Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-377/2021 31.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlundan və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi İddiaçı- İddiaçı qızının Cavabdeh -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı Şəki Şəhər İcra Hakimiyyəti başçısının 18.01.2001-ci il tarixli sərəncamına əsasən tikdirdiyi, hal-hazırda istifadə etdiyi kürəyə (çörək sexinə) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı ünvan 1 ünvanında yaşayır. O, 1998-ci ildə həmin binanın həyətində 27,6 kv.m sahəsi olan kürə binası inşa etmişdir. Həmin binanın altında olan torpaq sahəsi hazırda dövlət mülkiyyətindədir. İddiaçı 31.07.2000-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, həmin binanın tikilməsinə qərar almaq üçün sərəncam verilməsini xahiş etmişdir. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 03.09.1998-ci il tarixli 1/347 nömrəli sərəncamı ilə yaradılmış dövlət qəbul komissiyası 05.08.2000-ci ildə binaya baxış keçirmiş və binanın istismara qəbulu barədə akt tərtib etmişdir. Lakin həmin akt qəbul komissiyasının üzvləri tərəfindən imzalansa da, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi Şəki Şəhər İcra Hakimiyyətinə 11.01.2001-ci il tarixli rəy verərək, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın həyətində yerləşən kürənin İddiaçı adına rəsmiləşdirilməsinin məqsədəuyğun hesab edildiyini bildirmişdir. Bundan başqa, X7 Mərkəzinin müdiri və Memarlıq-tikinti şöbəsinin referenti Şəki Şəhər İcra Hakimiyyətinə 18.01.2001-ci il tarixli arayış verərək bildirmişlər ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 nömrəli binanın həyətində tikilmiş, ümumi sahəsi 27,6 kv.m olan kürə yerləşdiyi ərazidə şəhərin baş planına və ümumi memarlıq görünüşünə xələl gətirmədiyinə görə həmin kürənin İddiaçı adına rəsmiləşdirilməsi məqsədə uyğundur. Şəki Şəhər İcra Hakimiyyəti başçısının 18.01.2001-ci il tarixli 1/11 nömrəli sərəncamına əsasən, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 nömrəli binanın həyətində tikilmiş, ümumi sahəsi 27,6 kv.m olan kürənin tikintisi başa çatdığı üçün İddiaçı adına rəsmiləşdirilməsi, tikinti altında olan 27,6 kv.m torpaq sahəsinin dəyərinin Şəki Şəhər İcra Hakimiyyətinin X1 **********0 nömrəli hesabına ödənilməsi qərara alınmışdır. Bundan sonra 2001-ci ilin mart ayında İddiaçı tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinin büdcədənkənar bank hesabına 55200 manat torpaq pulu ödənilmişdir. "xxxx" MMC-nin 3 nömrəli filialı tərəfindən "Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 saylı bina qarşısında İddiaçı inşa etdiyi kürə tikilisinin eskiz layihəsi" adlanan sənəd tərtib edilmiş və həmin MMC-nin 3 nömrəli filialının direktoru İ.İsmayılov tərəfindən imzalanmışdır. Göstərilən sənəd Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatı şəhərin baş memarının dairəvi möhürü ilə və imza ilə təsdiq edilsə də, imzanın kimə məxsus olması və möhürün vurulma tarixi göstərilməmişdir. Sənədin 1-ci səhifəsində "Şəki2011" yazıldığına görə onun 2011-ci ildə tərtib edildiyi ehtimal olunur. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək, Şəki şəhəri M.Ə.Rəsulzadə prospektində yerləşən və mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi qeyriyaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh 14.12.2020-ci il tarixli **********31 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, ərizədə qeyd olunan qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına dair təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, çoxmənzilli binalara, qeyriyaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim olunmalıdır. İddiaçı həmin imtina ilə razılaşmayaraq, "2001-ci ildə verilmiş Şəki Şəhər İcra başçısının sərəncamına əsasən tikilib hal-hazırda istifadə edilən kürənin (çörək sexi) onun adına rəsmiləşdirilməsi, çıxarışın alınması" barədə ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq yardımından sonra iddiaçı məhkəməyə Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Şəhər İcra Hakimiyyəti başçısının 18.01.2001-ci il tarixli sərəncamına əsasən tikdiyi, hal-hazırda istifadə etdiyi kürənin (çörək sexi) mülkiyyət hüququnu almaq üçün çıxarışın verilməsi" barədə ərizə vermişdir. O, tələbini belə əsaslandırmışdır ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya qarşı 22.02.2021-ci il tarixli **********72 nömrəli yazılı etirazında imtina məktubunun dəlillərinə əsaslanmış və bildirmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə sənəddə və istismara qəbul aktında Şəki Şəhər İcra Hakimiyyəti başçısının möhürünün olmaması, istismara qəbul aktının "AzDTN" 1.6-1-in 5 nömrəli əlavəsinə uyğun, eskiz layihənin isə qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı müəyyən edilmişdir. Bundan başqa, cavabdeh 17.03.2021-ci il tarixli məktubla fikrini dəqiqləşdirərək bildirmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş eskiz-layihənin üz qabığında "xxxx" MMC-nin 3 nömrəli filialının təsdiqləyici möhürü olsa da, digər səhifələrdə möhürün olmadığı, həmçinin istsmara qəbul aktının "AzDTN" 1.6-1-in 5 nömrəli əlavəsinin mövcud qanunvericiliklə müəyyən edilmiş formaya uyğun tərtib olunmadığı müəyyən edilmişdir. "AzDTN" 1.6-1-in 5 nömrəli əlavəsinin blankı cavabdehin məktubuna əlavə olunaraq məhkəməyə göndərilmişdir. Şəki İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(116)-504/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "Şəki Şəhər İcra Hakimiyyəti başçısının 18.01.2001-ci il tarixli sərəncamına əsasən tikdirdiyi, hal-hazırda istifadə etdiyi kürəyə (çörək sexinə) mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması" barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin dəlillərinə əsaslanmış və göstərmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı deyildir. Onun çörək bişirmə kürəsinə Şəki 12 saylı ərazi idarəsi tərəfindən çıxarışın verilməsinə qərar çıxararılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunması və Şəki İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2- 1(116)-504/2021 saylı qərarı ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinnin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilmədən, Şəki İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(116)- 504/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: -İşdə olan, 05.08.2000-ci il tarixli binanın istismara qəbulu barədə aktdan görünür ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 03.09.1998-ci il tarixli 1/347 nömrəli sərəncamı ilə yaradılmış dövlət qəbul komissiyası Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın həyətində yerləşən kürə binasına baxış keçirmiş və binanı istismara qəbul etmişdir. Həmin akt qəbul komissiyasının üzvləri tərəfindən imzalansa da, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. - İşdə olan, Şəki Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinə verilmiş 11.01.2001-ci il tarixli rəydən görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın həyətində yerləşən kürənin İddiaçı adına rəsmiləşdirilməsi məqsədəuyğun hesab edilmişdir. - İşdə olan, X7 Mərkəzinin müdiri və Memarlıq-tikinti şöbəsinin referenti tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinə verilmiş 18.01.2001-ci il tarixli arayışdan görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 nömrəli binanın həyətində tikilmiş, ümumi sahəsi 27,6 kv.m olan kürə yerləşdiyi ərazidə şəhərin baş planına və ümumi memarlıq görünüşünə xələl gətirmədiyinə görə həmin kürənin İddiaçı adına rəsmiləşdirilməsi məqsədə uyğundur. -İşdə olan, Şəki Şəhər İcra Hakimiyyəti başçısının 18.01.2001-ci il tarixli 1/11 nömrəli sərəncamından görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 nömrəli binanın həyətində tikilmiş, ümumi sahəsi 27,6 kv.m olan kürənin tikintisi başa çatdığı üçün İddiaçı adına rəsmiləşdirilməsi, tikinti altında olan 27,6 kv.m torpaq sahəsinin dəyərinin Şəki Şəhər İcra Hakimiyyətinin X1 **********0 nömrəli hesabına ödənilməsi qərara alınmışdır. - İşdə olan bank qəbzindən göründüyü kimi, 2001-ci ilin mart ayında (gün oxunmur) İddiaçı tərəfindən Şəki Şəhər İcra Hakimiyyətinin büdcədənkənar hesabına 55200 manat torpaq pulu ödənilmişdir. - İşdə olan "xxxx" MMC-nin 3 nömrəli filialı tərəfindən tərtib edilmiş "Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 saylı bina qarşısında İddiaçı inşa etdiyi kürə tikilisinin eskiz layihəsi" adlanan sənəddən görünür ki, həmin sənəd filialın direktoru İ.İsmayılov tərəfindən imzalanmışdır. Göstərilən sənəd Şəki Şəhər İcra Hakimiyyəti başçısının aparatı şəhərin baş memarının dairəvi möhürü ilə və imza ilə təsdiq edilsə də, imzanın kimə məxsus olması və möhürün vurulma tarixi göstərilməmişdir. -İşdə olan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 03.06.2021-ciil tarixli arayışından görünür ki, Şəki şəhəri M.Ə.Rəsulzadə prospekti 180 nömrəli binanın həyətində inşa edilmiş qeyriyaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuni olmuşdur. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş çıxarışda düzəliş edilərək üçüncü şəxslərin adlrının adlarının çıxarılması ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş və sonuncu yazılı qaydada bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Şəki İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(116)-504/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia mümkün iddia olsa da, əsassız olduğundan təmin oluna bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:
1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,
2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə,
3. müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı,
4. İstismara qəbul aktı. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 10.08.2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndində müəyyən edilmişdir ki, həmin Qanunun 8.0.9.2ci maddəsində (hər iki halda) "müvafiq icra hakimiyyəti orqanı" dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Göstərilən normaya uyğun olaraq, İddiaçı 1998-ci ildə inşa etdiyi qeyri-yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə binanın yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi, yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəni, yerli icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarını və istismara qəbul aktını təqdim etməlidir. İddiaçının təqdim etdiyi sənədlər bunlardan ibarətdir: 1) binanın istismara qəbulu barədə 05.08.2000-ci il tarixli akt, 2) binanın iddiaçının adına rəsmiləşdirilməsi və tikinti altında olan torpaq sahəsinin dəyərinin Şəki Şəhər İcra Hakimiyyətinin bank hesabına ödənilməsi barədə Şəki Şəhər İcra Hakimiyyəti başçısının 18.01.2001-ci il tarixli 1/11 nömrəli sərəncamı, 3) torpağın dəyərinin 2001-ci ilin mart ayında Şəki Şəhər İcra Hakimiyyətinin büdcədənkənar bank hesabına ödənilməsi barədə qəbz, 4) binanın 2011-ci ildə tərtib edilmiş eskiz layihəsi. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinin tələbləri baxımından tədqiq olunmasını zəruri hesab edir. Əvvəla, məhkəmə kollegiyasıtorpaq sahəsi üzərində İddiaçı mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin mövcud olubolmaması məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 57-ci maddəsinin 4-cü hissəsinə əsasən, qeyri-kənd təsərrüfatı və qeyri-meşə təsərrüfatı məqsədləri üçün torpaq sahəsinin ayrılması iki mərhələdə aparılır: 1) obyektin yerləşdirilməsinin əvvəlcədən razılaşdırılması (layihələşdirilməsi); 2) torpaq sahəsinin verilməsinin rəsmiləşdirilməsi. Həmin Məcəllənin 65-ci maddəsinin 2-ci hissəsinə əsasən, torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Həmin maddənin 3-cü hissəsinin 28.10.2008-ci ilədək qüvvədə olmuş redaksiyasına görə, torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Həmin maddənin 5-ci hissəsinin 28.10.2008-ci ilədək qüvvədə olmuş redaksiyasına görə, torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin maddənin 6-cı hissəsinə əsasən, torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. Həmin maddənin 7-ci hissəsinə görə, torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci hissəsinin 23.04.2002-ci ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 67-ci maddəsinin 3-cü hissəsinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü hissəsinə görə, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinin 28.10.2008-ci ilədək qüvvədə olmuş redaksiyasında deyilirdi ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, Torpaq Məcəlləsində torpaq sahəsinin şəxsin mülkiyyətinə verilməsinin dəqiq qaydası müəyyən edilmişdir. Lakin hazırkı işdə müəyyən edildi ki, kürə binasının altında olan torpaq sahəsinin İddiaçı mülkiyyətinə, icarəsinə və ya istifadəsinə verilməsi ilə bağlı sadalanan sənədlərin heç biri, o cümlədən yerquruluşu sənədləri, sxem tərtib edilməmişdir. Torpaq sahəsi ilə bağlı İddiaçı istinad etdiyi yeganə sənəd Şəki Şəhər İcra Hakimiyyəti başçısının 18.01.2001-ci il tarixli 1/11 nömrəli sərəncamıdır. Lakin yuxarıda da qeyd olunduğu kimi, binanın tikilməsindən 3 il sonra verilmiş həmin sərəncamda Torpaq Məcəlləsinin sadalanan normalarına uyğun heç bir müddəa yoxdur. Digər tərəfdən, torpaq sahəsinin sərhədləri yerdə müəyyən edilməmiş, yerquruluşu planları və təsvirləri tərtib edilməmiş, torpaq sahəsinin verilməsi barədə müqavilə bağlanmamış və müqavilə dövlət qeydiyyatından keçirilməmişdir. Belə olan halda, torpaq sahəsi üzərində İddiaçı hüququnun yaranmasından söhbət gedə, göstərilən sərəncam və Şəki Şəhər İcra Hakimiyyətinin büdcədənkənar bank hesabına iddiaçı tərəfindən pul vəsaitinin ödənilməsi barədə qəbz isə torpaq sahəsi üzərində iddiaçının hüququnu təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsində tələb edilən digər sənəd, yəni müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı bəhs etdiyi tikilinin inşa edildiyi zaman, yəni 1998-ci ildə Azərbaycan Respublikasında qüvvədə olmuş "Tikinti norma və qaydaları tikinti istehsalatının təşkili" СНиП 3.01.01-85-in 3.2-ci bəndində deyilirdi ki, tikintinin təşkilinin layihəsi və işlərin aparılmasının layihəsi təsdiq edilmədən tikinti-qiraşdırma işlərinin aparılması qadağandır. Eyni zamanda, 01.01.2000-ci ildən qüvvədə olan "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları" AzDTN 1.6-1-də deyilir ki, yerli icra hakimiyyətinin və ya bələdiyyənin obyektin tikintisinə dair ilkin icazəsi alındıqdan sonra sifarişçi layihə işlərini təşkil edir. (3.1-ci bənd) Obyektin layihələndirilməsi başa çatdıqdan sonra, layihə sənədləri müəyyən edilmiş qaydada dövlət ekspertizasından keçirilməli və təsdiq olunmalıdır. (3.6-cı bənd) Obyektin tikintisi təsdiq olunmuş layihə əsasında aparılmalıdır. (4.6-cı bənd) Göründüyü kimi, istər kürə binasının tikildiyi vaxt, istərsə də onun layihəsinin tərtib olunduğu vaxt qüvvədə olan tikinti norma və qaydalarına görə, tikilinin layihəsi tikinti başa çatdıqdan sonra deyil, tikinti başlamazdan əvvəl hazırlanmalı və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Hətta həmin tikintinin aparıldığı zaman qüvvədə olmuş qaydalar layihə olmadan tikintinin aparılmasını qadağan edirdi. Lakin İddiaçı təqdim etdiyi eskiz-layihə tikinti işlərinin başlanmasından əvvəl deyil, tikintinin başa çatmasından 13 il sonra tərtib edilmiş, onun şəhərin baş memarının möhürü ilə təsdiq edildiyi tarix isə ümumiyyətlə məlum deyil. Ona görə də məhkəmə hesab edir ki, belə olan halda, həmin eskiz-layihə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsində tələb edilən "müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə" kimi qəbul edilə bilməz. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.9.2-ci maddəsində tələb edilən "müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı" ilə bağlı məhkəmə qeyd edir ki, belə bir sənəd ümumiyyətlə mövcud deyil. Qeyri-yaşayış binası iddiaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının yazılı icazəsi olmadan tikilmişdir. Nəhayət, həmin Qanunun 8.0.9.2-ci maddəsində tələb edilən istismara qəbul aktı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasında 01.01.2000-ci ildən etibarən, o cümlədən iddiaçının təqdim etdiyi istismara qəbul aktının tərtib edildiyi 05.08.2000-ci ildə qüvvədə olan "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu qaydaları" AzDTN 1.6-1-də deyilir ki, tikintinin son mərhələsi obyektin istismara qəbul edilməsidir. (6.1-ci bənd) Sifarişçi dövlət qəbul və qəbul komissiyalarına qəbul olunan obyektin tikintisi üzrə təsdiq olunmuş layihə sənədlərini təqdim edir. (6.9-cu bəndin "a" yarımbəndi) Dövlət qəbul və qəbul komissiyaları obyektin təyinatı üzrə inşa edilməsini, tikintiquraşdırma işlərinin layihə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun yerinə yetirilməsini yoxlayır. (6.10-cu bəndin "a" yarımbəndi) Qəbul aktı dövlət qəbul və qəbul komissiyalarını təyin edən qurum tərəfindən təsdiq edilir. (6.12-ci bənd) AzDTN 1.6-1-in "Obyektin dövlət qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktı" adlanan 5 nömrəli Əlavəsindən görünür ki, həmin sənədin dövlət qəbul komissiyasının sədri və üzvləri tərəfindən imzalanması ilə yanaşı, həm də dövlət qəbul komissiyasını təyin edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən imza və möhürlə təsdiq edilməsi də nəzərdə tutulmuşdur. Lakin müəyyən edildi ki, İddiaçı təqdim etdiyi istismara qəbul aktı dövlət qəbul komissiyasının sədri və üzvləri tərəfindən imzalansa da, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən imza və möhürlə təsdiq edilməmişdir. İkincisi isə, yuxarıda göstərilən qaydalara görə, obyektin istismara qəbulu zamanı dövlət qəbul komissiyasına ilk növbədə obyektin layihə sənədləri təqdim edilməli olduğu və tikinti-quraşdırma işlərinin məhz həmin layihə sənədlərinə uyğun aparılıb-aparılmadığı yoxlanılmalı olduğu halda, 05.08.2000-ci ildə istismara qəbul aktının tərtib edildiyi vaxt belə bir layihə mövcud olmamış və komissiyaya təqdim edilməmişdir. Layihə bundan 11 il sonra tərtib edilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda, işdə olan istismara qəbul aktı "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.9.2-ci maddəsinin tələbinə cavab vermir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsində deyilir ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Göründüyü kimi, İddiaçı Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsi 180 nömrəli binanın həyətində 1998-ci ildə inşa etdiyi qeyriyaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.9.2-ci maddəsində tələb olunan sənədləri təqdim edə bilməmişdir. Belə olan halda, cavabdeh qeydiyyat aparmaqdan imtina etməkdə haqlı olmuşdur, ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsassızdır. Apelyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Nəticəvi hissə:
Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası
Q ə r a r a a l d ı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2-1(116)-504/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.