzərə alınaraq ona yenidən əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız olmamışdır. Nəzərə alınmalıdır ki, məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nəzərdə tutulmuş diaqnozun hər hansı birinə uyğunluğu sübuta yetirildiyi halda iddiaçıya əlilliyin təyin edilməsi mümkün ola bilərdi.

11. Iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) apellyasiya şikayətinin dəlilləri

12. Iddiaçı apellyasiya şikayətində maddi hüquq normalarını sadalamış və ilkin iddia ərizəsinin dəlillərini təkrarlamışdır. Əlavə olaraq qeyd etmişdir ki, cavabdeh orqanın təqdim etdiyi iddia ərizəsinə etirazda göstərilənlər xüsusatların heç biri həqiqətə uyöun deyildir. Eyni zamanda birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, ekspert rəyində olan ziddiyətlərin aradan qaldırılması üçün təkrar komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə iddiaçının vəsatətini təmin etməmişdir. Bununla da, iddiaçının iddiası qanunsuz və əsassız olaraq təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

tərəflərin izahatları

14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçı, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

tətbiq edilən hüquq

15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları; 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər.[6] 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X1 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X1 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. HYPERLINK "https://eqanun.az/framework/44232" \l "_edn7" \o "" [7] 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEKlərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 2.1. Insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

18. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 28. Inzibati icraatın başlanılması üçün əsaslar 28.1. Inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 64.1. Inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Inzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. Inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

19. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12. Işin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. ... Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ... 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər:[82] ... 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri.

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Iddiaçı onun üçün əlverişsiz olan məhkəmə aktından bütövlükdə şikayət verdiyindən verilmiş apellyasiya şikayəti üzrə hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyinə və əsaslılığına qiymət veriləcəkdir.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

23. IPM-in 12.1, 12.2, 58.7, 82-ci maddələrində təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

24. Işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının hüquqi marağı ona Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyinin müəyyən edilməsinə yönəlmişdir. Cavabdeh orqan sonuncu dəfə ##.##.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina cavabı vermişdir.

25. Iddiaçı barəsində tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsi M86.4 və M19.0 XBT kodlarına istinad etmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında səhiyyə müəssisəsi bildirmişdir ki, M19.0 XBT kodu üzrə iddiaçının sağlamlıq vəziyyəti “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavənin 13.3.7-ci bəndinə uyğundur. Odur ki, iddiaçıya əlilliyin müəyyən edilməsi baxımından həlledici olan M19.0 XBT kodunda göstərilmiş tibbi göstəricilərin mövcud olub-olmaması yoxlanılmışdır.

26. Iş materialları ilə müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı sağ yuxarı ətraf nahiyəsindən travma almışdır. Iddiaçının sağlamlıq vəziyyəti ilə bağlı tərtib edilmiş tibbi sənədlərdə sağ bazu oynağında hərəkət məhdudluğu, kontraktura, oynaq sabitsizliyi və əlin tutma funksiyasının pozulması qeyd edilmiş, sadalanan diaqnozların düzgünlüyü məhkəmə-tibbi ekspertizasının rəyi ilə də təsdiq edilmişdir.

27. Məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə canlı şəxsin məhkəmə tibbi ekspertizası təyin edilmiş, “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavənin 13.3.7-ci yarımbəndində qeyd edilmiş tibbi göstəricilərin iddiaçıda mövcud olub-olmamasının və səbəbli-əlaqəsinin müəyyən edilməsi məqsədilə ekspert qarşısında müvafiq suallar qoyulmuşdur.

28. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, - vətəndaş İddiaçı ##.##.2025-cü il tarixdə “Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya Institutu” phş-də aparılmış (rentgenoloji və əyani) müayinələrdən sonra komissiya tərəfindən ona “Sağ bazunun yuxarı 1/3- nin odlu silah yaralanmasından sonrakı vəziyyət, sağ körpücük sümüyünün orta 1/3- nin bitişmiş köhnəlmiş sınığı, stemal ucunun xroniki osteomielitindən sonrakı vəziyyət, sağ bazu oynağının artrozu, kontrakturası (bükmə 70°, açma 20°, uzaqlaşma 70°), oynağın döş bel tipli “S”-vari skoliozu, osteoxondrozu, osteoporozu, L5-S1 fəqərəarası yırtığı, ağrı sindromu, sağ əlin tutma funksiyasının pozulması (XBT-Y36.4; W32; G32; M86.0; M36.6; M86.6; M19; M24.5; M41; M42; M80; R26.0; R51.0; R25.0)” diaqnozu müəyyən edilmişdir. Sağ yuxarı ətrafda müşahidə edilən oynaq sabitsizliyi, hərəkət məhdudluğu, ağrı sindromu, ankiloz, əlin tutma funksiyasının pozulması, “Sağ bazunun yuxarı 1/3-nin odlu silah yaralanmasından sonrakı vəziyyət’in patoloji əlamətləridir. Eyni zamanda iddiaçının müayinəsi zamanı ağır dərəcəli bazu oynağının qeyristabilliyi, eləcə də laxlayan oynaq və daimi oynaq çıxıqları və bazu oynağının funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) hallarına rast gəlinməmişdir.

29. Ekspert rəyində iddiaçıda “sağ yuxarı ətrafda oynaq sabitsizliyi, hərəkət məhdudluğu, ağrı sindromu, ankiloz, əlin tutma funksiyasının pozulması” hallarının mövcudluğu təsdiq edildiyi halda, həmin rəyin digər hissəsində “ağır dərəcəli bazu oynağının qeyri-stabilliyi, laxlayan oynaq və daimi oynaq çıxıqları, habelə bazu oynağının funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) hallarına rast gəlinmədiyi” göstərilmişdir. Rəydə verilmiş cavablar arasında ziddiyyət yarandığından, ekspert rəyinin aydınlaşdırılması məqsədilə əlavə izah və dəqiqləşmənin verilməsi tələb edilmişdir.

30. Ekspert tərəfindən təqdim edilmiş əlavə izahda göstərilmişdir ki, bazu oynağında normal hərəkət göstəriciləri bükmə və uzaqlaşdırma üzrə 180°, açma üzrə isə 60–70° təşkil edir. Iddiaçıda isə sağ bazu oynağında hərəkət məhdudluğu - bükmə – 70°, açma – 20°, uzaqlaşdırma – 70° müəyyən edilmişdir. Iddiaçıda sağ yuxarı ətrafda aşkar edilən hərəkət məhdudluğu ağır dərəcəyə uyğundur. Ankiloz, sağ əlin tutma funksiyasının pozulması - bu hərəkət məhdudluğunun fəsadlarıdır.

31. Göründüyü kimi bükmə və uzaqlaşdırma hərəkətlərində normadan təxminən 110° həcmində, açmada isə normanın aşağı həddi ilə müqayisədə təxminən 40–50° həcmində azalma mövcuddur. Ekspert əlavə izahında bildirmişdir ki, iddiaçıda aşkar edilən sağ yuxarı ətrafın ağır dərəcəli kontrakturası bu oynağın sabitsizliyi kimi qiymətləndirilir. Qeyd edilən patofunksional dəyişikliklər, yəni ağır dərəcəli hərəkət məhdudluğu (kontraktura) oynaq funksiyasının pozulması kimi qiymətləndirilir. Tibbi cəhətdən bazu oynağının ağır dərəcəli kontrakturası dedikdə həmin oynaqda açma, bükmə, yaxınlaşdırma və uzaqlaşdırma hərəkətlərinin pozulması başa düşülür.

32. Məhkəmə kollegiyası qeyd edir ki, “Tibbi-sosial ekspertiza meyarları”na Əlavənin 13.3.7-ci bəndinə əsasən əsasən əlilliyin müəyyən edilməsi üçün aşağıdakı alternativ tibbi göstəricilər sadalanmışdır (sadalanan hallardan hər hansı birinin mövcudluğu 13.3.7ci bəndin tətbiqi üçün yetərlidir): - ağır dərəcəli bazu oynağının qeyri-stabilliyi, - laxlayan oynaq və daimi oynaq çıxıqları, - bazu oynağının funksional yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası).

33. Iş üzrə təqdim olunmuş ekspert rəyində iddiaçının sağ bazu oynağında mövcud olan ağır dərəcəli kontraktura həmin oynağın sabitsizliyi kimi qiymətləndirildiyindən, iddiaçının sağlamlıq vəziyyəti 13.3.7-ci bənddə nəzərdə tutulmuş “ağır dərəcəli bazu oynağının qeyri-stabilliyi” ilə üst-üstə düşür.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavənin 13.3.7-ci maddəsinin tətbiqi üçün tələb olunan tibbi meyar iddiaçıya münasibətdə ödənildiyindən cavabdeh orqan imtina cavabı verməkdə haqlı olmamışdır.

35. Eyni zamanda ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçının sağ bazu oynağında mövcud olan yuxarıda qeyd edilmiş xəstəliklərlə Azərbaycan Respublikasının müdafiəsi ilə bağlı alınmış travma arasında səbəb əlaqəsi (MHHK-nın qərarında qeyd edilmiş diaqnoza uyğun olaraq “Sağ bazunun yuxarı 1/3-nin odlu silah yaralanmasından sonrakı vəziyyət’in patoloji əlamətləri kimi qiymətləndirilib) mövcuddur.

36. Birinci instansiya məhkəməsi mövqeyini iddiaçıya qoyulmuş diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əlillik təyinatına əsas verən diaqnoz kimi nəzərdə tutulmaması ilə əsaslandırmışdır. Lakin iş üzrə yuxarıda göstərilən hallar və toplanmış sübutlar, həmin normativ sənədin 13.3.7-ci yarımbəndinin iddiaçının sağlamlıq vəziyyətinə uyğun olmasını təsdiq edir.

37. Yuxarıda sadalanan halları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddiaçıya Azərbaycan Respubilkasının müdafiəsi ilə əlaqədar, ##.##.2023-cü il tarixdən müddətsiz OFP-nin 65 % müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilir. Şəki Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilir. Iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin edilir. Iddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən Azərbaycan Respubilkasının müdafiəsi ilə əlaqədar müddətsiz OFP-nin 65 % müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin üzərinə qoyulur. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar