Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-377/2022 24.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X6 və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X6 və X8 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti ev 74/1 mənzil 17 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1486/2022 nömrəli qərarından üçüncü şəxs X6 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, X6 və X8 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti ev 74/1 mənzil 17 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 74/1 mənzil 17 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. X6 və X14 iddiaçıya məxsus mənzildə pasport qeydiyyatındadırlar. İddiaçı cavabdehə müraciət edərək, həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli 158-17180H- 3222 nömrəli imtina məktubunda qeyd etmişdir ki, X6 və X8 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları məhkəmə orqanlarının səlahiyyətindədir. Cavabdeh xx.xx.2022-ci il tarixli 158-27323-1222 nömrəli məktubunda qeyd etmişdir ki, X6 və X10 məxsus ərizə-anket qovluqlarının saxlama müddəti bitdiyi üçün məhv edildiyindən sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1486/2022 nömrəli qərardadı ilə X6 və X14 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşlar. Tərəflərə işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq maddi vəziyyəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcəyini bildirmiş və iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 158-31468-1222 nömrəli məktubunda təyin olunmuş məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin sərəncamı üçüncü şəxslərə ünvanlanmış məktubla birlikdə çatdırılması üçün Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli 241 nömrəli məktubda bildirilmişdir ki, X6 və X10 ünvanlanmış məhkəmə sənədlərinin ünvan sahiblərinə çatdırılması mümkün olmamışdır. Adları qeyd olunan şəxslər həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq orada yaşamır və harada yaşamaları barədə heç bir məlumat yoxdur. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçı, cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Şəki İnzibati Məhkəməsinin (hakimi Fərid İsmayılzadə) 13 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1486/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxslər X6 və X8 İddiaçı məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti ev 74/1 mənzil 17 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan üçüncü şəxs X6 apellyasiya şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(107)-2419/2017 saylı qətnaməsi ilə İddiaçı onlara qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair əsassız olduğundan təmin edilməmişdir və onların İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən mənzilə köçürülmələrinə dair iddia təmin olunmuşdur. Qətnamə Ali Məhkəmənin qərarı ilə qüvvədə qalmışdır. Onları bilərəkdən məhkəməyə dəvət etməmişlər və iddiaçı qəsdən yuxarıda qeyd etdiyi qərarları gizlətmişdir. Odur ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1486/2022 nömrəli qərarını üçüncü şəxslərə münasibətdə ləğv edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 və onun vəkili X5 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1486/2022 nömrəli qərarının ləğv edilməsini, iddianı rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh nümayəndəsi və digər üçüncü şəxs X14 iştirak etməmişlər, Cavabdeh nümayəndəsi məhkəməyə məktub göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxs X14 məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).. Əsaslandırma hissəsi Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti əsaslıdır, Şəki İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1486/2022 nömrəli qərarı ləğv edilməlidir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər birinci instansiya məhkəməsi araşdırmasının predmetini təşkil etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********11 nömrəli məktubunda qeyd olunur ki, X6 və X8 iddiaçıya məxsus ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********11 nömrəli məktubuna əlavə olunmuş: xx.xx.2003-cü il tarixli 177359 nömrəli “mənzil bəxşetmə müqaviləsi”nin təsdiq olunmuş surətindən görünür ki, X11 xx.xx.2002-ci il tarixli 7E-84755 reyestr nömrəli etibarnamə əsasında X3 məxsus Mingəçevir şəhəri H.Əliyev prospekti ev 74/1 mənzil 17 ünvanında yerləşən mənzili İddiaçı bağışlamışdır. İş materiallarında olan 4587a nömrəli “Qeydiyyat vəsiqəsi”nin təsdiq olunmuş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. “ASAN-Mingəçevir” tərəfindən verilən ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X6 və X14 iddiaçıya məxsus ünvan 6 ünvanında pasport qeydiyyatındadırlar. Birinci instansiya məhkəməsi araşdırma zamanı belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisədə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar birbaşa mövcud olmasa da, Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququ sahibinin tələbi əsasında fərdi yaşayış evinə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması normanın hüquqi məzmunu baxımından məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. İddia ərizəsinə işin yuxarıda göstərilən halları və mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət verən birinci instansiya məhkəməsi aşağıdakılara əsasən hesab etmişdir ki, iddia əsaslıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən gəldiyi nəticə ilə razılaşmır və belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin inzibati iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilməməldir. Məhkəmə kollegiyasına təqdim olunmuş və iş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2419/2017 nömrəli 28 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 04 iyul 2017-ci il taixli qətnaməsi ilə İddiaçı cavabdehlər X4 və X10 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiası təmin edilmiş, X2 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası isə təmin edilməmişdir. Həmin qətnaməyə əsasən cavabdehlər X2 və X9 Mingçevir şəhəri H.Əliyev küçəsi 74/1 saylı evin 17 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2419/2017 nömrəli 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə cavabdehlər X6 və X8 nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 04 iyul 2017-ci il tarixli qətnaməsi ləğv olunaraq yeni qətnamə qəbul edilmiş, İddiaçı cavabdehlər X4 və X12 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk iddiası əsassız olduğundan təmin edilməmiş, X2 İddiaçı qarşı Mingəçevir şəhəri H.Əliyev küçəsi 74/1 saylı evin 17 saylı mənzilinə köçürülməsi tələbinə dair qarşılıqlı iddiası əsaslı olduğundan təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2845/18 nömrəli 02 may 2018ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2419/2017 nömrəli 28 noyabr 2017-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-2419/2017 nömrəli 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə —yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü və 2.4-cü bəndlərinə əsasən həmin Qanunun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. Qeyd olunan normaya görə qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının altı əsasını müəyyən etmişdir: -şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; -başqa ölkədə yaşayış yeri seçdikdə — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; -azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; -yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; -qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. İş materiallarından da görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2419/2017 nömrəli 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə X2 İddiaçı qarşı Mingəçevir şəhəri H.Əliyev küçəsi 74/1 saylı evin 17 saylı mənzilinə köçürülməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 2845/18 nömrəli 02 may 2018-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 2419/2017 nömrəli 28 noyabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin birinci instansiya məhkəməsi üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan yaşayış evinə istifadə hüquqlarının olması və onların həmin evə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olmasını nəzərə almayaraq iddianı təmin etməklə səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcud olmasını sübut etməmişdir. Onun sübutetmə vəzifəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsindən irəli gəlir. Əlbəttə, iddiaçı mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasına dair sübut təqdim etmiş, lakin üçüncü şəxsin istifadə hüququna xitam verilməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina məktubu qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması qanuni və əsaslı deyil. Belə ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması onlar üçün əlverişsiz hüquqi nəticələr yaradır və onların yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmasına səbəb olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İPM-in 87.6-cı maddəsinə əsasən üçüncü şəxlərin apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1486/2022 nömrəli qərarı ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia təmin edilməməli, İddiaçı Cavabdehnə qarşı “X6 və X8 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti ev 74/1 mənzil 17 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli, 2-1(116)-1486/2022 qərarı ləğv edilsin və inzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı Cavabdehnə qarşı “X6 və X8 iddiaçının mülkiyyətində olan Mingəçevir şəhəri H.Əliyev prospekti ev 74/1 mənzil 17 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-377/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-377/2022
24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver